Bütün xəbərlər
“Şagirdlərimiz son 5 ilin ən yüksək nəticələrini əldə ediblər”
Tarix: 04-08-2024 11:39 | Bölmə: Müsahibə

                      sagirdlerimiz-son-5-ilin-en-yuksek-neticelerini-elde-edibler


Naxçıvan Muxtar Respublikasının təhsil naziri Elxan Nəcəfov “Azərbaycan müəllimi” qəzetinə son dövrlərdə Naxçıvan təhsil sistemində əldə olunan uğurlar və qarşıya qoyulan hədəflər haqqında müsahibə verib.
Sabaha-inamla.az “Qafqazinfo”ya istinadən həmin müsahibəni təqdim edir:  
- Elxan müəllim, 2023-2024-cü tədris ili Naxçıvan MR təhsili üçün hansı yenilik və nailiyyətlərlə yadda qalıb?
- Naxçıvan MR Təhsil Nazirliyində 2023-cü ilin sonlarında kadr islahatları həyata keçirilib. Bu islahatlar, muxtar respublikada ölkə rəhbərliyinin ciddi nəzarəti altında aparılan islahatların tərkib hissəsi olaraq müxtəlif sahələrdə tətbiq olunmuş və təhsil sahəsində də bu dəyişikliklər öz təsirini göstərib. Naxçıvan MR Təhsil Nazirliyində müxtəlif istiqamətlərdə islahatlar həyata keçirilmiş və bu, təhsil sahəsindəki inkişafı müsbət istiqamətə yönəldib.
Təhsil nailiyyətləri baxımından 2023-2024-cü tədris ili müsbət nəticələrlə yadda qalıb. Bu dövrdə həm təhsilalanların nəticələrinin yaxşılaşdırılması, həm də təhsilverənlərin peşəkarlığının artırılması istiqamətində tərəfimizdən əhəmiyyətli işlər görülüb.
Qeyd edək ki, buraxılış və qəbul imtahanlarında şagirdlərimiz tərəfindən son 5 ilin ən yüksək nəticələri əldə edilib. Dövlət İmtahan Mərkəzi tərəfindən tam (11 illik) orta təhsil səviyyəsi üzrə keçirilmiş buraxılış imtahanının nəticələrinə əsasən, imtahan iştirakçıları arasında Naxçıvan MR ümumtəhsil məktəblərindən 4 şagird 300 bal toplamaqla ən yüksək nəticəni göstərib. Bölgələr arasında da muxtar respublikanın ümumtəhsil məktəbləri ən yüksək göstəricilər baxımından ikinci yerdə qərarlaşıb. 292 şagirdimizin 250-300 bal intervalında nəticə göstərməsi şagirdlərimizin yüksək hazırlıq səviyyəsini təsdiqləyir. Həmçinin 2023-2024-cü tədris ilində keçirilən ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə də buraxılış imtahanlarında 5 şagirdimiz 300 bal toplamaqla maksimum nəticəni əldə edə bilib.
Məzunlar qəbul imtahanlarında da bu missiyanı uğurla davam etdirərək ötən ilin nəticələrini geridə qoyublar. Belə ki, 2022-2023-cü tədris ilində 600-700 bal intervalında nəticə əldə edən məzun sayı 42 nəfər olub, 2023-2024-cü tədris ilində isə bu say 104 nəfərə yüksəlib. Məhz bu göstəricilər ötən tədris ili ilə müqayisədə 2.5 dəfə çoxdur.
Eyni zamanda fərqlənmə attestatı ilə məktəbi bitirən məzunlarımızın sayı da əhəmiyyətli dərəcədə artıb. Ötən il ümumi və tam orta təhsil səviyyəsi üzrə 121 məzun fərqlənmə attestatı alıb, cari tədris ilində isə bu göstərici 3 dəfədən çox artaraq 387 nəfərə (253 tam (11 illik) orta, 134 ümumi (9 illik) orta təhsil səviyyələri üzrə) yüksəlib. 8 məzunumuz qızıl, 1 məzunumuz isə gümüş nişana layiq görülüb. Göstərilən nəticələr son dövrlərdə muxtar respublikamızda təhsil sahəsindəki genişmiqyaslı islahatların, şagirdlərin bilik və bacarıqlarını artırmağa yönəlmiş tədbirlərin, həmçinin şagirdlərin fədakar səylərinin əyani göstəricisi olmaqla, təhsil sahəsindəki böyük irəliləyişləri əks etdirir.
 
Qeyd edək ki, şagirdlərimizin göstərdiyi bu yüksək nəticələri başlanğıc hesab edirik. Ümid edirik ki, növbəti tədris ilində bu müvəffəqiyyətlərin daha da irəliləməsinə nail ola biləcəyik.
 
- Respublika fənn olimpiadalarının qalibləri arasında Naxçıvandan da məktəblilər var idi. Ümumiyyətlə, şagirdlərin olimpiadalara hazırlıq səviyyəsi qənaətbəxşdirmi və nəticələrin daha da yaxşılaşdırılması üçün hansı işlər görülür?
- Naxçıvan MR Təhsil Nazirliyi təhsilalanların nəticələrinin yüksəldilməsi istiqamətində müxtəlif strateji addımlar atıb. Bu addımlar arasında müxtəlif yerli olimpiadaların keçirilməsini misal göstərə bilərik. 2023-cü ilin sonundan etibarən Yusif Məmmədəliyev adına kimya-biologiya, Nəsrəddin Tusi adına fizika-riyaziyyat olimpiadalarının təsis edilməsi bu sahədə mühüm bir addım kimi qiymətləndirilir.
Eyni zamanda 2023-cü ilin dekabr ayında Naxçıvanın və ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə genişmiqyaslı müsabiqələr təşkil edilib. Bu müsabiqələr, xüsusilə buraxılış fənlərini əhatə edərək VIII-XI sinif şagirdlərinin bilik və bacarıqlarının yüksəldilməsi məqsədini daşıyıb. Nəticədə, buraxılış fənləri üzrə əldə edilən nəticələr əhəmiyyətli dərəcədə yüksəlib.
Növbəti tədris ilində isə Cəlil Məmmədquluzadə adına humanitar fənlər olimpiadasının və müxtəlif inşa müsabiqələrinin keçirilməsi planlaşdırılır. Bu cür təşəbbüslərin davamlı olaraq həyata keçirilməsi şagirdlərin təhsil səviyyəsinin yüksəldilməsi baxımından əhəmiyyətli nəticələrə gətirib çıxarır. Naxçıvan MR Təhsil Nazirliyinin təsis etdiyi olimpiadalarla yanaşı, ölkə miqyasında Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə keçirilən Respublika fənn olimpiadalarında da şagirdlərimizin fəal iştirakını təmin edərək müsbət nəticələr əldə edilməsinə nail olmuşuq. Şagirdlərimizin Lütfi Zadə adına riyaziyyat-məntiq olimpiadası, Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsi, həmçinin digər fənn müsabiqələrində iştirakını da qənaətbəxş hesab etmək olar. Bu istiqamətdə əvvəllər həm şagirdlərimizin, həm də müəllimlərimizin təcrübəsi kifayət qədər az olub. “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı” çərçivəsində və görüləcək işlər nəticəsində şagirdlərimizin bu istiqamətdə nəticələrini daha da artırmağı məqsəd qoyuruq.
- Şagird nailiyyətlərinin yüksəldilməsində əsas amillərdən biri də təhsilverənlərin peşəkarlıq səviyyəsinin artırılmasıdır. Bu baxımdan Naxçıvanda müəllimləri əhatə edən hansı proqramlar icra olunub, onların bilik və bacarığının artırılmasına dəstək üçün nə kimi addımlar atılıb?
- Geridə qoyduğumuz tədris ilində müəllimlərlə bağlı indiyə qədər çox az iş görüldüyü nəzərə alındıqda forum və təlimlərin təşkili baxımından müəyyən addımlar atmışıq. Təbii ki, bu tədbirlər növbəti illərdə də davam etdiriləcək. Qeyd etmək lazımdır ki, ötən ilin oktyabr ayından sonra ibtidai sinif, həmçinin fizika və riyaziyyat müəllimləri üçün forumlar təşkil etmişik. Bu, muxtar respublikada həmin fənlər üzrə tədris aparan müəllimlərin şəbəkələşməsi və bir-birilərini tanımaları baxımından əhəmiyyətli olub. Eyni zamanda müəllimlərin öz aralarında təcrübə mübadiləsi aparmaları üçün platforma da yaradılmışdır. Bu tədbirlərin müəllimlərin peşəkar inkişafı üçün öz müsbət təsirini göstərəcəyini düşünürük.
- Bu il ilk dəfə olaraq MİQ və sertifikatlaşdırma da ölkənin təhsil sisteminə inteqrasiya edilməklə həyata keçirildi. Ümumi vəziyyəti necə dəyərləndirərdiniz?
- Bəli, Naxçıvan Muxtar Respublikasında 2023-2024-cü tədris ilinin ən önəmli işlərindən biri məhz mərkəzləşdirilmiş qaydada müəllimlərin işə qəbulu və sertifikatlaşdırma prosesinin təşkil olunması idi. Qeyd edim ki, Naxçıvanda həm MİQ, həm də sertifikatlaşdırma mərkəzləşdirilmiş qaydada ilk dəfə keçirilirdi. Elm və Təhsil Nazirliyi ilə birlikdə vahid bir imtahan mərkəzi yaradaraq 400-ə yaxın müəllimi sertifikatlaşdırmaya cəlb etdik. Nəticələrimiz yüksək oldu. Prosesdə 97,3 faiz davamiyyət qeydə alındı. Sertifikatlaşdırma imtahanında iştirak edən təhsilverənlərdən 91 faizi müəyyən olunmuş bal həddini keçərək uğur qazandı. İki müəllim maksimum (60 bal) nəticə göstərdi. Sertifikatlaşdırmanın test mərhələsində uğur əldə edə bilməyən müəllimlərin topladıqları ballar isə təkrar sertifikatlaşdırmada müvəffəqiyyət əldə etmələri baxımından ümidverici bir göstəricidir.
Bu il muxtar respublikada müəllimlərin işə qəbulu müsabiqəsini də ilk dəfə olaraq mərkəzləşmiş qaydada keçirməklə müəllim olmaq istəyən şəxslər üçün bərabər imkanlar yarada bildik. 2-10 iyul tarixlərində keçirilən imtahanlarda 40-a yaxın namizəd 80 və üzəri bal toplaya bilmişdir. Muxtar respublikanın ümumtəhsil məktəblərində 512 vakant yer müsabiqənin test imtahanı mərhələsində uğur qazanan namizədlərə təklif olunmaq üçün müəyyənləşdirilib və həmin yerlərin elektron portala yerləşdirilməsi 10 iyul tarixindən etibarən yekunlaşdırılıb. Həmin vakant yerlərdən 509-u Azərbaycan bölməsi, 3-ü isə rus bölməsi üzrədir. Qeyd edək ki, təklif olunan yerlər ötən illə müqayisədə təqribən 2 dəfədən artıq çoxdur.
 
Naxçıvanda ilk dəfə olaraq müsahibə yolu ilə ümumtəhsil müəssisələrinə direktorlar təyin olunub. Bundan başqa direktor müavinləri, məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı, kitabxana müdiri, kitabxanaçı, uşaq birliyi təşkilatının rəhbəri, psixoloq, laborant və katib-makinaçı vəzifələri üzrə müsabiqələr keçirilib.
- Muxtar Respublikada məktəbəqədər təhsilin vəziyyəti necədir? Nə qədər uşaq məktəbəqədər təhsilə cəlb olunub və bu say qaneedicidirmi? Məktəbəqədər təhsilin əhatə dairəsinin artırılması üçün hansı tədbirlər nəzərdə tutulub?
- Naxçıvanda məktəbəqədər təhsilin əhatə dairəsi kifayət qədər geniş deyil. Buna görə də müəssisələrin sayının artırılmasına ehtiyac olan regionlar sırasındadır. Hazırda 20 məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir ki, həmin müəssisələrə də 3800-dən bir qədər çox uşağın təhsilə cəlbinin həyata keçirilməsi mümkün olur. Bu göstərici isə məktəbəqədər təhsilə cəlb olunacaq uşaq sayının yalnız 13-15 faizini əhatə edir. Qeyd edilən göstərici məktəbəqədər təhsildən kənarda qalan çox sayda uşağın və əlavə müəssisələrin açılmasına ehtiyac olduğunu göstərir. Bu ehtiyacın qarşılanması məqsədilə “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nda məktəbəqədər təhsil müəssisələrinin sayının artırılması nəzərdə tutulub. Bu addımların həyata keçirilməsi ilə məktəbəqədər təhsilə cəlb olunan uşaqların sayı artacaq və təhsil müəssisələrinin əhatə dairəsi genişlənəcək.
Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyi məktəbəqədər təhsilə cəlb edilən uşaqların sayının artırılması üçün bir sıra tədbirlər görməkdədir. İlkin olaraq 2024-2025-ci tədris ilindən etibarən Naxçıvanda məktəbəhazırlıq quruplarını məktəbəqədər təhsil müəssisələrindən ümumtəhsil müəssisələrinə köçürülməsi qərarlaşdırılmışdır. Həmin qərarın icrası ilə məktəbəqədər müəssisələrdə 650-dən çox yeni yaranan vakant yerə kiçik yaş qruplarından olan uşaqların təhsilə cəlb edilməsi təmin ediləcək, 5 yaşı tamam olan uşaqlar isə peşəkar müəllimlərdən məktəbəhazırlıq təhsilini alacaqlar.
- Bəs ucqar kənd yerlərində məktəbəqədər təhsilə əlçatanlığın artırılması üçün hansı planlar var? Ümumiyyətlə, özəl sektorun bu sahəyə cəlb olunması istiqamətində işlər görülürmü?
- Ucqar kənd yerlərində məktəbəqədər təhsilin əlçatanlığının artırılması da dövlətin əsas prioritetlərindən biridir. Dövlət Proqramı çərçivəsində icma əsaslı alternativ məktəbəqədər təhsilə cəlb olunma ilə bağlı pilot layihələrə qoşulmaqla məktəbəqədər təhsildən kənarda qalan uşaqların təhsilə cəlb edilməsinə nail ola biləcəyik. Naxçıvanda ötən tədris ilində Elm və Təhsil Nazirliyi tərəfindən elan olunan “Alternativ məktəbəqədər təhsil xidmətlərinin təşkili” pilot qrant proqramı çərçivəsində 16 qrant layihədən  4-nü muxtar respublikanın ümumtəhsil məktəbləri qazanıb. Bu layihələr nəticəsində 200-ə yaxın uşaq təhsilə cəlb edilib. 2024-2025-ci tədris ili üzrə də icma əsaslı layihələrin tətbiqinin davam etdirilməsi nəzərdə tutulur.
Dövlət Proqramında özəl sahibkarlıq subyektlərinin məktəbəqədər təhsil sahəsində fəaliyyətlərinin təşviq edilməsi məsələsi də nəzərdə tutulub. Ötən tədris ilində özəl sektorun həm məktəbəqədər, həm də ümumtəhsil sahəsində fəaliyyətinin həyata keçirilməsi istiqamətində addımlar atılıb. Sözsüz ki, bu təşəbbüslərdə Naxçıvan Muxtar Respublikasının digər mərkəzi icra hakimiyyəti orqanları da tərəf olaraq iştirak etdi.
Düşünürəm ki, muxtar respublikada aparılan islahatların tərkib hissəsi olaraq özəl sektorun da bu sahəyə daha çox maraq göstərəcəyi və dəstək verəcəyi gözlənilir. Beləliklə, dövlət və özəl sektor əməkdaşlığı ilə məktəbəqədər təhsilin keyfiyyəti və əhatə dairəsi daha da genişlənəcək. Tədris prosesini yaxından izləmək və tədrisin keyfiyyətinin yüksəldilməsi məqsədilə elektron imkanlar artırılacaq.
- Naxçıvan Muxtar Respublikasında internetlə təchiz olunan məktəb sayı nə qədərdir? Bunun əhatə dairəsinin artırılması üçün hansı işlər aparılır və bütün məktəblərin internetə çıxışının təmin olunması nə zaman mümkün olacaq?
- Naxçıvanda demək olar ki, bütün məktəblərimiz internetlə təmin olunub. Xüsusilə 75 məktəbdə internet xətləri fiberoptik xətlə əvəzlənib. Bununla yanaşı, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi ilə Çin Xalq Respublikasının Ticarət Nazirliyi arasında imzalanmış “Naxçıvan Muxtar Respublikasına İnteraktiv Təhsil Yardımı” layihəsi ümumi təhsil müəssisələrinin elektron avadanlıqlarla təmin olunması məqsədini daşıyır. Bu layihə internetə əlçatanlığı daha da artıracaq və tədris prosesində müasir texnologiyaların tətbiqini təmin edəcək. Elektron avadanlıqlar Naxçıvan Muxtar Respublikasına çatdırılıb və bütün məlumatların mərkəzləşdirildiyi konteyner sxeminin yerləşdirilməsi də həyata keçirilib. Növbəti tədris ilində müqavilədən irəli gələn digər addımların atılması ilə müəssisələrimizin həm internetlə təmin edilməsi, həm də interaktiv üsullarla tədrisin təşkili daha da inkişaf edəcək. Məktəblərdə hibrit dərslərin təşkil olunması və müşahidə otaqları vasitəsilə müəssisələrin nəzarətdə saxlanması planlaşdırılır. Məktəblilərimizin elektron resurslardan daha səmərəli şəkildə istifadə etmələri onlarda tədqiqat bacarıqlarının inkişafına da töhfə verəcək.
 - Hazırda ölkə məktəblərində “Rəqəmsal bacarıqlar”, STEAM və “Məktəblinin dostu” layihələri icra olunur. Muxtar respublika məktəblərində də bu layihələrin bəziləri icra olunur.
- Son bir neçə il ərzində məktəblərin STEAM kabinetləri ilə təminatı həyata keçirilib. Hazırda Naxçıvan Muxtar Respublikasında 154 STEAM kabineti müvəffəqiyyətlə fəaliyyət göstərir. Eyni zamanda 2024-cü ilin əvvəlindən etibarən Naxçıvan şəhərində STEAM Mərkəzinin fəaliyyətini təmin etmişik. Düşünürəm ki, nəticələri də olduqca məqsədyönlü və uğurludur. “STEAM 2023” festivalında şagirdlərimizin dron uçuşu üzrə ilk üçlükdə yer alması bu sahədə uğurlu fəaliyyətin bariz nümunəsidir. Eyni zamanda STEAM sahəsində fəaliyyət göstərən təhsilverənlərimiz də bu ildən etibarən tərəfimizdən təlimlərə cəlb edilib. Onlar müvafiq sertifikat almaqla STEAM dərslərini daha keyfiyyətli şəkildə tədris edə biləcəklər.
 
“Rəqəmsal bacarıqlar” layihəsi Dövlət Proqramında yer alan fəaliyyət istiqamətlərindən biridir və bu proqram çərçivəsində layihənin Naxçıvan məktəblərində də tətbiq edilməsi planlaşdırılır. “Məktəblinin dostu” layihəsi isə hazırda Naxçıvan Muxtar Respublikasında tətbiq edilmir. Elm və Təhsil Nazirliyinin dəstəyi ilə növbəti tədris ilində, xüsusilə şəhər və rayon mərkəzlərində müəyyənləşdirilmiş bir neçə məktəblərdə pilot olaraq layihəyə qoşula biləcəyik. Həmçinin qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi 2024-cü ilin iyul ayından etibarən “Maarifçi” Tələbə-Məzun Təcrübə proqramına qoşulmağa başlayıb. Həmin proqram çərçivəsində bakalavr üzrə təhsil alan IV kurs tələbələri və məzunlardan müəyyən sayda iştirakçının iştirakı təmin olunaraq onlarda sahəvi bilik və bacarıqlarının artırılmasına nail olunacaq. Bu layihələrin icrası 2024-2025-ci tədris ilində Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyi tərəfindən kommunikasiya ediləcək müsbət xəbərlər içərisində yer alacaq.
- Naxçıvan Muxtar Respublikasında məktəbdənkənar müəssisələrdə tədrisin keyfiyyəti necədir?
- Qeyd edim ki, bu istiqamətdə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən aparılan monitorinqlər, eyni zamanda Hesablama Palatasının yanvar-mart aylarında Təhsil Nazirliyində apardığı yoxlamalar nəticəsində ötən illərdən miras qalmış bir sıra neqativ təcrübələr aşkarlanıb. Hazırda bu sahədə ciddi işlər görülməyə davam edir. Məktəbdənkənar müəssisələrdə dərnəklərin təşkili, qanunvericiliyin tələblərinə uyğun olaraq qrupların formalaşdırılmasının təmin edilməsi, həmçinin qruplara cəlb olunan şagirdlərə dair məlumatların dəqiqliyi yoxlanılır. Bu istiqamətdə ciddi nöqsanlar mövcuddur. Aşkarlanmış nöqsanların aradan qaldırılması üçün məktəbdənkənar müəssisələrdə optimallaşdırma prosesləri həyata keçirilir.
 
Dərnəklərin komplektləşdirilməsinin qanunauyğun təşkilinin təmin edilməsi, eləcə də şagirdlərin davamiyyəti və müəllimlərin ixtisas uyğunluqlarının yoxlanılması üçün nəzarət mexanizmlərinin gücləndirilməsi məqsədilə müxtəlif elektron resurslar yaradılıb.
Bu tədbirlər məktəbdənkənar müəssisələrin fəaliyyətinin daha səmərəli qurulmasına və əvvəlki illərdə baş vermiş maliyyə pozuntularının qarşısının alınmasına xidmət edir. Maliyyə qənaəti baxımından optimallaşdırma vacib bir prosesdir və bu, Təhsil Nazirliyi tərəfindən də ciddi nəzarətdə saxlanılır. Bununla yanaşı, ölkə miqyasında da təhsilin idarə edilməsi sahəsində müvafiq addımlar atılıb. Hazırda Naxçıvan Muxtar Respublikasında təhlillər aparılır və növbəti illərdə şagird sıxlığı az olan təhsil müəssisələrində həm rasionallaşdırma, həm də optimallaşdırma istiqamətində tədbirlər həyata keçiriləcək. Bu təhlillər növbəti tədris ilindən başlayaraq müvafiq qurumlarla da dəqiqləşdirildikdən sonra kommunikasiya ediləcək. Bu sahədə ciddi işlərin aparılması nəzərdə tutulur.
 
- Naxçıvanda peşə təhsilinin vəziyyəti necədir? Yetərli qədər peşə təhsili müəssisəsi varmı? Peşə təhsilinə cəlb olunanların əhatə dairəsinin artırılması, peşə təhsilinin populyarlaşdırılması üçün hansı addımların atılmasını zəruri hesab edirsiniz?
- 2023-2024-cü tədris ilində Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyi ilə Peşə Təhsili üzrə Dövlət Agentliyi arasında həyata keçirilən səmərəli əməkdaşlıq nəticəsində peşə təhsili sahəsində mühüm irəliləyişlər əldə olunub. Peşə təhsili üzrə fəaliyyətlər də “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı” çərçivəsində icra olunan tədbirlərin bir hissəsidir. Proqram çərçivəsində muxtar respublikada əmək bazarının tələblərinə cavab verən müasir tipli peşə təhsili müəssisələrinin təşkili nəzərdə tutulub.
 
Qeyd edək ki, əvvəlki dövrlərdə Naxçıvanda peşə təhsili müxtəlif qurumların ehtiyac meyarları üzərindən müvafiq sertifikatlar verən qısamüddətli kursların təşkili ilə məhdudlaşırdı. Bu ildən etibarən qısamüddətli kursların saxlanılması ilə yanaşı, uzunmüddətli kursların tədbiqinə də başlanılacaq. Qeyd edək ki, Naxçıvanda infrastruktur baxımından peşə təhsili müəssisələrinin şəraiti olduqca qənaətbəxşdir. Peşə Təhsili üzrə Dövlət Agentliyinin mütəxəssisləri tərəfindən də həmin müəssisələrə baxış keçirilib. Naxçıvan Texniki Peşə və Sürücülük Məktəbi publik hüquqi şəxsi və Naxçıvan Şəhər Peşə Liseyinin birləşdirilməsi nəticəsində Naxçıvan Dövlət Peşə Təhsil Mərkəzi publik hüquqi şəxsi yaradılıb, Şərur və Ordubad Texniki Peşə və Sürücülük məktəbləri peşə liseylərinə çevrilib.
Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən əmək bazarının tələbləri nəzərə alınaraq 2024-2025-ci tədrsi ili üçün peşə təhsili müəssisələrimizdə 600 dövlət sifarişi, 100 ödənişli olmaqla, müxtəlif ixtisaslar üzrə ümumilikdə 700 yerlik qəbul planı tərtib olunub. Peşə təhsili müəssisələrinə tələbə qəbulu ilk dəfə mərkəzləşdirilmiş qaydada aparılacaq. Həmçinin qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən peşə təhsili müəssisələrində işə qəbul prosesi də mərkəzləşdirilmiş qaydada müsabiqə yolu ilə həyata keçiriləcək. Namizədlərin sənəd qəbulu prosesi isə 22-29 iyul 2024-cü il tarixlərində aparılıb. Ölkə üzrə peşə təhsilinin qurulması hansı məzmun və formada həyata keçirilirsə, Naxçıvan Muxtar Respublikasında da bu standartlar tətbiq olunur. Düşünürəm ki, bu vahidlik, gələcəkdə həm yerli, həm də ölkə iqtisadiyyatına uyğun peşə sahiblərinin formalaşmasına müsbət təsir göstərəcək.



Baxış sayı: 1 216


Bölməyə aid digər xəbərlər