Bütün xəbərlər
Elxan Ələsgərov: Rusiya və Azərbaycan beynəlxalq təşkilatların qərarlarının reallaşdırılmasında maraqlıdır
Tarix: 30-01-2019 23:52 | Bölmə: Siyasət

                      

Rusiya və Azərbaycan beynəlxalq təşkilatların qərarlarının reallaşdırılmasında maraqlıdır.
Bunu Trend İnformasiya Agentliyinin mətbuat mərkəzində keçirilmiş “Rusiya-Azərbaycan: 2019-cu il üçün gündəlik” Moskva-Bakı telekörpüsü zamanı “Baku Network” Ekspert Şurasının rəhbəri, fəlsəfə doktoru Elxan Ələsgərov deyib.
Azərbaycan-Rusiya münasibətlərindən danışan ekspert qeyd edib ki, bu əlaqələr hər iki ölkə üçün böyük əhəmiyyət daşıyır:
"Dünyada baş verən hadisələr bizim qarşılıqlı münasibətlərimizə təsir edir və fikrimcə, Rusiya ilə Azərbaycanın beynəlxalq təşkilatlarda bir-birinə verdiyi dəstək bunun bariz nümunəsidir".
E.Ələsgərov bildirib ki, Azərbaycan və Rusiya gələcəkdə də beynəlxalq təşkilatlar çərçivəsində münasibətləri inkişaf etdirməlidir: "Qarşılıqlı məsləhətləşmələr, ölkələrimiz üçün vacib olan birgə qərarların qəbulu ilə bağlı gündəliyin hazırlanması ikitərəfli fəaliyyət sahəsinə daxildir. BMT, Aİ, İƏT kimi nüfuzlu beynəlxalq təşkilatların qərarlarının reallaşdırılmasına nail olmaq lazımdır".
“Baku Network”un rəhbəri həmçinin Xəzəryanı ölkələrin əməkdaşlığı mövzusuna da toxunub:
"Xəzər Konvensiyasının imzalanması onu ifadə edir ki, Xəzəryanı ölkələr çətin məsələlər barədə razılığa gələ bilər. Xəzər dənizinin hüquqi statusu barədə Konvensiya geoiqtisadi nəqliyyat layihələrinin davam etdirilməsinin əsasını qoydu".
E.Ələsgərovun sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsinin tez bir zamanda nizamlanması Rusiya üçün də aktual mövzudur, çünki, Rusiya cənubda münaqişə vəziyyətlərinin olmamasında maraqlıdır:
"Azərbaycan müntəzəm olaraq sülh təşəbbüsləri irəli sürür, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasına tərəfdar çıxır. Hətta Dağlıq Qarabağ ermənilərinə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində ən yüksək muxtariyyət statusu verməyi təkif edir ki, bu da çox böyük kompromisdir. Xoş məram nümayiş etdirməklə, Bakı münaqişənin sülh yolu ilə həllinə səy göstərir, danışıqların davam etməsinə çalışır. Bakı ümidvardır ki, Ermənistanın yeni hakimiyyəti sağlam məntiq nümayiş etdirəcək. Biz Qarabağ münaqişəsinin necə yarandığını, necə davam etdiyini bilirik və onun necə başa çata biləcəyini təklif edirik".



Baxış sayı: 535


Bölməyə aid digər xəbərlər