Bütün xəbərlər
Təsdiqlənmiş icazə sənədi olanlar niyə cərimələnir?
Tarix: 06-07-2020 14:51 | Bölmə: Siyasət

                  Təsdiqlənmiş icazə sənədi olanlar niyə cərimələnir?


Məlum olduğu kimi, icazə sistemindən sui-istifadə hallarının qarşısının alınması məqsədilə iyulun 5-dən etibarən Nazirlər Kabinetinin müvafiq Qərarı ilə fəaliyyətinə icazə verilən sahələrdə işçi heyətinin məhdud şəkildə işə çıxarılması tələbini pozan qurumlar üzrə icazələrin bir hissəsi ləğv olunub. 
İyunda qaydalara uyğun olaraq portal vasitəsilə icazə almış vətəndaşlar sərt karantin müddətinin uzadılması səbəbindən 4 iyul tarixində icazə müddətini 20 iyula kimi yeniləsələr də, dünən axşam saatlarından bir çox şirkətin əməkdaşlarının, taksi fəaliyyəti göstərən şəxslərin, o cümlədən, VÖEN-li sahibkarların icazələrinin bir qismi ləğv edilib. 
Vətəndaşlar isə əllərində yeni, təsdiqlənmiş icazə sənədi olduğu üçün icazə portalında adlarını yoxlamadan evdən çıxıblar. Və dünəndən etibarən polis tərəfindən cərimələnməyə başlayıblar. Onlara sistemdə adlarının olmadığı və bu halın da qanun pozuntusu hesab edildiyi bildirilib. 
Məsələ ilə bağlı “Qafqazinfo”ya açıqlama verən Baş Dövlət Yol Polis İdarəsinin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi Kamran Əliyev bildirib ki, bu haqda vətəndaşlara əvvəlki günlərdə xəbərdarlıq olunub və cərimələrlə bağlı güzəşt gözlənilmir:
“Cərimələnən şəxslərə nə güzəşt oluna bilər axı? Biz dedik ki, hamı icazə portalında adının olub-olmamasına baxsın. Hər kəs adını portala daxil etmiş vəzifəli şəxslə, işlədiyi təşkilatın rəhbəri ilə əlaqə saxlasın, dəqiqləşdirsin. Yaxşı olar ki, vətəndaşlar həmin informasiyanı dəqiqləşdirdikdən sonra evini tərk eləsin. İndi onlara nə güzəşt edilə bilər? Qərara əsasən bütün sahələrdə 50%-dək işçilərin sayı məhdudlaşdırılır. Faktiki olaraq həmin şəxslər bu gün karantin rejimini pozmuş sayılır.
Qaydalara uyğun olaraq da adı portalda olmayan və ya çıxarılan şəxslərin hərəkətləri karantin şəraitinin pozulması kimi qiymətləndirilir. Həmin hərəkət də inzibatı məsuliyyətə səbəb olur. Burada polis əməkdaşının heç bir günahı yoxdur”.



Baxış sayı: 402


Bölməyə aid digər xəbərlər