12:51 / 26-11-2024
Sabiq rəis həbs edilib
Bütün xəbərlər
Azərbaycan qazı Avropaya ixrac olunur və yaxın vaxtlarda ölkəmizdə istehsal olunacaq yaşıl enerji də Mərkəzi və Şərqi Avropa ölkələrinə də ixrac ediləcək-Kamilə Əliyeva
Tarix: 07-02-2023 23:40 | Bölmə: Siyasət


Azərbaycan istər enerji, istərsə də nəqliyyat-loqistika sahələrində həyata keçirdiyi uğurlu layihələr nəticəsində dünyada enerji və nəqliyyat mərkəzinə çevrilmişdir. Ölkəmiz qonşu Türkiyə və Gürcüstan da daxil olmaqla Şərqi və Mərkəzi Avropanın enerji təhlükəsizliyində çox əhəmiyyətli rol oynayır. Azərbaycanın həyata keçirdiyi beynəlxalq iqtisadi layihələr Avropa İttifaqı və ümumiyyətlə bütün dövlətlər tərəfindən yüksək səviyyədə dəstəklənir və ölkəmizi etibarlı tərəfdaş və dost dövlət adlandırırlar.
Artıq iki ildən çoxdur ki, Cənub Qaz Dəhlizi vasitəsilə Azərbaycan qazı Avropaya ixrac olunur və yaxın vaxtlarda ölkəmizdə istehsal olunacaq yaşıl enerji də Mərkəzi və Şərqi Avropa ölkələrinə də ixrac ediləcək.
Prezident cənab İlham Əliyev fevralın 3-də Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin birinci iclasında enerji istehsalı sahəsində Azərbaycanın ölkə daxilində və beynəlxalq səviyyədə həyata keçirtdiyi layihələr haqqında geniş məruzə ilə çıxış etdi.
Dünyada baş verən geosiyasi vəziyyət ilə əlaqədar bir çox Avropa dövlətləri öz enerji təhlükəsizlikləri məsələsinə böyük diqqət ayırırlar. Artıq enerji təhlükəsizliyi sözün həqiqi mənasında milli təhlükəsizlik məsələsinə çevrilmişdir. Azərbaycanda zəngin təbii qaz yataqlarının mövcudluğu Avropa ölkələrinə enerji hasilatının artırılmasına təminat verir. TANAP və TAP vasitəsilə Azərbaycan qazının Avropaya ixracının iki dəfə artırılması üçün Azərbaycan böyük imkanlara malikdir. Azərbaycanla Avropa Komissiyası arasında imzalanmış Anlaşma Memorandumu ixracın artırılmasını reallaşdıracaq.
Ölkəmizdə bərpa olunan enerji istehsalı istiqamətində böyük layihələr həyata keçirilir və bu sahədə işlər davam etdirilir. Azərbaycanda günəş və külək elektrik stansiyalarının istifadəyə verilməsi üçün dünyanın nəhəng şirkətləri ilə böyük layihələr icra olunmaqdadır. Yaxın vaxtlarda ölkəmizdə istehsal olunan yaşıl enerji də Avropanın enerji təhlükəsizliyinə töhfə verəcək. Yaşıl enerjinin istehsal edilməsi və ixracı milyonlarla kubmetr qaza da qənaət etmiş olacaq. Azərbaycanın enerji sahəsində həyata keçirdiyi uğurlu layihələr və Avropanın enerji təhlükəsizliyində göstərdiyi səylər Avropa İttifaqı, ABŞ və Böyük Britaniya tərəfindən dəstəklənir, eləcə də investisiya və maliyyə imkanları da daxil olmaqla geniş əməkdaşlıq mövqeyi nümayiş etdirilir. Azərbaycan həm təbii qaz, həm də bərpa olunan enerji istehsalı ilə bağlı həyata keçirəcəyi planları uğurlu şəkildə davam etdirəcək və dünyaya davamlı şəkildə öz töhfəsini verəcək.

Kamilə Əliyeva,
Milli Məclisin deputatı, professor



Baxış sayı: 238


Bölməyə aid digər xəbərlər