Bütün xəbərlər
Dünya Azərbaycanlılarının V Qurultayı diaspor təşkilatlarının fəaliyyətində yeni üfüqlər açacaq
Tarix: 20-04-2022 01:30 | Bölmə: Siyasət


Dünya Azərbaycanlılarının V Qurultayı İordaniyada yaşayan azərbaycanlılar, o cümlədən bu mötəbər tədbirə dəvət edilmiş diaspor nümayəndələri üçün əlamətdar hadisə olacaq. Çox xoşbəxtəm ki, qurultayda iştirak etmək mənə də nəsib olub və onun Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində keçirilməsi ikiqat sevinc doğurur. Ümidvaram ki, ən yüksək səviyyədə keçiriləcək bu tədbir gözəl nəticələr verəcək və bizim diaspor fəaliyyətimizə çox böyük müsbət təsir göstərəcək.
Bu sözləri Dünya Azərbaycanlılarının V Qurultayının nümayəndəsi, İordaniyada Azərbaycan diaspor təşkilatının sədri Zümrüd Dadaşova AZƏRTAC-ın xüsusi müxbirinə açıqlamasında söyləyib. O, qeyd edib ki, tədbirdə müxtəlif ölkələrdə fəaliyyət göstərən soydaşlarımız faydalı fikir mübadiləsi apara biləcəklər: “Bu qurultay diaspor təşkilatlarının fəaliyyətində yeni üfüqlər açacaq, müxtəlif ölkələrdə fəaliyyət göstərən soydaşlarımız faydalı fikir mübadiləsi aparacaqlar. Yeni tanışlıqlar diaspor rəhbərləri arasında əlaqələrin möhkəmlənməsi baxımından olduqca yararlı olacaq. Düşünürəm ki, bu mötəbər tədbirdə müzakirə olunacaq “Postmüharibə dövründə Azərbaycan diasporunun qarşısında duran vəzifələr” və “Qarabağın bərpası və yenidən qurulmasına Azərbaycan diasporunun töhfələri” mövzuları xalqımıza, doğma Vətənə daha yüksək səviyyədə xidmət etməyimiz baxımından istiqamətverici tezislərlə yadda qalacaq.
Zəfər Qurultayı nümayəndələrinə uğurlar arzulayıram. Dünyanın hansı ölkəsində yaşamağımızdan asılı olmayaraq, hər birimizin ürəyi doğma Azərbaycanla döyünür və düşünürəm ki, əziz Şuşada keçiriləcək bu mötəbər tədbir həyatımızın ən unudulmaz hadisəsi olacaq”.




Baxış sayı: 255


Bölməyə aid digər xəbərlər
26-11-2024, 12:51 Sabiq rəis həbs edilib