Bütün xəbərlər
“Putinlə danışmaq vaxt itkisidir”
Tarix: 17-04-2022 18:45 | Bölmə: Dünya

                    “Putinlə danışmaq vaxt itkisidir”


“Müharibə başlamazdan əvvəl Rusiya Prezidenti Vladimir Putinə zəng etdik. Sona qədər ümid edirdim ki, o, bunu etməyəcək. Lakin bir neçə həftə sonra o, hücuma keçdi. Onunla sona qədər danışmağa çalışdım. Eyni zamanda, işğal məni təəccübləndirmədi. Hələlik Putinin məqsədi sülh axtarmaq deyil, Ukrayna müqavimətini məhv etməyə, ölkəni işğal etməyə çalışmaqdır”.
“Qafqazinfo” xəbər verir ki, bunu İtaliyanın Baş naziri Mario Draqi “Corriere Della Sera” nəşrinə müsahibəsində deyib.
O, İtaliyanın ukraynalı dostlarının yanında qalacağını qeyd edib və əlavə edib ki, bu ölkənin səfirliyi artıq Kiyevdə işini bərpa edib:
“Ukraynanın müqaviməti qəhrəmanlıq nümunəsidir. Prezident Zelenskinin dediyi kimi, xalq Ukraynanın ordusuna çevrilib. Biz müqavimət müharibəsi, uzun sürən zorakılıq və dağıntılarla qarşı-qarşıyayıq. Bu müharibə davam edəcək. Bununla belə, Ukrayna xalqının Rusiyanı qəbul edə biləcəyinə dair heç bir əlamət yoxdur”, - Draqi vurğulayıb.
O, Putinlə telefon danışığı zamanı Zelenski ilə mümkün görüşü barədə soruşduğunu da xatırladıb:
“Mən ondan (Putindən – red.) soruşdum: Zelenskini nə vaxt görəcəksən? Bu düyünləri ancaq siz ikiniz aça bilərsiniz. Cavab verdi ki, vaxt hələ gəlməyib. Mən təkid etdim ki, atəşkəs haqqında qərar verin. O yenə bildirdi ki, yox, vaxt hələ gəlməyib.
Bir neçə gün ərzində danışacağımıza söz verərək vidalaşdıq. Amma sonra Buçanın dəhşəti gəldi. Mən fikirləşməyə başladım ki, deyənlər haqlıdır: onlarla danışmaq faydasızdır, sadəcə vaxt itirirsən”.



Baxış sayı: 255


Bölməyə aid digər xəbərlər