Bütün xəbərlər
Sevinc Fətəliyeva: Azərbaycan manipulyasiyaya imkan vermədi
Tarix: 04-04-2019 12:23 | Bölmə: Siyasət



Azərbaycanın mövqeyi qəti və birmənalıdır: Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalı, Ermənistan qoşunları Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmalı və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi təmin olunmalıdır.
Bunu Oxu.Az-a açıqlamasında Milli Məclisin (MM) Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva deyib.
“Avstriyanın paytaxtı Vyanada Azərbaycan prezidenti və Ermənistan baş naziri arasında görüşün keçirilməsi bir daha təsdiq edir ki, danışıqların formatı dəyişməz qalır”, - deyən millət vəkilinin sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar yalnız Azərbaycan  və Ermənistan arasında aparılır.
“Ermənistan rəhbərliyi bundan öncə danışıqların formatının dəyişdirilməsinə dair məntiqsiz və absurd fikirlər səsləndirərək manipulyasiyaya yol verdi. Amma Azərbaycan buna imkan vermədi, işğalçı ölkə rəhbərliyinin danışıqları pozmaq və məsuliyyətdən yayınmaq cəhdləri baş tutmadı.
Onu da deyim ki, Vyanada Azərbaycan prezidenti və Ermənistanın baş naziri arasında iki saatdan artıq təkbətək görüş keçirildi, daha sonra görüşə həmsədrlər və iki ölkənin xarici işlər nazirləri də qatıldılar, nəticədə üç saatdan artıq müddətdə danışıqlar aparıldı.
Bu görüşün keçirilməsi və danışıqlar formatının dəyişməz qalması Azərbaycanın növbəti diplomatik uğurudur. Eyni zamanda, Azərbaycan və Rusiya prezidentlərinin telefon danışıqlarında sülh danışıqları prosesinin fəallaşdırılmasının vacibliyi vurğulandı. Bu, çox önəmli bir məqamdır.
Bu baxımdan, Azərbaycanın mövqeyi qəti və birmənalıdır: Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalı, Ermənistan qoşunları Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmalı və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi təmin olunmalıdır”, - deyə millət vəkili əlavə edib.



Baxış sayı: 599


Bölməyə aid digər xəbərlər