12:51 / 26-11-2024
Sabiq rəis həbs edilib
Bütün xəbərlər
Horadiz əməliyyatının iştirakçısı olan Şakir Bayramov yenidən döyüş meydanına atılmağa hazırdır
Tarix: 06-01-2018 18:59 | Bölmə: Reportaj
                        

Azərbaycan Ordusunun uğurlu Horadiz əməliyyatından 24 il keçir. Azərbaycanın müasir hərb tarixinin parlaq səhifələrindən biri olan bu əməliyyat zamanı qısa müddətdə 21 min hektar ərazi - Füzuli rayonunun 20 Arazboyu kəndi, Horadiz qəsəbəsi və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi işğaldan azad edilib.
Tankçı Şakir Bayramov 1994-cü ilin yanvarın 5-dən 6-na keçən gecə düşməndən azad edilən Horadiz qəsəbəsinə daxil olan ilk hərbçilərdən biridir. Horadizdə erməni bayrağını çıxararaq yerinə Azərbaycan bayrağını sancan da Şakir Bayramov olub. O, AZƏRTAC-ın bölgə müxbiri ilə söhbətində həmin günləri xatırlayaraq deyib: “1993-cü ildə orduda pərakəndəlik hökm sürürdü. Vahid komandanlıq yox idi. Düşmən bundan istifadə edərək torpaqlarımızı işğal edirdi. Ulu öndər Heydər Əliyev hakimiyyətə gəldikdən sonra bütün silahlı qüvvələr vahid komandanlığa tabe edildi. Heydər Əliyevin birbaşa cəbhə xəttinə - döyüş gedən bölgəyə gələrək əsgərlərlə görüşməsi hərbçilərdə böyük ruh yüksəkliyi yaratdı. Hamımız silaha sarılıb döyüşə atıldıq. Düşmən qarşımızda tab gətirmədi. Bir gün ərzində erməniləri Bəhmənlidən Cocuq Mərcanlıyadək qovduq. Sonrakı gün Cocuq Mərcanlını da azad etdik”.
1970-ci ildə Horadiz qəsəbəsində anadan olan Şakir Bayramov 1992-ci ildə könüllü olaraq Vətənin müdafiəsinə yollanıb. Cəbhənin Füzuli istiqamətində gedən döyüşlərdə düşmənin bir neçə texnika və canlı qüvvəsini məhv edib. 1996-cı ildə ordu sıralarından tərxis olunub. İki övlad atasıdır.
Cəsur tankçı hazırda Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin əməkdaşıdır. O, vaxtilə döyüşlər getmiş ərazilərin mina və digər hərbi sursatlardan təmizlənməsində iştirak edir.
“İnanıram ki, ordumuzun 1994-cü il Horadiz əməliyyatı və 2016-cı ilin aprel döyüşləri zamanı qazandığı qələbələrin davamı gələcək, üçrəngli bayrağımız Horadizdə, Cocuq Mərcanlıda olduğu kimi, Qarabağın bütün şəhər və kəndlərində dalğalanacaq. İşğal altındakı torpaqlarımızın düşməndən azad olunması üçün bu gün də döyüş meydanına atılmağa hazıram”, – deyə Şakir Bayramov qətiyyətlə bildirib.




Baxış sayı: 891


Bölməyə aid digər xəbərlər