Bütün xəbərlər
Amerikalı mer Xocalı soyqırımının ildönümü ilə bağlı bəyannamə imzaladı
Tarix: 17-02-2022 20:21 | Bölmə: Dünya

                   Amerikalı mer Xocalı soyqırımının ildönümü ilə bağlı bəyannamə imzaladı



ABŞ-ın Florida ştatının Hallandeyl Biç şəhərinin meri Coy Kuper Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar bəyannamə imzalayıb.
Diasporla İş üzrə Dövlət Komitəsindən “Qafqazinfo”ya verilən məlumata görə, Azərbaycan icmasına ünvanlanmış bəyannamədə deyilir ki, 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı başladığı hərbi təcavüz və etnik təmizləmə siyasəti nəticəsində erməni silahlı birləşmələri sovet ordusunun 366-cı motoatıcı alayının köməyi ilə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıya hücum ediblər və dinc əhaliyə qarşı dəhşətli qətliam törədiblər. Nəticədə 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq, 70 qoca erməni hərbçiləri tərəfindən qətlə yetirilib. Bəzi ekspertlər Xocalı faciəsini “Azərbaycan Srebrenitsası” adlandırırlar.
Nəzərə çatdırılıb ki, 1993-cü ildə BMT Təhlükəsizlik Şurası Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən 822, 853, 874 və 884 saylı qətnamələri qəbul edib. Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün BMT Baş Assambleyası, Avropa Parlamenti, AŞPA, ATƏT, ABŞ Dövlət Departamenti və Ağ Ev tərəfindən dəstəkləndiyi xüsusi vurğulanıb.
Coy Kuper bəyannaməni Floridada fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatının nümayəndələrinə təqdim edib.



Baxış sayı: 297


Bölməyə aid digər xəbərlər