Bütün xəbərlər
Kadırov Çeçenistanda təhlükəsizlik tədbirlərinin gücləndirilməsi barədə göstəriş verib
Tarix: 25-06-2024 23:28 | Bölmə: Siyasət

Çeçenistanın rəhbəri Ramzan Kadırov Dağıstanda törədilən silsilə terror aktlarından sonra respublikada ictimai təhlükəsizliyin təmin edilməsi üzrə işləri gücləndirməyi əmr edib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, o, həmçinin regionun hüquq-mühafizə orqanlarının rəhbərliyini terrorizm və dini ekstremizmin qarşısının alınması istiqamətində səyləri gücləndirməyə çağırıb.
"Avropa ölkələrindən gələn radikal ideologiyaya qarşı mübarizəyə xüsusi diqqət yetirilməlidir", - Kadırov Telegram kanalında yazıb.
Respublika başçısı xəbərdarlıq edib ki, hüquq-mühafizə orqanlarının və dövlət qurumlarının əməkdaşlarının həyatına hər hansı müdaxilənin qarşısı ciddi şəkildə alınacaq.
Bundan əlavə, Kadırov hər bir çeçeni öz yaxınlarını terror ideologiyasının təsirindən qorumaq üçün xüsusilə sayıq olmağı xahiş edib.
"Bu məsələdə səhlənkarlıq ciddi, faciəvi nəticələrə səbəb ola bilər" deyə, Çeçenistan rəhbəri xəbərdarlıq edib.
İyunun 23-də Dərbənd və Mahaçqalada bir neçə silahlı hücum nəticəsində 15-i polis əməkdaşı və bir Rusiya Milli Qvardiyasının əməkdaşı olmaqla 21 nəfər həlak olub, 20-dən çox insan yaralanıb. Beş silahlı öldürülüb. Dağıstanda baş verən silsilə terror aktları ilə əlaqədar iyunun 24-dən 26-dək matəm elan edilib.



Baxış sayı: 245


Bölməyə aid digər xəbərlər