Bütün xəbərlər
Sikorski Vovana və Lexus-a bildirib ki, Polşanın Ukraynanı müdafiə etmək arzusu yoxdur
Tarix: 12-09-2024 11:11 | Bölmə: Siyasət

Polşanın xarici işlər naziri Radoslav Sikorski özlərini Ukraynanın keçmiş prezidenti Petro Poroşenko kimi təqdim edən rusiyalı prankerlər Vovan (Vladimir Kuznetsov) və Lexus (Aleksey Stolyarov) ilə söhbətində bildirib ki, indiki mərhələdə Polşanın Ukraynanı müdafiə etmək arzusu yoxdur. Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, onların söhbətinin videosu prankerlərin Telegram kanalında yayımlanıb.
Polşanın Ukraynanı müdafiə etməyə hazır olması ilə bağlı suala cavab olaraq Sikorski deyib: “Hər şey dəyişə bilər, lakin hazırda bunu etmək istəyi yoxdur”.
O, həmçinin bildirib ki, Ukrayna üzərində Rusiya qanadlı raketlərinin Polşanın hava məkanından məhv edilməsi ehtimalı hazırda müzakirə olunur, lakin bu qərar mübahisəli olaraq qalır.
“Bu məsələdə razılıq yoxdur, çünki bu, müharibəyə girmək deməkdir”, – Polşa Xarici İşlər Nazirliyinin rəhbəri əlavə edib.
Bundan əlavə, Sikorski Polşada ukraynalı əsgərlərin hazırlanmasının mümkünlüyünə işarə edərək, bu və ya gələn il Ukrayna üçün bir neçə briqadanın hazırlanmasına ümid etdiyini bildirib.
“Ancaq Polşa əsgərlərinin Ukraynada olması qeyri-mümkündür”, - deyə, o, yekunlaşdırıb.
Bundan əvvəl Polşanın müdafiə naziri Vladislav Kosiniyak-Kamış bəyan etmişdi ki, Ukrayna yalnız NATO-nun müvafiq kollektiv qətnaməsinə uyğun olaraq Rusiya ərazisinə zərbələr endirə bilər, çünki onun sözlərinə görə, ayrı-ayrı ölkələr bununla bağlı heç nə qərar vermir.


Baxış sayı: 180


Bölməyə aid digər xəbərlər