21:53 / 29-03-2026
Pakistanda İrandakı müharibənin gərginliyinin azaldılması ilə bağlı dördtərəfli danışıqlar başlayıb
18:40 / 29-03-2026
Binada çardaq yanğını baş verib, sakinlər təxliyə olunur
18:34 / 29-03-2026
Kirkorovun nümayəndəsi müğənninin Hava Limanında siqaret çəkməsi ilə bağlı şərh verdi
18:30 / 29-03-2026
Politoloq Evstafiyev Qərb liderlərinin davranışını şizofreniya adlandırdı
18:26 / 29-03-2026
Amerika mediasına görə, ABŞ İranla müharibəyə başlamamalı idi
18:21 / 29-03-2026
Bujinski Zelenskiyə heç kimin nüvə silahı verməyəcəyini bildirdi
18:07 / 29-03-2026
Finlandiyada iki dron qəzaya uğrayıb
18:04 / 29-03-2026
Bir binada tikinti materialları yanıb
18:01 / 29-03-2026
Fərdi taxta ev yanıb; iki qadının cəsədi tapılıb
17:23 / 29-03-2026
Miller onu musiqi məktəbinə apardıqları üçün valideynlərinə təşəkkür etdi
17:09 / 29-03-2026
Balıq tutarkən iki sakin boğuldu
17:06 / 29-03-2026
Media xəbərlərinə görə, Trampın siyasəti dünyanı yeni bir nüvə dövrünə qərq edə bilər
17:04 / 29-03-2026
Cənubi Afrikada Rusiya-Afrika münasibətləri üzrə mütəxəssis qaçırılıb və öldürülüb
17:01 / 29-03-2026
Ukrayna silah təchizatı ilə bağlı ABŞ-dan zəmanətlər açıqladı
16:58 / 29-03-2026
Naməlum uçan obyekt qəzaya uğrayıb
16:55 / 29-03-2026
İsrail onlarla İran hərbi obyektinə zərbə endirib
16:49 / 29-03-2026
İrəvan kilsəsində Paşinyanla bağlı münaqişə baş verib
16:45 / 29-03-2026
Ölümcül qəza ilə bağlı cinayət işi açılıb
16:41 / 29-03-2026
Çay sularının qalxması səbəbindən şəhər körpülərindən birinin altında nəqliyyatın hərəkəti bağlanıb
16:37 / 29-03-2026
Sürücü Berman Yaponiya Qran Prisində qəzadan sonra sınıqlardan xilas oldu
23:06 / 26-03-2026
İtalyan rejissor opera üzərində işləyərkən qabırğalarını sındırıb
20:18 / 26-03-2026
Yanacaqdoldurma məntəqəsi işçisinə bıçaqla hücum edib
19:56 / 26-03-2026
Tramp bildirib ki, ABŞ İrana qarşı əməliyyat zamanı NATO-dan məyus olub
19:51 / 26-03-2026
"Onlar razılaşma üçün yalvarırlar, amma bacarıb-bacarmayacağımızı bilmirəm": Tramp İran haqqında
18:56 / 26-03-2026
İlk gənə qurbanları peyda olub
18:53 / 26-03-2026
Mütəşəkkil cinayətkar dəstə lideri 21 qətldə ittiham olunur
18:46 / 26-03-2026
Yarımstansiyanı yandırdığına görə saxlanılıb
18:41 / 26-03-2026
İslah müəssisəsinin rəisi rüşvət almaqda şübhəli bilinir
17:49 / 26-03-2026
21 yaşlı tələbə Serbiyada qəribə şəraitdə yoxa çıxıb
17:46 / 26-03-2026
Rusiya İrana hücumun ciddi nəticələrə səbəb olacağı barədə xəbərdarlıq etdi
17:37 / 26-03-2026
Peskov Rusiyanın ABŞ və İran arasında danışıqlara ümid etdiyini bildirdi
17:34 / 26-03-2026
Peskov İranla bağlı vəziyyətin ən pis ssenari üzrə inkişaf etdiyini bildirib
17:32 / 26-03-2026
Zyuqanov İsrail hakimiyyətinin ölkələrini girova çevirdiyini bildirib
17:23 / 26-03-2026
İcazəsiz mitinqdə iştirak edən daha bir iştirakçı həbs edilib
Heydər Əliyev müasir azərbaycançılıq ideologiyasının banisidir
Tarix: 01-10-2019 17:40 | Bölmə: Manşet
"Milli mənsubiyyət hər bir insan üçün onun qürur mənbəyidir. Mən həmişə fəxr etmişəm və bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!"
HEYDƏR ƏLİYEV
Dəyərli oxucuların diqqətinə çatdırmaq istəyirəm ki, 1993-cü ildən başlayaraq indiyə qədər ölkədə Azərbaycan Respublikasının dövlət ideologiyası - azərbaycançılıq məfkurəsi ilə bağlı çoxsaylı kitab və məqalələr yazılıb, dəyirmi masalar və konfranslar keçirilib, bu sahədəki mövcud vəziyyət və gələcək işlər haqqında mətbuat səhifələrində geniş müzakirələr aparılıb. Görkəmli dövlət xadimi, ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin azərbaycançılıq ideologiyası, onun ölkəmizdə tətbiqi ilə bağlı çoxsaylı çıxışları və tövsiyələri olub. Həmin çıxış və tövsiyələr dövlət qurumları və müvafiq siyasi-ideoloji strukturlar tərəfindən mütəmadi olaraq öyrənilir, irəli sürülən müddəa və prinsiplər nəzərə alınır, ictimai həyatımızın bütün sahələrində tətbiq edilir. Lakin nədənsə bütün digər fəaliyyət sahələrində olduğu kimi, ideoloji sahədə də özlərini hələ də real olaraq tapa bilməyən, öz ətraflarında ciddi bir siyasi-ideoloji boşluq hiss edən bəzi “siyasətçilər” yenə Azərbaycan hakimiyyətini milli ideologiya yaratmamaqda günahlandırır və bu sahə ilə bağlı yalan informasiya yayaraq cəmiyyəti çaşdırmağa çalışırlar. Odur ki, yenidən milli ideologiya və onun Azərbaycanda tətbiqi mövzusuna qayıtmaq istəyirəm.
Bu fikirlər Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, tarix elmləri doktoru, professor Əli Həsənovun “Heydər Əliyev müasir azərbaycançılıq ideologiyasının banisidir” sərlövhəli məqaləsində yer alıb. Trend məqaləni təqdim edir.
Məlum olduğu kimi, müasir dünyada irili-xırdalı, təxminən 5000-dən artıq xalq mövcud olsa da, BMT iqamətgahında bayrağı dalğalanan müstəqil dövlətlərin sayı bu gün 200-dən bir qədər çoxdur. Azərbaycan dövlətinin bu sırada öz yerini tutması xalqımızın böyük tarixi nailiyyəti kimi qiymətləndirilir.
Hər bir xalqın müstəqil dövlət quruculuğu yolu bir sıra mühüm daxili və xarici amillərlə şərtlənir. Azərbaycan xalqı əlverişli tarixi şəraitdən və özünün siyasi, iqtisadi, mədəni və intellektual potensialından istifadə edərək XX əsrin sonunda çoxdankı istiqlal arzusunu yenidən gerçəkləşdirdi. Lakin müstəqillik dövrünün qısa tarixi ümummilli lider Heydər Əliyevin belə bir fikrini təsdiq edir ki, "müstəqilliyin əldə olunması nə qədər çətindirsə, onun saxlanılması, daimi və əbədi olması bundan da çətindir". Bu illər ərzində Azərbaycanın keçdiyi yolun təhlili göstərir ki, dövlət qurmaq kimi çətin, mürəkkəb və şərəfli missiyaya o dövrdə möhkəm iradəli, geniş və qlobal dünyagörüşlü, xalqın böyük dəstəyinə malik və onun milli liderinə çevrilmiş şəxs başçılıq edə bilərdi və belə də oldu. XX əsrin 90-cı illərinin sonunda Azərbaycanda Ümummilli Lider mövqeyinə yüksələ bilən və bu işlərin öhdəsindən gəlmək iqtidarında olan yeganə şəxsiyyət məhz Heydər Əliyev idi.
Heydər Əliyevin əməli və nəzəri fəaliyyətinin mühüm bir hissəsini onun milli dövlətçilik təlimi, milli-mənəvi və ideya-siyasi dünyagörüşü təşkil edir. Onun bu sahə üzrə toplanmış zəngin irsi təkcə bugünkü ictimai-siyasi dairələr üçün deyil, həm də gələcək nəsillər, Azərbaycana rəhbərlik etmək istəyən bütün liderlər üçün örnək olmağa layiqdir. Müasir Azərbaycanın möhkəm özülünü qoymuş bu tarixi şəxsiyyətin ideya dünyası onun davamçılarının yoluna həmişə işıq salacaq.
Heydər Əliyevin ideya və fikirləri, həyata keçirdiyi siyasət Azərbaycan şəraitində sosialist ictimai-iqtisadi sistemindən yeni cəmiyyətə keçidin elmi-nəzəri və konseptual əsaslarını yaratmışdır. İmperiya və sosialist sistemindən azad olaraq müstəqillik yolu tutmuş, lakin region və dünya güclərinin üst-üstə düşməyən, kəsişən maraqları ilə üz-üzə qalmış, qloballaşan dünyada öz yerini axtaran, milli mənafelərini qorumağa çalışan gənc Azərbaycan üçün Heydər Əliyevin dövlətçilik təlimi əsl fəaliyyət strategiyası və proqramı idi. Uzun illər öz dövlətçiliyindən və milli-mənəvi köklərindən ayrı salınmış, milli və dövlətçilik maraqları tapdanmış Azərbaycan xalqının özünəqayıdış və özünütəsdiqində Heydər Əliyevin əməli fəaliyyəti və ideya-siyasi baxışlarının çox böyük rolu olub.
Heydər Əliyev 1993-cü ildə yenidən Azərbaycanın rəhbərliyinə qayıdarkən bitkin dövlət konsepsiyasına malik idi. Bu konsepsiyanın bəzi tezisləri onun 1992-ci ildə Azərbaycan ziyalılarına ünvanlanmış müraciətində və elə həmin il qəbul edilmiş Yeni Azərbaycan Partiyasının proqramında öz əksini tapıb. Bu müraciət - proqramda dövrün real ictimai-siyasi vəziyyəti, müstəqil dövlət quruculuğunun şərtləri, regionumuzda və beynəlxalq aləmdə cərəyan edən hadisələrin və yaşanan proseslərin xarakteri, Azərbaycanın daxili durumu, hökm sürən iqtisadi, siyasi böhran, ondan çıxış yolları və digər taleyüklü məsələlər tezislər şəklində özünün əsl siyasi qiymətini alıb.
Ulu öndər Heydər Əliyev hər bir dövlətin varlığının əsasını təşkil edən iqtisadi inkişafı ölkə həyatının ən vacib vəzifəsi hesab edirdi. O öyrədirdi ki, dövlət qurarkən cəmiyyətin yaşam tərzini, ictimai həyat normalarını, idarəçiliyi, qanunçuluğu, sabitliyi, vətəndaş birliyini, milli həmrəyliyi, beynəlxalq təhlükəsizliyi və s. vəzifələri o zaman dolğun və davamlı təmin etmək olar ki, dövlətin iqtisadiyyatı güclü olsun və qarşıya qoyulmuş məqsədlərə cavab versin.
Heydər Əliyev dövlət quruculuğunun bütün sahələrində insan amilinə, milli və dövlətçilik təfəkkürü güclü olan kadrlara ciddi önəm verirdi, hər bir Azərbaycan vətəndaşını milli əxlaqa və güclü iradəyə malik, qlobal və azad düşüncəli, təşəbbüskar, fəal, ölkədaxili və beynəlxalq proseslərdən baş çıxara bilən, təhsilli, ədalətli, Vətəni və xalqı üçün gərəkli insan kimi görmək istəyirdi.
Dahi şəxsiyyət Heydər Əliyev Azərbaycan Respublikasına on illik rəhbərliyi dövründə nəinki müstəqil Azərbaycan dövlətini qurdu və gələcək inkişafının hərtərəfli sağlam təməlini qoydu, eyni zamanda, ölkə vətəndaşlarını səfərbər edən, xalqımızı beynəlxalq aləmdə vahid amal, əqidə, məqsəd və məram ətrafında birləşdirən milli təlim - azərbaycançılıq ideologiyasını yaratdı. 1993-cü ildə Heydər Əliyev hakimiyyətə qayıdanda Azərbaycanda keçmiş kommunist ideologiyasından imtina edilmişdi. Lakin xalqı müstəqil dövlətçilik ətrafında birləşdirə bilən, azərbaycanlıların kimliyini, yaratdığı dövlətin xarakterini izah edən, milli-mənəvi dəyərlərini qoruyub saxlayan və inkişaf etdirən, ölkə vətəndaşlarını öz ətrafında səfərbər edərək gələcəyə aparan nə vahid ideya-siyasi təlim, nə də funksional idarəçilik sistemi yaradılmışdı. Keçmişin bütün zəngin irsindən, o cümlədən elmi, intellektual, mənəvi, ictimai dəyərlərindən total şəkildə imtina meyli Azərbaycanda, sözün həqiqi mənasında, ciddi ideoloji boşluq yaratmışdı. Cəmiyyətin ideyasızlaşdırılması cəhdi bir tərəfdən keçmiş kommunist rejiminə nifrətdən qaynaqlanırdısa, digər tərəfdən 1991-1993-cü illərdə Azərbaycanı idarə edən rəsmilərin aydın məqsəd və məramının yoxluğundan, rəhbərlik etdikləri dövlətin siyasi, iqtisadi, mədəni, mənəvi inkişafı haqqında dolğun təsəvvürə malik olmamalarından irəli gəlirdi.
Heydər Əliyevin dövründə Azərbaycan vətəndaşlarını vahid amal, ideya və məqsəd ətrafında birləşdirəcək milli ideologiyanın yaradılması dövlət siyasətinin prioritetinə çevrildi. Bir faktı xüsusi vurğulamalıyıq ki, başqa sahələrdə olduğu kimi, milli-ideoloji baxışlar sisteminin formalaşmasında da Heydər Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin varislik prinsipini qorudu və vaxtilə onun qurucularının birləşdirici ideya kimi irəli sürdüyü azərbaycançılıq ideologiyasına müraciət etdi. Həm də, nəinki sadəcə müraciət etdi, onu real və dolğun məzmunla zənginləşdirərək dövlət siyasəti səviyyəsinə qaldırdı.
Ümummilli Lider qeyd edirdi ki, milli ideologiya tarixi keçmişimizlə, millətimizin adət-ənənələri, dövlətimizin bu günü və gələcəyi ilə bağlı olmalıdır. Məlum olduğu kimi, azərbaycançılıq ideyasının tarixi son iki əsri əhatə edir. XIX əsrin milli maarifçilik hərəkatı nümayəndələrinə qədər azərbaycançılıq ifadəsi əsasən vətənçilik, vətənsevərlik mənasında işlədilirdi və onun milli səfərbəredici və gündəlik praktiki təsiri çox aşağı idi. Lakin XIX əsrin maarifçilik hərəkatı nümayəndələri, xüsusən M.F.Axundzadə, A.A.Bakıxanov, H.B.Zərdabi, N.B.Vəzirov, C.Məmmədquluzadə, Ö.F.Nemanzadə, N.Nərimanov və başqaları azərbaycançılığı xalqımıza qarşı həyata keçirilən işğalçılığa, milli məhrumiyyətlərə müqavimət reaksiyası, tarixi yaddaşın qorunması, ana dilinin, milli adət-ənənələrin, mənəviyyatın yaşadılması, inkişafı, milli şüurun oyanışı və s. vasitəsi kimi təbliğ edirdilər.
Azərbaycan Xalq Cümhuriyyətinin qurucuları ilk dəfə azərbaycançılıq ideyasını yeni - daha sistemli məzmunda dövlət siyasəti səviyyəsinə qaldırmağa cəhd göstərərək, Cümhuriyyətin fəaliyyətini bu ideya istiqamətində qurmağa çalışmışlar. Lakin Xalq Cümhuriyyətinin tezliklə süqut etməsi azərbaycançılıq ideyasını da gündəmdən çıxararaq kommunist ideologiyasının kölgəsinə saldı.
Sovet dövründə azərbaycançılıq ideyası əsasən xalqın yaddaşında, o cümlədən milli adət-ənənələrdə, müəyyən qədər də bədii əsərlərdə yaşamış və təbii ki, dövlət ideologiyasına çevrilə bilməmişdir. Lakin bir faktı xüsusi vurğulamalıyıq ki, Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci dövründə - 1970-80-ci illərdə azərbaycançılığın inkişafına əlverişli ictimai-siyasi, elmi və mədəni-mənəvi şərait yaradılmışdır. Bu şəraitdən o dövrdə tarixçilər, ədəbiyyatçılar, dilçilər, filosoflar və başqa intellektual fəaliyyət nümayəndələri müəyyən qədər bəhrələnərək bir çox əsərlər yaratmışlar. Həmin əsərlərdə azərbaycançılığın mühüm sahələri olan ümumazərbaycançılıq hisslərinin, Azərbaycan dilinin, milli şüurun, mədəniyyətin, mənəvi dəyərlərin, zamanın sınaqlarından çıxmış ənənələrin inkişafı və dünyada təbliği, gənc nəslin milli ruhda tərbiyə edilməsi və s. məsələlər təlqin olunmuşdur.
Azərbaycançılıq ideyasının formalaşmasında ötən əsrin 90-cı illərində - dövlət müstəqilliyinin bərpası ərəfəsində başlanmış əvvəlcə xalq, sonra isə milli azadlıq hərəkatının əhəmiyyətli rolu olmuşdur. Bu dövrdə azərbaycançılıqla bağlı müxtəlif əsərlərin yenidən çap olunması və yayılması, yeni kitab və məqalələrin yazılması, milli şüurun, ruhun yüksəlişinə xidmət edən xalq hərəkatının vüsət alması insanların kütləvi düşüncə tərzinə öz müsbət təsirini göstərdi. Lakin təəssüf hissi ilə qeyd edilməlidir ki, o illərdə Azərbaycanı yönəldən qüvvələr, xüsusən AXC-Müsavat dairələri respublikanın milli-etnik xüsusiyyətlərini nəzərə almadan, meydan əhval-ruhiyyəsi altında azərbaycançılığın təbliğində kobud səhvlərə yol verdilər. Onlar azərbaycançılığı milli müstəsnalıq kimi təqdim edərək onu ümumtürklük ideyası ilə eyniləşdirdilər və bununla da respublikada ölkədaxili etnik və milli etimadsızlıq mühiti yaratdılar. Bu da müvafiq olaraq, həmin dövrdə azərbaycançılıq ideyasının həyatiliyinə, ümumi cəlbediciliyinə ciddi zərbə vurdu.
1993-cü ildən Heydər Əliyevin siyasi rəhbərliyə qayıdışı ilə bütün Azərbaycan vətəndaşlarının, dilindən, dinindən, etnik mənsubiyyətindən asılı olmayaraq, ölkənin istiqlaliyyətini dəstəkləyən insanların vahid dövlətçilik ətrafında birləşdirilməsi üçün ciddi iş aparıldı. Cəmiyyətdə hakim olan istiqlal arzusu, azərbaycançılığın müstəqil dövlətin bütün əhalisinin ali ideologiyasına çevrilməsi, ümummilli birliyin təmin olunması zərurəti tezliklə ictimai-siyasi və elmi-mədəni dairələrin gündəliyinə çıxarıldı. Bunun ardınca, Azərbaycan dilinin rəsmi dövlət dili statusu alması və latın qrafikasının tətbiqi, milli-mənəvi dəyərlərin qorunması, inkişafı və azərbaycançılıq ideyaları ilə birgə bütün dünyada yaşayan həmvətənlərimiz arasında geniş yayılması, 31 dekabrın hər il Dünya Azərbaycanlılarının Həmrəylik Günü kimi qeyd edilməsi və bu münasibətlə xarici ölkələrdə yaşayan soydaşlarımızın iştirakı ilə təşkil olunan toplantılar, xarici səfərlər zamanı Heydər Əliyevin həmvətənlərimizlə keçirdiyi görüşlər və s. 1993-cü ildən başlayaraq azərbaycançılıq ideologiyasının dövlət siyasəti səviyyəsinə qaldırılmasının bariz nümunələri idi.
Müstəqilliyinin ilk illərində, xüsusən 1991-1994-cü illərin təhlükəli milli-vətəndaş qarşıdurması və ictimai-siyasi böhranı dövründə Heydər Əliyev azərbaycançılıq ideyasını daha çox ölkədaxili ictimai-siyasi qüvvələrin, sosial, milli və dini qrupların birləşdirici amili kimi təlqin edir və bu istiqamətdə onu inkişaf etdirməyə çalışırdı. O, mövcud təhlükəli vəziyyəti dəyərləndirərək qeyd edirdi ki, hakimiyyətə, iqtidarlara və onların fəaliyyətinə müxalifətdə durmaq olar. Lakin dövlətə, dövlətçiliyə, milli birliyə, Vətənin, xalqın ümumi marağını ehtiva edən azərbaycançılıq ideyasına, milli-mənəvi dəyərlərə, milli məsləkə, milli dilə, milli varlığa heç zaman müxalifətdə durmaq olmaz.
Göründüyü kimi, Heydər Əliyevin dövlətçilik təlimi - azərbaycançılıq ideologiyası, ilk növbədə, bütün ölkə vətəndaşlarından Azərbaycanın dövlətçilik maraqlarına, xalqımızın milli-mənəvi dəyərlərinə, dövlət dilinə həqiqi sevgi və qayğı tələb edirdi. Sonrakı illərdə, xüsusən də 1995-ci ildə Azərbaycanın yeni Konstitusiyasının hazırlanması və qəbulu ərəfəsində Heydər Əliyev azərbaycançılıqla bağlı əvvəlki illərdə səsləndirdiyi fikirlərini bir qədər də inkişaf etdirərək, bu birləşdirici ideyaya tamamilə yeni bir hüquqi-siyasi və ideoloji məzmun verdi, onu tamamilə ölkənin milli-etnik xüsusiyyətlərinə və dünyanın müasir şəraitinə uyğunlaşdırdı. Odur ki, bu gün çəkinmədən və inamla söyləmək olar ki, Heydər Əliyev müasir azərbaycançılıq ideologiyasının - dövrün, zamanın tələblərini, dövlətçiliyin əsaslarını, milli-etnik şəraiti nəzərə alan milli təlimin banisidir. Çünki azərbaycançılıq ideologiyası məhz Ulu Öndərin dövründə həqiqi siyasi-ideoloji məzmun alaraq mükəmməl bir təlimə çevrildi və müstəqil dövlət ideologiyası səviyyəsinə qaldırıldı. Azərbaycançılıq ideologiyası sonrakı illərdə mükəmməl bir konsepsiya kimi tədricən bütün Azərbaycan vətəndaşlarının, dünyada yaşayan əksər həmvətənlərimizin, Azərbaycanla bağlılığı olan hər bir soydaşımızın milli birlik platforması rolunu oynamağa başladı. Əgər Heydər Əliyevə qədər azərbaycançılıq ideyası əsasən etnolinqvistik, ədəbi-bədii, mədəni-estetik, fəlsəfi və mənəvi dəyər kimi mövcud idisə, onun dövründə ciddi hüquqi-siyasi məzmun alaraq bitkin ideyalar sisteminə - dövlət quruculuğunun ayrılmaz tərkib hissəsinə çevrildi.
2001-ci ildə Bakıda tarixdə ilk dəfə Dünya Azərbaycanlılarının I Qurultayının keçirilməsi və minlərlə soydaşımızın iştirakı ilə azərbaycançılığın əsaslarının bir daha geniş müzakirə edilməsi, mövcud vəziyyətin qiymətləndirilməsi və gələcək vəzifələrin müəyyən olunması milli ideologiyamızın formalaşması və daha da inkişafında yeni bir mərhələ kimi dəyərləndirilə bilər.
Heydər Əliyevin yaratdığı azərbaycançılıq ideologiyası və onun məzmununa daxil edilmiş əsas prinsiplər 1995-ci ildə ümumxalq referendumu ilə qəbul olunmuş Azərbaycan Respublikasının Konstitusiyasında öz əksini tapmışdır. Ümummilli Lider dövlətçilik maraqlarının qorunması deyəndə, ilk növbədə, hamılıqla qəbul etdiyimiz ölkənin Ali Qanununun - Konstitusiyanın müddəalarına əməl olunmasını nəzərdə tuturdu. Bu normalar, ilk növbədə, hər bir Azərbaycan vətəndaşının ümummilli vəzifəsi kimi ölkənin müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün qorunmasında iştirakını, vətəndaş cəmiyyətinin bərqərar olunmasını, xalqın iradəsinə, qanunların aliliyinə əsaslanan hüquqi, dünyəvi dövlət qurulmasını, ədalətli iqtisadi və sosial qaydalara uyğun olaraq hamının layiqli həyat səviyyəsinin təmin edilməsini, ümumbəşəri dəyərlərə sadiqliyi, bütün dünya xalqları ilə dostluq, sülh və əmin-amanlıq şəraitində yaşamağı və s. ehtiva edir.
Göründüyü kimi, Ümummilli Liderin azərbaycançılıq ideologiyasının təməlində, ilk növbədə, güclü Azərbaycan dövlətçiliyi prinsipi, ümumazərbaycançılıq qayəsi (vətəndaş birliyi və tolerantlıq ideyası), ədalətli və hamı üçün məqbul olan ictimai həyat normaları, ölkənin hər bir vətəndaşının Azərbaycan dövlətini özünün güvənc yeri sayması, bu Vətəni özünün qürur mənbəyi hesab etməsi, başqa etnik-dini mənsubiyyəti olan vətəndaşlarla bəşəri birgəyaşayış qaydaları əsasında ünsiyyət qurması və s. ali dəyərlər dayanır.
Heydər Əliyevin azərbaycançılıq ideologiyasında mərkəzi yerdə dayanan güclü Azərbaycan dövləti anlayışı xalqımızın çoxəsrlik dövlətçilik ənənələrinə söykənərək onları daim yaşadacaq və zənginləşdirəcək bir idarəçilik institutudur. Bu dövlətin təkmil mərkəzi və yerli idarəetmə mexanizmləri, sabit ictimai-siyasi həyatı, işlək qanunları olmalı, hər bir vətəndaşının imkan və bacarıqları lazımi səviyyədə dəyərləndirilməli və qabiliyyətinə görə proseslərə cəlb edilməli, ölkədə şəffaf, tolerant və multikultural mühit hökm sürməli, ümumvətəndaş birliyi dövlətçiliyin təməlində dayanmalıdır.
Beləliklə, yuxarıda aparılmış təhlildən də göründüyü kimi, azərbaycançılıq ideologiyası artıq hansısa bir siyasi liderin, partiyanın, yaxud siyasi təşkilatın deyil, bütün Azərbaycan xalqının ümumi maraqlarının ifadəsinə çevrilib. Belə olan halda, bu ideologiyaya müxalifətdə durmaq ümumxalq maraqlarına, ümumxalq fikrinə və mövqeyinə müxalifətdə durmaq kimi dəyərləndirilməlidir. Azərbaycançılıq ideologiyası bu anlamda xalqın istəyi, arzusu və iradəsi ilə qurulmuş dövlətin, bu dövlətin müəyyən olunmuş daxili və xarici siyasət strategiyasının, daimi yaşam və fəaliyyətinin əsasını, başlıca prinsiplərini təşkil edir. Deməli, onun həyata keçirilməsi və qorunması Azərbaycanda yaşayan, fəaliyyət göstərən, bu dövlətin idarəçiliyinə iddia edən hər bir vətəndaş və təşkilat üçün əsas olmalıdır. Əgər hər hansı şəxs və yaxud təşkilat yaşadığı cəmiyyəti, təmsil etdiyi dövləti, Konstitusiya ilə müəyyənləşdirilmiş ölkədaxili münasibətlər və dəyərlər sistemini qəbul edirsə, deməli, dövlətin də bu sistemin təminatçısı olmasını mütləq qəbul etməlidir.
Heydər Əliyev azərbaycançılıq ideologiyasını müəyyənləşdirərkən həm də beynəlxalq aləmdə cərəyan edən hadisələri, müasir dünya siyasətini, qloballaşan və transmilliləşən dünyanın inkişaf meyillərini nəzərə alırdı. Əlbəttə, qloballaşan dünyada ölkələrin milli maraqlarını, milli-mənəvi və əxlaqi dəyərlərini qorumaq o qədər də asan olmur. Transmilli şirkətlər və onların arxasında duran fövqəldövlətlər ölkələrin milli inkişafı, milli mənafeləri, milli-mənəvi dəyərlərin qorunması və sair prosesləri çox qısqanclıqla qarşılayırlar. Heydər Əliyev bütün bu reallığı nəzərə alaraq, bir tərəfdən azərbaycançılıq ideologiyasını ümumbəşəri dəyərlər fonunda formalaşdırır, digər tərəfdən dövlət quruculuğu proseslərində xarici təsirləri milli ideologiya süzgəcindən keçirirdi.
Heydər Əliyev azərbaycançılıq ideologiyasını formalaşdırarkən milli-mənəvi dəyərləri, tarixi keçmişimizdən bizə miras qalmış milli varlığımızı və onu fərqləndirən bütün atributları qorumaqla yanaşı, Azərbaycanı, eyni zamanda, müasir, inkişaf etmiş, xalqın maddi-mənəvi tələbatını təmin edə bilən, daxili həyatı sabit, multikultural dəyərlərə, milli və sosial birliyə qovuşmuş bir dövlət kimi görürdü.
Heydər Əliyev azərbaycançılıq ideologiyasının əsasına, ilk növbədə, dünyada yaşayan 40 milyondan çox azərbaycanlının maraqlarını təmin edə biləcək, bütün ölkə vətəndaşlarının sabit, firavan və dinamik inkişafına cavab verən milli dövləti - müstəqil Azərbaycan dövlətini qoyurdu.
Ulu öndər Heydər Əliyev çıxışlarında bu məsələyə belə şərh verirdi: Müstəqil Azərbaycan dövləti bizim üçün ən qiymətli tarixi nailiyyətdir və onun qorunması, əbədiyaşar edilməsi hər bir azərbaycanlının müqəddəs borcudur. Milli ideologiyadan danışarkən biz, ilk növbədə, bütün xalqımızı, xüsusən gəncləri Azərbaycanın müstəqil dövlətçiliyi prinsiplərinə sadiq olmaq ruhunda tərbiyə etməliyik.
Heydər Əliyev Azərbaycan dövlətini azad, ədalətli, demokratik, siyasi plüralizmin, tolerant mühitin, multikultural dəyərlərin hökm sürdüyü, vətəndaş cəmiyyətinə malik bir ölkə kimi görmək istəyirdi və daim buna çalışırdı. 1995-ci ildə çoxpartiyalı sistem əsasında ilk parlament seçkilərinin keçirilməsi, ölkənin ilk Konstitusiyasının qəbul edilməsi, Avropanın demokratik institutları ilə Azərbaycanın əlaqələrinin gücləndirilməsi Ümummilli Liderin öz ölkəsinin gələcəyi ilə bağlı mövqeyinin göstəricisi idi. Azərbaycanda əsl çoxpartiyalı sistemin, azad, plüralist cəmiyyətin, qeyri-hökumət təşkilatlarının, müstəqil mətbuatın yaradılması və inkişafı da Heydər Əliyevin bilavasitə səyi ilə həyata keçirilib.
Heydər Əliyevin dövlət təlimi və milli ideyasında ikinci əsas yeri insan amili - millətini və xalqını sevən, dövlətinin yolunda hər bir şücaətə hazır olan, milli-mənəvi dəyərlərini yaşadan, dövlət dilini bilən və sevən, ədalətli və təşəbbüskar, fəal mövqeli və iradəli Azərbaycan vətəndaşı tuturdu. Ulu Öndər öyrədirdi ki, hər hansı dövlətin gücü heç də onun böyüklüyü, yaxud kiçikliyi ilə ölçülmür. Əgər ölkənin vətəndaşı gördüyü işin onun özünə, ailəsinə və xalqına gətirəcəyi xeyri əvvəlcədən anlayır və ədalət prinsipi ilə öz zəhmətinin nəticəsini alırsa, həmin ölkə vətəndaşları daha ideyalı, əzmli və iradəli, belə ölkələr isə bir qayda olaraq güclü, qüdrətli və əzəmətli olurlar.
Ümummilli Liderin dövlət təliminə görə dinindən, dilindən, milli mənsubiyyətindən asılı olmayaraq, bütün ölkə vətəndaşları qanun və ədalət qarşısında bərabərdir. Təsadüfi deyil ki, 1993-cü ildə Heydər Əliyevin idarəçilik fəaliyyətinin mühüm bir sahəsini Azərbaycanda harmonik cəmiyyətin yaradılması, insan potensialının quruculuq işlərinə cəlb edilməsi, sosial ədalət prinsiplərinin bərqərar olması və insanların öz dövlətinə inamının artırılmasına xidmət təşkil etmişdir. Heydər Əliyevin milli həmrəylik və vətəndaş birliyi ideyası, insan resurslarından səmərəli istifadə, hər bir vətəndaşın öz dövlətinə bağlılığı, dövlətin hər bir insana, hər bir insanın isə dövlətçiliyinə xidmət etməsi amalı 1995-ci ildə qəbul olunmuş Konstitusiyada da əksini tapmışdır.
Azərbaycançılıq ideologiyasının mahiyyətini təşkil edən əsaslardan biri də Heydər Əliyev üçün milli-mənəvi dəyərlərin, ana dilinin və mədəniyyətin qorunub saxlanması və inkişaf etdirilməsi idi. Ulu Öndər bununla bağlı qeyd edirdi ki, milli ideologiyamızın konsepsiyası tarixi keçmişimizi, milli adət-ənənələrimizi, dilimizi, dinimizi və mədəniyyətimizi əks etdirməli, bu dəyərlərin qorunub saxlanılmasına və inkişafına xidmət etməlidir.
"Milli mənsubiyyət hər bir insan üçün onun qürur mənbəyidir. Mən həmişə fəxr etmişəm və bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!" Bu ifadələr Ümummilli Liderimizin milli-mənəvi dünyasını, vətəndaş mövqeyini və varlığını göstərən, öz milli köklərinə bağlılığını sübut edən tarixi bir bəyanat idi.
Heydər Əliyev azərbaycançılıq ideologiyasından danışarkən layiqli vətəndaş, xüsusən hərtərəfli inkişaf etmiş gənc nəslin yetişdirilməsi məsələsini xüsusi fərqləndirirdi. O, Azərbaycan gənclərini sərbəst düşüncə tərzinə malik, cəmiyyətdə və dünyada gedən proseslərdən baş çıxara bilən, vətənpərvər, dövlətçilik təfəkkürü güclü olan savadlı, bacarıqlı, intellektli insanlar kimi görürdü. Ümummilli Lider qeyd edirdi: Biz elə bir nəsil yetişdirməliyik ki, o, öz dövlətini sevsin, onu qorumağı, yaşatmağı və bütün dünyada layiqincə təmsil etməyi bacarsın. Gənc nəsil öz milli adət-ənənələrinə sadiq olmalı, ana dilini, milli mədəniyyətimizi dərindən öyrənməli, eyni zamanda, bəşəri dəyərləri mənimsəməlidir.
Ölkəmizin tarixinin mürəkkəb və taleyüklü dövründə dövlətə rəhbərliyin ağır məsuliyyətini öz üzərinə götürmüş Heydər Əliyevin dövlətçilik təlimi və onun ayrılmaz tərkib hissəsi olan azərbaycançılıq ideologiyası müstəqil Azərbaycanın bugünkü varlığının və gələcək inkişafının əsasını təşkil edir.
Ulu Öndərin siyasi xəttini ardıcıl olaraq davam etdirən Azərbaycan Prezidenti İlham Əliyev onun müstəqil dövlət quruculuğu yolundakı nəzəri və praktiki irsinə qiymət verərək demişdir: “1993-2003-cü illər ölkəmizdə sabitlik və inkişaf illəri kimi tarixdə qalacaqdır. Çünki məhz o illərdə dövlətçiliyin əsasları qoyuldu, Azərbaycan dövləti quruldu, 1995-ci ildə müstəqil dövlətin Konstitusiyası qəbul edildi, dövlətçiliyin ideoloji əsasları - azərbaycançılıq məfkurəsi formalaşdırıldı... Heydər Əliyev tərəfindən yaradılan bu əsaslar hazırda Azərbaycan xalqına yol göstərir”.
Ötən 16 ildə Prezident İlham Əliyevin Azərbaycan xalqının milli-mənəvi dəyərlərinin, ana dilinin inkişafı və saflığının qorunmasını, gənclərin vətənpərvərlik tərbiyəsini, xalqımızın tarixi irsinin yaşadılmasını, ölkə daxilində tolerantlıq mühitinin və multikultural dəyərlərin möhkəmləndirilməsini və s. məsələləri dövlət siyasətinin tərkib hissəsinə çevirməsi onun Heydər Əliyevin dövlətçilik təliminə verdiyi ciddi əhəmiyyətin və bu təlimi yaradıcı şəkildə inkişaf etdirməsinin əyani təzahürüdür. Prezident İlham Əliyevin rasional, uzaqgörən və praqmatik siyasəti, cəsarətli addımları, güclü liderlik keyfiyyətləri və yorulmaz gündəlik əməyi sayəsində Azərbaycan dövləti Ulu Öndərin müəyyənləşdirdiyi strateji vəzifələrin öhdəsindən uğurla gəlir və gələcəyə doğru inamla irəliləyir.
Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikası hazırda öz tarixinin ən yüksək inkişaf dövrünü yaşayır. Geridə qoyduğumuz 16 il ərzində ölkədə ictimai-siyasi sabitlik qorunub saxlanılıb, demokratik institutlar möhkəmləndirilib, iqtisadiyyat gücləndirilib, əhalinin maaşları, pensiya və müavinətləri dəfələrlə artırılıb. Azərbaycan iqtisadiyyatı rəqabətqabiliyyətliliyinə görə dünya miqyasında 35-ci, inkişaf etməkdə olan ölkələr arasında isə 3-cü yerə yüksəlib. Prezident İlham Əliyev müasir mürəkkəb geosiyasi vəziyyətdə düşünülmüş və ardıcıl siyasət yürüdür, dövləti beynəlxalq səviyyədə layiqincə təmsil edir.
Dövlətimizin başçısı İlham Əliyev qazanılmış nailiyyətlərin səbəblərinə qiymət verərkən həmişə iki amili xüsusi qeyd edir: xalqın etimadı və Heydər Əliyev ideyalarına, onun siyasi kursuna sədaqət. 2018-ci il aprelin 11-də keçirilmiş prezident seçkilərində İlham Əliyevin parlaq qələbəsi Azərbaycan xalqının yüksək etimadının və öz liderinə olan inamının əyani təzahürü idi. Bu qələbənin zəruri şərti isə Ulu Öndərin ideyalarına sədaqət, onun müəyyənləşdirdiyi yolun bacarıqla davam etdirilməsidir.
Ulu öndər Heydər Əliyevin ikinci dəfə Azərbaycanda hakimiyyətə qayıdışından - oktyabr ayının 3-də ilk dəfə Prezident seçilməsindən 26 il ötür. Onun Azərbaycanın tərəqqisinə xidmət edən səmərəli dövlətçilik siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Gündən-günə modernləşən Azərbaycan Respublikası bu il 96 illiyini böyük ehtiramla qeyd etdiyimiz Ulu Öndərin işıqlı xatirəsinə ən böyük töhfədir. Milli dövlətimiz durduqca Heydər Əliyev Azərbaycan xalqının qəlbində yaşayacaq, onun nurlu ideyaları daim yolumuza işıq salacaqdır.
Əli Həsənov
Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, tarix elmləri doktoru, professor
Baxış sayı: 619
Bölməyə aid digər xəbərlər

Dünən, 21:53
Pakistanda İrandakı müharibənin gərginliyinin azaldılması ilə bağlı dördtərəfli danışıqlar başlayıb
26-03-2026, 19:51
"Onlar razılaşma üçün yalvarırlar, amma bacarıb-bacarmayacağımızı bilmirəm": Tramp İran haqqında
25-03-2026, 19:19
Mattis ABŞ-ın İrandakı strateji məqsədlərinə çata bilmədiyini bildirdi
23-03-2026, 13:44
Uvarov: "İran ABŞ reaktoru üçün zənginləşdirilmiş urandan istifadə etməyi planlaşdırırdı"
22-03-2026, 11:02
"Mehr": "Düşmən" gəmilər istisna olmaqla, bütün gəmilər Hörmüz boğazından keçə bilər
22-03-2026, 08:05
Beloqoryev: "Hörmüz boğazındakı risklərə görə tanker sığortası tarifləri artırılıb"
22-03-2026, 07:53
Qraham: "Trampın müttəfiqlərlə məsləhətləşməkdən çəkinməsi NATO-nu böhranla təhdid edir"
22-03-2026, 07:38
"Teleqraf": Hörmüz boğazı İranın ABŞ-a qarşı əsas silahıdır
22-03-2026, 07:30
Kavana ABŞ quru qüvvələrindən İranda istifadə üçün iki variant açıqladı
22-03-2026, 07:18
Tramp Hörmüz boğazının açılmasını tələb edir və İran elektrik stansiyalarına zərbə endirməklə hədələyir
18-03-2026, 23:00
ABŞ Milli Kəşfiyyat Direktoru Tulsi Qabbard: "Rusiya, Çin, İran və Şimali Koreya arasında əməkdaşlıq həyəcan vericidir"
18-03-2026, 20:59
Zelenskinin Kral III Çarla hədiyyəsi Ukraynada qalmaqala səbəb oldu
18-03-2026, 20:54
Leavitt: "Vaşinqton İranda nüvə materiallarının ələ keçirilməsi ehtimalını istisna etmir"
16-03-2026, 22:48
Tramp: "Rusiya ABŞ-dan qorxur"
16-03-2026, 22:27
Merz Trampdan NATO müttəfiqlərinə daha çox hörmətlə yanaşmağı xahiş etdi
16-03-2026, 18:31
Lavrov: "ABŞ və İsrail İrana qarşı sürətli əməliyyatlarında səhvlərini anlayıblar"
15-03-2026, 23:20
ABŞ enerji naziri Rayt İranla münaqişənin tezliklə bitəcəyini söylədi
15-03-2026, 23:10
Vüqar Rəhimzadə: "Ölkəmiz davamlı olaraq iqtisadi və siyasi mövqeyini möhkəmləndirir"
15-03-2026, 21:22
Tusk dedi ki, Polşa Avropa Birliyindən çıxa bilər
15-03-2026, 20:55
Zelenski on rus paralimpiyaçısına qarşı sanksiyalar tətbiq etdi
11-03-2026, 22:19
Zelenski Qərb ölkələrindən "PAC-3" raketlərinin alındığını təsdiqlədi
11-03-2026, 22:09
Tramp İranın Hörmüz boğazını minaladığını inkar edib
10-03-2026, 21:07
Merz Rusiya əleyhinə sanksiyaların yumşaldılmasına qarşıdır
10-03-2026, 20:45
Laricani Trampı ölümlə hədələdi
10-03-2026, 20:39
Merz ABŞ və İsrailin İran üçün planının olmamasından narahatdır
10-03-2026, 17:40
Peskov: "İran böhranı Ukrayna münaqişəsinin həllinə təsir göstərmir"
9-03-2026, 22:09
Ərdoğan İranla bağlı 16 dünya lideri ilə görüş keçirib
9-03-2026, 21:54
İran Xarici İşlər Nazirliyi bildirib ki, İran adi amerikalılara zərər vermək istəmir
8-03-2026, 17:58
Keçmiş Pentaqon analitiki: "İran ABŞ üçün asan ov olmayacaq"
8-03-2026, 17:09
Peskov ABŞ-ın Rusiya və İranla danışıqlarındakı fərqləri izah etdi
5-03-2026, 17:42
İlham Əliyev Naxçıvana hücuma görə İrandan üzr istəməyi tələb etdi
5-03-2026, 17:22
Peskov: "Yaxın Şərqdəki münaqişə bizim müharibəmiz deyil"
4-03-2026, 23:44
Pezeşkian Yaxın Şərq liderlərinə müracət etdi
3-03-2026, 15:52
Poddubnı: "ABŞ İranda yalnız Xameneinin sui-qəsdi ilə dəyişiklikləri sürətləndirdi"
3-03-2026, 15:41
Lavrov Ukraynaya xarici qoşunların göndərilməsindən danışdı
3-03-2026, 15:30
Zaxarova Zelenskinin seçki keçirməkdən imtina etməsini diktaturanın təzahürü hesab etdi