14:26 / 23-11-2024
Şeyx Portuqaliyaya gedir
12:58 / 23-11-2024
Azərbaycanda zəlzələ oldu
Bütün xəbərlər
32-ci Beynəlxalq İnformatika Olimpiadası Sinqapurda keçiriləcək
Tarix: 10-08-2019 17:57 | Bölmə: Sosial

        

Bu gün Bakıda 31-ci Beynəlxalq İnformatika Olimpiadasının bağlanış mərasimi keçirilib.
Trend-in məlumatına görə, tədbirdə əvvəlcə cari ilin fevral ayında məktəblilərin 31-ci Beynəlxalq İnformatika Olimpiadasının (IOI 2019) yerli və beynəlxalq təşkilat komitələrinin Bakıya gəlişinə həsr olunmuş qısa videoçarx nümayiş olunub.
Təhsil naziri, “IOI 2019”-un sədri Ceyhun Bayramov olimpiadanın başa çatması münasibətilə iştirakçıları təbrik edib, yarışın yüksək səviyyədə təşkil olunması ilə bağlı təşkilatçılara, qlobal sponsor “Acer” şirkətinə və əməyi keçən digər şəxslərə təşəkkürünü bildirib.
İKT bilik və bacarıqlara yiyələnmənin vacibliyini diqqətə çatdıran nazir ölkəmizin təhsil sahəsində informasiya-kommunikasiya texnologiyalarının geniş şəkildə tətbiqindən söz açıb. Nazir olimpiada qaliblərini təbrik edib və bütün iştirakçılara uğurlar arzulayıb. Tədbirdə olimpiadanın bürünc, gümüş və qızıl medala layiq görülmüş iştirakçıları mükafatlandırılıb.
Ən yüksək nəticə göstərmiş iştirakçıya qızıl medalla yanaşı xüsusi mükafat da təqdim edilib. Bağlanış mərasimində iştirakçıların mükafatlandırılması ilə yanaşı, növbəti ildə yarışın Sinqapurda keçiriləcəyi elan edilib. Təhsil nazirinin müavini Firudin Qurbanov və “IOI 2019”-un fəxri həmsədri, ADA Universitetinin rektoru Hafiz Paşayev tərəfindən Beynəlxalq İnformatika Olimpiadasının bayrağı Sinqapur Milli Universitetinin professoru Tan Sun Tekə təqdim olunub. Daha sonra ölkəmiz haqqında qısa film nümayiş edilib. Tədbir bədii hissə ilə davam etdirilib.
Qeyd edək ki, ölkəmizdə ilk dəfə keçirilən Beynəlxalq İnformatika Olimpiadasında Azərbaycan komandası da daxil olmaqla, 88 ölkə və regiondan 600-dən çox şagird, müəllim və ekspertdən ibarət rəsmi nümayəndə heyətləri iştirak edib.



Baxış sayı: 564


Bölməyə aid digər xəbərlər