Bütün xəbərlər
“İnsanlar bir çox hallarda onlara lazım olan sənədləri rüşvət müqabilində alırdılar”
Tarix: 04-06-2020 20:52 | Bölmə: Manşet

                   “İnsanlar bir çox hallarda onlara lazım olan sənədləri rüşvət müqabilində alırdılar”


“Bu gün “ASAN xidmət” ölkəmizin intellektual məhsuludur. Mən bir dəfə demişəm, bir daha demək istəyirəm ki, biz artıq bu intellektual məhsulu ixrac edirik. Bir neçə ölkə ilə bizim “ASAN xidmət” mərkəzlərinin o ölkələrdə yaradılması ilə əlaqədar müqavilələr imzalanıb. Bəzi ölkələrdə artıq “ASAN xidmət” mərkəzləri fəaliyyətə başlayıb. Bu, bizim milli brendimizdir. “ASAN xidmət”in fəaliyyətə başlaması və uğurla fəaliyyət göstərməsi bu sahədə aparılan siyasətin çox gözəl nəticəsidir. “ASAN xidmət” innovasiyadır və hər bir yeni mərkəzin açılışında mənə yeni innovativ layihələr təqdim olunur, o cümlədən bu gün. Sonra isə bu layihələrin böyük əksəriyyəti həyatda öz əksini tapır”.
“Qafqazinfo” bildirir ki, bu sözləri Prezident İlham Əliyev iyunun 3-də Ağcabədidə “ASAN Həyat” kompleksinin açılışında çıxışı zamanı deyib.
““ASAN xidmət”in fəaliyyəti Azərbaycanda innovasiyaların inkişafına da çox böyük təkan vermişdir. Şadam ki, bu innovasiyaları təqdim edən, onları icad edən gənclərdir. Beləliklə, qısa müddət ərzində ölkəmizin ictimai xidmətlər sahəsində inqilabi dəyişikliklər baş verdi. Bəlkə on il bundan əvvəl heç kim təsəvvür edə bilməzdi ki, bir mərkəzdə 320 xidmət göstərilə bilər. Bu xidmətlərin yüksək innovativ əmsalı var. Eyni zamanda, bu mərkəzlərdə şəffaflığın dərəcəsi mütləqdir. Yəni, “ASAN xidmət”in əsas xüsusiyyətlərindən biri də odur ki, insanları ictimai xidmətlər sahəsində rüşvətxorluqdan, korrupsiyadan qoruya bildi. İctimai xidmətlər demək olar ki, ən korrupsiyalaşmış sahələrdən biri idi. İnsanlar onlara qanun çərçivəsində təqdim ediləcək bir arayış üçün həftələrlə, bəzən aylarla qapı-qapı gəzirdilər, məmurlardan xahiş edirdilər, bir çox hallarda onlara lazım olan sənədləri rüşvət müqabilində alırdılar. Amma artıq neçə ildir ki, bu praktika Azərbaycanda tamamilə aradan qaldırılıb. Bu, bir də onu göstərir ki, harada güclü iradə var, düşünülmüş siyasət var və icraedici mexanizmlər təkmilləşib, orada həmişə nəticə də olacaq”, - deyə dövlət başçısı əlavə edib.


Baxış sayı: 263


Bölməyə aid digər xəbərlər