Son illər Azərbaycan ilə Avropa ölkələri arasında münasibətlər yalnız siyasi dialoq müstəvisində deyil, həm də iqtisadi əməkdaşlıq sahəsində sürətlə inkişaf edir. 22 aprel 2026-cı il tarixində Azərbaycanda səfərdə olan Latviya Prezidenti Edqars Rinkeviçsin Azərbaycana rəsmi səfəri də iki ölkə arasında münasibətlərin yeni mərhələyə keçdiyini göstərən mühüm siyasi hadisə kimi qiymətləndirilir. Görüş çərçivəsində iki ölkə başçıları arasında təkbətək və geniş tərkibdə görüşlər keçirilib, iki ölkə rəhbərləri tərəfindən “Azərbaycan Respublikası Prezidentinin və Latviya Respublikası Prezidentinin Birgə Bəyanatı” qəbul edilib və Azərbaycan və Latviya araında bir sıra mühüm sənədlər mübadilə edilib. Bu baxımdan Latviya prezidentinin səfəri iqtisadi əlaqələrin genişləndirilməsi, yeni investisiya imkanlarının araşdırılması və qarşılıqlı ticarət dövriyyəsinin artırılması baxımından mühüm əhəmiyyət daşıyır. Eyni zamanda, səfərin iqtisadi tərəfləri də diqqət çəkir. Enerji, nəqliyyat-logistika və ticarət sahələrində əməkdaşlığın genişləndirilməsi gündəlikdə əsas mövzulardan biridir. Xüsusilə, Azərbaycanın Avropa enerji təhlükəsizliyində artan rolu Latviyanın da maraq dairəsindədir. Bununla yanaşı, humanitar və mədəni əlaqələrin inkişafı da müzakirə olunan istiqamətlər sırasındadır. Təhsil, turizm və mədəniyyət sahəsində qarşılıqlı layihələrin həyata keçirilməsi xalqlar arasında əlaqələrin daha da möhkəmlənməsinə töhfə verə bilər. Səfər çərçivəsində xüsusilə logistika və nəqliyyat sahəsində əməkdaşlığın genişləndirilməsi məsələləri diqqət mərkəzində olub. Latviya limanlarının imkanları ilə Azərbaycanın tranzit potensialının uzlaşdırılması yeni iqtisadi sinerji yarada və regionlararası ticarətin həcmini artırmağa xidmət edə bilər. Qarşılıqlı investisiya mühitinin yaxşılaşdırılması, biznes dairələri arasında əlaqələrin gücləndirilməsi və birgə müəssisələrin yaradılması istiqamətində atılacaq addımlar iqtisadi əməkdaşlığın daha da dərinləşməsinə səbəb olacaq. Latviya şirkətlərinin Azərbaycanın sənaye parklarında və azad iqtisadi zonalarında fəaliyyəti üçün geniş imkanlar mövcuddur. Eyni zamanda, Azərbaycan sərmayədarları üçün də Latviyada müxtəlif sahələrdə investisiya yatırımı baxımından əlverişli şərait mövcuddur. Rəqəmsal iqtisadiyyat və innovasiya sahəsində əməkdaşlıq da xüsusi önəm kəsb edir. Avropa ölkələrinin qabaqcıl təcrübəsinin Azərbaycanda tətbiqi, startap ekosisteminin inkişafı və yüksək texnologiyalar sahəsində birgə layihələrin həyata keçirilməsi iqtisadi artıma əlavə təkan verə bilər. Bu, həm də yeni iş yerlərinin yaradılması və insan kapitalının inkişafı baxımından əhəmiyyətlidir. Kənd təsərrüfatı, turizm və xidmət sektorlarında da əməkdaşlıq üçün geniş perspektivlər mövcuddur. Azərbaycanın aqrar sektorunun modernləşdirilməsi, məhsulların Avropa bazarlarına çıxış imkanlarının artırılması və turizm sahəsində qarşılıqlı turist axınının təşviqi iqtisadi münasibətlərin daha da möhkəmlənməsinə xidmət edir. Bir sözlə qeyd etmək istəyirəm ki, Latviya Prezidentinin ölkəmizə səfəri strateji dostluq əlaqələrinin sarsılmazlığını daha da möhkəmləndirib. Hazırda iki ölkə arasında siyasi dialoq ali və yüksək səviyyədə mütəmadi qarşılıqlı səfərlər vasitəsilə davam etdirilir və Latviya Prezidenti Edqars Rinkeviçsin Azərbaycana səfəri ölkələrimiz arasında münasibətlərin daha da inkişafında yeni mərhələ açacaq.
Fuad Hüseynzadə, Diaspor Fəaliyyətinə Jurnalistlərin