12:51 / 26-11-2024
Sabiq rəis həbs edilib
Bütün xəbərlər
Könül Nurullayeva: “Fransa və Kanadanın “əsirlər”lə bağlı birtərəfli yanaşması Ermənistanı terror və təxribatlara daha da həvəsləndirir”
Tarix: 08-05-2021 23:00 | Bölmə: Siyasət

Azərbaycan hər zaman öz öhdəliklərini ən yüksək səviyyədə yerinə yetirir. 44 günlük Vətən Müharibəsi zamanı da Ermənistandan fərqli olaraq, Azərbaycan, bir dəfə də olsun, mülki əhalini hədəfə almadı. Hərbi əməliyyatlar başa çatdıqdan sonra isə yenə Azərbaycan beynəlxalq humanitar hüququ əsas tutaraq, humanist yanaşma sərgilədi, əsirlərin geri qaytarılmasında heç bir problem yaşanmadı. Təsadüfi deyildir ki, hərbi əməliyyatlar dayandıqdan sonra Azərbaycan tərəfindən 70-dən artıq erməni əsiri Ermənistana qaytarılıb. Bu günlərdə daha 3 erməni əsirinin qaytarılması da Azərbaycan rəhbərliyinin növbəti humanist addımı idi. Amma təəssüflə qeyd etməliyik ki, bunun qarşılığında Ermənistan əməliyyatların dayandırılmasından 20 gün sonra təxribatçı siyasətini davam etdirərək, terrorçuları Azərbaycan ərazilərinə yeritdi. Diversantların törətdiyi terror aktı nəticəsində 4 nəfər hərbçimiz həlak oldu, 1 nəfər mülki şəxs isə yaralandı. Bu, təbii ki, bölgədə böyük çətinliklə əldə olunmuş sülhə birbaşa zərbə idi. Amma təəssüf ki, bu gün əksər ölkələr Ermənistanın təxribatçı mövqeyini görməzlikdən gəlir. Xüsusilə, Fransa və Kanada Xarici İşlər Nazirliklərinin digər erməni əsirlərin qaytarılması ilə bağlı çağırışları obyektiv yanaşma deyil. Üstəlik, Fransa ATƏT-in Minsk Qrupunun həmsədri olaraq, bu cür birtərəfli mövqe sərgiləməklə vasitəçilik mandatının prinsiplərini növbəti dəfə pozur.
Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatında da deyildiyi kimi, Ermənistana çağırış edərək beynəlxalq humanitar hüquq öhdəliklərinə riayət etməsini, bölgədə dayanıqlı sülhə əngəl olan fəaliyyət və əməllərdən çəkinməsini tələb etmək daha ədalətli və obyektiv olardı. Amma biz bunun əksini görürük. Bu gün erməni “əsirlər”ini müdafiə edənlər minalanmış ərazilərin xəritəsini verməsi ilə bağlı Ermənistana təzyiq göstərmirlər. Halbuki bu xəritənin verilməməsi çoxlu sayda insanın həyatı üçün böyük təhlükədir. Onlarla insan minaların qurbanı olub. Eyni zamanda bu, ərazilərin bərpasına da maneə törədir. Bu mənada bütün beynəlxalq təşkilatların və dövlətlərin işğal dövründə nümayiş etdirdikləri qeyri-obyektiv mövqeyin xarakterini dəyişməkdə fayda var. Əks halda, təxribatlara adət etmiş Ermənistanın post-münaqişə dövründə də arxayınlaşması bölgəmiz üçün yaxşı heç nə vəd etmir.



Baxış sayı: 372


Bölməyə aid digər xəbərlər