Bütün xəbərlər
Konstitusiya və Suverenlik İli-Gülöyşə Əhmədzadə
Tarix: 16-03-2025 00:26 | Bölmə: Siyasət

                                                

1993-cü ildə xalqın tələbi ilə yenidən hakimiyyətə qayıtmış Ümummilli Lider Heydər Əliyevin böyük xilaskarlıq missiyası sayəsində ölkəmizdə cərəyan edən təhlükəli proseslərin qarşısı alındı, ictimai-siyasi sabitlik təmin edildi və müasir dövlət quruculuğu üçün etibarlı zəmin yarandı. Ulu Öndərin bilavasitə rəhbərliyi ilə hazırlanmış və 1995-ci il noyabrın 12-də qəbul olunmuş Azərbaycan Respublikasının ilk Konstitusiyası ölkəmizdə genişmiqyaslı qanunvericilik və institusional islahatların əsasını təşkil etdi.Konstitusiyanın qəbul edilməsinin milli dövlətçilik tarixində müstəsna əhəmiyyəti nəzərə alınaraq, Ulu öndər Heydər Əliyev tərəfindən imzalanan 1996-cı il 1 noyabr tarixli fərmana əsasən hər il noyabrın 12-si ölkəmizdə Konstitusiya Günü kimi qeyd edilməyə başlandı.Azərbaycan Respublikasının Konstitusiyasının qəbul olunmasının  bu il 30 ili tamam olur.

2020-ci il sentyabrın 27-də Ermənistanın təxribatlarına cavab olaraq başlanmış Vətən müharibəsində tarixi qələbə və 2023-cü il sentyabrın 19–20-də həyata keçirilmiş uğurlu antiterror əməliyyatı nəticəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam bərpa edilmiş, Azərbaycan Konstitusiyasının hüquqi qüvvəsi işğalın aradan qaldırıldığı bütün ərazilərdə bərqərar olmuşdur. Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 2024-cü il 19 sentyabr tarixli Sərəncamına əsasən, sentyabrın 20-si Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü elan edilmişdir.Bu il Vətən müharibəsində qələbəmizin 5 ili tamam olur.

Bu əlamətdar və mühüm tarixləri nəzərə alaraq Prezident İlham Əliyev 2025-ci ilin Azərbaycan Respublikasında “Konstitusiya və Suverenlik İli” elan edilməsi barədə Sərəncam verdi.

Bu sərəncam dövlətçilik tariximizin daha da dərindən öyrənilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Dövlət başçısı cənab İlham Əliyev tərəfindən imzalanan sərəncam ölkəmizin keçmişi, bu günü və gələcəyi üçün xüsusi məna ifadə edərək, hüquqi dövlətçilik və suverenlik dəyərlərininformalaşdırılması üçün bir fürsətdir.“Konstitusiya və Suverenlik İli” dövlətin hüquqi əsaslarının möhkəmləndirilməsi, dövlət suverenliyinin gücləndirilməsi məqsədi daşıyır.

Hər bir xalq üçün suveren dövlətini yaratmaq və inkişaf etdirmək ən mühüm nailiyyətdir. Ərazi, əhali və siyasi hakimiyyət kimi əsas atributları özündə ehtiva edən hər hansı siyasi varlığın dövlət olması üçün suverenlik, müstəqillik xüsusiyyətinə malik olması vacib şərtdir. Suverenlik istənilən dövlətin mövcudluğunun və davamlı inkişafının ilkin və əsas şərti kimi çıxış edir.

Konstitusiya layihəsini hazırlayan Komissiyanın 1995-ci il oktyabrın 3-də keçirilən iclasında Komissiyanın sədri Heydər Əliyev qeyd etmişdir: “Bizim yeni konstitusiyamız, şübhəsiz ki, birinci növbədə Azərbaycan Respublikasının dövlət müstəqilliyini, bu müstəqilliyin əbədi olduğunu və dövlət müstəqilliyini qoruyub saxlamaq, yaşatmaq üçün bütün prinsipləri əks etdirməlidir. Yeni konstitusiyamız demokratik prinsipləri özündə əks etdirməlidir. Yəni dünya demokratiyasının əldə etdiyi bütün nailiyyətlərdən, demokratiya sahəsində inkişaf etmiş dövlətlərin konstitusiya təcrübəsindən istifadə etməli və Azərbaycan Respublikasının özünəməxsus tarixi, milli ənənələrini əks etdirən prinsipləri özündə cəmləşdirməlidir”.Ulu öndər Heydər Əliyevin çıxışlarında qeyd edilən bu vacib konseptual məqamlar hüquqi dövlət quruculuğu prosesində təməl rolunu oynadı.

12 noyabr - Konstitusiya Günü münasibətilə Azərbaycan xalqına təbrikində Ümummilli lider Heydər Əliyev qeyd etmişdir: “Bu Konstitusiya Azərbaycan xalqının keçdiyi tarixi inkişaf yolunun məntiqi nəticəsidir. Konstitusiya ölkəmizdə vətəndaşların hüquq və azadlıqlarının təmin edilməsi, müstəqil dövlətçiliyimizin qorunub saxlanması, möhkəmləndirilməsi və demokratik dəyişikliklərin həyata keçirilməsi üçün hərtərəfli zəmin və şərait yaradır. Azərbaycanın tarixi keçmişini, bugünkü reallıqlarını və gələcək inkişaf perspektivlərini əks etdirməsi, ümumbəşəri və milli dəyərlərə söykənməsi Konstitusiyamızı səciyyələndirən əsas cəhətlərdir”.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə suveren və bütöv Azərbaycanı yeni dövrdə inkişafının mühüm mərhələsi gözləyir. Dövlətimiz və xalqımız tarixi nailiyyətlərə imza atmaqda davam edəcək.

Gülöyşə Azad qızı Əhmədzadə,

Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi



 

 




Baxış sayı: 35


Bölməyə aid digər xəbərlər