Bütün xəbərlər
Misirdə Azərbaycan dilini mənimsəyən müdavimlərə diplomlar təqdim edilib
Tarix: 25-08-2021 01:42 | Bölmə: Siyasət


Misirin paytaxtı Qahirə şəhərində fəaliyyət göstərən diaspor mərkəzində Azərbaycan dili, Quran qiraəti və xəttatlıq kurslarını bitirən müdavimlərə diplomlar təqdim edilib.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, tədbirdə giriş sözü ilə çıxış edən “Vətənpərvər” Misirdəki Azərbaycan Diaspor Təşkilatları Birliyinin sədri, tədqiqatçı alim Seymur Nəsirov bildirib ki, diaspor mərkəzində Azərbaycan dilini öyrənən 12 müdavim kursu müvəffəqiyyətlə bitirib. Məzunların Misirin müxtəlif universitetlərində təhsil aldığını xatırladan birlik sədri qeyd edib ki, əcnəbi tələbələr Azərbaycan tarixi və mədəniyyəti haqqında da biliklər əldə ediblər.
Tədbirdə kursu müvəffəqiyyətlə bitirən misirli gənc qız Səməd Vurğunun “Azərbaycan” şeirini söyləyib. Bu, tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb. Mərasim Azərbaycan dili üzrə 12, Quran qiraəti üzrə 10, xəttatlıq sənəti üzrə 4 məzuna diplomların təqdim edilməsi ilə yekunlaşıb.
Qeyd edək ki, diaspor mərkəzində, ümumilikdə 500 müdavim Azərbaycan dili, Quran qiraəti, xəttatlıq, ərəb dili və ədəbiyyatı və s. üzrə müxtəlif kurslarda təhsil alır. Onlar, əsasən, Asiya və Afrika ölkələrindən olan gənclərdir.







Baxış sayı: 396


Bölməyə aid digər xəbərlər