22:26 / 24-11-2024
Bu da xatirə - Fotosu
Bütün xəbərlər
Ulu öndərin layiqli davamçısı İlham Əliyev ordunun davamlı inkişafında da böyük uğurlara imza atır-Şahin İsmayılov
Tarix: 06-04-2023 20:25 | Bölmə: Siyasət


Ulu öndər Heydər Əliyev Azərbaycan tarixində müstəqilliyin qorunub saxlanması, ölkənin çiçəklənməsi və güclü dövlətə çevrilməsini təmin edərək ümumxalq sevgisini qazanan böyük şəxsiyyətdir. Bütün bunları əldə etmək üçün görülən işlər ordu quruculuğunu da əhatə edib. Hərb sahəsinin inkişafı ilə bağlı çoxsaylı işlər görülüb. Ulu öndər qeyd etmişdir ki, möhkəm, daimi sülh üçün müstəqil dövlətin güclü ordusu olmalıdır. Bu onun qurduğu dövlət strategiyasında xüsusilə nəzərə alınmışdır. Bunun nəticəsində Azərbaycan ordusu günbəgün inkişaf etmişdir. Cənab Prezident İlham Əliyev də Ali Baş Komandan kimi fəaliyyətə başladığı gündən ordunun güclənməsinə xüsusi diqqət yetirmişdir. Məhz buna görə də, Azərbaycan ordusu işğal altındakı torpaqlarımızı azad etməklə öz gücünü bütün dünyaya nümayiş etdirdi.
Azərbacyan xalqının ümummilli lideri Heydər Əliyev çıxışlarının birində bildirmişdir ki, biz ordumuzu gücləndirərək, döyüş qabiliyyətini yüksəldərək, müasir silahlardan istifadə olunmasının keyfiyyətini artıraraq, dövlətimizi yüksəldəcəyik və ən əsası, Azərbaycanın işğal olunmuş torpaqlarının azad edilməsi gününü yaxınlaşdıracağıq və Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini mütləq təmin edəcəyik. Bu fikri analiz edəndə həm onun uzaqgörənliyini, həm də qətiyyətli mövqeyini bir daha dərk edirik. Böyük azərbaycanlının qeyd etdiyi məsələlər təmin edildi və Azərbaycan haqq savaşında qələbə çaldı. Bu onu göstərir ki, Azərbaycanın bugünkü uğurları Ulu öndər Heydər Əliyevin siyasətinin davamının nəticəsində baş verir. Ulu öndərin layiqli davamçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev bütün sahələrdə olduğu kimi, ordunun davamlı inkişafında da böyük uğurlara imza atır. Nə qədər ki, ölkəmizdə Heydər Əliyev siyasi irsi yaşayır, biz bu uğurların davamının və daha çoxunun şahidi olacağıq.

Şahin İsmayılov,
Milli Məclisin deputatı,
YAP İdarə Heyətinin üzvü



Baxış sayı: 192


Bölməyə aid digər xəbərlər