10:36 / 12-07-2026
İran Omandakı ABŞ təyyarə gəmilərinin dəstək obyektlərinə vuruş etdi
10:33 / 12-07-2026
Makqreqorun Hollovey ilə döyüşdə aldığı zədənin təbiəti açıqlandı
10:29 / 12-07-2026
Argentina - İsveçrə matçının ən yaxşı oyunçusu Messi deyil
10:26 / 12-07-2026
Opta 2026 Dünya Kuboku superkompüter proqnozunu yenilədi
10:24 / 12-07-2026
Podpolkovnik Devis bildirib ki, ABŞ-ın Kiyevə çatdırılması səbəbindən "PAC-3" raketləri çatışmır
10:19 / 12-07-2026
Qətərin keçmiş əmiri vəfat etdi
10:16 / 12-07-2026
Sərxoş ata əlil oğlunu çəngəl ilə vurmaqla hədələyib
10:13 / 12-07-2026
Qayıq evində baş verən yanğın söndürülür
10:09 / 12-07-2026
Dron hücumunda yaralanan 13 yaşlı oğlan xəstəxanada vəfat edib
18:09 / 11-07-2026
Şəhid polis Ramil Şirinovun doğum günü keçirilib-VİDEO+FOTOLAR
16:45 / 11-07-2026
İlham Əliyev Şuşada tarix-memarlıq abidəsi olan “Sadıqcanın evi”nin bərpadan sonra açılışında iştirak edib
16:26 / 11-07-2026
İlham Əliyev Şuşanın Kiçik Qaladərəsi kəndində görülən işlərlə tanış olub və kəndə qayıdan sakinlərlə görüşüb
16:20 / 11-07-2026
İlham Əliyev Laçında “Həkəriçay” su anbarının təməlini qoyub
16:06 / 11-07-2026
Millət vəkilinin növbəti vətəndaş qəbulu
21:10 / 10-07-2026
Şahmatçılarımız Olimpiadaya bu heyətlə gedəcək - Kapitan Teymur Rəcəbovdur
21:03 / 10-07-2026
Həmin layihələr Prezidentə təqdim olunacaq - Fotolar
20:58 / 10-07-2026
İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul edib
20:52 / 10-07-2026
Azərbaycan Ermənistana 434 min avro ödəyib
20:46 / 10-07-2026
Atasının ölüm xəbərini alan gəmi kapitanı vəfat etdi
20:37 / 10-07-2026
“Qardaşımla birgə 16 milyon vermişik” - Tale Heydərovun ifadəsi oxundu
20:24 / 10-07-2026
Azərbaycanın əsas prioritetlərindən biri regionda davamlı sülhün və təhlükəsizliyin təmin olunmasıdır-Könül Nurullayeva
19:42 / 09-07-2026
İİKK İordaniyadakı ABŞ-ın Əl-Əzraq Hava Bazasına 10 raket atıb
19:40 / 09-07-2026
RT prodüserinin həbsindən sonra Zaxarova Londona müraciət edib
19:37 / 09-07-2026
Paşinyan Ermənistandakı anklavlar məsələsindən imtina etməyin mümkün olmadığını bildirdi
19:33 / 09-07-2026
Teatr yanğına uğrayıb
19:30 / 09-07-2026
Çində fabrik yanğını: Xilasedicilər 28 nəfərin öldüyünü bildiriblər
19:27 / 09-07-2026
ABŞ-ın İrana hücumları Yaxın Şərqdə narahatlıq yaradıb
19:19 / 09-07-2026
Boğulan uşağı xilas etməyə tələsən ikinci bir kişinin cəsədi tapılıb
19:16 / 09-07-2026
"112": "Qazlar imperiyası"nı yaradan iki kişi 20-dən çox yeniyetməyə təcavüz edib
19:10 / 09-07-2026
Uşaqların nəzarətsiz üzməsini qadağan edən qanun qəbul edilib
19:06 / 09-07-2026
Keçmiş futbolçu Aldonin hazırda müalicə aldığını bildirib
19:03 / 09-07-2026
Pentaqon hava hücumundan müdafiə üçün lazer sistemlərinin inkişafına 86 milyon dollar ayırıb
18:58 / 09-07-2026
Məscidi soyan yeniyetmə saxlanılıb
18:45 / 09-07-2026
18 yaşlı bir kişi qısqanclıq zəminində sevgilisinin keçmiş sevgilisini bıçaqlayaraq öldürüb
18:41 / 09-07-2026
Rusiya Paralimpiya Komitəsi Asiya Federasiyasına niyə keçməli olduqlarını izah etdi
18:35 / 09-07-2026
ABŞ İrana qarşı yeni zərbə dalğasının müddətini proqnozlaşdırıb
18:31 / 09-07-2026
2026-cı ilin birinci yarısında Kim Çen In rekord sayda ictimaiyyət qarşısına çıxıb
18:29 / 09-07-2026
İtkin düşən ikinci qızın cəsədi tapılıb
18:26 / 09-07-2026
Aslanbi Xuştov vəfat edib
18:23 / 09-07-2026
24 saat ərzində 100-dən çox dron vurulub
Milli Qurtuluş: Azərbaycanın əbədi müstəqillik tarixi
Tarix: 12-06-2019 16:08 | Bölmə: Manşet
Ulu öndər Heydər Əliyev düşünülmüş və gələcəyə hesablanmış siyasəti ilə müstəqil Azərbaycanın bugünkü reallıqlarının təməlini qoydu
«Anam məni Azərbaycan üçün dünyaya gətirmişdir»
Yazıya müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin «Anam məni Azərbaycan üçün dünyaya gətirmişdir» fikirləri ilə başlayıb bu dahi şəxsiyyətin dövlətimiz, xalqımız qarşısındakı xidmətlərinə körpü salmaq istərdik. Bu fakt inkaredilməzdir ki, Ümummilli Liderin hakimiyyətinin hər iki dövrü Vətəninə, xalqına bağlılıq nümunəsidir.
Möhtərəm Prezidentimiz İlham Əliyevin fikirlərinə istinad edək: «Tarixçilər və politoloqlar bəzən belə bir sual verirlər: niyə 1993-cü ildə hakimiyyətə məhz Heydər Əliyev qayıtdı? Axı o zaman ilk baxışda hər şey onun əleyhinə idi. O, hadisələrin episentrində, daha doğrusu, Bakıda deyil, öz doğma Naxçıvanında idi. Onun gələcək siyasi dayağı- Yeni Azərbaycan Partiyası hələlik ilk addımlarını atırdı. Partiya liderinin kütlə arasında böyük populyarlığına baxmayaraq, YAP Heydər Əliyevin paytaxta gəlişinə qədər özünü real siyasi qüvvə kimi göstərə bilmirdi. Məsələ burasındadır ki, Heydər Əliyevin heç kimlə müqayisə olunmayacaq dərəcədə böyük siyasi mübarizə təcrübəsi vardı.» Dövlətimizin başçısı, eyni zamanda, həmin dövrün xarakteristikasını da verir: «İki ildən də artıq bir müddət ərzində ölkəni konkret hakimiyyət deyil, xaos idarə etmişdi. Azərbaycanda sovet sistemindən demokratik sistemə asan keçid baş tutmamışdı. Adamlar hərc-mərclikdən, vəziyyətin qeyri-müəyyənliyindən cana doymuşdular. Təbii ki, cəmiyyətdə güclü, bacarıqlı liderə, «dəmir əl»ə ehtiyac yaranmışdı. Bu rol hamıdan çox Heydər Əliyevin boyuna biçilmişdi. O, Ə.Vəzirovdan, A.Mütəllibovdan və Ə.Elçibəydən özünün güclü və qətiyyətli xarakteri ilə, yüksək vətəndaşlıq məsuliyyəti hissi ilə, bütün ehtiyatları, öz iradəsinin qeyri- adi qüvvəsini bir yumruğa yığmaq bacarığı ilə seçilirdi.»
XX əsrin sonu doğrudan da Azərbaycan dövlətinin, xalqının həyatında taleyüklü bir dövr idi. Tarixin bu mərhələsində baş verən hadisələr ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışını şərtləndirdi. Həm həmin dövrün çətinliklərini, vətəndaş qarşıdurmasını, həm də bütün dövrlərdə ölkəmizə diqqət və marağın artmasına səbəb olan coğrafi mövqeyimizi nəzərə alsaq, belə ölkənin lideri olmağın nə qədər böyük məsuliyyət, ən əsası siyasi bacarıq və təcrübə tələb etdiyini təsəvvür etmək çətin deyildi.
Məhz ulu öndər Heydər Əliyev bu çətinliyi öz üzərinə götürdü. Siyasi bacarığından və təcrübəsindən istifadə edərək, xilaskarlıq missiyasını uğurla həyata keçirərək Azərbaycanı üzləşdiyi faciələrdən, bir dövlət olaraq dünyanın siyasi xəritəsindən silinmək təhlükəsindən xilas etdi. Azərbaycanı azərbaycanlılara, azərbaycanlıları isə özünə qaytardı. İstər çağdaş Azərbaycan tarixində, istərsə də xalqımızın yaddaşında ulu öndər Heydər Əliyev müstəqil və suveren dövlətin simvolu, xarizmatik siyasət dahisi, əsl vətəndaş kimi özünəməxsus yer tutub. Xalqı ilə birlikdə olduğunu bəyan edən ulu öndər Heydər Əliyevin 1993-cü il iyunun 9-da Bakıya gəlişi, qardaş qırğınının qarşısını almaq istiqamətində göstərdiyi səylər Onun üzərindəki Vətən, xalq sevgisinin aydın ifadəsi idi. Ümummilli Lider iyunun 15-də Azərbaycan Ali Sovetinin Sədri seçildi, iyulun 24-də isə Milli Məclisin qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başladı. 1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində Ulu Öndər Azərbaycan Respublikasının Prezidenti seçildi. Bu qısa xronologiya bir daha Azərbaycan xalqının ulu öndər Heydər Əliyevə sevgisinin, eyni zamanda, dahi şəxsiyyətin yuxarıda qeyd etdiyimiz fikrinin təsdiqidir.
AXC-Müsavat qruplaşmasının yarıtmaz fəaliyyəti Azərbaycanı öz dövlət müstəqilliyini itirmək təhlükəsi ilə üz-üzə qoymuşdur
Danılmaz faktdır ki, müstəqilliyimizin ilk illərində ölkəyə rəhbərlik edənlərin səriştəsizliyi, səbatsızlığı üzündən Azərbaycanda baş verən siyasi böhranlar, daxili çəkişmələr, vəzifə davası ölkənin müstəqilliyini təhlükə qarşısında qoymuşdur. Müstəqilliyimizin birinci dövrü faciəvi dövr kimi xarakterizə olunur. 1991-1993-cü ilin iyununa qədər Azərbaycan çox böyük problemlərlə, itkilərlə üzləşmişdir. Bu dövr də özlüyündə iki mərhələyə bölünür. Birinci mərhələ 1991-ci ilin oktyabr ayından 1992-ci ilin yay aylarına qədər olan dövrdür. Bu dövr itirilmiş imkanlar, itkilər dövrü idi. Ermənistan Azərbaycana qarşı təcavüzə başlamışdı, azərbaycanlılar Dağlıq Qarabağdan qovulurdular. 1992-ci ilin may ayında Şuşanın və Laçın rayonunun işğal altına düşməsi böyük itki, faciə idi. O illərdə dövlətçiliyin əsasları qurulmamış, nizami ordu yaradılmamış, cəmiyyətdə milli həmrəylik, milli birlik yox idi. 1992-ci ilin yay aylarından 1993-cü ilin iyun ayına qədərki dövr biabırçılıq, rüsvayçılıq, ağır fəlakət dövrü idi. Hakimiyyəti qanunsuz olaraq zəbt etmiş AXC-Müsavat qruplaşması ölkəmizi uçuruma aparırdı. İqtisadi böhran hökm sürür, sənaye iflic vəziyyətində idi. O vaxtkı hakimiyyətdəkilər ancaq öz şəxsi maraqlarını təmin etmək üçün çalışırdılar. O dövrdə korrupsiya, rüşvətxorluq da son həddə çatmışdı. Ölkəmizdə qanunsuz silahlı birləşmələr meydan oxuyur, Bakının küçələrində əlisilahlı adamlar dəstə-dəstə gəzir, insanları incidirdilər, onları təqib-təhqir edirdilər. Baxmayaraq ki, Ermənistan ilə qanlı döyüşlər gedirdi, AXC-Müsavat qruplaşması öz hakimiyyətini saxlamaq üçün vətəndaş müharibəsinə başlamışdı. Paytaxtda yaranan xaosun davamı kimi Gəncədə baş verən hadisələr Azərbaycanın hərtərəfli məhv edilməsinə yönəldilmiş cinayət, bir qığılcım idi. Gəncə qiyamı o dövrdə hakimiyyətdə olan AXC-Müsavat iqtidarının yanlış əməllərinin, səriştəsizliklərinin nəticəsi idi. Cəmi bir il ərzində AXC-Müsavat qruplaşmasının yarıtmaz, xəyanətkar fəaliyyəti nəticəsində Azərbaycan öz dövlət müstəqilliyini itirmək təhlükəsini yaşadı. Azərbaycanın cənubunda və şimalında separatizm tüğyan edirdi. Sanki tarix təkrar olunurdu. XX əsrin əvvəllərində əldə etdiyimiz müstəqilliyi 23 aydan sonra obyektiv səbəblərdən itirdik. Azərbaycan 1991-ci il oktyabrın 18-də dövlət müstəqilliyini yenidən bərpa etsə də, ilk iki ildə yaşananlar tarixin yenidən təkrarlanmasına yol açırdı. Əgər o vaxt ulu öndər Heydər Əliyev xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtmasaydı, bu gün Azərbaycan adlı dövlətdən danışmaq qeyri-mümkün idi.
Milli Qurtuluş Günü: dövlətçilik tariximizin şanlı səhifəsi
İllər biri-birini əvəzlədikcə bu tarixi günün önəmi daha aydın dərk olunur. Müstəqilliyimizin ilk illərində biri-birindən mürəkkəb hadisələr burulğanında çabalayan və artıq sabaha inamı itmiş xalq vəziyyətdən çıxmaq üçün yollar axtarırdı. Əslində o dövr Azərbaycanda hakimiyyətsizlik illəri idi. Ölkə Prezidenti İlham Əliyev daim çıxışlarında bildirir ki, Azərbaycan gəncləri o illərin çətinlikləri, həmçinin ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra ölkəmizin inkişaf yolu barədə aydın təsəvvürə, biliyə malik olmalıdırlar. Dövlətimizin başçısı çıxışlarında «Mən bu tarixə nəyə görə qayıdıram» sualı ətrafında fikirlərini belə açıqlayır ki, gənclər bunu bilməlidirlər ki, biz hansı vəziyyətdən çıxıb, hansı vəziyyətə gəlib çatmışıq. Digər tərəfdən, əgər bu tarixi yaddan çıxarsaq, onda biz öz gələcək planlarımızı düzgün qura bilməyəcəyik.
15 İyun Milli Qurtuluş Günü dövlətçilik tariximizin şanlı səhifəsidir. Qurtuluşdan başlanan yol Azərbaycanın daha yüksək zirvələri fəth etməsini şərtləndirir. Tez-tez səsləndirilən bu «Qurtuluş bizə nə verdi» sualına cavab Azərbaycanın bugünkü reallıqlarıdır. 1993-2003-cü illər tariximizdə dirçəliş, inkişaf dövrü, 2003-cü ildən sonrakı dövr isə Böyük Yolun davamı kimi yer tutur. Dahi şəxsiyyət Heydər Əliyevin dahiyanə uzaqgörənliklə müəyyənləşdirdiyi siyasət nəticəsində müstəqil Azərbaycan xaos, anarxiya, özbaşınalıq və iqtisadi böhrandan xilas oldu, sabitlik, inkişaf dövrünə qədəm qoydu. Ulu öndər Heydər Əliyev bildirirdi ki, əgər respublikada ictimai-siyasi sabitlik olmasa, sağlam ictimai-siyasi mühit olmasa, heç bir sosial-iqtisadi proqramdan, yaxud problemlərin həll edilməsindən söhbət gedə bilməz. Uğurlu gələcəyə hesablanmış siyasət Azərbaycanı qısa müddətdə sabitlik diyarına çevirdi. Ulu öndər Heydər Əliyevin gərgin səyləri nəticəsində 1994-cü il mayın 12-də işğalçı Ermənistanla atəşkəs sazişinin imzalanması ölkəmizdə sabitliyin daha da möhkəmlənməsini, eyni zamanda, digər sahələrdə uğurlu addımların atılmasını təmin etdi. Məhz həmin ilin sentyabrın 20-də dünyanın aparıcı transmilli şirkətləri ilə tarixə «Əsrin müqaviləsi» kimi daxil olan neft sazişi imzalandı. Bununla Azərbaycanın dünya iqtisadi sisteminə inteqrasiyasının əsası qoyuldu. Bu saziş ölkəmizin iqtisadi imkanlarını artırmaqla yanaşı, beynəlxalq münasibətlər sistemində yerini və rolunu möhkəmləndirdi. Çoxlarına əfsanə kimi görünən BTC və BTƏ neft-qaz layihələri reallığa çevrildi. Onlarla neft və qaz sazişləri, Anlaşma memorandumları imzalandı. Neft gəlirlərinin idarə olunmasında şəffaflıq prinsipinin yüksək səviyyədə qorunmasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Dövlət Neft Fondunun yaradılması da Ulu Öndərin uzaqgörən siyasətinin nəticəsidir.
Ölkəmizin iqtisadi imkanlarının artması əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində biri-birindən əhəmiyyətli addımların atılmasına yol açdı. Ümummilli Lider bildirirdi ki, neft Azərbaycanın ən böyük sərvəti olub xalqa, özü də təkcə indiki nəslə deyil, həm də gələcək nəsillərə mənsubdur. Dahi şəxsiyyətin ölkə iqtisadiyyatının inkişafında neft amilinə böyük dəyər verməsi də bu günümüzə hesablanmış inkişaf konsepsiyasının əsas tərkib hissələrindəndir. Məhz bu mühüm amilə söykənərək dövlətimizin başçısı İlham Əliyev bildirir ki, neftlə zəngin çox ölkələr var. Amma heç də onların hamısında bu resurslar inkişafa, tərəqqiyə xidmət etmir. Əhali arasında təbəqələşmə prosesi sürətli hal alır. Amma Azərbaycanın öz neft strategiyasını, inkişaf konsepsiyasını dünyanın qabaqcıl ölkələrinin təcrübəsinə uyğun müəyyənləşdirməsi bu kimi problemləri yaşamamasını şərtləndirdi. Neft gəlirlərinin ədalət prinsipinə uyğun olaraq bölgüsünün həyata keçirilməsi ölkəmizdə uğurlu sosial siyasətə geniş imkanlar açdı. Ümummilli Lider, eyni zamanda, bildirirdi ki, dünyanın inkişaf etmiş ölkələrinin təcrübəsindən istifadə etməklə yanaşı, həm də islahatlar aparmaq, bazar iqtisadiyyatı yolu ilə getmək, insanlara sərbəstlik vermək, torpağı kəndlilərə vermək, onları torpağın sahibi etmək, mülkiyyət formasını dəyişmək lazımdır. Ulu öndər Heydər Əliyevin 1993-cü ildən başladığı islahatlar dahi rəhbərin hakimiyyətinin birinci dövründə gördüyü işlərin davamı idi. Məhz o dövrdə həyata keçirilən islahatlara əsaslanaraq bildirilirdi ki, yaradılmış iqtisadi potensial böyük sərvətimizdir. Bu sərvət Azərbaycanın tam sərbəst, heç bir dövlətdən asılı olmayaraq yaşamasına imkan verir.
Göründüyü kimi, ulu öndər Heydər Əliyev hakimiyyətinin birinci dövründə Azərbaycanı keçmiş İttifaqın ən qabaqcıl ölkələrindən birinə çevirdiyi kimi, 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra xilaskarlıq missiyasını uğurla gerçəkləşdirməklə özünün şah əsəri kimi dəyərləndirilən Azərbaycanı yüksəklərə qaldırdı, dünya birliyinin fəal üzvünə çevirdi.
Demokratik dəyərlərə sadiqlik dövlət siyasətinin prioriteti kimi
Dahi şəxsiyyət Heydər Əliyev demokratiyanı strateji kursun əsası kimi dəyərləndirərək bildirirdi ki, insan hüquqlarının qorunması, bütün vətəndaşların eyni hüquqlara malik olması, siyasi plüralizm, mətbuat azadlığı, beynəlxalq standartlara uyğun seçkilərin keçirilməsi demokratik cəmiyyətin əsas atributları kimi bərqərar olmalıdır. 1995-ci ildə ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə işlənib hazırlanan Konstitusiyamızın ümumxalq səsverməsi yolu ilə qəbulu Azərbaycanın demokratik, hüquqi dövlət quruculuğu yoluna işıq saldı. Sənəddə əksini tapan maddələrin üçdə iki hissəsi insan hüquq və azadlıqlarının qorunmasına xidmət edir. Konstitusiyamızda bu maddə də öz əksini tapıb ki, hakimiyyətin yeganə mənbəyi xalqdır. Məhz xalqına güvənən, onun dəstəyinə arxalanan ulu öndər Heydər Əliyev düşünülmüş və məqsədyönlü siyasəti ilə bu günümüzün hədəflərinə yol açdı.
Demokratik cəmiyyətin əsas atributu kimi azad mətbuatın inkişafı dövlət siyasətinin əsasında dayandı. Ulu öndər Heydər Əliyevin Sərəncamı ilə senzuranın ləğvi mətbuatın inkişafında yeni mərhələnin əsasını qoydu. Jurnalist əməyini yüksək dəyərləndirən Ümummilli Lider mütəmadi olaraq onlarla görüşlər keçirir, qayğıları ilə maraqlanır, problemlərinin həlli istiqamətində mühüm tədbirlər həyata keçirirdi. Mətbuatın maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində atılan addımlar davamlılığı ilə diqqət çəkirdi. Məhz bu diqqət və qayğının nəticəsi olaraq ulu öndər Heydər Əliyev 2002-ci ildə «Jurnalistlərin dostu» mükafatına layiq görülmüşdür.
Ümummilli Liderin siyasi partiyaların, ictimai birliklərin fəaliyyəti istiqamətində atdığı addımlar da diqqətçəkəndir. Dahi şəxsiyyət daim bu çağırışı edirdi ki, nə qədər partiya olur olsun, onların hamısı bir məqsədə- Azərbaycanın müstəqilliyini qorumaq, torpaqlarımızı düşməndən azad etmək işinə xidmət etməlidir.
Ölkəmizdə seçkilərin demokratik, beynəlxalq standartlara uyğun keçirilməsi üçün zəruri olan bütün imkanlar yaradıldı. 2003-cü ildə Azərbaycan hökuməti ilə Avropa Şurasının Venesiya Komissiyası, eyni zamanda, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu ilə birgə əməkdaşlıq nəticəsində Seçki Məcəlləsinin qəbulu prezident, parlament, bələdiyyə seçkilərinin, həmçinin ümumxalq səsverməsinin beynəlxalq standartlara uyğun keçirilməsini təmin etdi.
Demokratik inkişafa yönələn bu addımların ümumi ifadəsi Azərbaycanın 2001-ci ildə dünyanın ən nüfuzlu beynəlxalq təşkilatı olan Avropa Şurasına tamhüquqlu üzv qəbul olunmasıdır. Ölkəmiz bu uğuru ilə bir daha demokratik dəyərlərə sözdə deyil, əməldə sadiq olduğunu təsdiqlədi.
Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır
Ümummilli lider Heydər Əliyevin dövlətimiz, xalqımız qarşısındakı xidmətlərindən bəhs edərkən bu gün ölkənin ictimai-siyasi həyatında aparıcı rol oynayan, sıralarında 730 mindən artıq üzvü birləşdirən Yeni Azərbaycan Partiyasının yaradıcısı olduğunu xüsusi qeyd etməliyik. Xalqın böyük əksəriyyətinin istəyini özündə əks etdirən 91 nəfər ziyalının ulu öndər Heydər Əliyevə müraciəti, həmçinin dahi şəxsiyyətin bu müraciətə cavabı xalqın ümidinin yalnız ulu öndər Heydər Əliyevə olduğunu, Ulu Öndərin isə xalq, dövlət sevgisinin aydın mənzərəsini yaradır. Zamanın tələbi, xalqın istəyi ilə yaradılan Yeni Azərbaycan Partiyasının çox keçmədən, 7 ay sonra iqtidar partiyası kimi fəaliyyət göstərməsi xalqın ulu öndər Heydər Əliyevə sevgisini, Yeni Azərbaycan Partiyasına inamını bir daha ortaya qoydu. Çox qısa zamanda milyonların sevgisini qazanan Yeni Azərbaycan Partiyası daim tutduğu yola sadiqliyi ilə nüfuzunu artırır, sıralarını kəmiyyət və keyfiyyət baxımından daha da möhkəmləndirir. Partiya ilk gündən öz adını qələbələr partiyası kimi tarixə yazdı. Dövlətə, xalqa xidməti fəaliyyətinin əsas prinsipi kimi qəbul edən YAP davamlı uğurları ilə ulu öndər Heydər Əliyevin böyük inam və qətiyyətlə söylədiyi, bu gününə böyük inamını ortaya qoyduğu «Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır» fikrini təsdiqləyir, bu yenilməz siyasi qüvvə gələcəyə daha böyük inamla addımlayır.
Azərbaycan dünyaya günəş kimi doğacaq
Ulu öndər Heydər Əliyevin aforizmə çevrilən bu fikri bu günümüzün reallıqlarında öz əksini tapıb. Dahi şəxsiyyət müstəqillik yolunda ilk addımlarını atan dövlətin qarşısında dayanan vəzifələri açıqlayarkən Azərbaycanın özünü beynəlxalq aləmdə təsdiqləməsini mühüm amil kimi önə çəkirdi. Müstəqilliyimizin ilk illərində digər sahələrdə olduğu kimi, xarici siyasətdə də uğursuzluqlar davamlılığı ilə diqqət çəkirdi. Azərbaycan informasiya blokadasında idi. 20 faiz torpaqları işğal altında, bir milyondan çox soydaşı qaçqın və köçkün vəziyyətində yaşayan Azərbaycan olsa da, ermənilərin və erməni diasporunun yalan təbliğatı nəticəsində dünyaya ölkəmiz işğalçı, Ermənistan isə işğala məruz qalan tərəf kimi təqdim olunmuşdu. Məhz bu yalan, əsassız təbliğatın sayəsində ABŞ Konqresi ölkəmizə qarşı ədalətsiz «907-ci düzəliş»i tətbiq etmişdi. Ulu öndər Heydər Əliyev 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra fəaliyyətini əsasən Azərbaycan ətrafında yaradılan informasiya blokadasının yarılmasına yönəltdi. Ulu Öndərin xarici ölkələrə elə bir səfəri yox idi ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi müzakirə mövzusu olmasın, erməni yalanları faktlar əsasında ifşa edilməsin, Ulu Öndərin ilk səfərini Fransaya etməsi də səbəbsiz deyildi. Fransa erməni diasporunun ən güclü olduğu ölkələrdən biri olmaqla yanaşı, onların bu ölkədə cərəyan edən proseslərə təsir imkanlarının böyüklüyü inkaredilməz idi. Ümummilli Lider düşünülmüş addımları ilə dünyaya əsl həqiqətləri, ən əsası Dağlıq Qarabağ probleminin mahiyyətini çatdırdı.
Məlumdur ki, 2001-ci ildə ABŞ-da baş verən terror aktından sonra Birləşmiş Ştatlar hökumətinin xarici siyasətində dəyişikliklər baş verdi. Bir tərəfdən bu mühüm hadisə, digər tərəfdən ulu öndər Heydər Əliyevin uğurlu xarici siyasəti nəticəsində ABŞ hökuməti «907-ci düzəliş»in ədalətsizliyini təsdiqlədi, qərarın fəaliyyətini bir illik dondurdu. Artıq həmin ildən başlayaraq hər il bu qərarın dondurulması yenidən təsdiqlənir.
Bu faktı da qeyd edək ki, Azərbaycanın diplomatik uğurlarında diasporumuzun rolu da inkaredilməzdir. Ulu öndər Heydər Əliyev bir dövlətin xaricdəki varlığının təsdiqi kimi Azərbaycan diasporunun birliyini, həmrəyliyini vacib amil kimi önə çəkirdi. Məhz onun təşəbbüsü ilə 2001-ci il noyabrın 9-10-da Bakıda Dünya Azərbaycanlılarının I qurultayı keçirildi. Quruıltaydan öncə Ümummilli Liderin çağırışına uyğun olaraq dünyanın müxtəlif ölkələrində Azərbaycan cəmiyyətləri, mərkəzləri yaradıldı. Onların vahid mərkəzdən idarə olunmasına xidmət edən Dünya Azərbaycanlılarının I qurultayı soydaşlarımızın bir araya gəlməsinə geniş yol açdı. Artıq 2001-ci ildən başlayaraq hər 5 ildən bir Dünya Azərbaycanlılarının qurultayları keçirilir. Dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın birliyi, həmrəyliyi fonunda həmin ölkələrdə cərəyan edən proseslərə təsir imkanları artır.
Bir sözlə, ulu öndər Heydər Əliyevin dünyaya açılan «açıq qapı» siyasəti ölkəmizlə iki və çoxtərəfli çərçivədə əlaqələrin qurulmasında maraqlı olan dövlətlərin sayının artmasını təmin etdi. Bu gün böyük fəxr hissi ilə qeyd etdiyimiz kimi, Azərbaycanın etibarlı tərəfdaş kimi mövqeyinin möhkəmlənməsini şərtləndirdi.
Heydər Əliyev Fondu Ulu Öndərin irsinin fəal təbliğatçısıdır
2004-cü il mayın 10-da yaradılan Heydər Əliyev Fondu Ümummilli Liderin fəaliyyətinin, dövlətimiz, xalqımız qarşısında əvəzolunmaz xidmətlərinin fəal təbliğatçısıdır. Heydər Əliyev irsini təbliğ etməklə yanaşı, biri-birindən mühüm layihələrin təşəbbüsçüsü və iştirakçısı kimi tanınan və nüfuz qazanan Fondun Azərbaycan reallıqlarının təbliğinə verdiyi davamlı töhfələr təqdirəlayiqdir. Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva ümummilli lider Heydər Əliyevin anadan olmasının 86-cı ildönümü və Fondun fəaliyyətə başlamasının 5 illiyi münasibətilə keçirilən təntənəli mərasimdəki «Azərbaycanın taleyi Heydər Əliyevin taleyi ilə əbədi olaraq bağlandı» mövzusunda çıxışında bildirmişdir ki, ölkəmizin hər bir vətəndaşı ömrünün böyük bir hissəsini, mənalı və yetkin çağlarını bu insanın rəhbərliyi altında yaşamışdır. Bu rəhbərlik təkcə yüksək vəzifə borcu kimi qalmadı, özünü insani mənada daha geniş əks etdirdi. Bu rəhbərlik vətənpərvərliyə, iradəyə, qüdrətə köklənmiş mərd ata və müdrik ağsaqqal qayğısı idi. Söhbət XX əsr Azərbaycan tarixinin baş qəhrəmanı, müasir müstəqil Azərbaycan Respublikasının banisi və qurucusu, unudulmaz Prezident Heydər Əliyevdən gedir. Heydər Əliyevin həyatı böyük bir epoxanın aynası kimi ölkəmizin sevincli-kədərli günlərini və anlarını, Azərbaycanın bu tarixi yollarını özündə əks etdirir. Mehriban xanım Əliyeva, eyni zamanda, bu reallığı da böyük fəxr hissi ilə qeyd etmişdir ki, belə insanlar tarixin mürəkkəb anlarında böyük çətinlikləri dəf edərək həmişə zəfər çalır, qalib gəlirlər. Heydər Əliyev qalibiyyətinin nəticəsi müasir müstəqil Azərbaycan Respublikası və onun bugünkü nailiyyətləridir.
Azərbaycanı dünyaya tanıdan Heydər Əliyev siyasətinin uğurla davam etdirilməsinə, Heydər Əliyev irsinin təbliğinə davamlı töhfələri ilə diqqət çəkən Heydər Əliyev Fondunun fəaliyyəti təqdirəlayiqdir. Dövlətimizin başçısı İlham Əliyev Mehriban xanım Əliyevanı Azərbaycanın Birinci vitse- prezidenti kimi təqdim edərkən Fondun uğurlu fəaliyyətini bir daha təhlil edərək bildirmişdir: «Bax, bu, çoxşaxəli fəaliyyət və eyni zamanda, uğurlu fəaliyyət mənim bu qərarı qəbul etməyimdə əsas rol oynamışdır. Eyni zamanda, qeyd etməliyəm ki, Mehriban Əliyeva çox peşəkar, bilikli, təcrübəli, prinsipial, çox xeyirxah bir insandır. Təsadüfi deyil ki, Azərbaycan xalqı ona böyük rəğbət və sevgi ilə yanaşır. Sadaladığım bütün bu amilləri nəzərə alaraq, mən bu qərara gəldim və bu gün Mehribanın həyatında yeni dövr başlayır. Əminəm ki, o, bundan sonra da ölkəmizin inkişafına öz dəyərli töhfəsini verəcəkdir. Bu təyinat münasibətilə mən onu təbrik edirəm və ona yeni uğurlar arzulayıram.»
Heydər Əliyev siyasətinin təntənəsi: 2003-cü ildən başlanan yol
2003-cü ildə xalqın böyük əksəriyyətinin dəstəyini qazanaraq Prezident seçilən cənab İlham Əliyev andiçmə mərasimində Azərbaycanın daha qüdrətli dövlətə çevrilməsi üçün Heydər Əliyev siyasətinin davam etdiriləcəyini bildirdi. Son 15 ildən artıq dövr ərzində Azərbaycanın imza atdığı uğurlar, eyni zamanda, ölkədə keçirilən prezident seçkilərində cənab İlham Əliyevin qələbəsi Heydər Əliyev siyasətinin təntənəsidir. Hər bir dövlətin varlığının əsasını təşkil edən iqtisadi inkişafı uğurlu islahatları ilə davam etdirən Prezident İlham Əliyev ümummilli lider Heydər Əliyevin «İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir» tezisini önə çəkərək iqtisadiyyatın şaxələndirilməsi siyasətini uğurla həyata keçirir. Azərbaycanın enerji sektorunda əldə olunan uğurlar bu məqsədə yüksək səviyyədə nail olmağa əsas verir. «Yeni əsrin müqaviləsi»nin imzalanması, Cənub Qaz Dəhlizinin rəsmi açılışı, TANAP-ın, «Star» neft emalı zavodunun, eyni zamanda, əhəmiyyətinə görə neft-qaz layihələrindən geri qalmayan BTQ dəmir yolunun istifadəyə verilməsi Azərbaycanın təşəbbüsləri gerçəkliyə çevirən, regional inkişafın aparıcı qüvvəsi, dünyanın enerji təhlükəsizliyinin təminatçısı kimi artan mövqeyinə bir daha işıq saldı. Məhz iqtisadiyyatımızın düzgün əsaslar üzərində qurulmasının nəticəsidir ki, Azərbaycan 2008-ci ildə dünyanı bürüyən və nəticələri bu günə qədər davam edən iqtisadi və maliyyə böhranından az itki ilə çıxdı. Enerji amilindən asılılığı minimuma endirmək üçün qeyri-neft sektorunun inkişafının vacibliyini qeyd edən cənab İlham Əliyev regionların malik olduğu potensialdan səmərəli istifadə etmək məqsədilə Dövlət proqramlarını təsdiqlədi və icrası istiqamətində ciddi səylər göstərir. Hər bir Proqramda əksini tapan məsələlər icra müddəti ərzində həllini tapdığından yeni vəzifələrin müəyyənləşdirilməsinə yol açır. Artıq regionların sosial-iqtisadi inkişafına dair üçüncü Dövlət Proqramının uğurlu icrası başa çatıb, dördüncü sənədin icrasına başlanılıb. İqtisadi imkanlar genişləndikcə əhalinin sosial müdafiəsinin gücləndirilməsinə yönələn addımlar da davamlılığı ilə diqqət çəkir. Hazırda ölkəmizdə işsizlik, yoxsulluq 5 faiz səviyyəsindədir. Təkcə cari ilin arxada qalan aylarında əhalinin sosial müdafiəsinin güclənməsinə xidmət edən Fərman və sərəncamlara diqqət yetirmək kifayətdir. Azərbaycan beynəlxalq aləmdə ən islahatçı ölkə kimi tanınır. Müasirləşmə, yeniləşmə dövlət siyasətinin əsasında dayanır. Azərbaycanın ev sahibliyi etdiyi beynəlxalq əhəmiyyətli tədbirlərdə də inkişaf modeli təqdir olunur, öyrənilməsinin vacibliyi vurğulanır. Azərbaycan müxtəlif mədəniyyətlərin, dinlərin qovşağında yerləşən ölkə olaraq tolerantlıq, multikultural dəyərlərin inkişafına böyük töhfələr verir. 2016-cı ilin ölkəmizdə «Multikulturalizm İli», 2017-ci ilin «İslam Həmrəyliyi İli» elan edilməsi də deyilənlərin təsdiqidir. Xarici siyasətində ikitərəfli, çoxtərəfli əməkdaşlıq əlaqələrinin qurulmasına xüsusi önəm verən Azərbaycanın bu sahədə uğurları da təqdirəlayiqdir. Dünyanın yeni xarici siyasətinin Azərbaycanda müzakirə olunması dövlətimizin uğurlu və düşünülmüş xarici siyasətinin nəticəsidir. Ən əsası Azərbaycanın 2011-ci ildə 155 ölkənin dəstəyini qazanaraq BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi ölkəmizin beynəlxalq münasibətlər sistemində yeri və rolunun təqdimatıdır.
Təbii ki, bu uğurlarımız yeganə problemimiz olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllini yaxınlaşdırır. Ulu öndər Heydər Əliyevin «Sülh danışıqlarını cəsarətlə aparmaq üçün güclü ordun olmalıdır» tezisinə uyğun olaraq ordu quruculuğu istiqamətində atılan addımlar, həmçinin Azərbaycanın diplomatik mübarizədə qələbəsi bu inama əsas verir ki, tezliklə Dağlıq Qarabağ problemi öz ədalətli həllini tapacaq, soydaşlarımız doğma yurd-yuvalarına qayıdacaqlar.
Qeyd etdiyimiz kimi, bu gün Azərbaycanın hər sahədə təcrübəsi digər ölkələrə nümunədir. İqtisadi tərəqqi demokratikləşmə prosesinin sürətləndirilməsində stimulverici amildir. İnsan hüquqlarının qorunması və müdafiəsi sahəsində yeni mexanizmlərin müəyyənləşdirilməsi, müstəqil mətbuatın inkişafı, seçkilərin demokratik, beynəlxalq standartlara uyğun təşkili, siyasi partiyaların, ictimai birliklərin fəaliyyəti üçün qanunvericilik bazasının təkmilləşdirilməsi və sair kimi biri-birindən mühüm addımlar Azərbaycanın demokratik inkişafının göstəriciləridir. Son 15 ildə iki dəfə Konstitusiyamıza əlavə və dəyişikliklərin edilməsi məqsədilə ümumxalq səsverməsinin keçirilməsi insan amilinə verilən dəyərin göstəricisidir. Bu əlavə və dəyişikliklərin bir qismi insan hüquq və azadlıqlarının qorunmasına, bir qismi isə idarəetmə sistemində təkmilləşməyə xidmət edir. Azad mətbuatın inkişafına, jurnalistlərin mənzil şəraitinin yaxşılaşdırılmasına yönələn addımlar böyük rəğbətlə qarşılanır. Bu diqqətin nəticəsidir ki, dövlətimizin başçısı İlham Əliyev üç dəfə «Jurnalistlərin dostu» mükafatına layiq görülüb.
Ölkəmizdə son 15 ildən artıq dövrdə keçirilən prezident, parlament və bələdiyyə seçkilərinə diqqət yetirdikdə də böyük təkmilləşmənin, yeniləşmənin şahidi oluruq. Təkcə 2018-ci il prezident seçkilərinə diqqət yetirmək kifayətdir. Görülmüş işlər fonunda bu seçkilər bir tərəfdən xalqın Heydər Əliyev siyasətinə dəstəyinin nümayişi idisə, digər tərəfdən Azərbaycanın demokratik inkişaf yolunda uğurlarının davamlılığına işarə idi. Bu seçkilər, həmçinin ölkəmizin ictimai-siyasi həyatında aparıcı rol oynayan Yeni Azərbaycan Partiyasına milyonların sevgisini, inamını ortaya qoydu. YAP bu seçkiləri də tarixinə uğur, qələbə səhifəsi kimi yazdı.
Hər zaman qeyd etdiyimiz kimi, Heydər Əliyev siyasətinin uğurlarının miqyası o qədər genişdir ki, bir yazı çərçivəsində əhatə etmək mümkünsüzdür. Uğurlarımız gələcəyə nikbin baxmaq üçün əsas yaradır. Dövlətimizin başçısı İlham Əliyev daim çıxışlarında bu tövsiyəni edir ki, uğurlarımızla kifayətlənməməli, daim irəliyə baxmalıyıq.
28 ilə yaxın müstəqillik tarixinə malik olan Azərbaycanın nailiyyətləri Heydər Əliyev yolunun ölkəmizə bəxş etdiyi uğurlardır. Məhz bu uğurlara söykənərək, «Azərbaycan 2020: gələcəyə baxış» İnkişaf Konsepsiyası təsdiqləndi, inkişaf etmiş ölkələr sırasında addımlamaq istəyimizi ortaya qoyduq. Keçilən yol bir daha bu ümumiləşdirməni aparmağa əsas verir ki, Milli Qurtuluş Günündən başlanan yol uğurla davam edir, gələcəyə daha böyük inamla baxmağa əsas yaradır.
Vüqar Rəhimzadə,
YAP Siyasi Şurasının üzvü,
«İki sahil» qəzetinin baş redaktoru,
Əməkdar jurnalist
Baxış sayı: 532
Bölməyə aid digər xəbərlər

8-07-2026, 20:51
Türkiyə Ukraynada ABŞ-ın sülh təşəbbüslərini dəstəklədiyini bildirib
8-07-2026, 20:45
Tramp Kiyevin neft emalı zavodlarına endirdiyi zərbələri münaqişənin sona çatmasına kömək edəcək eskalasiya adlandırdı
7-07-2026, 21:39
Tramp: "Ukraynadakı münaqişənin yaxın gələcəkdə həlli mümkündür"
7-07-2026, 21:25
"Polymarket", Ronaldonun Dünya Kubokunda göz yaşlarına qoyulan mərcləri qəbul etmədi.
5-07-2026, 18:32
Prezidentlik müddətini başa vurduqdan sonra Makron milyarder Nielin rəhbərliyi altında vəzifə tuta bilər
2-07-2026, 17:30
Peskov Kallasın son təhdidinə cavab verdi
28-06-2026, 12:58
Medvedev: "Ermənistanın Qərbin nəzarətindən qaçması çətin olacaq"
24-06-2026, 19:17
Bessent: "Rusiya Ukraynadakı münaqişədən sonra dollar sisteminə qayıtmaq istəyəcək"
24-06-2026, 19:14
Ukraynanın keçmiş xarici işlər naziri Kuleba Trampın münaqişə ilə bağlı mövqeyini dəyişdiyinə şübhə edir
24-06-2026, 16:10
"Spartak Moskva"nın keçmiş kapitanı Cikiya Türkiyədən Rusiya Premyer Liqasına qayıdıb
24-06-2026, 16:02
Sanksiyalar altında olan idmançıları ac itlərlə müqayisə etdi
24-06-2026, 15:58
Lavrov Trampın Kiyevə hərbi əməliyyatları sərtləşdirməyə icazə verdiyinə dair media xəbərlərinə şübhə ilə yanaşıb
22-06-2026, 20:48
Vens İranın MAQATE müfəttişlərini qəbul etməyə razı olduğunu bildirdi
22-06-2026, 16:03
Kreml: Putin və Lukaşenko tezliklə Zelenskinin Belarusa qarşı təhdidlərini müzakirə edəcəklər
21-06-2026, 20:09
Diesen: "London və NATO ölkələri vətəndaşlarını hədəfə çeviriblər"
18-06-2026, 20:36
Rusiya Xarici İşlər Nazirliyi: Heç bir hava hücumundan müdafiə sistemləri NATO ölkələrini cavab zərbələrindən xilas edə bilməz
18-06-2026, 20:17
Zaxarova avropalı diplomat Kaja Kallasın yalan danışdığını iddia etdi
17-06-2026, 20:48
Tramp Rusiyaya qarşı yeni sanksiyaların neft qiymətlərindən asılı olduğunu bildirdi
16-06-2026, 19:49
Lavrov Ukraynanın Avropa Birliyinə daxil olmasında üstünlüklər tapdı
16-06-2026, 19:37
"Rusiyanın unikal qızı": Karelin İsinbayevanın müdafiəsindən danışdı
16-06-2026, 19:10
Von der Leyen AB-ni Kiyevə dəstəyini ikiqat artırmağa çağırdı
15-06-2026, 18:10
Çin etiraf etdi ki, İsrail ABŞ-İran sazişini poza bilər
14-06-2026, 19:26
Pentaqon Hörmüz boğazından minaların təmizlənməsinin nə qədər vaxt aparacağını izah etdi
14-06-2026, 19:22
İsrailin Livana hücumu ABŞ-İran danışıqlar prosesini çətinləşdirib
14-06-2026, 16:28
Lavrov Türkiyə Xarici İşlər Naziri ilə Yaxın Şərq və Qara dənizdəki vəziyyəti müzakirə edəcək
11-06-2026, 23:20
Kanadada itkin düşən rusiyalı gimnast tapılıb
11-06-2026, 11:06
Dmitriyev Vitkoff və Kuşnerlə yenidən nə vaxt görüşəcəyini açıqladı
10-06-2026, 19:15
Bolqarıstan Baş naziri Radev Ukraynaya silah tədarükünün dayandırıldığını təsdiqlədi
10-06-2026, 19:11
Lavrov Ermənistanın NATO ilə artan əməkdaşlığına diqqət çəkdi
9-06-2026, 20:49
Makron heyrətləndi, Starmer panikaya düşdü: Dünya siyasətçiləri "60 dəqiqə" verilişinə reaksiya verdi
9-06-2026, 09:47
Kallas ortaq Avropa ordusunun yaradılmasına qarşı çıxdı
7-06-2026, 08:55
Torrembini: "İtaliya şirkətləri sanksiyalara baxmayaraq Rusiyada fəaliyyət göstərir"
7-06-2026, 08:19
Vulin: "Avropa Rusiyanı məhv etməyə çalışarkən tarixin risklərini və dərslərini unudur"
7-06-2026, 08:06
Kartayzer Avropanın hansı siyasətçilərdən məhrum olduğunu izah etdi
4-06-2026, 23:18
Putin Trampın Ukraynadakı münaqişənin sülh yolu ilə həlli ilə bağlı təkliflərini qiymətləndirdi
4-06-2026, 23:15
Putin: "Ukrayna rusdilli ölkədir"