Bütün xəbərlər
Anar Bağırov müxalifətçilərin vəkillərindən danışdı
Tarix: 16-11-2021 19:02 | Bölmə: Manşet

             Anar Bağırov müxalifətçilərin vəkillərindən danışdı

“Bəzi vəkillərin məhkəmə işlərində qanunları pozduğu və korrupsiya əməllərinə cəlb olunması kimi bir neçə hallar olub. Biz bu cür cəhdlərə qarşı mübarizə aparırıq”.
"Kriminalqafqaz" xəbər verir ki, bu fikirləri Vəkillər Kollegiyasının sədri Anar Bağırov “The Tribune” beynəlxalq informasiya agentliyinə müsahibəsində deyib.
Onun sözlərinə görə, bu gün Azərbaycanda müxalif partiyaları təmsil edən vəkillər var və onlar heç bir narahatlıq olmadan ifadə azadlığından istifadə edirlər: “Onların əksəriyyəti sosial mediada kifayət qədər aktivdir və hər kəs asanlıqla həmin şəxslərin paylaşımlarına baxa bilər. Həmin üzvlərimizin dövlət qurumlarını tənqid etməsi halları da çoxdur. Bizi əsasən müxalif müştəriləri təmsil edən və ya siyasi işlərə qoşulan vəkillər barəsində intizam tənbehi seçilərkən tənqid edirlər. Ancaq bu iddiaların heç bir əsası yoxdur. Vəkillər Kollegiyası heç vaxt vəkilləri müxalifətdən olan müştərini təmsil etdiklərinə görə qınamayıb. Bu gün müxalif siyasətçiləri təmsil edən fəal vəkillər var və onların heç biri bizim tərəfimizdən hər hansı problemlə üzləşməyib”.
A.Bağırov bildirib ki, bir sıra beynəlxalq təşkilatlar onlardan məhkəmələrə təzyiq göstərməyi və kollegiyadan xaric edilmiş vəkillərin bərpasını tələb etməyi xahiş edirlər: “Biz müxtəlif səviyyələrdə rəsmi orqanlarla müzakirələr aparsaq da, yerli məhkəmələrə və ya hüquq-mühafizə orqanlarına göstəriş vermək səlahiyyətimiz yoxdur. Biz Ali Məhkəməyə qərarlarının dəyişdirilməsi üçün göstəriş verə bilmərik. Buna görə bütün hərəkətlər hüquqi çərçivədə olmalıdır. Belə hallarda, biz həqiqətən də başa düşmürük ki, niyə öz səlahiyyətlərimizdən kənar olan işlərə görə məsuliyyət daşımalıyıq?! Bəzi beynəlxalq təşkilatlar bizə qarşı siyasətdən istifadə edərək, bizi üzvlüyə qəbul etmirlər. Bəzi hallarda biz Azərbaycanda siyasi fəaliyyət göstərməklə bağlı absurd iddialarla üzləşirik. Təəccüblüdür ki, cəmiyyətdə vəkillərin rolunu təkmilləşdirmək üçün səylərimizi dəstəkləmək əvəzinə, biz güclü qərəzli münasibət və hətta ayrı-seçkiliklə üzləşirik”.


Baxış sayı: 186


Bölməyə aid digər xəbərlər