Bütün xəbərlər
Könül Nurullayeva Tolerantlıq və Sülh üzrə Qlobal Şuranın Xarici Əlaqələr Komitəsinin iclasında çıxış edib
Tarix: 15-07-2022 21:53 | Bölmə: Siyasət


Milli Məclisin deputatı Könül Nurullayeva Tolerantlıq və Sülh üzrə Qlobal Şuranın Mərakeşin paytaxtı Rabat şəhərində keçirilən 10-cu sessiyası çərçivəsində Xarici Əlaqələr Komitəsinin üzvü olaraq iclasda iştirak edərək çıxış edib. Deputat sessiyanı tolerantlıq və sülh dəyərlərinin təbliği baxımından səmərəli platforma adlandırıb. Qeyd edib ki, hazırda bu dəyərlərin bütün dünyada yayılmasının qarşısını alan maneələr var. Onlardan biri də Rusiya və Ukrayna arasında davam edən müharibədir: “Bu müharibə mülki şəxslərin, xüsusən də qadınların və uşaqların əziyyət çəkməsinə, dünya iqtisadiyyatının çökməsinə səbəb olur. Şuranın nümayəndələri olaraq biz beynəlxalq hüququn norma və prinsipləri nəzərə alınmaqla məsələnin diplomatik yollarla həllinə nail olmaq üçün birgə çalışmalıyıq”.
Deputat Cənubi Qafqaz regionunda sülh və təhlükəsizlik məsələsinə də diqqət çəkib. Bildirib ki, Azərbaycan regionda dayanıqlı sülhün, təhlükəsizliyin və əməkdaşlığın tərəfdarıdır: “Buna görə də Ermənistanla sülh sazişi imzalamağı qarşıya məqsəd qoyub. Belə ki, Azərbaycan qarşı tərəfə iki ölkə arasında münasibətlərin normallaşması üçün beş əsas prinsip təqdim edib. Bu prinsiplərə bir-birinin ərazi bütövlüyünün tanınması, bir-birinə qarşı ərazi iddialarının olmamasının hüquqi öhdəliyi, bir-birinin təhlükəsizliyini təhdid etməmək, sərhədlərin delimitasiyası və demarkasiyası, diplomatik münasibətlərin qurulması, nəqliyyat və kommunikasiyaların açılması daxildir. Azərbaycanın təklif etdiyi prinsiplər dövlətlərarası münasibətlərin əsas prinsipləridir. Əminəm ki, Şuranın müəyyən etdiyi məqsədlər sayəsində bütün dünyada olduğu kimi yuxarıda qeyd olunan məsələlərdə də tolerantlığın və sülhün təşviqinə öz töhfəmizi verəcəyik. Sülh dünyanı xilas edəcək”.
Qeyd edək ki, Tolerantlıq və Sülh üzrə Beynəlxalq Parlamentin Mərakeşin paytaxtı Rabat şəhərində keçirilən 10-cu sessiyası  “Qida Təhlükəsizliyi: Qlobal Sülh və Tolerantlığın Əsas İlkin Şərti” mövzusuna həsr olunub. 14-16 iyul tarixlərində keçirilən müzakirələrə Daxla şəhərində yekun vurulacaq.

Sabaha-inamla.az






Baxış sayı: 276


Bölməyə aid digər xəbərlər