Yeni təyin edilən icra başçıları kimdir?
Tarix: 14-09-2021 19:18 | Bölmə: Manşet

                  Yeni təyin edilən icra başçıları kimdir?



Xəbər verdiyimiz kimi, bu gün Prezident İlham Əliyevin sərəncamı ilə Cəlilabad və Şəmkir rayonlarına yeni icra başçıları təyin edilib.
“Qafqazinfo” xəbər verir ki, Cəlilabad rayonuna icra başçısı təyin edilən 1963- cü il təvəllüdlü Rafiq Cəlilov bu təyinata qədər İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəis müavini vəzifəsində işləyib. O, Prezidentin sərəncamı ilə 2020-ci il 13 may tarixində bu vəzifəyə təyin edilib. 
R. Cəlilov Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu iqtisadçı ixtisası üzrə bitirib. Özəl sektorda, Xəzər Dəniz Gəmiçilik İdarəsində, Azərbaycan İqtisadi İnkişaf Nazirliyində, Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsində müxtəlif vəzifələrdə çalışıb.
Ailəlidir, 3 övladı var.




Şəmkir rayonuna təyin edilmiş icra başçısı Rəşad Tağıyev isə 1981-ci ildə Neftçala rayonunda anadan olub. Bakı Dövlət Universitetinin Hüquq fakültəsini “Hüquqşünaslıq” ixtisası üzrə bitirib. Taras Şevçenko adına Kiyev Milli Universitetində "Korporativ hüquq" üzrə magistr elmi-ixtisas dərəcəsi alıb. 2003-2007-ci illərdə Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyində məsləhətçi, aparıcı məsləhətçi, baş məsləhətçi vəzifələrində çalışıb. 
2007-2013-cü illərdə “Ata Konsaltinq” MMC-də İdarə heyətinin üzvü-Hüquqi məsələlər üzrə sədr müavini və “Konsaltinq-AZ” MMC-də Baş direktorun müavini kimi fəaliyyət göstərib. 
2013-2015-ci illərdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İnsan resursları sektorunun müdiri, 2015-2018-ci illərdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini vəzifələrində çalışıb. Təhsil nazirinin 28 dekabr 2018-ci il tarixli əmrinə əsasən, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri vəzifəsinə təyin edilib. 
Ailəlidir, iki övladı var.





Baxış sayı: 88


Bölməyə aid digər xəbərlər