Bütün xəbərlər
“Qazaxıstana hərbçi göndərməyə qarşı çıxmayın” - Japarov parlamentə səsləndi
Tarix: 06-01-2022 19:47 | Bölmə: Dünya

                   “Qazaxıstana hərbçi göndərməyə qarşı çıxmayın”


Qırğızıstan Prezidenti Sadır Japarov Joqorku Keneşin (birpalatalı parlament) deputatlarını Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sülhməramlı qüvvələrinin tərkibində Qırğızıstan hərbçilərinin Qazaxıstana göndərilməsinə mane olmamağa çağırıb.
“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, o, bu barədə Feysbuk səhifəsində yazıb.
"Hərbçilərimizi nümayişkaranə qazax qardaşlara atəş açmağa göndərmirik. Əminik ki, öz xalqına atəş açmayan əsgərlərimiz qazax qardaşlarımıza atəş açmayacaq. Əksinə, onları güclənməyə kömək etməyə göndəririk", - Japarov bildirib.
Bu gün Qırğızıstan parlamenti kvorum olmadığı üçün Qazaxıstana hərbçilərin göndərilməsi məsələsinə baxa bilməyib. İclas yanvarın 7-nə təxirə salınıb.
Prezident qeyd edib ki, hazırda Qazaxıstan bir çox strateji dövlət obyektlərini qorumaq üçün kifayət qədər təhlükəsizlik qüvvələrinə malik deyil:
"Onlar bizdən kömək istədilər. Biz kömək etməliyik, çünki biz KTMT-nin daimi üzvləriyik. Biz kömək göstərmək niyyətindəyik. Amma əvvəlcə hərbçilərimizin hara göndəriləcəyini, hansı qurumları qoruyacağını və bütün digər məsələləri öyrənəcəyik. Hörmətli deputatlar, sizdən xahiş edirəm, buna qarşı çıxmayın".
Qeyd edək ki, Qırğızıstan qanunvericiliyinə uyğun olaraq, respublikanın hərbi qulluqçularının xaricə göndərilməsi barədə qərarı milli parlament qəbul edir, bundan sonra dövlət başçısı tərəfindən imzalanmalıdır.



Baxış sayı: 302


Bölməyə aid digər xəbərlər