Bütün xəbərlər
“Pensiya yaşının aşağı salınması məsələsini qaldıracağam”
Tarix: 05-02-2020 22:38 | Bölmə: Müsahibə

            “Pensiya yaşının aşağı salınması məsələsini qaldıracağam”


Qorxmaz İbrahimli: Millət vəkili dövlətin və vətəndaşın qayğısına qalmalıdır
 
Məlum olduğu kimi fevralın 9-da növbədənkənar parlament seçkiləri keçiriləcək. Namizədlərin 17 yanvarda başlayan təbliğat və təşviqat kampaniyası fevral ayının 8-də sona çatacaq.
10 saylı Binəqədi üçüncü seçki dairəsindən deputatlığa namizəd Qorxmaz İbrahimli AYNA-ya açıqlamasında seçki prosesinin gedişindən danışıb: “Yanvar ayının 17-dən etibarən təbliğat və təşviqat kampaniyasına başlamışıq. Lakin startdan finişə necə gəlib çatdıq, heç özümüz də bilmədik. Çünki bütün günümüz seçicilərlə görüşlərdə keçdi. Soyuğa, yağışa və kəskin hava şəraitinə baxmayaraq, məhəllə-məhəllə, qapı-qapı gəzib insanları inandırmağa və onların problemlərini dinləməyə çalışdıq. Vaxt azlığı ilə görüşə bilmədiyimiz seçicilərlə isə mətbuat və sosial media vasitəsilə əlaqələr qurmağa çalışdıq”.
“İnsanlar daha çox palçıqlı və asfaltı olmayan yollardan, marşrut xətti keçməyən ərazilərdən, olmayan kanalizasiya sistemindən və digər problemlərdən gileylənirlər. Təbii ki, bütün bunlar parlamentdə yox, hökumət və yerli icra orqanları qarşısında qaldırılmalı məsələlərdir. Şübhəsiz ki, millət vəkili dövlətin və vətəndaşın qayğısına qalmalıdır”, - deyə o bildirib.
Q.İbrahimli deputat seçiləcəyi təqdirdə parlamentdə qaldıracağı məsələlərə də toxunub: “İlk növbədə sosial müavinətlərin, minimum əməkhaqlarının artırılması, müəllimlərin maaşının yüksəldilməsi, təhsil, sığorta, səhiyyə sistemindəki boşluqlar və pensiya yaşının aşağı salınması ilə bağlı məsələlərin həll olunmasına çalışacam. Uşaqpulunun bərpası da qaldıracağım məsələlər sırasındadır. Hazırda bizim ekspert qrupunun ibtidai təhsillə bağlı üzərində işlədiyi qanun layihəsi var ki, dövlət başçısı səviyyəsində qaldırıla biləcək məsələdir və biz bunun reallaşmasına çalışacağıq. Bütün bunların dövlətin inkişafında millət vəkilinin üzərinə düşən bir borcdur”.
Ayna.az



Baxış sayı: 810


Bölməyə aid digər xəbərlər