Bütün xəbərlər
Abşeronda Gənclər Günü qeyd edildi - Fotolar
Tarix: 02-02-2022 19:43 | Bölmə: Manşet

                   Abşeronda Gənclər Günü qeyd edildi


Abşeron rayonunda 2 Fevral Gənclər Günü qeyd edilib.
“Qafqazinfo” xəbər verir ki, Xırdalan şəhərində yerləşən Heydər Əliyev Mərkəzində baş tutan tədbirdə Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, rayon hüquq-mühafizə orqanlarının rəhbərləri  və rayon ictimaiyyəti iştirak edib. 
Ümummilli lider Heydər Əliyevin xatirəsi yad edildikdən sonra Abşeron rayonunda yerləşən ümumi təhsil müəssisələrində təhsil alan məktəblilər tərəfindən hazırlanmış əl işləri və rəsmlər nümayiş olunub. 
Rəsm və əl işlərindən ibarət sərgi nümayişindən sonra tədbir Mərkəzin akt zalında Azərbaycan himni ilə başlamış, vətənimizin bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Abdin Fərzəliyev çıxış edərək, gəncləri 2 Fevral-Gənclər Günü münasibəti ilə təbrik edib. O bildirib ki, Prezidentin 2007-ci il 9 fevral tarixində “Gənclər İli” elan edilməsi barəsində imzaladığı sərəncamla gənclərin ölkəmizin ictimai-siyasi, iqtisadi və mədəni həyatında fəal iştirakı, sosial problemlərin həlli və hüquqlarının müdafiəsinin təmin edilməsi, gənclər siyasətinin bütün istiqamətləri üzrə müvafiq dövlət proqramlarının səmərəli şəkildə həyata keçirilməsi, gənc istedadlara dövlət qayğısının artırılması, elm, təhsil, iqtisadiyyat, mədəniyyət, dövlət idarəçiliyi və digər sahələrdə gənclərin xidmətlərinin qiymətləndirilməsi məqsədi daşıyıb. 
Torpaqlarımızın azadlığı uğrunda döyüşən, 30 illik erməni işğalına son qoyan igidlərimizin Azərbaycanın müstəqilliyi dövründə yetişən, formalaşan gənclik olduğunu qeyd edən icra başçısı vurğulayıb ki, Abşeron Rayon İcra Hakimiyyəti olaraq daim gənclərimizin, qazilərimizin, şəhid ailələrinin yanındadırlar və onlara hər zaman dəstək göstərməyə hazırdırlar. 
Tədbirin sonunda ölkəmizin azadlığı uğrunda Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında döyüşlərə qatılan gənc qazilərə və eləcə də, rayonun ictimai-siyasi həyatında fəal iştirak edən gənclərə Fəxri Fərmanlar və qiymətli hədiyyələr təqdim edilib. 
Rəsmi hissədən sonra gənclərə bədii hissə təqdim olunub. Bədii hissədə ölkəmizin tanınmış incəsənət nümayəndələrinin və Abşeron məktəblilərinin hazırladığı musiqili proqram təqdim olunub.
 










Baxış sayı: 239


Bölməyə aid digər xəbərlər