Bütün xəbərlər
Muxtar respublikada armatur sınağı laboratoriyası fəaliyyətə başlayıb
Tarix: 15-09-2020 17:03 | Bölmə: Cəmiyyət

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Tikintidə Təhlükəsizliyə Nəzarət İdarəsinin yeni armatur sınağı laboratoriyası fəaliyyətə başlayıb.
Muxtar respublikanın Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, təmir işləri aparılaraq müasir iş şəraiti yaradılan laboratoriya lazım olan avadanlıqlar və mebel-inventarla təchiz olunub. Burada quraşdırılmış sınaq avadanlığı Türkiyənin UTEST firması tərəfindən istehsal olunub. LCD monitorlu və hidravlik sistemli idarəetmə qurğusu olan UTM-4000 modelli avadanlığın dartma və sıxma gücü 60 tondur.
Laboratoriyada 8-32 millimetr diametrli armaturların standartlara uyğun keyfiyyət göstəricilərini müəyyən etmək mümkündür. Laboratoriya işçiləri Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dadaşov adına Elmi-Tədqiqat və Layihə-Konstruktor İnşaat Materialları İnstitutunda təcrübə keçiblər. Sınaqların keçirilmə qaydası, sınaq nəticələrinin protokollaşdırılması və bu sahə üzrə standartların tələbləri ilə bağlı UTEST firmasının mütəxəssisləri tərəfindən laboratoriya işçilərinə onlayn təlim keçirilib.
Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Fövqəladə Hallar Nazirliyinə göstərdiyi diqqət və qayğı nəticəsində Dövlət Tikintidə Təhlükəsizliyə Nəzarət İdarəsinin mühəndis-geoloji, beton və sement laboratoriyasının fəaliyyəti son illər təkmilləşdirilərək Türkiyə, Rusiya, Yaponiya, İsveçrə, Çin və Koreya istehsalı olan ən müasir sınaq avadanlıqları ilə təchiz edilib. Bu sırada yeni armatur sınağı laboratoriyası özünəməxsus yerə malikdir. Həmin laboratoriyalar tərəfindən akkreditasiya sahəsinə uyğun olaraq tikintidə istifadə edilən materialların standartlara uyğunluğu yoxlanılır və tikinti sahəsində mühəndis-geoloji işlərin aparılması təmin edilir.







Baxış sayı: 637


Bölməyə aid digər xəbərlər