12:51 / 26-11-2024
Sabiq rəis həbs edilib
Bütün xəbərlər
Əliyev sərhəddəki vəziyyətlə bağlı Baydenin müşaviri ilə danışdı
Tarix: 18-05-2021 11:31 | Bölmə: Siyasət

                 Əliyev sərhəddəki vəziyyətlə bağlı Baydenin müşaviri ilə danışdı



17 may axşam radələrində ABŞ Prezidentinin Milli Təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivan Azərbaycan Prezidenti İlham Əliyevə telefonla zəng edib.
“Qafqazinfo” xəbər verir ki, tərəflər arasındakı telefon danışığında ikitərəfli münasibətlər barədə məmnunluq ifadə edilib. Bu münasibətlərin hər iki dövlət və bölgə üçün sülh və təhlükəsizliyin təmin edilməsi baxımından əhəmiyyəti qeyd olunub.
Ceyk Sallivan Azərbaycan və Ermənistan sərhədində yaşanan son gərginlik ilə bağlı narahatlığını bildirib və bu kimi fikir ayrılıqlarının sülh yolu ilə həll olunmasının vacibliyini vurğulayıb. O, həmçinin beynəlxalq sərhədin demarkasiyası üçün tərəflərin konstruktiv müzakirələrinə ehtiyac duyulduğunu vurğulayıb. Ceyk Sallivan ABŞ-ın bölgədə barışığın əldə olunmasına sadiqliyini ifadə edib.
İlham Əliyev bölgədə sülh və sabitliyin təmin olunmasına sadiq qaldığımızı bildirib. Azərbaycan Prezidenti bölgədə münaqişə sonrası vəziyyəti müsbət qiymətləndirib, münaqişənin bitməsindən 6 ay sonra bölgədə, o cümlədən Azərbaycan-Ermənistan sərhədində vəziyyətin sabit olduğunu qeyd edib.
Prezident İlham Əliyev ABŞ Prezidentinin Milli Təhlükəsizlik məsələləri üzrə müşavirinin Azərbaycan və Ermənistan arasında beynəlxalq sərhədin delimitasiyası üzrə danışıqların başlanmasına ehtiyac duyulduğu fikri ilə razı olduğunu ifadə edib və bu prosesin 10 noyabr 2020-ci il üçtərəfli bəyanatına uyğun olaraq həyata keçirilməsinin əhəmiyyətini bildirib.
İlham Əliyev Ermənistanın sərhəd gərginliyi ilə bağlı qeyri-adekvat reaksiyasının və bu məsələni beynəlmiləlləşdirmək cəhdlərinin bölgədə gərginliyin artmasına gətirib çıxara biləcəyini qeyd edib və bütün mübahisələrin sülh yolu ilə və danışıqlar prosesi çərçivəsində həllinin vacibliyini vurğulayıb.



Baxış sayı: 350


Bölməyə aid digər xəbərlər