23:18 / 04-02-2026
Bir qızın binanı yandırmasından sonra terror hadisəsi ilə bağlı cinayət işi açılıb
23:16 / 04-02-2026
Məktəbdə 25-dən çox şagird zəhərlənib
10:29 / 04-02-2026
Qayıq qəzasında xəsarət alan xəstəxanada qalır
10:24 / 04-02-2026
Hava Limanı müvəqqəti olaraq fəaliyyətini dayandırıb
10:20 / 04-02-2026
Zaxarova Britaniya mediasına diqqətini Epşteynin sənədlərinə yönəltməyi tövsiyə etdi
10:18 / 04-02-2026
Xüsusi Hərbi Əməliyyatlar iştirakçısının nigeriyalı qadınla nikahı etibarsız elan edilib
10:13 / 04-02-2026
Beynəlxalq Paralimpiya Komitəsi Rusiya komandasının İtaliyadakı Oyunlar üçün formasını təsdiqləyib
08:15 / 04-02-2026
Hava limanında yalan bomba xəbərdarlığı etdiyinə görə məhkəmə qarşısına çıxarılıb
08:11 / 04-02-2026
Klintseviç: "NATO-nun baş katibi Rutte Kiyevdə təxribatçı kimi çıxış etdi"
08:06 / 04-02-2026
Mask Fransanı uşaq təcavüzünə qarşı mübarizəyə diqqət yetirməyə çağırdı
08:01 / 04-02-2026
Estoniya sərhəd keçid məntəqələrində nasazlıqlar barədə xəbərdarlıq edib
07:58 / 04-02-2026
"Axios": ABŞ İranla danışıqları Omana köçürməyə razıdır
07:55 / 04-02-2026
54 yaşlı Hollandiya Kraliçası Maksima orduya yazılacaq
07:51 / 04-02-2026
Məktəbli qız müvəqqəti saxlama təcridxanasına yerləşdirilib
07:47 / 04-02-2026
Senator Ukraynadakı kütləvi etirazların səbəbləri barədə danışdı
07:44 / 04-02-2026
Qatarla yük maşınının toqquşması nəticəsində bir nəfər xəsarət alıb
07:42 / 04-02-2026
Sürücüsü beş yaşlı qızı vurub
07:25 / 04-02-2026
Minlərlə insan Maduro və həyat yoldaşının azadlığa buraxılmasını tələb edən mitinq keçirib
07:18 / 04-02-2026
Soyğunçuluq və qətldə təqsirli bilinib
07:15 / 04-02-2026
Epşteyn Makronun şillələrdən həzz aldığına inanırdı
07:10 / 04-02-2026
Qar yığınları yanvar ayında iki metri keçib
21:17 / 03-02-2026
Polis məmuru dövlət sirlərini açıqlamaqda şübhəli bilinir
21:10 / 03-02-2026
20 il əvvəl törədilmiş təcavüzdə əcnəbi şəxs ittiham olunub
21:06 / 03-02-2026
TASS: Əbu-Dabidə Ukrayna ilə bağlı danışıqlar qüvvədədir
21:04 / 03-02-2026
İstintaq Komitəsi Moskva vilayətinin beş məmurunu korrupsiya və fırıldaqçılıqda ittiham edib
21:00 / 03-02-2026
"Avropa 1": Fransada kollec tələbəsi müəllimə bıçaqla hücum edib
16:32 / 03-02-2026
Qida qablaşdırması üçün təhlükəsiz bir film hazırlayıblar
16:27 / 03-02-2026
Rutte: "Ukraynadakı münaqişəyə son qoymaq çətin qərarlar tələb edəcək"
16:25 / 03-02-2026
Məktəbli qız sinif yoldaşına bıçaqla hücum edərək onu yaralayıb
16:23 / 03-02-2026
Məktəbə hücum edən şagird kiçik qardaşının oyuncaq silahını gətirib
16:14 / 03-02-2026
MWM: ABŞ Kalininqrad yaxınlığında hərbi təlimlər keçirir
16:10 / 03-02-2026
Ukraynanın keçmiş səfiri Çalı ərazilərin qaytarılmasını sülhə aparan yeganə yol adlandırdı
16:05 / 03-02-2026
Fransa prokurorluğu Elon Maskı dindirilməyə çağırıb
16:01 / 03-02-2026
Gözəllik salonu sahibi gözəllik bloqçunun qətlini sifariş edib
14:24 / 03-02-2026
Qətlə yetirilmiş oğlanın axtarışında iştirak edən şəxs onun cəsədinin necə tapıldığını danışıb
14:21 / 03-02-2026
Peskov Polşanın hərbi doktrinası haqqında: "Rusiya təhlükəsizliyi təmin etmək üçün lazım olan hər şeyi edir"
Əbu-Dabidə “Zayed İnsan Qardaşlığı Mükafatı”nın təqdimolunma mərasimi keçirilib
Tarix: 04-02-2026 23:29 | Bölmə: Gündəm
Fevralın 4-də Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabi şəhərində “Zayed İnsan Qardaşlığı Mükafatı”nın təqdimolunma mərasimi keçirilib.
Sabaha-inamla.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib.
Əvvəlcə Birləşmiş Ərəb Əmirliklərinin himni səsləndirildi.
“Zayed İnsan Qardaşlığı Mükafatı” ilə bağlı videoçarx nümayiş etdirildi.
Sonra Müsəlman Ağsaqqalları Şurasının baş katibi Məhəmməd Əbdülsalam çıxış etdi.
Tədbirdə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın, Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin, Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin, Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifin, Qırğız Respublikasının Prezidenti Sadır Japarovun, Livan Respublikasının Prezidenti Cosef Aunun, Türkiyənin birinci xanımı Əminə Ərdoğanın və İordaniya Haşimilər Krallığının Kralı II Abdullahın “Zayed İnsan Qardaşlığı Mükafatı”nın laureatlarına təbrik videomüraciətləri nümayiş olundu.
Prezident Rəcəb Tayyib Ərdoğan:
-Hörmətli qonaqlar.
Müxtəlif ölkələrdən tədbirdə iştirak edən hörmətli dostlarım.
Sizləri ən səmimi duyğularımla, hörmətlə və sevgi ilə salamlayıram.
2026-cı il Zayed İnsan Qardaşlığı mükafatlarının başda mükafatların sahibləri olmaqla hamımız üçün xeyirli olmasını diləyirəm.
Türkiyədəki 86 milyon qardaşınızın salamlarını sizə çatdırmaqdan böyük məmnunluq duyuram.
2019-cu ildən bəri təqdim edilən mükafatların bilavasitə yaşadığımız günlərdə bütün dünyada sülhə və sabitliyə töhfə verməsini diləyirəm.
Builki mükafatlara layiq görülən Azərbaycan Prezidenti cənab İlham Əliyev ilə Ermənistanın Baş naziri cənab Nikol Paşinyanı ürəkdən təbrik edirəm. Davamlı sülhün bərqərar olması yolunda həm İlham Əliyev qardaşımın atdığı cəsur addımları, həm də cənab Paşinyanın ortaya qoyduğu qətiyyətli iradəni son dərəcə əhəmiyyətli hesab etdiyimi xüsusilə vurğulamaq istəyirəm.
Məqsədi, əhatə dairəsi, məzmunu və ruhu üzərində iki tərəfin də razılıq əldə etdiyi razılaşmanın qüvvəyə minməsi ilə Qafqazın gələcəyində yeni bir səhifənin açılacağına inanıram.
Türkiyə olaraq bölgəmizdə və dünyada əmin-amanlıq, sülh, rifah və sabitliyə yönələn bütün təşəbbüsləri səmimiyyətlə dəstəkləyirik. Qafqazda davamlı sülhün bərqərar olması üçün üzərimizə nə düşürsə etməyə, ədalətə əsaslanan dostluq körpülərinin qurulmasında fəal şəkildə çalışmağa, inşallah, davam edəcəyik.
Bu düşüncələrlə həm Azərbaycan Prezidenti cənab Əliyevi, həm də Ermənistanın Baş naziri cənab Paşinyanı bir daha təbrik edirəm.
2026-cı il Zayed İnsan Qardaşlığı mükafatlarının bütün insanlıq üçün xeyirli olmasını diləyir, hamınızı sevgi və ehtiramla salamlayıram.
Sağ olun, var olun, salamat qalın!
x x x
Prezident Kasım-Jomart Tokayev:
-Əlahəzrətlər, Zati-aliləri, hörmətli qonaqlar.
Mən Prezident İlham Əliyevi və Baş nazir Nikol Paşinyanı “Zayed İnsan Qardaşlığı Mükafatı” ilə təltif olunmaları münasibətilə səmimi-qəlbdən təbrik edirəm. Bu mükafat qarşıdurma məntiqi əvəzinə sülhün, kin əvəzinə məsuliyyətin, keçmiş əvəzinə gələcəyin seçilməsi baxımından müdrik rəhbərliyi qeyd edir.
Dünyanın getdikcə parçalanmış vəziyyətə düşdüyü bir vaxtda belə siyasətin müstəsna mənəvi və siyasi əhəmiyyəti var. Sülh sazişi istiqamətində Azərbaycanın və Ermənistanın əldə etdiyi irəliləyiş tarixi əhəmiyyətə malik dönüş nöqtəsidir. Bu, hətta uzunmüddətli münaqişələrin dialoq, məsuliyyət və təmkinlik vasitəsilə həll oluna biləcəyini nümayiş etdirir.
Qarşıdurma və ciddi parçalanma xətləri ilə səciyyələndirilən bir dövrdə bu təcrübə göstərir ki, barışıq zəiflik deyil, güc deməkdir. Qazaxıstan üçün Azərbaycan və Ermənistan yaxın, qardaş ölkələrdir. Biz ölkəmizə göstərilmiş etimadı, o cümlədən sülh danışıqlarının mühüm mərhələsinin Almatıda keçirilməsini yüksək qiymətləndiririk. Bu, irəli getməyin yeganə yolunun dialoq olduğu ilə bağlı birgə inamımızın təzahürüdür.
Qazaxıstan Avrasiyada və daha geniş coğrafiyada ardıcıl olaraq sülhü, etimadı və əməkdaşlığı gücləndirən təşəbbüsləri dəstəkləyir. Şeyx Zayed Mükafatı güclü mənəvi mesaj daşıyır. O, qardaşlığın təhlükəsizlik, inkişaf və insan ləyaqətinin təmin edilməsi üçün universal prinsip və praktiki təməl olduğunu bir daha təsdiqləyir. Bu mükafat Şeyx Zayed bin Sultan Al Nəhyanın dözümlülük, qarşılıqlı hörmət və dinc birgəyaşayışa əsaslanan davamlı irsini təcəssüm etdirir.
Bu mənada mən Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Əlahəzrət Şeyx Məhəmməd bin Zayed Al Nəhyana bu dəyərləri yüksək tutduğuna görə dərin minnətdarlığımı ifadə etmək istərdim. Bu prinsiplər konkret siyasi nəticələrdə öz aydın əksini tapır. Azərbaycan ilə Ermənistan arasında sülh və əməkdaşlıq bu mirasa yeni məzmun qatır, onun regionun hüdudlarından çox uzaqda olan aktuallığını nümayiş etdirir. Bu, həmçinin beynəlxalq münasibətlərin səmərəli aləti kimi diplomatiyaya etimadı gücləndirib.
Hörmətli Prezident Əliyev, hörmətli Baş nazir Paşinyan. Sizin sülhə güclü sadiqliyiniz milyonlarla insana ümid verdi və mehriban qonşuluq əlaqələrinin, sabitliyin beynəlxalq münasibətlərin ən ali dəyərləri olması ilə bağlı dünya ictimaiyyətinə aydın siqnal göndərdi. Hər ikiniz böyük müdriklik və dərin baxış nümayiş etdirdiniz. Əminəm ki, balansa və məntiqi düşüncəyə əsaslanan diplomatiya vasitəsilə biz daha sabit və proqnozlaşdırılabilən gələcək qura bilərik.
Təşəkkür edirəm.
x x x
Prezident Şavkat Mirziyoyev:
-Birləşmiş Ərəb Əmirliklərinin möhtərəm Prezidenti Əlahəzrət Məhəmməd bin Zayed Al Nəhyan.
Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyev.
Ermənistan Respublikasının Baş naziri Zati-aliləri cənab Nikol Paşinyan.
Xanımlar və cənablar.
Bu gün dəyişkən dünyada məsuliyyətli liderlərə, sarsılmaz siyasi iradəyə və problemlərin dialoq vasitəsilə həllinə böyük ehtiyac duyulur. Hazırkı mürəkkəb beynəlxalq vəziyyətdə bu tərzdə qəbul edilən ibrətamiz qərarlar dövlətlər və xalqlar arasında sabitlik bünövrəsini və güclü etimad yarada bilər. Lakin sülh kimi qiyməti olmayan nemət öz-özünə yaranmır. Sülh cəsarəti, digərini dinləmək və ən çətin şəraitdə belə güzəştlər yolunu tapmaq, qəbul edilmiş qərarlar üzrə məsuliyyət daşımaq bacarığını tələb edir.
Tarix göstərir ki, uzunmüddətli və dayanıqlı artım yalnız güzəştlər, qarşılıqlı hörmət və ehtiram mühiti yolu ilə əldə oluna bilər. Şeyx Zayedin “İnsan Qardaşlığı Mükafatı”nın laureatlarını – Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri İlham Əliyevi və Ermənistan Respublikasının Baş naziri Zati-aliləri Nikol Paşinyanı səmimiyyətlə təbrik etmək mənim üçün böyük şərəfdir. Uzun sürmüş münaqişəni rasional şəkildə həll etmək və sülhə nail olmaq naminə həmin siyasi liderlərin birgə səyləri, heç şübhəsiz, bu nüfuzlu mükafata layiqdir. Əldə olunmuş razılaşma problemin həllində məsuliyyətli yanaşmanın, bütöv regionumuzda sabitliyin təmin edilməsi istiqamətində atılmış tarixi addımın bariz nümunəsidir.
Bu mənada dövlət xadimlərinə belə yüksək mükafatın verilməsi, həmçinin dünyanın mühüm regionlarından birində yaranan dostluq, həmrəylik və yeni əməkdaşlıq ruhunun aydın əməli təsdiqidir. Biz istənilən mübahisənin, münaqişənin yalnız beynəlxalq hüquq və mehriban qonşuluq əsasında siyasi və diplomatik vasitələrlə həllinin tərəfdarıyıq. Bu gün biz xalqımızın ümumi əmin-amanlığı və rifahını yalnız birlik, qarşılıqlı dəstək və tərəfdaşlıq vasitəsilə təmin edə bilərik. Böyük Şeyx Zayedin adını daşıyan bu mükafatın layiqli namizədlərə verilməsi faktı həmin əbədi həqiqəti bir daha aydın şəkildə sübuta yetirir.
Fürsətdən istifadə edərək, Birləşmiş Ərəb Əmirliklərinin rəhbərliyinin beynəlxalq arenada humanist təşəbbüslərin fəal şəkildə təşviqinə, dialoqun ardıcıl şəkildə gücləndirilməsinə, Əbu-Dabinin qlobal sülh mərkəzinə çevrilməsinə verdiyi olduqca dəyərli töhfəsinə görə təşəkkürümü bildirirəm. Əminəm ki, bu cür nəcib və mərhəmətli işlər beynəlxalq ictimaiyyətin sülhün və təhlükəsizliyin təmin edilməsinə yönəlmiş ümumi səylərinə yeni təkan verəcək. Sizə möhkəm cansağlığı, səadət və şərəfli fəaliyyətinizdə böyük uğurlar arzu edirəm.
Diqqətiniz üçün minnətdaram.
x x x
Baş nazir Məhəmməd Şahbaz Şərif:
-Bismillahir-rəhmanir-rəhim.
Zati-aliləri, xanımlar və cənablar.
Çox əziz qardaşım, Zati-aliləri Azərbaycan Prezidenti İlham Əliyevə nüfuzlu “Zayed İnsan Qardaşlığı Mükafatı”nın verilməsi münasibətilə ən səmimi təbriklərimi çatdırmaqdan olduqca məmnunam. Mərhum Şeyx Zayed bin Sultan Al Nəhyanın əbədi irsinə, onun sülhə, dinc birgəyaşayış ilə bağlı daim qəlbdə yaşayan baxışlarına böyük hörmətin əlaməti olaraq, bu mükafat Birləşmiş Ərəb Əmirliklərinin uzaqgörən rəhbərliyinin səylərini əks etdirir, bu ölkənin qlobal səviyyədə aparıcı diplomatiya mərkəzi olduğunu göstərir.
Xanımlar və cənablar, parçalanma və münaqişələr məngənəsində olan dünyada Prezident Əliyevin qətiyyətli və cəsarətli rəhbərlik keyfiyyətləri hər zaman görünüb, onun gələcəyə yönələn baxışları uzunmüddətli ziddiyyətləri kənara qoyaraq, Ermənistanla tarixi sülh sazişi əsasında sülhə yolun açılmasında, əmin-amanlığın gücləndirilməsində özünü büruzə vermişdir. Həmin olduqca mühüm razılaşma təxminən dörd onillik sürən münaqişəyə son qoydu və beləliklə, Zayed Mükafatının dərindən təşviq etdiyi insan qardaşlığının, həmrəyliyin, mərhəmətin, ortaq insani dəyərlərin əsl nümunəsini təcəssüm etdirir.
Xanımlar və cənablar, Pakistan ilə Azərbaycanı dərin kökləri olan qardaşlıq, qətiyyətli qarşılıqlı dəstək telləri bağlayır, xalqlarımızı çalışdıqları qlobal sülh, rifah və dayanıqlı inkişaf dəyərləri birləşdirir. Biz Prezident İlham Əliyevin müdrik və düşünülmüş rəhbərliyi ilə Azərbaycanın əldə etdiyi yüksək nailiyyətlərdən fəxr hissi duyuruq. O, Qafqazda və onun hüdudlarından kənarda sülh və sabitliyin qətiyyətli carçısı kimi tanınır. Pakistan həmin Sazişi nəinki Azərbaycan və Ermənistan, o cümlədən bütöv region üçün yeni əmin-amanlıq və dayanıqlı sülh dövrünün başlanğıcı kimi alqışladı.
Xanımlar və cənablar, mən əziz qardaşım, Prezident İlham Əliyevi bu nüfuzlu mükafatı alması münasibətilə bir daha təbrik edirəm. Ümidvaram və dua edirəm ki, uzaqgörən rəhbərinin səyləri ilə qardaş Azərbaycan xalqı uzunmüddətli sülhə, əmin-amanlığa və tərəqqiyə doğru addımlarını davam etdirsin.
Sağ olun.
x x x
Prezident Sadır Japarov:
-Hörmətli İlham Heydər oğlu Əliyev.
Hörmətli Nikol Vovayeviç Paşinyan.
Sizə 2026-cı il üzrə “Zayed İnsan Qardaşlığı Mükafatı” ilə təltif edilməyiniz münasibətilə səmimi təbriklərimi çatdırıram. Qırğız Respublikası 2025-ci il avqustun 8-də Vaşinqton şəhərində aranızda keçirilmiş görüşün nəticələrinə dair Birgə Bəyannamənin imzalanmasını xüsusi məmnuniyyət hissi ilə alqışladı. Bu, sadəcə, siyasi və diplomatik addım deyil, Cənubi Qafqazda davamlı sülhün, təhlükəsizliyin və qarşılıqlı etimadın gücləndirilməsinə xidmət edən həqiqətən də tarixi bir nailiyyətdir. Onu da xüsusi vurğulamaq istəyirəm ki, hörmətli İlham Heydər oğlu və hörmətli Nikol Vovayeviç görkəmli dövlət xadimliyinin, uzaqgörən liderliyin və siyasi məsuliyyətin ən yüksək səviyyəsini nümayiş etdirdilər. Qırğız Respublikası qəti şəkildə əmindir ki, ölkələriniz arasında münasibətlərin tam bərpası, ilk növbədə, hər iki xalqın mənafeyinə xidmət edir və davamlı sülhün güclü təməlini yaradır. Bu mənada biz sülh sazişinin ən qısa zamanda imzalanması istiqamətində Bakı və İrəvanın son vaxtlardakı səylərini tam dəstəkləyirik. Biz iki ölkə arasında qarşılıqlı etimadı gücləndirən və dayanıqlı sülh arxitekturasının yaradılmasına töhfə verən bu prosesin hərtərəfli dəstəklənməsinə hazırıq.
Qırğız Respublikası bu sahədə özünün tarixi təcrübəsinə xüsusi əhəmiyyət verir. Bu mənada onu da qeyd etmək istəyirəm ki, Qarabağda münaqişənin dayandırılması və insanların həyatının xilas edilməsi üçün 1994-cü ildə imzalanmış Bişkek Protokolu diplomatik praqmatizmin və məsuliyyətin vacib nümunəsi oldu.
Bildiyiniz kimi, Qırğız Respublikası qonşu dövlətlərlə sərhəd məsələlərini tədricən həll etdi. 2025-ci ildə Qırğızıstan, Tacikistan və Özbəkistan arasında olan sərhədin üç ölkəni birləşdirən hissəsinə dair razılaşma imzalandı. Uzun illər ərzində biz sərhəd məsələləri ilə bağlı çağırışları ardıcıl şəkildə həll etməyə çalışmışıq. Nəticədə bütün məsələlərin yalnız dostluq, mehriban qonşuluq, qarşılıqlı dəstək və qarşılıqlı etimad ruhunda həll edilməsi mümkün oldu. İnanıram ki, Azərbaycan və Ermənistan eyni şəkildə sülh münasibətlərinə nail olacaqlar və iki xalq arasında harmoniya, dostluq və firavanlıq naminə uzunmüddətli əməkdaşlığın möhkəm təməlini qoyacaqlar.
2026-cı il üzrə “Zayed İnsan Qardaşlığı Mükafatı”nın Münsiflər Komitəsinin hörmətli üzvləri, belə nəcib məqsəd naminə çalışaraq vacib missiyanın davamlı irəlilədilməsinə görə sizə dərin minnətdarlığımı bildirirəm. Sizin əhəmiyyətli fəaliyyətinizin sülhün gücləndirilməsi və qarşılıqlı anlaşmaya töhfə verməsi üçün davamlı olmasını diləyirəm. Arzu edirəm ki, fəaliyyətiniz dünya ictimaiyyətini həmrəylik, qarşılıqlı dəstək və insan ləyaqətinə hörmət kimi dəyərlər ətrafında səfərbər etsin.
x x x
Prezident Cosef Aun:
-Hörmətli qonaqlar.
Həm öz adımdan, həm də Livan xalqı adından Fələstin Rifah Təşkilatını "Zayed İnsan Qardaşlığı Mükafatı”na layiq görülməsi münasibətilə səmimi-qəlbdən təbrik edirəm. Məsuliyyətli inkişaf və humanitar fəaliyyət nümunəsi olan bu qurum fərqli proqramları vasitəsilə həm Fələstində, həm də Livandakı qaçqın düşərgələrində minlərlə fələstinlinin həyat şəraitinin yaxşılaşdırılmasına inkişaf və yardım sahələrində göstərdiyi böyük səylərlə misilsiz töhfələr vermişdir. Fələstin xalqının üzləşdiyi davamlı böhranlar və çətinliklər fonunda onların öz torpaqlarına və milli kimliklərinə bağlı qalmaq əzmini və mətanətini alqışlayıram. Bir daha vurğulayıram ki, Fələstin davasını dəstəkləyən və bu yolda böyük fədakarlıqlar edən Livan Yaxın Şərq probleminin 2002-ci il Beyrut Sammitində qəbul edilmiş "Ərəb Sülh Təşəbbüsü" çərçivəsində ədalətli, hərtərəfli və qalıcı həllindən başqa alternativ görmür.
Xanımlar və cənablar, eyni zamanda, Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyanı və Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri İlham Əliyevi Ermənistan və Azərbaycan arasındakı sülh təşəbbüsünün eyni mükafata layiq görülməsi münasibətilə təbrik etməkdən şərəf duyuram. Bu mükafat iki ölkə arasında uzunsürən münaqişəyə son qoyan və region xalqlarının daha təhlükəsiz gələcəyi üçün yeni sabitlik səhifəsi açan tarixi sülh sazişinin yüksək qiymətləndirilməsidir. Bu nailiyyət bir daha sübut edir ki, siyasi cəsarət səmimi iradə ilə birləşdikdə münaqişəni fürsətə, sülhü isə daimi seçimə çevirmək mümkündür.
Hörmətli qonaqlar, müqəddəs Papa XIV Leonun və Əl-Əzhər Şərifin şeyxi Əhməd Əl-Tayyibin xeyir-duaları ilə fəaliyyət göstərən müstəqil Zayed Beynəlxalq Mükafatının rəhbərliyi tərəfindən qaliblərin seçilməsi beynəlxalq səviyyədə yüksək etirafın göstəricisidir. Bu, sülhə və insan ləyaqətinə xidmət edən işlərin dərin bəşəri dəyərini təsdiqləyir.
Sonda bütün qalibləri bir daha təbrik edir, insan qardaşlığının dünyamızı daha ədalətli və dinc gələcəyə aparan bir körpü olaraq qalmasını arzulayıram.
x x x
Birinci xanım Əminə Ərdoğan:
-Bu məsuliyyəti cəsarətlə öz üzərinə götürənləri mükafatlandırmaqla, bəşəriyyətin vicdanının hələ də vahid olduğunu və firavan gələcəyin yalnız qardaşlıq ruhu ilə qurula biləcəyini bütün dünyaya elan edirik.
x x x
Kral II Abdullah:
-Mənim dostlarım.
İcazə verin, bəşəriyyətimizin ümumi dəyərlərinin bərqərar olunmasına sadiqliyi təcəssüm etdirən 2026-cı il üzrə “Zayed İnsan Qardaşlığı Mükafatı”nın təqdimatı kimi mühüm tədbirin təltif olunan hörmətli şəxslərinə və iştirakçılarına İordaniya xalqının səmimi salamlarını çatdırım.
Ermənistanla Azərbaycan arasında sülh sazişinin, həmçinin həmin razılaşmanı mümkün etmiş insanların və onların göstərdiyi çox böyük səylərin tanınması və qeyd edilməsində hamınıza qoşulmaqdan böyük şərəf hissi duyuram.
Zati-aliləri, əziz dostlarım, bu cür tarixi nailiyyət münasibətilə Sizi təbrik edirəm. Cəsarətli sülh seçimini etdiyinizə görə təbrik edirəm. Bu nailiyyət Sizin inanılmaz cəsarət və rəhbərlik keyfiyyətlərinizin nəticəsidir.
Uğurunuz onilliklər boyu davam etmiş münaqişəyə baxmayaraq, sülhün üstün tutulması mümkünlüyünün nümunəsidir.
O, bütün dünyadakı, xüsusən də bölgədəki insanlara ümid verir ki, onlar gələcəkdə sülh, təhlükəsizlik və sabitlik şəraitində yaşasınlar, övladlarını böyütsünlər, işləsinlər və inkişaf etsinlər.
Zati-aliləri, bilirəm ki, biz qarşılıqlı anlaşmanı təşviq etmək və uzunmüddətli sülhə nail olmaq üçün davamlı dialoqun vacibliyinə eyni şəkildə inanırıq. Biz hamımız insan qardaşlığının, yan-yana yaşamağın gücünə və bəşəriyyətin bir hissəsi kimi bütün millətlər, mədəniyyətlər və dinlərdən olan xalqlara hörmətlə yanaşmanın qüdrətinə qəti şəkildə inanırıq.
Həmin prinsipləri fəaliyyətdə nümayiş etdirdiyinizə görə Sizə minnətdaram. Sülhün həyatımız boyu hamı üçün əlçatan olması ümidini dünyaya verdiyinizə görə Sizə təşəkkür edirəm. Sağ olun.
x x x
Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə çıxış etdi.
Prezident İlham Əliyevin
çıxışı
-Biz əvvəlcə kimin çıxış edəcəyi barədə razılığa gəlməliyik.
Əlahəzrət, Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti, əziz qardaşım Şeyx Məhəmməd bin Zayed Al Nəhyan, münsiflər heyətinin üzvləri, xanımlar və cənablar.
İlk növbədə, bu mükafata görə münsiflər heyətinə dərin minnətdarlığımı bildirmək istəyirəm. Birləşmiş Ərəb Əmirliklərinin banisi, mərhum Şeyx Zayedin adını daşıyan bu mükafata layiq görülmək mənim üçün böyük şərəfdir. O, elə bir böyük lider idi ki, onun uzaqgörənliyi və fəaliyyəti BƏƏ-ni dünyanın ən firavan və ən uğurlu ölkələrindən birinə çevirmişdir.
Əziz qardaşım Şeyx Məhəmməd atasının inkişaf, tərəqqi və davamlı müasirləşmə siyasətini davam etdirir. Bu gün Birləşmiş Ərəb Əmirlikləri tarixi köklərinə möhkəm bağlı qalmaqla yanaşı, gələcəyə də inamla baxan, sülh və ahəngdar şəraitdə yaşayan bir cəmiyyətin necə qurulması baxımından həqiqətən də bir çox ölkələr üçün nümunədir.
Dinlərarası dialoqun inkişafına verdikləri töhfəyə, həmçinin sivilizasiyaların bir-birinə daha da yaxınlaşması istiqamətində göstərdikləri səylərə görə Əl-Əzhərin böyük imamı, doktor Əhməd Əl-Tayyibə və Roma Papası, Zati-müqəddəsləri Leoya dərin minnətdarlığımı bildirmək istəyirəm. Mərasimə ünvanladıqları xoş müraciətlərində bir daha Azərbaycan və Ermənistan arasında sülhün əhəmiyyətini vurğulayan bütün həmkarlarıma da minnətdarlığımı bildirirəm. Bu sülh təkcə iki ölkə üçün deyil, daha geniş region üçün də böyük əhəmiyyət kəsb edir. Biz 30 ildən artıq müddətdə müharibə şəraitində olmuşuq. İndi isə artıq altı aydır ki, sülh şəraitində yaşayırıq.
Dəfələrlə qeyd etdiyim kimi, biz sülh şəraitində yaşamağı öyrənirik. Sizə deyə bilərəm ki, bu, xüsusi bir hissdir. Biz müstəqillik əldə edəndən bəri heç vaxt sülh şəraitində yaşamamışıq və indi bunu sürətlə öyrənirik. ABŞ Prezidenti Donald Trampın Vaşinqtonda ev sahibliyi etdiyi tarixi Zirvə Görüşündən sonrakı altı ay tərəfdaşlıq, əməkdaşlıq və uzunmüddətli, dayanıqlı sülhə doğru irəliləyiş ayları olmuşdur.
Azərbaycan və Ermənistan arasında sülhün bərqərar olunmasına verdiyi töhfəyə görə Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampa da minnətdarlığımı bildirmək istəyirəm. O, 2025-ci il avqustun 8-də üçtərəfli Zirvə Görüşünə ev sahibliyi etmişdir. Həmin Zirvə Görüşünün nəticəsi olaraq Ermənistan və Azərbaycan arasında sülh sazişi paraflanmış, həmçinin Birgə Bəyannamə imzalanmışdır. Prezident Tramp şahid qismində həmin sənədi də imzalamış və bununla da üç onillikdən artıq davam edən qanlı və ölümcül münaqişəyə son qoyulmuşdur.
Qeyd etdiyim kimi, bu altı ay münasibətlərimizin inkişafı baxımından çox mühüm olmuşdur. Biz təkcə Azərbaycan ərazisindən Ermənistana yük daşımalarına qoyulmuş məhdudiyyətləri aradan qaldırmadıq, eyni zamanda, Ermənistana neft məhsullarının ixracına da başladıq. Yəni bu altı ay ərzində biz əməkdaşlığa başlamışıq. Hazırda ticarət əlaqələrimizi genişləndiririk. Bu səhər ermənistanlı həmkarımla görüşdüm və gələcək addımlarımızı müzakirə etdik.
Bugünkü mükafatlandırma mərasimi və hörmətli münsiflər heyəti ilə bütün dostlarımız tərəfindən səylərimizin qiymətləndirilməsi olduqca ruhlandırıcıdır. Mən hesab edirəm ki, bizim nümunəmiz öyrənilməli və hələ də müharibə vəziyyətində olanlar üçün yol xəritəsi kimi istifadə edilməlidir. Bizim nümunəmiz göstərir ki, uzunmüddətli münaqişəyə, əzablara və qarşılıqlı etimadsızlığa baxmayaraq, sülh mümkündür. Hər iki tərəfdən güclü siyasi iradə mövcud olduğu və həmin proses dost ölkələr və beynəlxalq ictimaiyyət tərəfindən dəstəkləndiyi halda, sülh mümkündür.
Əbu-Dabidə keçirilən bu mükafatlandırma mərasimi ilə bağlı qeyd edəcəyim son məqam odur ki, bu mərasim rəmzi məna daşıyır. Çünki Ermənistan ilə Azərbaycan arasında sonuncu danışıqlar raundu ötən ilin iyul ayında, tarixi Vaşinqton Sammitindən cəmi bir ay əvvəl məhz burada baş tutmuşdur. Əziz qardaşımız Şeyx Məhəmmədin dəstəyi ilə sülhün bərqərar olunması üçün son razılığa burada gəldik və həmin razılıq daha sonra Vaşinqtonda rəsmiləşdirilmişdir.
Bugünkü simvolizm havada hiss olunur. Bizi bu nüfuzlu mükafata layiq görənlərə, həmçinin sülhün əldə olunmasında əməyi keçən bütün şəxslərə bir daha dərin minnətdarlığımı bildirmək istəyirəm.
Çox sağ olun.
x x x
Sonra çıxış edən Ermənistanın Baş naziri Nikol Paşinyan vaxtilə belə bir nüfuzlu mükafatın Azərbaycan və Ermənistan liderlərinə veriləcəyini təsəvvür belə etməyin mümkün olmadığını xüsusi vurğuladı. O qeyd etdi ki, bu mükafatın verilməsi Ermənistanla Azərbaycan arasında münaqişənin artıq geridə qaldığını bir daha təsdiqləyir.
Ermənistanın Baş naziri bu mükafatı ölkələrimizə beynəlxalq ictimaiyyətin dəstək aktı kimi qiymətləndirdiyini bildirdi. O, çox nüfuzlu şəxslərdən ibarət münsiflər heyətinin bu qərarının regionda sülhün güclənməsinə daha da təkan verəcəyini qeyd etdi. Həmçinin xalqlarımız arasında əmin-amanlığın təmin olunması və etimada əsaslanması üçün səylərin davam etdiriləcəyini vurğuladı.
Baş nazir Nikol Paşinyan bir daha ABŞ Prezidenti Donald Trampa sülh sazişinin əldə olunmasına töhfə verdiyinə və bu istiqamətdə səylərini əsirgəmədiyinə görə xüsusi təşəkkürünü bildirdi. O, həmçinin mükafata görə BƏƏ-nin Prezidentinə də xüsusi minnətdarlığını ifadə etdi və bu mühüm tədbirin iştirakçılarına təşəkkürünü çatdırdı.
x x x
Daha sonra “Zayed İnsan Qardaşlığı Mükafatı”nın digər laureatları - əfqanıstanlı qadın hüquqları fəalı və tədqiqatçısı Zarqa Yaftalı və “Taavon” Fələstin təşkilatı adından Nabil Qaddumi çıxış etdilər.
Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan Azərbaycan Prezidenti İlham Əliyevə və digər laureatlara “Zayed İnsan Qardaşlığı Mükafatı”nı təqdim etdi.
Sonda birgə foto çəkdirildi.
x x x
Qeyd edək ki, Roma Papası XIV Leo və Əl-Əzhər Şərifin böyük imamı, Müsəlman Ağsaqqalları Şurasının sədri, professor Əhməd Əl-Tayyib “Zayed İnsan Qardaşlığı Mükafatı”nın laureatlarına təbrik məktubları ünvanlayıblar.
Roma Papası XIV Leonun məktubunda deyilir:
“Əziz qardaş və bacılar.
Böyük sevinclə və ümid dolu bir qəlblə Papa Fransisk və Böyük İmam Əhməd Əl-Tayyib tərəfindən İnsan Qardaşlığı haqqında Sənədin imzalanmasının 7-ci ildönümü və İnsan Qardaşlığı üzrə Dünya Günü münasibətilə Sizə ilk dəfə müraciət edirəm. Bu gün siz insanlığımız üçün ən dəyərli və ümumbəşəri olanı - qardaşlığımızı, Uca Tanrının surətində yaradılmış hər bir insanı birləşdirən o sarsılmaz bağı qeyd edirsiniz.
Bu gün qardaşlığa olan ehtiyac uzaq ideal deyil, təxirəsalınmaz bir zərurətdir. Biz hazırda saysız-hesabsız qardaş və bacılarımızın zorakılığın, müharibənin dəhşətlərindən əziyyət çəkdiyini görməzdən gələ bilmərik. Xatırlamalıyıq ki, “hər bir müharibənin ilk qurbanı insan ailəsinin qardaşlığa olan içdən gələn çağırışıdır” (Papa Fransisk, Fratelli Tutti ensiklik məktubu, 3 oktyabr 2020-ci il, §26). Birlikdə sülh qurmaq arzusu tez-tez “köhnəlmiş utopiya” kimi rədd edildiyi bir vaxtda (eyni mənbə, s.30) biz qətiyyətlə bəyan etməliyik ki, insan qardaşlığı bütün münaqişələrdən, fərqliliklərdən və gərginliklərdən güclü, yaşanabilən bir reallıqdır. Bu, hörmət, paylaşma və şəfqət prinsiplərinə sadiq qalaraq hər gün reallaşdırılması vacib olan potensialdır.
Bu mənada, mən Zayed Mükafatı Komitəsinin üzvlərinə ünvanladığım son müraciətimdə də vurğuladığım kimi, “sözlər kifayət deyil” (11 dekabr 2025). Ən dərin inanclarımız daimi olaraq real və əməli səylərlə inkişaf etdirilməlidir. Həqiqətən də “fikirlər və nəzəriyyələr səviyyəsində qalmaq, onları müntəzəm və praktik xeyriyyə fəaliyyətləri ilə ifadə etməyə nail olmamaq ən dəyərli ümidlərimiz və arzularımızın belə zəifləməsinə və solmasına səbəb olacaq” (Apostol Sərəncamı Dilexi Te, 4 oktyabr 2025, 119). Qardaş və bacılar kimi biz hamımız periferiyada qalmamalı, daha böyük mənəvi aidiyyət duyğusu ilə bir-birimizə yaxınlaşmalıyıq (müq. Fratelli Tutti, 95).
Biz bu gün “Zayed İnsan Qardaşlığı Mükafatı” vasitəsilə həmin dəyərləri “insan mehribanlığı və xeyriyyəçiliyin səmimi nümunələrinə” çevirənlərə ehtiramımızı izhar edirik (“Zayed İnsan Qardaşlığı Mükafatı” Komitəsinin üzvlərinə müraciət. 2026, 11 dekabr 2025). Bizim mükafatçılarımız - Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyev, Ermənistan Respublikasının Baş naziri Zati-aliləri cənab Nikol Paşinyan və xanım Zarqa Yaftali çox vaxt körpülər inşa etmək əvəzinə sədd çəkənlər dünyasında ümid saçanlardır. Onlar etinasızlığın asan yolunu deyil, həmrəyliyin çətin yolunu seçməklə hətta ən dərin köklü bölünmələrin belə konkret fəaliyyət nəticəsində aradan qaldırıla biləcəyini nümayiş etdirdilər. Onların fəaliyyəti sübut edir ki, qardaşlığın işığı qardaş qırğınının qaranlığı üzərində zəfər çala bilər.
Nəhayət, mən bu təşəbbüsə göstərdiyi davamlı dəstəyə görə Birləşmiş Ərəb Əmirlikləri Prezidenti Zati-aliləri Şeyx Məhəmməd bin Zayed Al Nəhyana minnətdarlığımı bildirir, həmçinin Zayed Komitəsinə onun baxışı və əxlaqi mövqeyinə görə təşəkkür edirəm. Gəlin, birlikdə işləməyə davam edək ki, qardaşlıq sevgisinin dinamizmi hər kəs üçün vahid yol olsun və “digərləri” sayılanlar artıq yad və ya təhlükə kimi deyil, bir qardaş və ya bacı kimi qəbul edilsin.
Uca Tanrının xeyir-duası hər birinizin və bütün bəşəriyyətin üzərində olsun”.
x x x
Əl-Əzhər Şərifin böyük imamı Əhməd Əl-Tayyib isə məktubunda yazır:
“Mərhəmətli və rəhmli Allahın adı ilə.
Həmd olsun Allaha. Rəbbimiz Allahın rəsulu Məhəmməd və onun ailəsinə, məsləkdaşlarına və onun bütün davamçılarına sülh və xeyir-dua olsun.
Əziz qardaşlar və bacılar.
Allahın salamı, rəhmi və bərəkəti üzərinizə olsun!
Dəyərlərin məsuliyyətə, ümidin isə reallığa qovuşduğu bu münasibətlə Beynəlxalq İnsan Qardaşlığı Gününün bu gün qeyd edilməsində Sizlərə qoşulmaqdan böyük sevinc hissi duyuram. Bu gün Birləşmiş Millətlər Təşkilatı tərəfindən insan qardaşlığının illik əsasla qeyd edilməsi günü kimi seçilib və 2026-cı il üzrə “Zayed İnsan Qardaşlığı Mükafatı”nın laureatlarının təltifi üçün fürsətdir. Bu gün həmin mükafat rəmzi tanınma məfhumunun hüdudlarını aşaraq, mənəvi istinadgaha çevrilərək, bütün xəliqəyə xatırladır ki, bəşəriyyət nə qədər də təlatümlərlə ağırlaşsa və ya mürəkkəb anlar onun gözü qarşısında qalxsa belə qəlblərin səmimi, məramların həqiqi, iradənin birləşdiyi təqdirdə özünün mənəvi imanı ilə rabitədə qalmağa qadirdir.
Yeddi il öncə bəşəriyyət Birləşmiş Ərəb Əmirliklərində həlledici və tarixi ana şahid oldu. O anlarda mən rəhmətlik qardaşım, Zati-müqəddəsləri Papa Fransiskə bu zəmanədə dünyanın durumu ilə bağlı dərin narahatlığımı bildirərək, yeni nəsillər üçün daha yaxşı gələcək naminə səmimi ümidlərimi bölüşdüm. Elə bir an yaranmışdır ki, zəmanə sanki süst görünən halda, Katolik Kilsə Rəhbəri və Əl-Əzhərin böyük imamı Əbu-Dabidə “İnsan Qardaşlığı Sənədi”nin imzalanmasına şahidlik ediblər. Bu sənəd hər yerdə insan şüuruna bir çağırış və aydın ismarış idi ki, dinlər özünün həqiqi mahiyyətində heç zaman münaqişə və ya qan tökülmə səbəbi olmayıb. Əksinə, dinlər şəfqət cövhəri, qovuşma körpüsü, insan ləyaqətinin qoruyucusu olub və bundan sonra da olacaqdır.
İnsan qardaşlığı nə mərasim münasibətilə söylənilən şüar, nə də ki, məclisvari toplantılarda oxunan moizədir. Əksinə, o, mənəvi öhdəliyin əbədi mübarizidir, sivilizasiya qarşısında məsuliyyətdir. Şüurlu seçim məhz dağıntılar əvəzinə tikib-yaratmağın məntiqinə, cəhalət və yer üzündən silinmə əvəzinə həyat və yaşam mədəniyyətinə əsaslanır. Münaqişələrin artdığı, yaraların dərinləşdiyi, ədavət və təcrid etmək səslərinin daha da ucaldığı bir dünyada ləyaqətlə, ehtiramla və şərəflə sınaqlardan keçmək üçün insan qardaşlığı vücudi zərurətə, insan həyatının təməl şərtinə çevrilir.
Bu gün sülhə can atan bütün tərəflərlə bir yerdə mən bu mükafata layiq görülmüş Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında tarixi sülh sazişini yüksək dəyərləndirir, onu məmnunluqla qəbul edirəm. Bu münasibətlə mən Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri İlham Əliyevi və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyanı təbrik edir, onlara deyirəm: Siz isbat etdiniz ki, insan dialoqu və səmimi məramlarla münaqişənin uzun səhifələrini bağlamaq, yanaşı yaşamaq üçün yeni üfüqləri açmaq, dünyanın bu cür nümunələrə böyük ehtiyacı olduğu zaman sülh quruculuğu üçün ilhamlandırıcı nümunə göstərmək mümkündür.
Mən, həmçinin qadınların səlahiyyətləndirilməsinin hər hansı qrupun tələbi deyil, cəmiyyətlərin inkişafı və gələcəyinin qorunması üçün həqiqi təməl sütun kimi öz qətiyyəti hesabına qadınların təhsili naminə Əfqanıstanda çalışmış hörmətli bacımız Zərgə Yəftəliyə təbriklərimi çatdırıram.
Eyni zamanda, mən Fələstində hər il bir milyondan artıq insanın həyatına yardım əlini uzadan “Taavon” Fələstin təşkilatına göstərdiyi məxsusi humanitar və inkişaf səylərinə görə təbriklərimi, sonsuz hörmət və ehtiramımı izhar edirəm. Həmin təşkilat məsuliyyətli humanitar fəaliyyətdə özünü doğrultmuş nümunədir və elə bir qurumdur ki, nəinki ağrı-acıları dayandırmağa çalışır, o cümlədən ləyaqəti qoruyur, müqaviməti saxlayır, insanlara öz torpağında möhkəm dayanmasına imdad verir və nəhayət, onların yaşadığı ağır şəraitə, mürəkkəb çətinliklərə baxmayaraq, həyata və ümidə qəti şəkildə inamını qoruyub saxlayır. Bu münasibətlə xeyirxahlıq və dinclik sevdasını yaşayan hər kəsə çağırış edirəm ki, əliyalın Fələstin xalqına, xüsusən də, hələ də üzləşdikləri ağır şəraitdə olan Qəzza insanlarına dəstək verin.
Bu gün burada - Əbu-Dabinin Təsisçilər Memorialında eyni mərasim çərçivəsində həmin üç nümunənin bir araya gəlməsi bütün dünyaya mənalı ismarışdır: insan qardaşlığı nə coğrafi, nə də ki, tarixi hüdud tanıyır, dardüşüncəli hesablamalara sığmır və irqindən, dinindən, yaxud dərisinin rəngindən asılı olmayaraq, tək və vahid insan məxluquna köklənir.
Böyük insani mahiyyət daşıyan bu münasibətlə mən sülhün yalnız əxlaqi dəyərlərlə qorunub saxlanılmasını, onun yalnız müdriklik, dözümlülük və dinc yanaşı yaşamağa əsaslanmasını bir daha vurğulayaraq, insan qardaşlığı prinsiplərinə qəlbən inamı olan, səmimi himayəsi və qəti dəstəyi ilə seçilən Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti, əziz qardaşım Əlahəzrət Şeyx Məhəmməd bin Zayed Al Nəhyana dərin təşəkkürümü bildirməkdən məmnunam. Mən, həmçinin dünya xalqlarına ümid ismarışı gətirən, həmin ali insan dəyərlərini təcəssüm etdirən şəxsləri seçməkdə vaxtını və əməyini sərf etmiş “Zayed İnsan Qardaşlığı Mükafatı”nın münsiflər heyətinə səmimi minnətdarlığımı bildirirəm. Mən bu mükafatı insan şüuruna aid qlobal platformaya çevirmiş, səmimi səylərini göstərmiş və yorulmadan çalışmış, mükafat üzərində işləmiş heyəti və xüsusən də Müsəlman Ağsaqqalları Şurasının baş katibi Məhəmməd Əbdülsalamı ayrıca qeyd etmək istəyirəm.
Yekunda bu gün verdiyimiz ismarış təntənəli mərasimdən yararlanmaq deyil, bütöv bəşəriyyətə səmimi çağırışdır: hamının aydın gördüyü dünyadakı durum haqqında yenidən düşünmək, insanların özünəməxsusluğunu qoruyaraq, bir araya gələrək, ümumi yolda insan qardaşlığı qurmaq, dünyada gələcəyi zorla deyil, anlaşma ilə yaratmaq, sabahı ədavətlə deyil, şəfqət və mərhəmətlə qarşılamaq, yanında olan insan məxluqunu mövcudluqda rəqib deyil, düzgünlük naminə ömür yoldaşı kimi görmək zəruridir.
Diqqətinizə görə təşəkkür edirəm, Allah-taaladan sizlərə sülh, mərhəmət və xeyir-dua diləyirəm”.
Sabaha-inamla.az

Baxış sayı: 77
Bölməyə aid digər xəbərlər

3-02-2026, 12:37
İlham Əliyevin Əbu-Dabidə Müsəlman Ağsaqqalları Şurasının baş katibi ilə görüşü olub
1-02-2026, 20:58
ABŞ-də saxlanılan azərbaycanlı alim sərbəst buraxıldı
29-01-2026, 22:30
Leyla Əliyeva İsveçrədə Qretel Agilar ilə görüşdü - Fotolar
28-01-2026, 00:09
İlham Əliyev Sumqayıt Sənaye Parkında güzgü vərəqələrin istehsalı zavodunun açılışında iştirak edib
22-01-2026, 19:00
İlham Əliyevlə Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın görüşü olub
21-01-2026, 17:49
İlham Əliyev Davosda “Azərbaycan rəhbərliyi ilə səhər yeməyi” adlı tədbirdə iştirak edib
20-01-2026, 15:30
Medianın İnkişafı Agentliyinin nümayəndələri 20 Yanvar - Ümumxalq Hüzn Günü ilə əlaqədar Şəhidlər xiyabanını ziyarət ediblər
20-01-2026, 12:36
20 Yanvar faciəsindən sonra müstəqillik ideyası ümummilli məqsədə çevrildi-Könül Nurullayeva
13-01-2026, 11:45
Kamran Əliyev: "Azərbaycanla Ermənistan arasında ABŞ-də əldə edilən razılaşma mühüm nailiyyətdir"
13-01-2026, 11:17
Xızı-Abşeron” kimi layhələr Azərbaycana enerji bazarında rəqabət üstünlüyü qazandırır-Könül Nurullayeva
11-01-2026, 10:55
Vüqar Rəhimzadə: "Prezident İlham Əliyevin müsahibəsi gələcəyimizlə bağlı strateji yanaşma və yol xəritəsidir"
6-01-2026, 19:03
Leyla Əliyeva Omanda məsciddə - Fotolar
6-01-2026, 18:47
İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib
25-12-2025, 13:51
İlham Əliyev Ağdamda 2-ci yaşayış kompleksinin açılışında iştirak edib və buraya köçən sakinlərlə görüşüb
24-12-2025, 10:46
Putin İlham Əliyevi ad günü münasibətilə təbrik etdi
23-12-2025, 13:13
Yeni reallıqlar və milli inkişaf strategiyası
21-12-2025, 12:57
Namiq MƏMMƏDLİ Prezidentin təsis etdiyi yubiley medalı ilə təltif edildi-CƏNAB PREZİDENTƏ TƏŞƏKKÜR EDİRƏM!
12-12-2025, 21:55
Prokurorluq əməkdaşları anım günü ilə bağlı Fəxri Xiyabanı ziyarət edib
12-12-2025, 17:38
Rəsmilər Fəxri xiyabanda - Fotolar
12-12-2025, 17:07
İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət ediblər
5-12-2025, 22:57
Baş prokuror Sumqayıt şəhərində vətəndaşları qəbul edib
4-12-2025, 20:54
Almaniya Kansleri İlham Əliyevə zəng etdi
27-11-2025, 17:09
İlham Əliyev “AZWOOL” mineral daş yunu zavodunun açılışında iştirak edib
25-11-2025, 23:08
Baş prokuror Rumıniyada işgüzar səfərdədir
25-11-2025, 19:16
Prezident Fərman imzaladı
24-11-2025, 20:38
Leyla Əliyeva Qaradağda yeni parkın açılışında - Fotolar
21-11-2025, 20:23
“Dialoqun, əməkdaşlığın və regional həmrəyliyin təşviq edilməsi” mövzusunda D-8 Media Forumunun iştirakçılarına
20-11-2025, 12:28
Hərbi Prokurorluq Daxili Qoşunlarda dəyirmi masa keçirdi - Fotolar
18-11-2025, 23:16
Zəngəzur dəhlizi üzrə görülən işlərlə tanış oldular - Fotolar
16-11-2025, 10:27
İlham Əliyev Daşkənddəki Konqres Mərkəzinə gəlib
15-11-2025, 21:30
İlham Əliyev Daşkənddə İslam Sivilizasiyası Mərkəzi ilə tanış olub
12-11-2025, 20:01
İlham Əliyev Naxçıvanda Prezidentin yeni səlahiyyətli nümayəndəsini və bir sıra rayonların icra hakimiyyətlərinə təyin olunan başçıları qəbul edib
6-11-2025, 20:57
Ordumuz Zəfər paradına hazırdır - Video - Fotolar
4-11-2025, 17:08
Azərbaycan nümayəndə heyəti Buxarestdə Ulu Öndər Heydər Əliyevin büstünü ziyarət edib
3-11-2025, 17:07
“Əminəm ki, Azərbaycan alimləri bundan sonra da ölkəmizin uğurlu inkişafına öz töhfələrini verəcəklər”
3-11-2025, 16:56
“Desəm ki, vəziyyət məni tam qane edir, əlbəttə ki, səmimi olmaram”
31-10-2025, 17:34
Hikmət Hacıyev Zəngəzur dəhlizindən son görüntüləri paylaşdı - Video
28-10-2025, 22:53
Prezidentdən Türkiyənin milli bayramı ilə bağlı paylaşım - Foto
20-10-2025, 20:00
İlham Əliyev Qazaxıstana dövlət səfərinə gəlib
18-10-2025, 11:06
“Ölkəmizdəki sülh və əmin-amanlıq əbədi olsun!” - Mehriban Əliyeva
17-10-2025, 20:05
Mehriban Əliyeva Roma Papası ilə görüşdü - Fotolar
16-10-2025, 23:10
Mehriban Əliyeva qızları və gəlini ilə Vatikanda açılışda - Fotolar
16-10-2025, 14:43
İlham Əliyev Misirin ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib