Bütün xəbərlər
Səfər Mehdiyev: Gömrük Komitəsi biznes-gömrük əlaqələrinin tam elektronlaşdırılması istiqamətində fəaliyyətini davam etdirəcək
Tarix: 20-11-2021 10:28 | Bölmə: Müsahibə



“Yaşıl dəhliz” buraxılış sistemindən daimi istifadə hüququnun əldə olunması ilə əlaqədar 2019-cu ildən etibarən 1033 xarici ticarət iştirakçısı müraciət edib. Bunlardan 262 xarici ticarət iştirakçısına ixrac əməliyyatları üzrə, 482 xarici ticarət iştirakçısına idxal əməliyyatları üzrə, ümumilikdə isə 744 xarici ticarət iştirakçısına “Yaşıl dəhliz” buraxılış sistemindən daimi istifadə hüququ verilib. 2021-ci ilin ilk 10 ayı ərzində “Yaşıl dəhliz” buraxılış sistemindən daimi istifadə hüququnu əldə edən xarici ticarət iştirakçılarının xarici ticarət dövriyyəsində idxal əməliyyatları üzrə payı 42,21 faiz, ixrac əməliyyatları üzrə isə 30,31 faiz təşkil edib. Eyni zamanda, kənd təsərrüfatı və yeyinti məhsullarında dəhliz üzrə idxal əməliyyatları 64,84 faiz, ixrac əməliyyatları 46,29 faiz təşkil edib”, - bu faktları AZƏRTAC-a eksklüziv müsahibəsində Dövlət Gömrük Komitəsinin (DGK) sədri, gömrük xidməti general-polkovniki Səfər Mehdiyev deyib.
DGK sədri Səfər Mehdiyev Komitənin elektron xidmətlərlə bağlı planları, narkotik vasitələrin aşkarlanması ilə bağlı aparılan fəaliyyət, “Yaşıl dəhliz”dən istifadə ilə bağlı mövcud vəziyyət, pandemiya dövründə gömrük işinin təşkili və digər məsələlər barədə AZƏRTAC-ın müxbirinin suallarını cavablandırıb. Həmin müsahibəni təqdim edirik.
- Dövlət Gömrük Komitəsi ötən illərdə olduğu kimi bu il də büdcə proqnozunu artıqlaması ilə yerinə yetirə biləcəkmi? Büdcə proqnozunu neçə faiz artıqlaması ilə yerinə yetirməyi planlayırsınız?
- Hər il “Dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən Dövlət Gömrük Komitəsi üçün illik büdcə öhdəliyi müəyyən edilir. Komitə üçün 2021-ci ildə 3 milyard 900 milyon manat büdcə proqnozu müəyyənləşdirilib.
Cari ilin 10 ayı ərzində gömrük orqanlarının xətti ilə 3 milyard 185 milyon manat proqnoza qarşı 3 milyard 560,3 milyon manat olmaqla, 375,3 milyon manat artıq gömrük ödənişlərinin toplanaraq dövlət büdcəsinə köçürülməsi təmin edilib və 10 aylıq büdcə öhdəliyi 111,78 faiz yerinə yetirilib.
Məlum olduğu kimi, gömrük orqanları tərəfindən toplanaraq dövlət büdcəsinə köçürülən vergi və rüsumların məbləği ölkə ərazisinə xarici dövlətlərdən idxal olunan malların həcmindən bilavasitə asılıdır.
İdxal mallarının statistik göstəricilərinin təhlili göstərir ki, bu ilin 10 ayı ərzində idxal mallarının həcmində artımın müşahidə olunması ilə DGK üçün 2021-ci ildə qanunla müəyyən edilmiş illik 3 milyard 900 milyon manat büdcə öhdəliyinin təxminən 110-111 faiz yerinə yetirilməsi gözlənilir.
- “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı” çərçivəsində ölkəmizdə narkomaniyaya qarşı genişmiqyaslı mübarizə aparılır. Komitənin bu prosesdə rolunu necə dəyərləndirirsiniz?
- Azərbaycan Respublikasının iqtisadi təhlükəsizliyini qorumaq, dayanıqlı sosial-iqtisadi inkişafı təmin etmək istiqamətində dövlətimizin başçısının tapşırıqlarına uyğun olaraq Dövlət Gömrük Komitəsi və onun struktur bölmələrinin son illər həyata keçirdiyi tədbirlər müsbət nəticə verməkdədir.
Komitə gömrük hüquqpozmaları ilə mübarizə sahəsində əməliyyat-axtarış fəaliyyətini gücləndirir, narkotik vasitələrin aşkar edilməsində xidməti itlərin tətbiqi nəzərə alınaraq DGK-nın Kinoloji Mərkəzinin bazasında təcrübəli və yüksəkixtisaslı mütəxəssislər tərəfindən kinoloqlar və narkotik vasitələrin axtarışında xidməti itlərin hazırlanması işi davam etdirilir.
Eyni zamanda, ölkə ərazisinə idxal olunan mallar, onların idxalatçıları və ixracatçıları, hərəkət marşrutu haqqında öncədən gömrük orqanlarına təqdim olunan məlumatların emal edilərək riskli halların əvvəlcədən müəyyənləşdirilməsi, həmçinin riskli halların və şəxslərin, marşrutların, yüklərin müəyyən edilməsi sahəsində Hədəf Mərkəzinin fəaliyyətinin genişləndirilməsi, digər hüquq-mühafizə orqanları ilə birgə əməkdaşlığın möhkəmləndirilməsi təmin edilir.
Dövlət Gömrük Komitəsi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nın icrasının təmin edilməsi istiqamətində üzərinə düşən vəzifələri layiqincə yerinə yetirir və gömrük orqanları tərəfindən (o cümlədən digər hüquq-mühafizə orqanları ilə birlikdə) görülən qətiyyətli tədbirlər nəticəsində hər il külli miqdarda narkotik vasitənin, psixotrop maddənin və onların prekursorlarının gömrük sərhədindən qanunsuz keçirilməsinin qarşısı alınır.
Görülmüş tədbirlər nəticəsində 2019-2021-ci illər ərzində 551 fakt üzrə qanunsuz dövriyyədən götürülən ümumilikdə 5 ton 960 kiloqramdan artıq narkotikin 83 faizdən çoxu, başqa sözlə 4 ton 985 kiloqram 770 qramı daha təhlükəli ağır narkotik vasitə hesab edilən heroindən ibarət olub.
Ciddi narahatlıq doğuran məqamlardan biri də sözügedən dövr ərzində saxlanılan psixotrop maddələrin 99,4 faizinin, yəni 274 kiloqram 722 qramının “qara bazar”da “patı” və “şüşə” adı altında satılan metamfetaminin təşkil etməsidir. Onu da qeyd edim ki, təkcə cari il ərzində aşkar olunan faktlar üzrə 1 ton 733 kiloqram 504 qram heroin, 508 kiloqram 432 qram tiryək, 194 kiloqram 122 qram metamfetamin və sair olmaqla, ümumilikdə 2 ton 481 kiloqram 5 qram narkotik vasitə və psixotrop maddə qanunsuz dövriyyədən çıxarılıb.
- Hazırda Rusiya ilə sərhəddə yerləşən “Xanoba” gömrük postunda aparılan tikinti işləri nə yerdədir və işlərin nə zaman yekunlaşdırılması planlaşdırılır?
- Şimal Ərazi Baş Gömrük İdarəsinin "Xanoba" gömrük postundakı inşaat işləri Prezident İlham Əliyevin ötən ilin aprel ayında imzaladığı Sərəncama əsasən aparılır. “Xanoba” gömrük postunda kompleks tikinti-quraşdırma işləri hazırda davam edir. Əsas obyektlər üzrə tikinti işləri 60-90 faiz icra edilib.
İnşaat işləri başa çatdıqdan sonra gömrük postunun buraxılış qabiliyyətinin artması ilə yanaşı, ən müasir avadanlıqlarla təchiz edilməsi də nəzərdə tutulur. Bundan başqa, "Xanoba" gömrük postu “Şimal-Cənub” nəqliyyat dəhlizi vasitəsilə yüklərin daha sürətli daşınmasına, sərhədkeçmə proseslərinin asanlaşdırılmasına, ölkəmizin tranzit imkanlarının genişlənməsinə, xüsusilə Azərbaycan-Rusiya sərhədində yaranan növbələrin tam aradan qaldırılmasına şərait yaradacaq.
- 2019-cu ildən tətbiq edilən “Yaşıl dəhliz” buraxılış sistemindən indiyədək nə qədər yerli və xarici sahibkarlar yararlanıb?
- “Yaşıl dəhliz” buraxılış sistemi idxal-ixrac əməliyyatlarında qanunvericiliyə riayət edən xarici ticarət iştirakçıları üçün daha əlverişli şəraitin yaradılması, gömrük sərhədindən mal dövriyyəsinin sürətləndirilməsi yolu ilə ölkənin ixrac potensialının gücləndirilməsi, Ümumdünya Gömrük Təşkilatının tövsiyələrinə və qabaqcıl beynəlxalq təcrübəyə uyğun olaraq, xarici ticarət iştirakçılarında könüllü riayət mədəniyyətinin formalaşdırılması, risk qiymətləndirilməsi əsasında gömrük nəzarəti formalarının tətbiqi, malların və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsinin və gömrük nəzarətinin daha çevik, şəffaf həyata keçirilməsi, idxal-ixrac əməliyyatlarında məmur-sahibkar münasibətlərini müasir idarəçilik prinsipləri əsasında qurmaqla beynəlxalq ticarətin asanlaşdırılması məqsədilə tətbiq edilib.
“Yaşıl dəhliz” buraxılış sisteminin fəlsəfəsi Ümumdünya Gömrük Təşkilatının Çərçivə Standartlarına uyğun olaraq işlənilib və dünya təcrübəsində geniş tətbiq edilən etibarlı tərəfdaş proqramlarına aiddir. Bu layihənin tətbiqi ölkəmizdə xarici ticarət fəaliyyəti sahəsində inqilabi dönüş olub və gömrük orqanları ilə tərəfdaş olan, öz biznes prosesində ölkə qanunvericiliyini rəhbər tutan şəxslərə münasibətdə gömrük prosedurlarının və gömrük işi sahəsində müxtəlif əməliyyatların sadələşdirilməsini ehtiva edir.
Prezident İlham Əliyevin 2018-ci il 21 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Xarici ticarət iştirakçılarının “Yaşıl dəhliz” buraxılış sistemindən daimi istifadə hüququnu əldə etməsi, həmin hüququn dayandırılması, ləğvi və bərpası Qaydası”nda “Yaşıl dəhliz” buraxılış sisteminin istifadəçilərinə bir çox üstünlüklər verilir. Bu da biznes mühitinin inkişafı ilə yanaşı, gömrük işinin aparılmasının sadələşdirilməsinə, sərhəd-keçid məntəqələrinin və gömrük rəsmiləşdirilməsi mərkəzlərinin yüklülüyünün azaldılmasına səbəb olur.
Bu üstünlüklərə malların və nəqliyyat vasitələrinin gömrük-sərhəd buraxılış məntəqələrindən daha sürətli keçidinin təmin edilməsi, gömrük-sərhəd buraxılış məntəqələrində, ticarətin asanlaşdırılması mərkəzlərində və gömrük rəsmiləşdirilməsinin həyata keçirilməsi üçün müəyyən edilmiş digər yerlərdə gömrük orqanlarının göstərdikləri xidmətlərin prioritet qaydada yerinə yetirilməsi, gömrük auditinin tətbiqi ilə fiziki gömrük yoxlamalarının minimuma endirilməsi, malların gömrük ekspertizasının aparılması xidmətlərinin prioritet qaydada həyata keçirilməsi, gömrük orqanlarının razılığı əsasında gömrük ərazisinə gətirilən və bu ərazidən aparılan malların gömrük rəsmiləşdirilməsinin gömrük orqanlarının əməkdaşları tərəfindən iş yerindən kənarda və iş vaxtından kənar saatlarda aparılması aiddir.
“Yaşıl dəhliz” buraxılış sistemində daimi istifadəçi statusunu əldə edən biznes subyektləri idxal-ixrac əməliyyatları zamanı xüsusi üstünlüklərə də malikdirlər. Belə biznes subyektləri ölkə ərazisinə idxal olunan malları birbaşa anbarlarına apara, gömrük bəyannaməsi təqdim olunduğu təqdirdə, gömrük orqanlarının razılığı əsasında malların daşındığı nəqliyyat vasitələrindən gömrük eyniləşdirmə vasitələrini (plombları və sair) müstəqil qaydada çıxarıb mallarını boşalda bilərlər.
Eyni zamanda, ixrac etdikləri malların daşındığı nəqliyyat vasitələrinə gömrük orqanlarının tanıdığı eyniləşdirmə vasitələrini (plomblar, möhürlər, ştamplar və sair) müstəqil qaydada tətbiq edərək gömrük orqanına getmədən, ixrac olunan mallara və nəqliyyat vasitələrinə dair məlumatları özündə əks etdirən gömrük bəyannaməsini elektron qaydada gömrük orqanlarına təqdim etməklə, malları bəyan etdiyi gömrük-sərhəd buraxılış məntəqəsinə birbaşa göndərirlər.
Göründüyü kimi “Yaşıl dəhliz” buraxılış sistemindən daimi istifadə hüququ əldə etmiş şəxslər onların biznes mühitini genişləndirməyə imkan verən mühüm üstünlüklərə malikdir və gömrük nəzarətinin sadələşdirilmiş formalarından yararlanırlar.
“Yaşıl dəhliz” buraxılış sistemində daimi istifadəçi statusunu əldə etmiş xarici ticarət iştirakçıları verilən təkcə bir üstünlükdən yararlanaraq, yük nəqliyyat vasitələrinin terminallara deyil, birbaşa öz anbarlarına göndərilməsi nəticəsində vaxta sərfiyyatlarını aradan qaldırmaqla yanaşı, külli miqdarda vəsaitə də qənaət ediblər. Onlar tərəfindən bu sahədə elektron xidmətlərin istifadəsi nəticəsində məmur-vətəndaş təması minimuma endirilərək yüklərin boşaldılması səlahiyyəti bilavasitə şəxslərin özlərinə verilib. Əlbəttə, göstərilən sadələşdirilmələrin arxa planında ilk öncə peşəkar gömrük əməkdaşları, gömrük sisteminin Vahid Avtomatlaşdırılmış İnformasiya Sistemi, risklərin idarə edilməsinə əsaslanan müasir gömrük nəzarəti metodları dayanır. Dövlət Gömrük Komitəsi tərəfindən müxtəlif istiqamətlərdə qəbul edilmiş Fəaliyyət Planları və Yol Xəritələri əsasında, həmçinin “Yaşıl dəhliz” istifadəçiləri arasında keçirilmiş sorğular nəticəsində “Yaşıl dəhliz” buraxılış sistemi daim təkmilləşdirilir və sistemdən istifadə daha da sadələşdirilir.
“Yaşıl dəhliz” buraxılış sistemindən daimi istifadə hüququnun əldə olunması ilə əlaqədar 2019-cu ildən etibarən 1033 xarici ticarət iştirakçısı müraciət edib. Bunlardan 262 xarici ticarət iştirakçısına ixrac əməliyyatları üzrə, 482 xarici ticarət iştirakçısına idxal əməliyyatları üzrə, ümumilikdə isə 744 xarici ticarət iştirakçısına “Yaşıl dəhliz” buraxılış sistemindən daimi istifadə hüququ verilib.
- Bəs cari ildə idxal-ixrac əməliyyatlarında bu sistemdən istifadə hüququ əldə edən sahibkarların payı nə qədərdir?
- 2021-ci ilin ilk 10 ayı ərzində “Yaşıl dəhliz” buraxılış sistemindən daimi istifadə hüququnu əldə edən xarici ticarət iştirakçılarının xarici ticarət dövriyyəsində idxal əməliyyatları üzrə payı 42,21 faiz, ixrac əməliyyatları üzrə isə 30,31 faiz təşkil edib. Eyni zamanda, kənd təsərrüfatı və yeyinti məhsullarında idxal əməliyyatları 64,84 faiz, ixrac əməliyyatları 46,29 faiz təşkil edib.
- Dövlət Gömrük Komitəsi bir sıra elektron xidmətlər istifadəyə verib. Bu xidmətlərdən istifadə göstəriciləri sizi qane edirmi? Gələcəkdə daha hansı elektron xidmətlərin yaradılması nəzərdə tutulur?
- DGK sahibkarlıq mühitinin daha da yaxşılaşdırılması, xarici iqtisadi ticarət fəaliyyəti zamanı şəffaflığın təmin edilməsi, gömrük işinin təkmilləşdirilməsi məqsədilə gömrük infrastrukturunun və əsasən Komitənin mövcud informasiya sistemlərinin inkişaf etdirilməsi sahəsində mütəmadi olaraq işlər görür.
Komitə tərəfindən yeni informasiya texnologiyalarına əsaslanan yeni elektron xidmətlər hazırlanır və vətəndaşların istifadəsinə təqdim olunur. “e.customs.gov.az” portalı, “Smart Customs” mobil tətbiqi və Ticarət Statistikası Portalı da gömrük orqanları tərəfindən hazırlanan növbəti elektron xidmət layihələridir.
Bu ildən vətəndaşlara göstərilən xidmət səviyyəsinin daha da yüksəldilməsi məqsədilə elektron gömrük xidmətlərinin vahid sistemdə cəmləndiyi “e.customs.gov.az” portalı istifadəyə verilib. Hazırda portal üzərindən vətəndaşlar, təşkilatlar və xarici iqtisadi fəaliyyət iştirakçılarına 11 elektron xidmət təqdim edilir. “e.customs.gov.az” portalı ilə paralel olaraq “Smart Customs” mobil tətbiqi istifadəyə verilib. Tam olaraq istifadəyə verilən 11 xidmətdən 4-ü mobil tətbiqə inteqrasiya olunub. Ümumilikdə mobil tətbiqdə 5 elektron xidmətin istifadəsi təmin edilib.
Komitə tərəfindən bu il istifadəyə verilən xidmətlərdən biri də Ticarət Statistikası Portalıdır (stats.customs.gov.az). Ticarət Statistikası Portalını yaratmaqda əsas məqsəd gömrük-biznes əlaqələrinin daha da inkişaf etdirilməsi, maraqlı tərəflərə Azərbaycanın ticarət dövriyyəsini vizual olaraq sadə və maraqlı şəkildə təqdim etməkdir. Bu portal vahid məkanda statistik məlumat əldə etmək imkanı verir. Eyni zamanda, portalda xarici iqtisadi fəaliyyətin mal nomenklaturası elektron xidməti yaradılıb. Sözügedən elektron xidmətdə mal mövqeyinə uyğun axtarış etdikdə, idxal və ixrac əməliyyatlarına dair xüsusi icazə tələb olunan mallar, eləcə də xüsusi icazə sənədləri verən qurumlar haqqında məlumatlar öz əksini tapır. Ümumiyyətlə, bu ilin 10 ayı ərzində DGK-nın təqdim etdiyi elektron xidmətlərdən istifadə edənlərin sayı 8 milyon 897 mindən çox olub.
2021-ci ilin 10 ayı ərzində təkcə “e.customs.gov.az” portalı və “Smart Customs” mobil tətbiqi üzərindən 4 milyon 658 min ədəd Elektron Ticarət Bəyannaməsi gömrük orqanlarına təqdim edilib.
Cari ilin ilk 10 ayı ərzində “e.customs.gov.az” portalında və “Smart Customs” mobil tətbiqində qeydiyyatdan keçmiş istifadəçilərinin sayı 275 min 243 nəfərdir.
Mobil tətbiqdən istifadə edənlərin sayı isə 229 min nəfərə yaxındır. Onlardan 138 min nəfəri “Android”, 91 min nəfəri isə “iOS” platformasının istifadəçiləridir.
Müasir platformaların imkanlarından istifadə edərək innovativ həllərin tətbiqi Dövlət Gömrük Komitəsi üçün daim əsas prioritet istiqamətlərdir. DGK gələcəkdə də biznes-gömrük əlaqələrinin tam elektronlaşdırılması, xarici ticarət iştirakçıları üçün yeni imkanların yaradılması istiqamətində fəaliyyətini davam etdirəcək. Onu da bildirim ki, Komitə tərəfindən xarici ticarət iştirakçıları üçün “e.customs.gov.az” portalı vasitəsilə təqdim ediləcək elektron xidmətlərin sayının 30-a çatdırılması nəzərdə tutulub. Xarici ticarət iştirakçıları “e.customs.gov.az” portalında “Şəxsi kabinet”lərinə daxil olmaqla təqdim edilən elektron xidmətlərdən istifadə edə biləcəklər.
Bu xidmətlərin mərhələli şəkildə “Smart Customs” mobil tətbiqinə inteqrasiyası da nəzərdə tutulub. Yaxın günlərdə “Smart Customs” mobil tətbiqinin vizual və texniki baxımdan təkmilləşdirilmiş versiyasının ictimaiyyətə təqdim olunması planlaşdırılır. Yeni versiyaya bir çox funksionallıqlar əlavə olunub. Xarici ticarət iştirakçıları “e.customs.gov.az” portalındakı bilidirişləri artıq “Smart Customs” mobil tətbiqi vasitəsilə də izləyə biləcəklər.
Nəzərdə tutulan elektron xidmətlərdən biri də sərnişinlər üçün sadələşdirilmiş bəyannamədir. Sadələşdirilmiş bəyannamə daha geniş və əhatəlidir. Sadələşdirilmiş bəyannamənin “Smart Customs” mobil tətbiqində aktivləşdirilməsi sahəsində işlər aparılır və növbəti ildən tətbiq edilməsi nəzərdə tutulur.
- Pandemiya dövründə Dövlət Gömrük Komitəsinin iş prinsipində hansı yeniliklər tətbiq olundu?
- Ümumiyyətlə, koronavirus pandemiyasına qarşı gömrük-sərhəd buraxılış məntəqələrində həyata keçirilən qabaqlayıcı tədbirlərin gücləndirilməsi, bu xəstəliyə yoluxmalarına şübhə yaranan şəxslərin vaxtında aşkarlanması və tibbi təxliyəsi üzrə DGK tərəfindən müvafiq işlər, o cümlədən lazımi sanitar-profilaktik və dezinfeksiya tədbirləri gücləndirilmiş rejimdə davam etdirilir.
Komitə tərəfindən pandemiya zamanı bir sıra tədbirlər görülüb. Koronavirus infeksiyasının ölkə ərazisində yayılmasının qarşısının alınması, o cümlədən qabaqlayıcı profilaktik tədbirlərin görülməsi məqsədilə ölkənin bütün gömrük-sərhəd buraxılış məntəqələrində gücləndirilmiş iş rejiminə keçməklə bağlı Komitənin 2020-ci il 29 yanvar tarixli Sərəncamı ilə müvafiq qaydada göstəriş verilib.
Bundan başqa, DGK-nın 2020-ci il 26 fevral tarixli Sərəncamı ilə DGK Tibbi Xidmət İdarəsinin tərkibində Sanitar-Karantin Xidmətinin yaradılması təsdiq olunub. Pandemiya ilə bağlı yaranan sualların cavablandırılması məqsədilə fasiləsiz iş rejimində Dövlət Gömrük Komitəsinin Çağrı mərkəzində “Qaynar xətt”in fəaliyyəti təşkil edilib.
İş ahənginin qorunması və dayanıqlı fəaliyyətin təmin edilməsi şərtilə, idarəetmənin telefon, mobil və internet rabitəsi vasitəsilə həyata keçirilməsi təmin olunub.
Hazırda koronavirus xəstəliyinin xarici ölkələrdən yayılması riskini azaltmaq məqsədilə Azərbaycan Respublikası ərazisinə daxil olan nəqliyyat vasitələrinin dezinfeksiya edilməsi üzrə aidiyyəti tədbirlər həyata keçirilir. Sərnişinlər üzərində beynəlxalq təcrübədə geniş şəkildə tətbiq edilən effektiv nəzarət tədbirlərinin görülməsi məqsədilə ölkənin bütün gömrük-sərhəd buraxılış məntəqələri məsafədən hərarəti müəyyən edən stasionar və portativ tipli “FLIR” və “Hikvision” markalı termovizor cihazları, həmçinin elektron və civə termometrləri ilə təchiz edilib. Ölkə ərazisinə hava nəqliyyatı vasitəsilə gələn sərnişinlərin, “Piyada keçid xətləri”, həmçinin “İdxal nəzarət talvarları” vasitəsilə daxil olan yük və minik nəqliyyat vasitələrinin sürücüləri və onlarla daşınan sərnişinlərin sözügedən avadanlıqlar vasitəsilə bədən hərarətinin ölçülməsi həyata keçirilir.
Gömrük-sərhəd buraxılış məntəqələrində hərarəti yüksək olan şəxs müəyyən edildikdə, həmin şəxs dərhal xüsusi ayrılmış otaqda müvəqqəti təcrid olunur və növbətçi həkimlər tərəfindən müvafiq qaydada müayinə edilir. Xəstəliyə yoluxmaya şübhəli bilinən şəxslər barədə müvafiq məlumatlar dərhal Səhiyyə Nazirliyinin Sanitar-Karantin Müfəttişliyinə, eləcə də Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə ötürülür və həmin şəxslər Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi tərəfindən xüsusiləşdirilmiş tibb müəssisəsinə (və ya sahəyə) təxliyə edilənədək izolyatorda saxlanılır.
Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, yük daşımalarını həyata keçirən nəqliyyat vasitələrinin sürücüləri sərhəd-buraxılış məntəqələrindən Azərbaycan Respublikasının ərazisinə daxil olduqları vaxt Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi tərəfindən laborator müayinəsinə cəlb olunur və müayinənin nəticəsi əldə olunanadək yaşadıqları və ya olduqları yerdə sanitariya qaydalarına riayət etməklə karantin nəzarətinə götürülürlər.
Bütün bunlarla yanaşı, koronavirus infeksiyasının müalicəsi üçün nəzərdə tutulan malların gömrük-sərhəd buraxılış məntəqələrindən prioritet qaydada keçidi təmin olunur, ölkə ərazisindən həyata keçirilən beynəlxalq yük daşımalarına, o cümlədən idxal və tranzit əməliyyatlarında məhdudiyyət tədbirləri müəyyən edilmir.
- Dövlət Gömrük Komitəsi Ümumdünya Gömrük Təşkilatının Avropa regionu üzrə rəhbərliyi zamanı hansı faydalı təklif və təşəbbüslər irəli sürüb?
- Öncə qeyd edim ki, Azərbaycan həqiqətlərinin Avropa regionu ölkələrinin diqqətinə çatdırılması üçün Azərbaycan Gömrük Xidməti Ümumdünya Gömrük Təşkilatının (ÜGT) Avropa Regionu üzrə rəhbərliyi dövründən səmərəli istifadə edib.
Bildiyiniz kimi, ötən il sentyabrın 27-də Ermənistan Azərbaycana qarşı növbəti hərbi təcavüzə əl atmışdı. 44 günlük müharibə dövründə Ermənistanın Azərbaycan Respublikasına qarşı işğalçı siyasəti, işğal nəticəsində bir milyondan artıq azərbaycanlının qaçqın və məcburi köçkün vəziyyətinə düşməsi, Ermənistanın işğal etdiyi ərazilərdə azərbaycanlı dinc əhaliyə qarşı etnik təmizləmə həyata keçirməsi, eləcə də BMT-nin Təhlükəsizlik Şurasının münaqişə ilə bağlı qəbul etdiyi dörd qətnamənin Ermənistan tərəfindən icra edilməməsi, müharibənin səbəb olduğu insan tələfatı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan torpaqlarının Ermənistan işğalından azad edilməsi və ölkəmizin ərazi bütövlüyü uğrunda aparılan müharibənin haqq savaşının olması həqiqəti ilə bağlı ÜGT-nin bütün üzvlərinə, yəni 183 üzvünə, ÜGT Şurasının sədri və müavinlərinə fərdi məktublar göndərməklə, eləcə də 2020-ci il noyabrın 20-də və 2021-ci il iyunun 8-də keçirilən ÜGT-nin Avropa Regionu üzrə Gömrük Xidməti Rəhbərlərinin Konfranslarında bu barədə məlumat verməklə bu istiqamətdə geniş iş aparılıb.
Ümumdünya Gömrük Təşkilatına üzv olan ölkələr coğrafi bölgü prinsipi əsasında 6 regiona bölünür ki, bunlardan ən böyüyü 52 ölkənin daxil olduğu Avropa regionudur. Bu regiona daxil olan ölkələr arasında Ümumdünya Gömrük Təşkilatının ən ali işçi orqanları olan Siyasi Komissiya, Maliyyə Komitəsi və Audit Komitəsində təmsilçilik məsələləri Bergen Anlaşması adlandırılan sənədlə tənzimlənir. Sənədə əsasən, region ölkələri müvafiq altqruplara bölünüb və hər altqrupa yuxarıda adı çəkilən orqanlarda təmsilçilik üçün məhdud sayda yer ayrılıb. Ali orqanlarda təmsilçilik altqruplara daxil olan ölkələrin müəyyən etdiyi rotasiya qaydası üzrə həyata keçirilir. Altqruplardan biri də ÜGT-nin büdcəsinə ən çox üzvlük haqqı ödəyən əsas ianəçilər altqrupudur. 2019-cu ildə Rusiya Federasiyası bu altqrupda İspaniya Krallığını əvəz edib və İspaniya heç bir altqrupda yer ala bilməyib. Bununla əlaqədar, Bergen Anlaşmasında məcburi olaraq altqrupu tərk etmiş üzvün başqa altqrupda yer alması ilə bağlı tənzimləyici müddəaların olmaması səbəbindən qeyd edilən Anlaşmanın yeni redaksiyasının hazırlanması və İspaniyanın altqruplardan birinə daxil edilməsi ilə bağlı təşəbbüslə çıxış edərək müvafiq İşçi Qrupun yaradılmasını təklif etmişik.
Təklifimizi region ölkələri yekdilliklə dəstəkləyib. Sədrliyi Azərbaycan Gömrük Xidməti tərəfindən edilən İşçi Qrupun həyata keçirdiyi mürəkkəb və gərgin işin nəticəsi olaraq Bergen Anlaşmasının yeni redaksiyası üçün hazırlanan təkliflər region ölkələrinin diqqətinə çatdırılıb. İspaniyanın müvəqqəti olaraq altqruplardan birində yer alması barədə razılıq əldə olunub və hazırda bu iş davam etdirilir.
Bununla yanaşı, Ümumdünya Gömrük Təşkilatının illik hesabatına dair sorğu vərəqəsinin Avropa Regionu üzv dövlətlərindən alınması üçün ÜGT Katibliyinə təqdim edilməsində dəstək göstərilib, eləcə də ÜGT-nin Hüquq Mühafizə Komitəsinin sessiyasında müzakirə edilməsi məqsədilə Avropa Regionu üçün bir neçə əsas hüquq-mühafizə prioritetləri regionun üzv dövlətləri ilə birgə müəyyən edilərək ÜGT Katibliyinə göndərilib. Həmçinin qeyd etmək lazımdır ki, ÜGT-nin Qlobal Məlumat və Araşdırma Strategiyası Layihəsi Qrupuna təqdim edilmiş namizədliklər əsasında 3 üzv dövlət müəyyənləşdirilərək adı çəkilən layihə qrupuna daxil olunması üçün ÜGT Katibliyinə təqdim olunub.
DGK Ümumdünya Gömrük Təşkilatının Avropa Regionu üzrə rəhbərliyi zamanı ÜGT-nin strategiyasının müəyyənləşdirilməsində strateji proqnozlaşdırma, təşkilatın 2022-2025-ci illər üzrə Strateji Planının hazırlanması, Özəl Sektorla Məşvərət Qrupuna (Bu Qrup ÜGT-nin Baş katibini, Siyasi Komissiyasını və ÜGT üzvlərini gömrük və beynəlxalq ticarət məsələləri barədə məşvərət xarakterli məlumatla təmin edir) Avropa regionundan namizədlərin müəyyən edilməsi, Siyasi Komissiya və Şura sessiyalarının formatının müzakirəsi və region üçün maraqlı digər məsələlərlə bağlı bir sıra təşəbbüslərdə fəal iştirak edərək ÜGT-nin fəaliyyətinə öz töhfəsini verib.
Həmçinin bildirmək istərdim ki, 2021-ci ilin martında Ümumdünya Gömrük Təşkilatının Baş katibi və Şura sədri, eyni zamanda, Şuranın sədr müavinlərinin iştirakı ilə onlayn formatda görüş keçirilib. Görüşdə məqsəd ÜGT-nin Siyasi Komissiyası və Şurasının iclaslarının nəticələrinə əsasən həyata keçirilən fəaliyyətlərin davam etdirilməsi üçün növbəti tədbirlərin planlaşdırılması, xüsusilə də iş metodlarının və prioritetlərin müəyyənləşdirilməsi olub. Görüş zamanı koronavirus pandemiyasının dünyada yaratdığı mürəkkəb şəraitdən bəhs edilib, pandemiya zamanı gömrük orqanlarının əhəmiyyətli rolunun fonunda fəaliyyətlərin fasiləsizliyinin təmin etdirilməsi məsələlərinə diqqət çəkilib, gömrük orqanlarının gələcək fəaliyyətdə prioritetləri barədə fikir mübadiləsi aparılıb.
- Gömrük Komitəsinin sosial aksiyalarda, ictimai tədbirlərdə və ətraf mühitin qorunması ilə əlaqədar layihələrdə iştirakı ilə bağlı nə deyə bilərsiniz?
- Dövlət Gömrük Komitəsi vəzifə öhdəliklərində olan cari işlərin görülməsi ilə yanaşı, bir sıra sosial aksiyalarda, ictimai tədbirlərdə yaxından iştirak edir, habelə ətraf mühitin qorunması istiqamətində işlər görür və bu kimi tədbirlərə hər zaman xüsusi diqqət ayırır. Bununla yanaşı, əməkdaşlarımız bir sıra təşkilat, ittifaq və qurumlar tərəfindən bu sahədə təşkil olunan çoxsaylı aksiyalara qoşulur, humanitar məqsədli tədbirlərdə də aktiv iştirak edirlər.
Əvvəla onu qeyd edim ki, əməkdaşlarımız pandemiya dövründə 65 və yuxarı yaş kateqoriyasında olan ahıl şəxslər, aztəminatlı və şəhid ailələri, Böyük Vətən müharibəsi iştirakçısı olan veteranlarımızın evlərini, o cümlədən uşaq evlərini ziyarət edib, onlara yardım sovqatları paylayıblar. Bu tədbirlər Komitə tərəfindən ənənə halını alıb və mütəmadi olaraq davam etdirilir.
Bu ilin aprelində Xocasən qəsəbəsində IDEA İctimai Birliyi və Ekologiya və Təbii Sərvərlər Nazirliyinin birgə təşkilatçılığı ilə “Yaşıl marafon” adlı ağacəkmə aksiyası keçirilib. Dövlət Gömrük Komitəsinin rəhbər heyəti ilə yanaşı, gömrük əməkdaşları, o cümlədən gömrük sistemində fəaliyyət göstərən “Könüllü gömrükçü” dəstəsinin üzvləri bu aksiyada fəal iştirak ediblər. Həmin aksiya zamanı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəhbərliyi, qeyd edilən qurumun əməkdaşları və IDEA İctimai Birliyinin üzvləri ilə birlikdə 1600-dən artıq müxtəlif cinsli ağac əkilib.
Komitənin təşəbbüsü ilə hər il olduğu kimi, bu il də faşizm üzərində Qələbənin 76-cı ildönümü münasibətilə Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında İkinci Dünya müharibəsinin iştirakçıları, 44 günlük Vətən müharibəsi qaziləri ilə Komitə əməkdaşları və könüllü gömrükçülər arasında görüş keçirilib, onlara bayram sovqatı təqdim olunub.
Bu gün dövlətimiz, onun rəhbəri Prezident İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən şəhidlərin əziz xatirəsinin əbədiləşdirilməsi, şəhid ailələrinin, qazilərimizin hərtərəfli qayğı ilə əhatə olunması, onların sosial-məişət problemlərinin həlli üçün bütün zəruri tədbirlər həyata keçirilir. Dövlət Gömrük Komitəsi də bu istiqamətdə addımlar ataraq Zəfər Günü ərəfəsində 44 nəfər şəhid ailəsi üzvləri və qazilərimizi daimi işlə təmin edib.
Bildiyiniz kimi, dövlətimizin başçısının tövsiyələrini, könüllülük fəaliyyətinin ictimai, sosial və tərbiyəvi əhəmiyyətini rəhbər tutaraq, gənclərin potensialından daha səmərəli istifadə etmək məqsədilə Komitə sistemində “Könüllü gömrükçü” dəstəsi yaradılıb və bu gün də onlar gömrük sistemində uğurlu fəaliyyət göstərirlər. “Könüllü gömrükçü” dəstəsi Azərbaycan Gənclər Fondu, Azərbaycan Könüllü Təşkilatları İttifaqı, o cümlədən ölkəmizdəki müxtəlif birliklərin sosial, ictimai və ətraf mühitin qorunması kimi çoxsaylı tədbirlərində iştirak edir.
“Könüllü gömrükçü” dəstəsi Azərbaycan Könüllü Təşkilatları İttifaqı İdarə Heyətinin üzvüdür. Azərbaycan Könüllü Təşkilatları İttifaqı tərəfindən keçirilən müxtəlif sosial aksiyalarda fəal iştirakına görə “Könüllü gömrükçü” dəstəsi müxtəlif nominasiyalarla təltif olunub.
Ümumiyyətlə, Komitə sistemindəki “Könüllü gömrükçü” dəstəsinin fəaliyyətinin əsas hissəsi demək olar ictimai və sosial tədbirlərə qatılmaqla keçib.
Onu da qeyd edim ki, Komitə tərəfindən İkinci Qarabağ müharibəsi zamanı döyüş bölgəsinə yaxın ərazilərimizdə yaşayan, erməni silahlı qüvvələri tərəfindən ağır artilleriya atəşinə məruz qalan, evləri dağıdılan, ailə üzvlərini itirən, müvəqqəti sığınacaqlarda yerləşdirilən şəxslərə müxtəlif yardımlar göstərilib.
DGK-nın təşkilatçılığı ilə könüllü gömrükçülər Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci ildən başladılan “Xocalıya ədalət!” beynəlxalq maarifləndirmə kampaniyasına da aktiv şəkildə qoşulublar. Bu münasibətlə ölkəmizi ziyarət edən xarici ölkə vətəndaşlarına hava limanında, Bakı şəhərinin müxtəlif məkanlarında informativ xarakterli bukletlər paylanılıb, qonaqlara Xocalı faciəsi, Qarabağ həqiqətləri haqqında məlumat verilib.
Bununla yanaşı, gömrük əməkdaşları və könüllü gömrükçülərimiz Vətən müharibəsi zamanı Qarabağ mövzusunda sosial şəbəkələr vasitəsilə aktiv təbliğat işləri aparıb, mənfur düşmənin ölkəmizə qarşı məkrli siyasətinin ifşa olunması, dünya ictimaiyyətinin obyektiv şəkildə məlumatlandırılması istiqamətində müxtəlif və çoxsaylı paylaşımlar ediblər.



Baxış sayı: 560


Bölməyə aid digər xəbərlər