Bütün xəbərlər
Mətbuat Şurası KİV-lərə müraciət etdi
Tarix: 14-03-2020 06:25 | Bölmə: Karusel

                          

Operativ Qərargahın məlumatından da göründüyü kimi, koronavirusla bağlı xəbər olaraq yayılmış materiallar ciddi şəkildə diqqətdə saxlanılır və saxlanılacaq. Buna görə də şura KİV-ləri rəsmi mənbəyi olmayan, hansısa söz-söhbətlərə, dedi-qodulara söykənmiş bilgilərin təqdimatından uzaq durmağa çağırır.
“Report” xəbər verir ki, bu fikirlər Azərbaycan Mətbuat Şurasının məlumatında yer alıb.
“Jurnalistlər nəzərə almalıdırlar ki, indiki şəraitdə cəmiyyət üçün həssas olan mövzunun işıqlandırılmasında obyektivlik nümayişi, tələskənliyə yol verməmək, yalnız həqiqətləri qələmə almaq nəinki peşə, eyni zamanda vətənpərvərlik borcudur. Bu məsuliyyəti hər bir media təmsilçisi əməli fəaliyyət prioritetinə çevirməlidir”, - deyə Mətbuat Şurasının məlumatında bildirilir.
Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın ölkə ərazisində koronavirusla əlaqədar tətbiq olunacaq bəzi sosial izolyasiya tədbirləri barədə məlumatında media orqanları ilə bağlı bir sıra məqamlar əksini tapıb. Bildirilib ki, ictimaiyyətdə yanlış fikrin formalaşdırılması məqsədi güdən və qəsdən bu qəbildən olan informasiyaların yayılmasını həyata keçirən kütləvi informasiya vasitələri, o cümlədən sosial şəbəkə istifadəçiləri barəsində ən ciddi tədbirlər görüləcək. Həmçinin KİV-lərdən bütün dünyada yaranmış hazırkı vəziyyətdə maksimum məsuliyyətli olmağın və dövlət tərəfindən həyata keçirilən tədbirlərə hərtərəfli dəstək göstərmələrinin tələb olunduğu önə çəkilib.
Qeyd edək ki, Azərbaycan Mətbuat Şurası 4 mart 2020-ci il tarixdə yaydığı məlumatında da koronavirusla bağlı təşviş, qorxu, həyəcan yaradan çoxsaylı əsassız mülahizələrə rast gəlindiyini bildirib, bunun peşəkarlıqdan tam uzaq mahiyyətini vurğulayıb, KİV-lər belə durumlarda həssaslıq, soyuqqanlılıq nümayişinə çağırılmışdı: “Azərbaycan Mətbuat Şurası koronavirus epidemiyasına qarşı bütün ölkə miqyasında genişmiqyaslı tədbirlərin gerçəkləşdirildiyi hazırkı vəziyyətdə bir daha bildirir ki, medianın prosesə ən böyük töhfəsi peşəkarlıqdır. Peşəkarlıq rəsmi qurumların məlumatlarına istinad, müxtəlif yollarla əldə edilmiş bilgilərin rəsmi təsdiqinə nail olmaqdır”.


Baxış sayı: 286


Bölməyə aid digər xəbərlər