Beyləqanda şəhid Emin Məmmədovun xatirəsi yad olunub
Tarix: 15-08-2022 23:49 | Bölmə: Manşet


Kürdəmir Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Beyləqan rayon Heydər Əliyev Mərkəzində Vətən müharibəsi şəhidi Məmmədov Emin Vətən oğlunun doğum günü ilə əlaqədar “Şəhidlik ən ülvi addır” adlı tədbir keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Beyləqan Rayon İcra Hakimiyyətinin əməkdaşlarının, şəhid ailələrinin üzvlərinin, qazilərin, şəhidin döyüş yoldaşlarının və ictimaiyyət nümayəndələrinin iştirak etdiyi tədbir dövlət himninin səsləndirilməsi ilə başlayıb. Sonra torpaqlarımızın işğaldan azad edilməsi uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edənlər Emin Məmmədovun həyat və döyüş yolundan danışıb, ən müqəddəs zirvəyə - şəhidlik zirvəsinə çatan igidlərimizin hər biri ilə qürur duyduqlarını bildiriblər.
Məlumat verilib ki, Emin Məmmədov 1992-ci il avqustun 15-də Beyləqan rayonunun Qəhrəmanlı kəndində dünyaya gəlib. Eminin hələ uşaq yaşlarından hərbi xidmətə marağı çox idi və hərbi formaları xoşlayırdı. Məktəbi bitirdikdən sonra hərbi xidmətə yollanıb. Xidmətini bitirdikdən sonra müddətdən artıq hərbçi olaraq Vətənin keşiyində dayanıb. Bir çox xüsusi təlimləri uğurla başa vuran Emin, peşəkar snayperçi olub. O, Lələtəpə döyüşlərində də düşmənə qan uddurub. Vətən müharibəsində də elə ilk gündən döyüşə girənlər arasında yer alıb. Füzuli istiqamətində gedən döyüşlərdə qəhrəmanlıqla şəhid olub. Döyüşlərdə göstərdiyi şücaətə görə “Vətənə xidmətə görə” 3-cü dərəcəli orden, “Vətən uğrunda”, “Qubadlının azad olunmasına görə”, Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.
Çıxışlardan sonra şəhid Emin Məmmədov haqqında hazırlanan videoçarx nümayiş olunub. Şəhidin atası Vətən Məmmədov şəhid ailələrinə, qazilərə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib, tədbiri təşkil edənlərə təşəkkürünü ifadə edib.












Baxış sayı: 78


Bölməyə aid digər xəbərlər
17-08-2022, 21:06 Quterreş Lvova getdi