22:26 / 24-11-2024
Bu da xatirə - Fotosu
Bütün xəbərlər
"Dövlət qulluqçularının əməyinin ödənilməsi sistemi haqqında" yeni qanun layihəsi hazırlanıb
Tarix: 25-01-2019 12:29 | Bölmə: Reportaj



"Dövlət qulluqçularının əməyinin ödənilməsi sistemi haqqında" qanun layihəsi hazırlanaraq müvafiq dövlət orqanlarına təqdim olunub.
Trend-in məlumatına görə, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Mətin Kərimli "Azərbaycan dövlət qulluğu sistemində islahatların davam etdirilməsinə dəstək layihəsi"nin bağlanış mərasimində çıxışı zamanı deyib.
Onun sözlərinə görə, dövlət qulluğu haqqında qanunvericilik bazasının təkmilləşdirilməsinə ehtiyac yaranıb və buna uyğun olaraq yeni yanaşmalar müəyyən edilib:
"Birinci yanaşma dövlət qulluğu sahəsində özəl sektorla müqayisə oluna biləcək səviyyədə məvacibin müəyyən edilməsidir. İkinci yanaşma sosial ədalət prinsipi əsasında bərabər əməyə görə bərabər haqqın verilməsidir. Üçüncü yanaşma dövlət qulluqçularının əməyinin ödənişi sistemində mövcud olan ödəniş səviyyələrinin sayının optimallaşdırılmasıdır. Bu say 400-ə yaxındır. Dördüncü yanaşma dövlət qulluqçularının vəzifə yüksəlişində maddi motivasiyanın artırılması, beşinci yanaşma dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsinin onların məvacib artımında nəzərə alınmasıdır. Bütün bu vəzifə və məqsədləri nəzərə alaraq yeni yanaşma müəyyən edilib".
M.Kərimli bildirib ki, yeni yanaşmaların aid olduğu komponentlərə görə, dövlət qulluqçularının vəzifə maaşları rəqabətqabiliyyətlilik əsasında artırılır, aylıq vəzifə maaşları sistemi qanunla müəyyən edilir. Eyni zamanda, dövlət qulluqçularının əmək haqları beynəlxalq təcrübə əsasında ölkə iqtisadiyyatının inkişaf səviyyəsinə uyğunlaşdırılır: "Bu yanaşmanın əks olunduğu "Dövlət qulluqçularının əməyinin ödənilməsi sistemi haqqında" qanun layihəsi hazırlanıb, yekunlaşdırılaraq aidiyyəti dövlət orqanlarına təqdim olunub. Biz onlardan daxil olan rəy və təkliflər əsasında qanun layihəsini yenidən təkmilləşdiririk. Gələcəkdə büdcədən maliyyələşən digər təşkilatlarda da əməyin ödənişi sisteminə dair layihələrin hazırlanması nəzərdə tutulur".



Baxış sayı: 931


Bölməyə aid digər xəbərlər