21:57 / 23-11-2024
"Bloomberg": Mask yenə planetin ən zəngin adamıdır
21:36 / 23-11-2024
Milli Məclisin Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs Qrupu bəyanat yayıb
21:30 / 23-11-2024
Xumar Qədimovanın yeni “Ay”ı... - Video
21:26 / 23-11-2024
Litvada 2,5 mindən çox NATO əsgəri yerləşdirilib
21:17 / 23-11-2024
Karine Jean-Pierre G20 sammitində rusiyalı jurnalistlərin suallarını cavablandırmaqdan imtina edib
20:59 / 23-11-2024
"Yle": Finnair pilotların tətili səbəbindən təxminən 300 uçuşu ləğv etdi
20:54 / 23-11-2024
Zalujnı hesab edir ki, Rusiya Silahlı Qüvvələri 2027-ci ildə cəbhəni yarıb keçəcək
20:46 / 23-11-2024
Qaz partlayışı nəticəsində bir nəfər xəsarət alıb
20:43 / 23-11-2024
Putin miqrantların sənədlərinin saxtalaşdırılmasına görə 60 milyon rubla qədər cərimələr haqqında qanun imzalayıb
20:34 / 23-11-2024
Fransanın xarici işlər naziri Borro: "Ukraynanın Rusiya Federasiyasına SCALP raketləri atmaq hüququ var"
20:28 / 23-11-2024
HƏMAS bildirir ki, Qəzzanın şimalında israilli girov ölüb
20:23 / 23-11-2024
Zaxarova: "Paris Kiyevi dəstəkləmir, amma bitirir"
20:20 / 23-11-2024
Bir nəfər yaşıl metro xəttinin üzərinə yıxılıb
20:17 / 23-11-2024
Zelenski: Ukraynada 300-dən çox liman infrastrukturu obyekti zədələnib
20:11 / 23-11-2024
Bir qrup şəxs təltif olundu - Siyahı
20:07 / 23-11-2024
Prezidentdən elektrik enerjisi və su təchizatı ilə bağlı - Fərman
19:59 / 23-11-2024
Yüksək vəzifəyə təyin edilən Xəyyam Məmmədov kimdir?
14:26 / 23-11-2024
Şeyx Portuqaliyaya gedir
14:20 / 23-11-2024
Rusiyanın Qırğızıstandakı səfiri əmək miqrasiyası məsələsini kəskin, lakin çox vacib adlandırıb
14:16 / 23-11-2024
Abxaziya İttifaq dövlətinin vahid valyutasının sınaqdan keçirilməsini təklif edib
14:13 / 23-11-2024
"Yabloko" Şlosberqin saxlanmasının səbəbini açıqlayıb
14:08 / 23-11-2024
Peskov: "Qərbdə söz azadlığı yoxdur, son illərin hadisələri bunu göstərir"
14:03 / 23-11-2024
Ovçu silahını boşaldarkən ovçuya atəş açıb
13:57 / 23-11-2024
Həkimlər bir yeniyetmənin sidik kisəsindən 46 maqnit top çıxarıblar
13:52 / 23-11-2024
"Qazprombank" UnionPay kartlarının Türkiyədə qəbulu dayandırılıb
13:46 / 23-11-2024
Bastrıkin qızın döyülməsindən sonra cinayət işinin açılmasını əmr edib
13:40 / 23-11-2024
Qırğızıstan-Rusiya Slavyan Universiteti 15 min nəfərlik kampus tikəcək
13:37 / 23-11-2024
"Bloomberg": Avropa növbəti enerji böhranı ilə üz-üzədir, qazın qiyməti 45% artıb
13:02 / 23-11-2024
70 kq qızılla tutulan diplomat bu səfirlikdə işləyir - Bakıya gətirildi
12:58 / 23-11-2024
Azərbaycanda zəlzələ oldu
22:33 / 22-11-2024
Prezidentdən nazirlə bağlı - Sərəncam
22:20 / 22-11-2024
İsrailli nazir Bakıda Aqarunovun məzarını ziyarət etdi - Fotolar
21:58 / 22-11-2024
Laosda 6 turist metanoldan zəhərlənib
21:26 / 22-11-2024
Putin: "Oreşnik zərbəsinin təsiri strateji silahla müqayisə oluna bilər"
21:01 / 22-11-2024
Zaxarova amerikalı senatorun Hollandiyanı işğal etmək çağırışına cavab verib
20:44 / 22-11-2024
Livanın cənubundakı UNIFIL bazasına raket zərbələri endirilib, nəticədə dörd italyan sülhməramlısı yaralanıb
20:28 / 22-11-2024
"Guardian": Rusiyanın yeni "Oreşnik" raketi Avropadakı hədəflərə çata bilər
20:23 / 22-11-2024
Vladimirdə kütləvi davanın 4 iştirakçısı həbs edilib
20:13 / 22-11-2024
Bir şagirdin telefonu dərs zamanı yanıb
Süleyman İsmayılov: Davamlı islahatlar davamlı qələbələrə aparan yoldur
Tarix: 08-02-2019 20:35 | Bölmə: Gündəm
Trend.Az.
Əvvəli burada
2-ci hissə
Təkliflər vətəndaş istəyindən yaranır
Vətəndaşların cəmiyyət qarşısında məsuliyyətinin və vətəndaşlıq mövqeyinin göstəricisi olan təkliflər həmişə böyük maraq doğurduğundan onlar ətraflı təhlil edilir, öyrənilir və məqsədəuyğun hesab edildikdə, aidiyyəti qurumlarla birlikdə baxılır.
Təkliflərin müxtəlif mövzuları əhatə etməsi vətəndaşların fəallığını, respublikada baş verən proseslərə, tarixi keçmişimizə və gələcəyimizə biganə qalmadıqlarını, bu proseslərdə yaxından iştirak etmək arzularını əks etdirir.
Əvvəlki illərdə olduğu kimi, keçən il də daxil olan təkliflərin xeyli hissəsi ulu öndər Heydər Əliyevin adının daha geniş əbədiləşdirilməsi barədə olmuşdur və bu təkliflər ona olan tükənməz xalq məhəbbətinin bariz nümunəsidir. Belə müraciətlər Ümummilli Liderimizin adına yeni parkların salınması, müxtəlif mükafatların təsis edilməsi və sair məsələlər barədədir.
Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü və dəstəyi sayəsində UNESCO-nun qərarı ilə Bəşəriyyətin Qorunan Maddi Mədəni İrs üzrə Siyahısına salınmış kamança ifaçılığı sənətinin təbliği, həmçinin kamança alətinin istehsalının genişləndirilməsi, vaxtilə Azərbaycandan aparılmış və hazırda dünyanın müxtəlif yerlərində saxlanılan maddi mədəniyyət nümunələrinin və sənədlərin tapılıb Vətənimizə qaytarılması üçün görülən xeyirxah işlərin davam etdirilməsi barədə yazılanlar maraq doğuran təkliflərdəndir.
İctimai-siyasi məsələlərə də öz münasibətini bildirən vətəndaşlar Azərbaycanda sosial şəbəkələrdə yol verilən, ölkənin, xalqın imicinə xələl gətirən, bəzən bütün etik və siyasi davranış qaydalarını pozan şəxslərə qarşı sərt tədbirlər görülməsini tələb edir, televiziya proqramlarında xalqımızın milli-mənəvi dəyərlərinə uyğun gəlməyən verilişlərin qarşısının alınmasına dair təklif, fikir və düşüncələrini bildirirlər. Bu məzmunda olan çoxsaylı müraciətlər ölkə Prezidenti cənab İlham Əliyevin hüquq mühafizə orqanları rəhbərlərinin iştirakı ilə 2018-ci il iyulun 13-də keçirdiyi iclasda dediyi fikirləri bir daha təsdiq edir: “Bizə qarşı çirkin kampaniyalar aparılır, qarayaxma, şər-böhtan kampaniyaları. Yalan, iftira üzərində qurulmuş bu kampaniyaların heç bir səmərəsi olmur. Azərbaycan xalqı bu yalanlara, bu böhtanlara inanmır. Azərbaycan xalqı öz rəhbərliyinə inanır”.
Təhsil, səhiyyə və sosial məsələlərlə bağlı təkliflərdə vətəndaşlar bu sahələrin inkişafı barədə öz mülahizələrini və arzularını bildirir, o cümlədən ölkə üzrə "Yeni məktəb modeli necə olmalıdır" adlı müsabiqə elan edilməsini, orta təhsil sistemində aparılan islahatların davam etdirilməsini, həmçinin müəyyən kənd məktəblərinin təmiri və daha müasir avadanlıqlarla təmin olunmasını, icbari tibbi sığorta hesabına müalicə ediləcək xəstəliklərin siyahısının və proqramın tətbiq dairəsinin daha da genişləndirilməsini təklif edirlər.
Vətəndaşlar ölkədə aparılan quruculuq işlərinə uyğun olaraq təkliflərinin yaşadıqları əraziləri daha da gözəlləşdirəcəyinə əmindirlər. “Sovetski” adlanan ərazidə aparılan yenidənqurma işləri hər bir Bakı sakininin ürəyincədir. Vətəndaşlar burada müasir parkların, geniş yolların salınmasına sevindiklərini, belə abadlıq işlərinin başqa yerlərdə də aparılmasını arzuladıqlarını bildirirlər. Nərimanov rayonunun Təbriz küçəsində, Xəzər rayonunun Buzovna qəsəbəsində və başqa yerlərdə aparılan abadlıq və yenidənqurma işlərində milli arxitektura ənənələrindən istifadə edilməsi barədə fikirlər də maraq doğurur.
Bundan başqa, Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən Milli qəhrəmanların və şəhidlərin, görkəmli şəxslərin və mədəniyyət xadimlərinin xatirəsinin əbədiləşdirilməsi, müxtəlif şəhər və rayonlarda yeni salınmış küçə və massivlərə onların adlarının verilməsi barədə fikirlər və təkliflər də az deyil.
Kənd təsərrüfatına aid müraciətlərdə arıçılığın inkişafı, bal və bal məhsullarının satışı yarmarkalarının ilboyu təşkili, həmin məhsulların xarici bazarlara çıxarılması üçün müvafiq tədarük və satış mərkəzlərinin yaradılması, kənd təsərrüfatında müasir texnologiyaların tətbiqinin davam etdirilməsi, emal müəssisələrinin sayının daha da artırılması barədə təkliflər diqqəti cəlb edir.
Ekologiya məsələlərinə aid müraciətlərdə şoranlaşmış torpaqların bərpasının, ekoloji mühitin tənzimlənməsinin, Xəzər dənizində çirklənmənin qarşısının alınmasının, dənizin fauna və florasının qorunmasının davam etdirilməsi barədə fikir və mülahizələr bildirilir.
Cənab Prezidentin idman sahəsində apardığı uğurlu siyasət nəticəsində qazanılan nailiyyətlərdən bəhs edilən müraciətlərdə məcburi köçkünlər üçün salınan şəhərciklərdə idman məktəblərinin və idman zallarının fəaliyyəti barədə fikirlər yer alır.
Vətəndaşlar bəzi ucqar kəndlərdə gənclərin asudə vaxtını daha səmərəli keçirmələri üçün əlavə istirahət yerlərinin açılması, mədəniyyət ocaqlarının, tibb məntəqələrinin səmərəli fəaliyyəti üçün daha yaxşı şərait yaradılması barədə yazırlar.
Təkliflərin bir qismində “ASAN xidmət” mərkəzlərinin fəaliyyətinin daha da genişləndirilməsi barədə fikirlər səsləndirilir.
Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasında və fəaliyyətində yaxından iştirak etmiş görkəmli siyasi xadimlərin, bu işdə xüsusi xidmətləri olan ziyalılarımızın xalqa daha yaxşı tanıdılması, xatirələrinin yaşadılması da verilən təkliflər sırasındadır.
Vətəndaşlarımız əmin ola bilərlər ki, cəmiyyətin inkişafına xidmət edən təkliflər bundan sonra da diqqət mərkəzində olacaqdır.
Vətəndaş müraciətlərinin əsas devizi: “Sizə inanırıq, cənab Prezident!”
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ölkə vətəndaşlarının gündəlik qayğı və problemlərinin həlli, insanların həyat şəraitinin, güzəranının yaxşılaşdırılması, onların daha yaxşı yaşamasına imkan verən sosial infrastrukturun yaradılması, yeni enerji mənbələrinin istifadəyə verilməsi, bir sözlə, enerji, ərzaq və müdafiə təhlükəsizliyinin daha da gücləndirilməsi, ekoloji problemlərin aradan qaldırılması üçün dövlətdən asılı olan bütün işləri görməklə yanaşı, dövlət orqanlarından və bu orqanlarda çalışan hər bir vəzifəli şəxsdən vətəndaşların müraciətlərinə diqqətlə yanaşılmasını tələb edir, bu sahədə özü onlara nümunə göstərir, respublikanın bütün bölgələrində, eləcə də Bakı şəhərində keçirilən tədbirlərdə vətəndaşların problemlərini öyrənir, onların həlli üçün konkret tapşırıqlar verir.
Vətəndaşların müraciətlərinə baxılmasının əsas prinsipləri, müvafiq Qanunda göstərildiyi kimi,qanunçuluğun tətbiqi, vətəndaşların müraciət hüququnun sərbəst və könüllü həyata keçirilməsinə şərait yaradılması, müraciətlərə dair tələblərin vahidliyi, fiziki və hüquqi şəxslərin hüquqlarının və qanuni mənafelərinin qorunması, müraciətlərə baxılmasında ayrı-seçkiliyə və süründürməçiliyə yol verilməməsi, müraciətə baxan subyektlərin və onların vəzifəli şəxslərinin fəaliyyətində şəffaflığın təmin edilməsi, vətəndaşların müraciət etmək hüququ ilə dövlət maraqlarının uzlaşdırılmasıdır. Ölkə Prezidentinin bütün dövlət qurumlarından və vəzifəli şəxslərdən tələbi budur ki, həmin prinsiplər daim rəhbər tutulsun.
2018-ci ildə Prezident Administrasiyasına daxil olmuş müraciətlərin 69 faizi ərizə, 30,7 faizi şikayət, 0,3 faizi təklifdir. 2017-ci illə müqayisədə şikayətlərin faizi azalmışdır.
2018-ci ilin ictimai hadisələrlə zəngin olması, ən başlıcası, növbədənkənar prezident seçkiləri nəticəsində vətəndaşların ictimai-siyasi fəallığının artması müraciətlərin sayında da özünü göstərmişdir. Vətəndaşlar Azərbaycan Respublikası Prezidentinə və onun Administrasiyasına müraciət edərkən bu müraciətlərə mütləq baxılacağına və qanuna uyğun tədbirlər görüləcəyinə əmindirlər. Müraciətlərin hansı mövzuda, nədən yazılmasından asılı olmayaraq, onların hamısının əsas devizi ölkə Prezidentinə inamın ifadəsidir və vətəndaşların yekdil rəyini belə ifadə etmək olar: “Sizə inanırıq, cənab Prezident!”.
Cənab Prezidentin yerlərdə keçirdiyi görüşləri izləyərkən onun vətəndaşların problemlərinə göstərdiyi həssas münasibət və həmin problemlərin vaxtında həll edilməsi barədə verdiyi tapşırıq və tövsiyələr diqqəti cəlb edir. Yeni ilin ilk günlərindən ölkə Prezidentinin regionlara səfərləri davam etmiş və bu səfərlərin hər biri məhz vətəndaşların qaldırdıqları problemlərin həllinə xidmət etmişdir. Dövlət başçısı bu il yanvarın 14-də Qaradağ rayonunun Qobustan qəsəbəsində Mərkəzi Xəstəxananın açılışı mərasimində iştirak edərkən bu xəstəxananın bir neçə il əvvəl qəsəbədə olarkən ona edilən müraciət əsasında plana salındığını, bu məqsədlə vəsait ayırdığını, indi isə onun açılışında iştirak etdiyini və bundan məmnunluq duyduğunu vurğulayaraq demişdir: “Bu gün bu gözəl xəstəxana, ilk növbədə, bizim siyasətimizi əks etdirir. Onu göstərir ki, insan sağlamlığı bizim üçün ən başlıca məsələlərdən biridir, digər tərəfdən onu göstərir ki, yerlərdən, vətəndaşlardan gələn hər bir təklifə baxılır və imkan daxilində bu təkliflər təmin edilir, onlar yerinə yetirilir. Bu canlı təmas, hesab edirəm ki, bizim uğurlarımızın təməlində dayanan ən vacib amillərdən biridir və mənim vətəndaşlarla müntəzəm görüşlərim, rayonlara səfərlərim, - təkcə keçən il 24 rayona səfər etmişəm, - Bakı qəsəbələrinin problemlərinin həlli ilə bağlı atılan addımlar və yerlərdən gələn təkliflərə müsbət yanaşılması bizim uğurlu inkişafımızı təmin edir”.
Cənab Prezident ölkənin dinamik inkişafından danışaraq qeyd edir ki, bu gün Azərbaycan dünya miqyasında seçilən o ölkələrdəndir ki, burada iqtisadi, sosial və bütün başqa məsələlər uğurla öz həllini tapır, o cümlədən səhiyyəyə göstərilən diqqət sayəsində son 15 ildə ölkəmizdə 600-dən çox xəstəxana və tibb müəssisəsi tikilmiş, yaxud təmir edilmişdir. Yaxın gələcəkdə Azərbaycanda elə bir şəhər olmayacaq ki, orada ən müasir tibb mərkəzi olmasın.
Prezident Administrasiyasına daxil olan müraciətlərin coğrafiyasının təhlili göstərir ki, onların sayı əvvəlki illə müqayisədə Bakı şəhərinin bəzi rayonlarından, Gəncə, Mingəçevir, Naftalan, Şəki, Yevlax, Ağcabədi, Ağdam, Ağdaş, Ağstafa, Ağsu, Beyləqan, Bərdə, Cəbrayıl, Gədəbəy, Hacıqabul, Xızı, İmişli, Kəlbəcər, Kürdəmir, Laçın, Neftçala, Oğuz, Saatlı, Şamaxı, Şəmkir, Zəngilan, digər şəhər və rayonlardan artmışdır.
Vətəndaşların müraciətlərinin coğrafiyası, mövzusu, növləri ilə yanaşı, hər 1000 nəfərə düşən müraciətlərin sayı da böyük önəm daşıyır və bu göstərici yerlərdə vətəndaş müraciətlərinin dinamikası və ümumi vəziyyəti barədə daha aydın təsəvvür yaradır. 2018-ci ildə əhalinin hər 1000 nəfərinə düşən müraciətlərin sayı Bakının Xətai, Xəzər və Sabunçu rayonları, Mingəçevir, Naftalan, Ağcabədi, Ağdam, Ağsu, Astara, Beyləqan, Bərdə, Cəbrayıl, Gədəbəy, Göygöl, İmişli, Kəlbəcər, Laçın, Saatlı, digər şəhər və rayonlarda daha yüksək olmuşdur.
Müraciətlərin ümumi sayının bir qədər artmasını həm də onunla izah etmək olar ki, indi internet şəbəkəsinin gündən-günə genişlənməsi Prezidentin rəsmi saytı, həmçinin bütün mərkəzi və yerli icra hakimiyyəti orqanlarının saytları vasitəsilə vətəndaşların eyni vaxtda eyni məzmunlu müraciətlərlə bir neçə ünvana elektron formada müraciət etməsinə imkan verir və onlar bu imkandan daha geniş yararlanırlar.
Müraciətlərin mövzularına nəzər saldıqda isə daha çox sosial müdafiə, dövlət qulluğu, hüquq mühafizə orqanlarının fəaliyyəti, o cümlədən əfv məsələləri, habelə mənzil, şəhərsalma və tikinti, nəqliyyat, maliyyə və bank, bələdiyyələrin fəaliyyəti və digər məsələlər üstünlük təşkil edir.
Ümumiyyətlə, 2018-ci ildə daxil olan müraciətlərin ümumi sayının vətəndaşlar üçün vacib olan bir çox mövzular üzrə azaldığını xüsusi qeyd etməliyik. Bunlar dövlət quruculuğu və qanunvericilik, sənaye, iqtisadiyyat və sahibkarlığın inkişafı, korrupsiya ilə bağlı məsələlər, şəhər, rayon İHB aparatlarının fəaliyyəti, kənd təsərrüfatı məsələləri, o cümlədən kənd təsərrüfatı üçün kreditlərin və torpaq sahələrinin ayrılması, subsidiyaların verilməsi, məhsulların tədarükü, emalı və satışı, meliorasiya və su təsərrüfatı məsələləri, habelə ipoteka və fərdi kreditlərin verilməsi, xaricdə təhsil, test imtahanları, təhsil haqqı və köçürmələr, diplomların verilməsi və tanınması, gənclik və idman, informasiya resursları və onların təhlükəsizliyi, ekologiya, yaşıllıqların və meşələrin mühafizəsi, müdafiə, orduya çağırış, hərbi qulluqçuların sosial müdafiəsi, əmək mübahisələri və işdən çıxarılma, əməkhaqqı, işlə təmin olunma, istilik təchizatı, elektrik sayğaclarının quraşdırılması, sosial mənzillə təmin olunma, fərdi yaşayış evlərinin qiymətləndirilməsi və kompensasiyaların verilməsi, qaçqınlar və məcburi köçkünlərlə bağlı məsələlər, yerli orqanlarda vətəndaşların qəbulu və müraciətlərə baxılması, miqrasiya və sair məsələlərdir.
Əvvəlki ilə nisbətən şikayətlərin az daxil olduğu sahələrdən biri vətəndaşlarımız üçün çox aktual olan təhsil məsələləridir və bunun üzərində bir qədər ətraflı dayanmaq lazım gəlir. Son illər bu sahədə aparılan ciddi struktur islahatları və təhsilin keyfiyyətini yüksəltmək üçün həyata keçirilən dəyişikliklər nəticəsində bu mövzuda müraciətlərin artımı müşahidə olunurdusa, islahatların tədricən başa çatması artıq öz bəhrəsini verməkdə və bununla bağlı müraciətlər azalmaqdadır.
Təhsili gənc nəsil üçün əsas istiqamət kimi müəyyən edən cənab Prezident 2019-cu il fevralın 1-də Azərbaycan Gəncləri Günü münasibətilə keçirilən respublika toplantısında demişdir: “...bugünkü dünyada bilik, savad ön plandadır. Bu gün dünya o qədər sürətlə inkişaf edir, texnologiyalar o qədər sürətlə qabağa gedir ki, bilik, savad olmadan həyatda öz layiqli yerini tapmaq çox çətindir”.
2018-ci ildə Təhsil Nazirliyi tərəfindən bir sıra vacib tədbirlər həyata keçirilmiş, ölkə Prezidentinin təşəbbüsü ilə 43 regionda 8120 şagird yerlik 140-dan çox modul tipli məktəb quraşdırılmış və qəzalı vəziyyətdə olan bir çox kənd məktəblərinin problemləri həll edilmişdir. Bu il 100-dən çox məktəbin tikintisi nəzərdə tutulub.
Ölkə Prezidentinin sərəncamına əsasən 2014-2018-ci illərdə 142 mindən çox müəllimin diaqnostik qiymətləndirilməsi yekunlaşdırılmışdır. Bu sınaqdan uğurla keçən müəllimlərin vəzifə maaşı 2 dəfə artırılmışdır. Son 5 ildə işə qəbul edilən 18 min 136 müəllimdən kənd məktəblərində fəaliyyətə başlayan 11 min 600 nəfərə həvəsləndirmə tədbirləri tətbiq edilmişdir. Təsadüfi deyildir ki, 2018-ci ildə 500 və daha çox bal toplayan məzunlar arasında müəllim ixtisası seçənlərin sayı 2017-ci ilə nisbətən 53,6 faiz artmışdır. Bu sahədə müəyyən edilmiş prioritetlər, xüsusilə peşə təhsili istiqamətində işlər ardıcıl həyata keçirilir və Prezident İlham Əliyevin bu il yanvarın 16-da Sumqayıtda “SOCAR Karbamid” zavodunun açılışında qeyd etdiyi kimi, artıq “... Azərbaycanda çox güclü kadr potensialı yaradılmışdır, həm fəhlə kadrları, həm mütəxəssislər. Bu, son illər ərzində təhsil sahəsinə ayrılan diqqətin bariz nümuməsidir”. Təhsil sahəsində mövcud olan problemlərin həlli ardıcıl davam edir və bu sahədə şəffaflıq artdıqca müraciətlərin, xüsusilə şikayətlərin sayı ildən-ilə azalır.
Prezident Administrasiyasına daxil olan müraciətlərin azaldığı sahələrdən biri də əhalinin sosial müdafiəsinin əsas istiqamətlərindən olan məşğulluq və işlə təmin olunma məsələləridir. Son illərdə əhalinin məşğulluq səviyyəsini yüksəltmək üçün ölkə Prezidentinin təşəbbüsü ilə həyata keçirilən düşünülmüş tədbirlər sayəsində əhalinin məşğulluğu xeyli artmışdır, yeni iş yerlərinin yaradılması nəticəsində bu sahədə böyük irəliləyiş nəzərə çarpır. Bu irəliləyiş ölkə Prezidentinin 2018-ci il 30 oktyabr tarixli sərəncamı ilə təsdiq olunmuş Məşğulluq Strategiyasının və “Məşğulluq haqqında” yeni Qanunun qəbul edilməsi,ənənəvi kənd təsərrüfatı və xalq sənəti sahələrinin inkişafına göstərilən qayğı nəticəsində əldə olunmuşdur. Ötən il 2017-ci ilə nisbətən bu mövzuda müraciətlərin sayı 10 faizədək azalmışdır. Təkcə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məşğulluq mərkəzləri vasitəsilə 2018-ci ildə 51774 nəfər işlə təmin edilmiş, 2914 nəfər peşə hazırlığı kurslarına cəlb olunmuş, 120 minə yaxın vətəndaşa peşə yönümü barədə məsləhətlər verilmişdir.
Azərbaycan Prezidenti 2019-cu il yanvarın 29-da keçirilən konfransda məşğulluq məsələləri üzərində xüsusi dayanaraq demişdir: “Dövlət qurumlarında aparılan struktur islahatları ... iş yerlərinin ixtisarına gətirib çıxarmamalıdır. Bu struktur islahatları, sadəcə olaraq, idarəetmə mexanizminin təkmilləşməsinə yönəlib. Əlbəttə, dövlət müəssisələrində işləyən vətəndaşlar öz işlərində qalacaqlar. Özəl sektor da heç bir ixtisar aparmamalıdır, əksinə, dövlətin bu qədər dəstəyi müqabilində daha çox iş yeri açmalıdır”.
Ötən illə müqayisədə Prezident Administrasiyasına daxil olan müraciətlərin sayının azaldığı mövzulardan biri də kənd təsərrüfatı məsələləridir. Kənd təsərrüfatı məhsullarının tədarükü, emalı, saxlanması və satışına dəstək verilməsi, subsidiyaların ayrılması, aqrolizinq məsələlərinə nəzarətin artırılması bu mövzuda daha az müraciət edilməsinə səbəb olmuşdur. Cənab Prezidentin qeyd etdiyi kimi, strateji sahə olan aqrar sahə həm iqtisadi, həm də sosial sahədir. Əhalinin 47 faizinin kənd yerlərində yaşadığı nəzərə alınaraq son illərdə bu sahəyə göstərilən diqqət xeyli artırılmış, bununla da əhalinin məşğulluq probleminin həllinə ciddi yardım göstərilmişdir. Görülən tədbirlər nəticəsində Azərbaycan həm öz ərzaq təhlükəsizliyini təmin edir, həm də ixrac potensialını gündən-günə artırır. Bu sahədə innovasiyaların tətbiqi də diqqət mərkəzindədir. Ölkə Prezidenti 2019-cu il yanvarın 24-də Tərəvəzçilik Elmi Tədqiqat İnstitutunun açılışında Elektron Kənd Təsərrüfatı layihəsinin təqdimatını müsbət qiymətləndirərək bir daha qeyd etmişdir ki, Azərbaycanda kənd təsərrüfatının inkişafına çox böyük dövlət dəstəyi var və hazırda bu sahədə islahatlar uğurla davam etdirilir.
Kənd təsərrüfatının inkişafında əsas amillərdən biri olan meliorasiya və su təsərrüfatı məsələlərinə aid müraciətlərin sayının ötən il 6,2 faiz azalması da dövlət başçısının bu sahəyə müstəsna diqqətinin nəticəsidir. Son 15 ildə tikilən və tutumu 470 milyon kubmetr olan Taxtakörpü, Tovuzçay, Şəmkirçay, Göytəpə su anbarlarının, suvarma kanallarının və subartezian quyularının istifadəyə verilməsi həm yeni yaradılan aqroparkların, həm də fərdi fermer təsərrüfatlarının su təchizatında olan problemlərin həllinə imkan vermişdir.
2018-ci il 100 illiyini qeyd etdiyimiz Azərbaycan ədliyyəsi üçün də uğurlu il olmuşdur. Təməli ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş məhkəmə-hüquq islahatları Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir. Son illər ədliyyə sisteminin müasirləşdirilməsinə xidmət edən mühüm qərarlar qəbul olunmuş, bir çox nailiyyətlər əldə edilmişdir.
Ədliyyə sahəsində islahatların davamlılığının təmin olunması məqsədilə dövlət başçısının sərəncamı ilə ötən il təsdiq olunmuş "Azərbaycan ədliyyəsinin inkişafına dair 2019-2023-cü illər üçün Dövlət Proqramı" müstəsna əhəmiyyətə malikdir. Mülki Prosessual Məcəllədə və "Məhkəmələr və hakimlər haqqında" Qanunda edilmiş əsaslı dəyişikliklər məhkəmələrə müraciət imkanlarının genişləndirilməsini, məhkəmə icraatının elektron qaydada aparılmasını, vətəndaşların mənafelərinin təmin edilməsi və ədalət mühakiməsinin tezləşdirilməsi məqsədilə məhkəmə prosedurlarının elektronlaşdırılmasını şərtləndirib. Bunlar vətəndaşların hüquqlarının daha etibarlı müdafiəsinə xidmət edəcəkdir.
Lakin məhkəmə orqanlarının qəbul etdikləri qərarların icrası barədə müraciətlər hələ də az deyildir. 2018-ci ildə icrası təmin edilən işlərin sayı 450 mindən çox olub, dövlət büdcəsinə 1,1 milyard manatdan çox vəsait ödətdirilib. İcra sənədlərinin icrasından qərəzli boyun qaçıran, icra məmurlarının qanuni tələblərini yerinə yetirməyən 6775 nəfər inzibati məsuliyyətə cəlb edilib, o cümlədən 2913 şəxs məhkəmələr tərəfindən inzibati qaydada həbs olunub, inzibati məsuliyyətə cəlb olunmaya dair məhkəmə qərarından nəticə çıxarmayan 446 şəxs barəsində cinayət işi başlanılıb. Eyni zamanda, 4885-ə yaxın şəxsin məhdudiyyəti məhkəmə qərarını icra etdiyinə görə götürülüb.
Məhkəmə orqanlarının fəaliyyətinin yaxşılaşdırılması, bu sahədə şəffaflığın artırılması üçün görülən tədbirlər 2018-ci ildə də davam etdirilmişdir. Bununla belə, ötən il Prezident Administrasiyasına məhkəmə orqanlarının fəaliyyətinə dair daxil olan müraciətlərin sayı artmışdır. Müraciətlərin sayının artmasını vətəndaşlarımızın öz problemlərini hüquqi müstəvidə həll etməyə üstünlük verməsi ilə əlaqələndirmək olar. Prezident Administrasiyasına Bakı şəhərinin Binəqədi, Xəzər, Qaradağ, Nərimanov, Nizami, Səbail, Suraxanı, Yasamal rayonlarının, həmçinin Sumqayıt, Şirvan, Abşeron, Balakən, Daşkəsən, Füzuli, Gədəbəy, Goranboy, Xaçmaz, İmişli, Quba, Masallı, digər şəhər və rayon məhkəmələrinin fəaliyyətinə dair müraciətlər nisbətən çox daxil olmuşdur. Həmçinin apellyasiya, inzibati-iqtisadi və hərbi məhkəmələrin fəaliyyəti barədə müraciətlər də az deyildir.
Hüquq mühafizə orqanlarının fəaliyyətinə dair müraciətlərin arasında prokurorluq orqanlarının fəaliyyəti ilə bağlı müraciətlər xüsusi yer tutur. Azərbaycan Xalq Cümhuriyyəti dövründə yaradılmış prokurorluq orqanlarımızın fəaliyyəti ölkədə qanunların icrasına nəzarət funksiyasının, o cümlədən vətəndaşların hüquqlarının qorunmasına dair qanunvericiliyin həyata keçirilməsində həmişə mühüm rol oynamışdır. Dövlət başçısının ölkədə ədalətin bərqərar olması, xüsusilə korrupsiya hallarının kökünün kəsilməsi sahəsində qarşıya qoyduğu vəzifələrin yerinə yetirilməsində bu orqanların fəaliyyəti getdikcə yaxşılaşır və bu, vətəndaşların müraciətlərində də özünü göstərir.
Ötən il prokurorluq orqanlarında 29 mindən artıq vətəndaş qəbul edilmiş, onların müraciətləri əsasında 6400-dən çox vətəndaşın pozulmuş hüquqları bərpa olunmuş, prokurorluq orqanlarının digər hüquq mühafizə orqanları ilə birlikdə ölkədə qanun pozuntularına qarşı səmərəli fəaliyyəti davam etdirilmişdir. Daxili işlər orqanları ilə keçirilmiş birgə əməliyyatlar nəticəsində əvvəlki illərdə bağlı qalmış 330-dan artıq cinayətin açılması təmin edilmişdir.
Dövlət başçısının güclü siyasi iradəsi ilə ölkəmizdə korrupsiyaya qarşı çox ciddi mübarizə aparılır. Ölkə Prezidenti cənab İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında bütün sahələrdə şəffaflığın və dürüstlüyün təmin olunması, əsassız tələblərə, sui-istifadə hallarına son qoyulması ilə bağlı qəti tapşırıqlar vermişdir.
Ümumiyyətlə, Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində görülən tədbirlər həm respublika əhalisi, həm də beynəlxalq təşkilatlar tərəfindən müsbət qiymətləndirilir. Müxtəlif dövlət orqanlarından, o cümlədən vətəndaşların müraciətləri əsasında təqdim edilən materiallar üzrə görülən tədbirlər nəticəsində bir çox qanunsuz tikililər və obyektlər sökülmüş, bəzi vəzifəli şəxslərə rəsmi xəbərdarlıq edilmişdir.
Prokurorluq orqanlarının əməkdaşlarına qarşı tələbkarlıq ildən-ilə artırılır. Ötən il 31 prokurorluq işçisi intizam məsuliyyətinə cəlb edilmiş, o cümlədən 6 nəfər orqandan xaric olunmuş, 8 nəfər vəzifədən azad edilmiş, 16 nəfərə töhmət verilmiş, 1 nəfər aşağı vəzifəyə keçirilmişdir.
Eyni zamanda, prokurorluq orqanlarının fəaliyyəti barədə Prezident Administrasiyasına Bakı şəhərinin Xətai, Qaradağ, Nəsimi, Nizami, Səbail, Suraxanı rayonlarından, həmçinin Gəncə, Lənkəran, Sumqayıt, Şəki, Abşeron, Biləsuvar, Cəlilabad, Daşkəsən, Xaçmaz, Kürdəmir, Quba, Laçın, Lerik, Masallı, Şəmkir, digər şəhər və rayonlardan daxil olan müraciətlərin sayı az olmamışdır.
2018-ci il Azərbaycanın daxili işlər orqanları üçün də əlamətdar il olmuşdur. Azərbaycan Xalq Cümhuriyyəti ilə yaşıd olan polis orqanları 100 il boyunca tarixin keşməkeşli dövrlərində daim ölkəmizdə dövlətçiliyin, ictimai təhlükəsizliyin, vətəndaş hüquq və azadlıqlarının qorunmasına, sabitliyin təmin olunmasına xidmət etmişdir. Ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrlərdə böyük inkişaf yolu keçərək möhkəmlənmiş daxili işlər orqanları bu gün Prezident İlham Əliyevin xüsusi diqqət və qayğısı sayəsində fəaliyyətini daha da təkmilləşdirmişdir.
İctimai asayişin, təhlükəsiz həyatın, qanunçuluğun əsas təminatçılarından olan, sabitliyin qorunub saxlanılmasında, cinayətkarlıq hallarının qarşısının alınmasında müstəsna rolu olan daxili işlər orqanlarının fəaliyyəti nəticəsində bu gün vətəndaşlar tam rahat və əmin-amanlıq şəraitində yaşayırlar. Məhz bu orqanların qətiyyəti sayəsində ölkədə xaos, anarxiya yaratmaq istəyən pozucu qüvvələrin qarşısına güclü sipər çəkilmişdir.
Daxili İşlər Nazirliyində vətəndaşların müraciətlərinə baxılması müntəzəm olaraq nəzarətdə saxlanılır. Keçən il nazirliyə daxil olan müraciətlərin 31,8 faizi müsbət, 2,7 faizi qismən həll edilmiş, qalanları barədə isə müvafiq tədbirlər görülmüş, bu işdə nöqsanlara yol verdiklərinə görə 467 polis əməkdaşı intizam qaydasında cəzalandırılmış, o cümlədən 31 nəfər xidmətdən xaric edilmiş, bütövlükdə isə polis əməkdaşlarının qanunsuz hərəkətlərindən şikayətlər 11 faiz azalmışdır.
Əbəs deyil ki, Azərbaycan ötən il MDB və Avropa məkanında ən təhlükəsiz və sabit dövlətlərdən biri kimi tanınmış, cinayətlərin, o cümlədən mülkiyyət əleyhinə olan dələduzluqların, xuliqanlıq və digər cinayətlərin açılması yaxşılaşmış, vətəndaşlara dəyən maddi ziyanın ödətdirilməsi faizi artmış, yol-nəqliyyat hadisələrində ölənlərin sayı 3,7 faiz, xəsarət alanların sayı 0,5 faiz azalmış, “Təhlükəsiz şəhər” sisteminin texniki imkanları vasitəsilə 3300-dən çox cinayət işi açılmış, 10 minə yaxın hüquqazidd əməlin qarşısı alınmışdır.
Buna baxmayaraq, polis orqanlarının fəaliyyəti ilə əlaqədar daxil olan müraciətlər az deyildir. Bunlar istintaqın aparılması, dələduzluq, böhtan və şantaj, məişət zorakılığı və sair məsələlərlə bağlıdır. Qeyd etməliyik ki, polisin fəaliyyəti ilə bağlı müraciətlərin 27 faizi ayrı-ayrı şəxslərin yol verdiyi dələduzluq faktlarının araşdırılması barədədir. Bütövlükdə polisin fəaliyyətinə dair daxil olan müraciətlərin sayı Bakı şəhərinin Binəqədi, Xətai, Xəzər, Nərimanov, Nəsimi, Yasamal rayonlarından, Şirvan, Cəlilabad, Goranboy, Göyçay, Göygöl, İsmayıllı, Qazax, Neftçala, Saatlı, Salyan, Siyəzən, Şabran, Şəmkir, Tərtər, Yardımlı, Zaqatala, digər şəhər və rayonlardan nisbətən çox olmuşdur.
Azərbaycan iqtisadiyyatının qüdrətinin güclü sahibkarlardan asılı olduğunu bildirən cənab Prezident öz çıxışlarında vergi orqanlarının vəzifəsinin sahibkarların biznes fəaliyyəti üçün əngəl yaratmaqdan deyil, əksinə onların fəaliyyətini stimullaşdırmaqdan, rahat işləmələrini təmin etməkdən ibarət olduğunu vurğulayır.
Ötən il vergi sistemində idarəetmə prinsipləri yenidən təşkil edilib və təkmilləşdirilib, müasir innovativ texnologiyalar tətbiq olunub, şəffaflığın təmin edilməsi, vergiödəyiciləri ilə vergi orqanları arasında qarşılıqlı etimadın yüksəldilməsi ilə bağlı əhatəli tədbirlər həyata keçirilib. 2018-ci ildə Vergilər Nazirliyinin xətti ilə daxilolmalar 7 milyard 418 milyon manat və yaxud 100,5 faiz olub, 2017-ci ilə nisbətən 444 milyon manat və ya 6,4 faiz çox icra edilib.
Vergi uçotunun və mal dövriyyəsinin şəffaflaşdırılması bu sahədə vətəndaş müraciətlərinin sayına da öz təsirini göstərmiş, ötən il vergi orqanlarının fəaliyyəti ilə bağlı müraciətlər 2017-ci illə müqayisədə 11,2 faiz azalmışdır. Bununla belə, bu mövzu üzrə müraciətlərin sayı 2019-cu ildə görüləsi işlərin hələ çox olduğunu göstərir.
Azərbaycanda vergi inzibatçılığının təkmilləşdirilməsi, biznes fəaliyyətinin yaxşılaşmasına şərait yaradan islahatların aparılması nüfuzlu beynəlxalq təşkilatların hesabatlarında da yüksək qiymətləndirilib. Dünya Bankının hazırladığı biznes mühitinin əlverişliliyi üzrə qiymətləndirməni əks etdirən “Doing Business 2019” hesabatında birbaşa vergi məsələlərinə aid iki indikator üzrə Azərbaycanın mövqeyi əhəmiyyətli dərəcədə yaxşılaşaraq, “Biznesə başlama” indikatoru üzrə son bir ildə 18-ci yerdən 9-cu yerə, “Vergilərin ödənilməsi” indikatoru üzrə isə 35-ci yerdən 28-ci yerə yüksəlib və həmin göstəricilər üzrə respublikamız MDB məkanında ilk yerlərdən birini tutur.
Prezident İlham Əliyevin rəhbərliyi ilə respublikada həyata keçirilən sosial-iqtisadi siyasətin tərkib hissəsi olan gömrük siyasəti də iqtisadiyyatın bugünkü tələblərinə uyğun olaraq təkmilləşdirilir. Dövlət başçısının “Ölkədə idxal-ixrac əməliyyatlarına nəzarət sisteminin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” 2018-ci il 20 aprel tarixli Sərəncamı idxal-ixraca nəzarət sistemini Vergilər Nazirliyi ilə Dövlət Gömrük Komitəsinin birlikdə həyata keçirməsinə şərait yaradıb. Qarşılıqlı nəzarət sisteminin tətbiqi vergidən yayınmanın qarşısını almaqla yanaşı, sahibkarlıq subyektlərində yüksək vergi mədəniyyətinin və könüllü riayət sisteminin formalaşdırılması istiqamətində görüləcək ən mühüm tədbirlərdən biri olacaq.
2018-ci ildə ölkə iqtisadiyyatının inkişafında və büdcənin gəlirlər hissəsinin formalaşmasında xüsusi rolu olan Dövlət Gömrük Komitəsinin xətti ilə dövlət büdcəsinə 3 milyard 434 milyon manat və ya proqnoza nisbətən 244 milyon manat çox vəsait daxil olub. Bu, 2017-ci illə müqayisədə 825 milyon manat və ya 31,6 faiz çoxdur.
Azərbaycan Prezidenti Nazirlər Kabinetinin 2019-cu il yanvarın 11-də keçirilən iclasında bütün sahələrdə, o cümlədən vergi və gömrük sahəsində şəffaflığın daha da artırılmasını tələb edərək demişdir: “Mən tam əminəm ki, aparılan islahatlar nəticəsində həm bizim gəlirlərimiz artacaq, - artıq artıb, gömrük 1 milyard manat əlavə vəsait toplayıb, - eyni zamanda, biz kölgə iqtisadiyyatına böyük zərbə vurmuş olarıq... Hər kəs başa düşməlidir ki, Azərbaycanda bütün işlər qanun çərçivəsində aparılmalıdır... Ona görə bu il də islahatların dərinləşməsi istiqamətində çox ciddi addımlar atılacaq”.
İslahatlar nəticəsində artıq ixracın tamamilə elektron idarəetmə sistemi vasitəsilə həyata keçirilməsi təmin edilmiş, idxal-ixrac, tranzit əməliyyatlarına sərf edilən vaxt azalmış, sərhəd-buraxılış məntəqələrində əməliyyat və prosedurlar daha da sürətlənmişdir. Ümumdünya Gömrük Təşkilatının baş katibi Kunio Mikuriya ölkəmizə səfərində Azərbaycanda gömrük sahəsində atılan addımları təqdirəlayiq hesab etmiş, ölkəmizdə bu yöndə görülən işlərin digər dövlətlər üçün də faydalı olacağını və Azərbaycan təcrübəsinin öyrənilməsinin vacibliyini qeyd etmişdir.
Gömrük sahəsində aparılan islahatlar və sağlamlaşdırma prosesinin nəticələri vətəndaş müraciətlərində də əksini tapmışdır. Bu mövzu üzrə şikayətlər faiz etibarilə azalmışdır. Buna baxmayaraq, 2018-ci ildə bəzi gömrük-keçid məntəqələrinin fəaliyyəti barədə şikayətlər daxil olmuşdur. Gömrük sahəsində aparılan islahatlar, innovasiya layihələrinin həyata keçirilməsi 2019-cu ildə vətəndaş məmnunluğunun təmin edilməsinə və bu qəbildən olan müraciətlərin azalmasına xidmət edəcəkdir.
Bir daha vurğulamalıyıq ki, Prezident Administrasiyasına daxil olan müraciətlərin hər biri diqqətlə baxılıb araşdırılır, lazımi tədbirlər görülür, əsaslı müraciətlər həll edilir və nəticəsi barədə vətəndaşlara cavab verilir.
Təhlil və nəzarət bir-birini tamamlayanda
Vətəndaşların müraciətlərinə baxılmasını yaxşılaşdırmaq, müraciətlərdə qaldırılan məsələlərin həllini təmin etmək üçün onların təhlili çox vacib məsələlərdən biridir. Müraciətlərin dinamikası, onların növ və xarakter etibarilə tərkibi müntəzəm təhlil edilərək respublikada vətəndaş müraciətlərinə necə baxılması barədə dolğun təsəvvür əldə olunur və bu işi daha da yaxşılaşdırmaq üçün lazımi tədbirlər görülür.
Qeyd etmək lazımdır ki, vətəndaş müraciətlərinin təhlili təkcə statistik rəqəmlərdən ibarət deyildir. Təhlil prosesində müraciətlərin coğrafi bölgüsü, şəhərlər və rayonlar üzrə dinamikası öyrənilməklə bərabər, həm də onların dövlət orqanlarında necə araşdırıldığı, hansı tədbirlər görüldüyü, onların yaranma səbəbləri öyrənilir, müraciətlərdə qaldırılan problemlərin həlli və gələcəkdə təkrarlanmaması üçün hansı qabaqlayıcı tədbirlərin görülməsinin vacibliyi müəyyən edilir.
Bu məqsədlə il ərzində istər mərkəzi, istərsə də yerli icra hakimiyyəti orqanlarında vətəndaş müraciətlərinə baxılma vəziyyəti müxtəlif formalarda, o cümlədən kameral nəzarət qaydasında daim diqqətdə saxlanılmış, müraciətlərə baxılması işinin “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununa uyğun qurulmasını təmin etmək məqsədilə dövlət orqanlarına zəruri tövsiyə və tapşırıqlar verilmiş, onların yerinə yetirilməsi vəziyyəti öyrənilmişdir.
Vətəndaşların müraciətlərinə baxılması işinin təkmilləşdirilməsi və səmərəliliyin artırılması məqsədilə 2018-ci ildə bu və ya digər şəhər və rayonlardan daxil olan müraciətlərdə qaldırılan məsələlərin qısa icmalı hazırlanaraq müvafiq yerli icra hakimiyyəti orqanlarına göndərilmiş, həmin qurumların şura iclaslarında və müşavirələrində geniş müzakirə edilmişdir. Alınmış məlumatlardan görünür ki, əksər şəhər və rayonlarda, o cümlədən Şəki, Ağcabədi, Ağstafa, Ağsu, Astara, Bərdə, Biləsuvar, Göyçay, Masallı, Şabran, Şəmkir, Yardımlı və Zərdabda icmallarda göstərilən nöqsan və çatışmazlıqlar aradan qaldırılmış, analoji nöqsanların bir daha təkrarlanmaması üçün müvafiq tədbirlər görülmüşdür.
Ümumilikdə, icmallarda qaldırılan məsələlərin 41 faizi öz həllini tapmış, 20 faizi üzrə izahat verilmiş, 14 faizinin əsassız olduğu müəyyən edilmiş, 25 faizi isə icra olunmaqdadır.
Ümumiləşdirilmiş məlumatlar əsasında qəti demək olar ki, vətəndaş müraciətləri həm mərkəzi, həm də yerli icra hakimiyyəti orqanlarının daim diqqət mərkəzində olmuşdur.
2018-ci il ərzində mərkəzi icra hakimiyyəti orqanlarının 315 kollegiya iclasında, yerli icra hakimiyyəti orqanlarının isə 379 şura iclasında, həmçinin bu orqanlarda keçirilən digər 2693 tədbirdə vətəndaş müraciətlərinə baxılması işi müzakirə olunmuşdur. Bu iclaslarda vətəndaş müraciətlərində qaldırılan ayrı-ayrı məsələlərin müzakirəsi ilə yanaşı, bir çox hallarda müraciətlərə baxılmasında nöqsanlara yol vermiş, yaxud vətəndaşları narahat edən problemlərin həllinə laqeyd yanaşmış, vəzifə öhdəliklərini vicdanla yerinə yetirməmiş vəzifəli şəxslər barədə intizam tənbehi tədbirləri də görülmüşdür. Belə ki, 2018-ci ildə mərkəzi icra hakimiyyəti orqanlarının vəzifəli şəxslərindən 860 nəfərinə töhmət və ya şiddətli töhmət verilmiş, 79 nəfərin əmək müqaviləsinə xitam verilmiş, 53 nəfər barəsində digər intizam tənbehi tədbiri görülmüş, 632 nəfərə xəbərdarlıq edilmişdir.
Yerli icra hakimiyyəti orqanlarına gəlincə, ötən il burada 70 vəzifəli şəxs barəsində intizam tənbehi tədbiri görülmüşdür. Onların 57 nəfərinə töhmət və ya şiddətli töhmət verilmiş, 13 nəfərin əmək müqaviləsinə xitam verilmiş, həmçinin 270 nəfərə xəbərdarlıq edilmişdir.
Yerli icra hakimiyyəti orqanlarının Prezident Administrasiyasına təqdim etdikləri hesabatların təhlili göstərir ki, ötən il həmin orqanlara daxil olmuş müraciətlərin sayında artım vardır. Ən çox artım Bakının Binəqədi, Xəzər, Qaradağ rayonlarında, Gəncə, Yevlax şəhərlərində, Ağcabədi, Ağdam, Balakən, Beyləqan, Biləsuvar, Cəlilabad, Gədəbəy, Xızı, Qazax, Qəbələ, Qobustan, Lerik, Saatlı, Şabran, Şuşa, Tovuz, Yardımlı, Zaqatala, Zəngilan, digər şəhər və rayonlarda qeydə alınmışdır. Bununla belə, bəzi şəhər və rayon icra hakimiyyətlərinə daxil olan müraciətlərin sayı azalmışdır. Azalma daha çox Bakı şəhəri və onun Nizami, Pirallahı, Suraxanı, Yasamal rayonlarında, Naxçıvan Muxtar Respublikasının rayonlarında, Lənkəran, Mingəçevir, Sumqayıt, Şəki, Şirvan, Füzuli, Göyçay, Göygöl, Hacıqabul, Xocavənd, İmişli, Kəlbəcər, Kürdəmir, Qax, Quba, Qubadlı, Laçın, Masallı, Sabirabad, Samux, Ucar, Zərdab, digər şəhər və rayonlarda nəzərə çarpır.
2018-ci ildə mərkəzi icra hakimiyyəti orqanlarına ünvanlanmış vətəndaş müraciətlərinin 72,3 faizi bilavasitə vətəndaşlardan, 27,7 faizi isə yuxarı və ya digər dövlət orqanlarından daxil olmuşdur. Yerli icra hakimiyyəti orqanlarında isə bilavasitə vətəndaşlardan və yuxarı dövlət orqanlarından daxil olmuş müraciətlərin nisbəti 51,6 faiz və 48,4 faiz təşkil etmişdir.
Təhlillər göstərir ki, bəzi şəhər və rayonlardan olan vətəndaşlar yaşadıqları ərazinin yerli icra hakimiyyəti orqanları ilə müqayisədə yuxarı dövlət orqanlarına daha çox müraciət edirlər. Məsələn, Bakı şəhərinin bəzi rayonları, Mingəçevir, Naftalan, Yevlax, Ağdam, Ağsu, Astara, Beyləqan, Bərdə, Cəbrayıl, Göyçay, Göygöl, İmişli, Kəlbəcər, Kürdəmir, Qəbələ, Qobustan, Laçın, Neftçala, Samux, Siyəzən, Şamaxı, Yardımlı, digər şəhər və rayonların icra hakimiyyətlərinə bilavasitə daxil olan müraciətlərin sayı həmin rayonlardan yuxarı orqanlara göndərilən müraciətlərə nisbətən daha az olmuşdur.
Bu cür hallara mərkəzi icra hakimiyyəti orqanlarında da rast gəlmək olur. Belə ki, bəzi mərkəzi icra hakimiyyəti orqanlarının və digər qurumların fəaliyyət istiqamətinə aid məsələlərlə bağlı bilavasitə onların özlərindən daha çox yuxarı orqanlara müraciət edilmişdir. Buna misal olaraq, İcbari Tibbi Sığorta və Dövlət Turizm agentliklərini, Milli Arxiv İdarəsini, Maliyyə Bazarlarına Nəzarət və Auditorlar palatalarını, Ali Attestasiya Komissiyasını, İpoteka və Kredit Zəmanət Fondunu, Dövlət Sığorta Kommersiya Şirkətini, "Azneftkimyamaş" və “Aqrarkredit” səhmdar cəmiyyətlərini, Sumqayıt və Gəncə apellyasiya məhkəmələrini göstərmək olar.
Ümumilikdə, ötən il ərzində dövlət hakimiyyəti orqanlarına daxil olmuş vətəndaş müraciətlərinin 85 faizinə mərkəzi, 15 faizinə isə yerli icra hakimiyyəti orqanlarında baxılmışdır. Bu müraciətlərin növ etibarilə təhlili göstərir ki, onların 72,3 faizi ərizə, 27,2 faizi şikayət, 0,5 faizi isə təkliflərdən ibarətdir.
Mərkəzi icra hakimiyyəti orqanlarında və digər qurumlarda baxılmış müraciətlərin 32,3 faizi müsbət həll olunmuş, 3,1 faizi qismən təmin edilmiş, 10 faizi əsassız sayılmış, 36,6 faizində qaldırılan məsələlərə dair vətəndaşlara müvafiq izahat verilmişdir. Müraciətlərin 12,7 faizi baxılmaq üçün aidiyyəti qurumlara göndərilmiş, 5,3 faizi icradadır.
Yerli icra hakimiyyətlərində müraciətlərin 32 faizi müsbət həll olunmuş, 2,8 faizi qismən təmin edilmiş, 4 faizi əsassız sayılmış, 49,2 faizi barədə müvafiq izahat verilmişdir. Müraciətlərin 8,6 faizi baxılmaq üçün aidiyyəti qurumlara göndərilmiş və 3,4 faizi icradadır.
Vətəndaş müraciətlərinin bilavasitə tematik təhlilinə nəzər saldıqda görürük ki, vətəndaşlar dövlət orqanlarına ən müxtəlif mövzularda müraciətlər ünvanlamışlar. Bəzi hallarda mövcud dövlət xidmətlərinin tədricən yeni formada, daha müasir tərzdə göstərilməsi, yaxud innovativ yanaşmaya əsaslanan, təmassız, onlayn rejimdə yeni xidmətlərin təqdim olunması mahiyyətcə müraciətlərin yeni formalarının yaranmasına, nəticə etibarilə müraciətlərin sayının çox olmasına gətirib çıxarır.
Misal üçün, əlillik dərəcələrinin təyin edilməsi və tibbi-sosial ekspert komissiyalarının fəaliyyəti mövzusunda müraciətlərin sayı 2018-ci ildə əvvəlki illə müqayisədə xeyli artmışdır. Ötən il Prezident Administrasiyasına bu mövzuda 2017-ci ilə nisbətən 52 faiz çox müraciət daxil olmuşdur. Artımın səbəbi araşdırıldıqda aydın olmuşdur ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində aparılan struktur dəyişikliklərindən sonra əlillik təyinatına bilavasitə məsul olan bu nazirlikdə və Səhiyyə Nazirliyində yaradılmış işçi qruplar tərəfindən 2018-ci il ərzində verilən əlillik təyinatları təhlil edilmiş və ilin əvvəlindən təyin olunmuş əlillik dərəcələrinin əsaslılığı araşdırılmışdır. Araşdırmanın nəticələrinə əsasən, 1000-dən artıq təyinat ləğv olunmuş, həmin şəxslərə aylıq pensiya, müavinət və təqaüdlər üzrə ödənişlərin aparılması dayandırılmış, ödənilmiş vəsaitin dövlət büdcəsinə bərpası istiqamətində tədbirlərə başlanılmışdır. Təbii ki, bu cür tədbirlər öz növbəsində TSEK-lərlə bağlı vətəndaş müraciətlərinin sayının artmasında müəyyən rol oynamışdır.
Əlillik təyinatı və ya əlillik təyinatından imtina zamanı vəzifə öhdəliklərinin icrasında yol verdikləri nöqsanlara görə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin TSEK sədrlərindən 8-i işdən azad olunmuş, 2-sinə isə töhmət verilmişdir.
Prezident İlham Əliyevin “İcra intizamının möhkəmləndirilməsi və icraya nəzarətin təşkilinin təkmilləşdirilməsi tədbirləri haqqında” 2006-cı il 26 oktyabr tarixli Fərmanının tələblərinə uyğun olaraq, dövlət hakimiyyəti orqanlarında icra intizamına riayət olunması işi daim diqqət mərkəzində saxlanılmışdır.
Prezident Administrasiyasına daxil olan müraciətlərə baxılmasında nəzarət işinin təşkili həmişə vacib məqamlardan biri olmuşdur və bu gün də mühüm məsələ olaraq qalır. Çünki məhz nəzarət qaydasında dövlət orqanlarından alınmış cavabların müqayisəli təhlili müraciətlərdə qaldırılan problemlərin əsl səbəblərini müəyyən etməyə və cavabdeh şəxslərin məsuliyyətə cəlb edilməsinə imkan verir. Bu baxımdan Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 23 iyun tarixli fərmanları ilə təsdiq edilmiş kargüzarlığın aparılması və bu işə nəzarətin həyata keçirilməsi qaydalarına riayət olunması xüsusi əhəmiyyət daşıyır.
Dövlət başçısı nəzarət işinə daim xüsusi diqqət yetirir və öz çıxışlarında bunu müntəzəm vurğulayır: “... ictimai nəzarətin gücləndirilməsi çox önəmli məsələdir. Mən öz çıxışlarımda dəfələrlə demişəm ki, mütləq ictimai nəzarət olmalıdır. Çünki ictimai nəzarət olan yerdə işlər daha yaxşı gedir”.
Bütövlükdə, müraciətlərdə qaldırılan məsələlərin öz həllini tapmasında onlara nəzarət qaydasında baxılmasının böyük rolu olmuşdur. Prezident Administrasiyasında nəzarətə götürülmüş vətəndaş müraciətlərinin statistik təhlili göstərir ki, 2018-ci ildə belə müraciətlərin 31,3 faizi müsbət həll olunmuş, 14,6 faizi qismən təmin edilmiş, 35,9 faizi ilə bağlı müvafiq izahat verilmiş, 12,7 faizi əsassız hesab edilmiş, 1,3 faizinin icrası dövlət proqramlarında nəzərdə tutulmuş, 4,2 faizi isə icradadır.
Göründüyü kimi, təhlil və nəzarət işini bir-birindən ayrı təsəvvür etmək çətindir. Belə olduqda dövlət orqanına müraciət ünvanlayan, ona ümid bağlayan hər bir vətəndaş hiss edir ki, dövlət daim ona dayaq duracaq, onun qanuni tələbini təmin edəcəkdir.
Şikayətlərin bir səbəbi də biganəlikdir
Prezident Administrasiyasına daxil olan müraciətlərin növlər üzrə öyrənilməsi onların daha ətraflı təhlilinə, mərkəzi və yerli icra hakimiyyəti orqanlarında, digər qurumlarda mövcud olan problemlər barədə dəqiq və düzgün məlumat əldə etməyə, həmin qurumların üzərinə düşən vəzifələri necə yerinə yetirdiyini təhlil etməyə, müvafiq nəticələr çıxarmağa imkan verir. Bu baxımdan daxil olan şikayətlərin ətraflı təhlili hər bir şəhər və rayon, hər bir sahə üzrə araşdırılır. Şikayətlərin təhlili göstərir ki, bunlar əsasən biganəliyin, süründürməçiliyin nəticəsidir və vətəndaşların yerlərdə həll olunmalı problemlərinə laqeyd yanaşıldıqda, onlar, təbiidir ki, yuxarı dövlət orqanlarına, o cümlədən Prezident Administrasiyasına müraciət etməli olurlar.
Ümumiyyətlə, 2017-ci illə müqayisədə 2018-ci ildə şikayətlərin sayı faiz etibarilə azalmışdır. Bununla belə araşdırma göstərir ki, hüquq mühafizə orqanlarının və məhkəmələrin, İHB nümayəndələrinin və bələdiyyələrin fəaliyyəti, müalicə və dərmanlarla təminat, səhiyyə müəssisələrinin və tibbi personalın fəaliyyəti, şəhərsalma, çoxmərtəbəli binaların və kommersiya-istehsalat obyektlərinin tikintisi, söküntüsü və kompensasiyaların verilməsi, sığorta, aqrolizinq, yaşayış binalarının təmiri, qaz sayğaclarının quraşdırılması məsələləri üzrə şikayətlər üstünlük təşkil etmişdir. Bu da həmin məsələlərin vətəndaşlar üçün çox aktual olmasından, bəzi hallarda isə onların əsassız şikayətlər etməsindən, yaxud öz hüquqlarını kifayət qədər dərindən bilməməsindən, hər vasitə ilə özünün haqlı olduğunu sübut etmək istəyindən irəli gəlir.
Şəhər, rayon İHB aparatlarının fəaliyyəti, yerli hakimiyyət orqanlarında vətəndaşların qəbulu və müraciətlərə baxılması, fərdi evlərin tikintisi, kənd təsərrüfatı üçün torpaq sahələrinin ayrılması, subsidiyaların verilməsi, məhsulların emalı, saxlanılması və satışı, meliorasiya və su təsərrüfatı, orta təhsil, diplomların verilməsi və tanınması, bank əməliyyatları, kreditlərin verilməsi, rabitə və informasiya texnologiyaları, sosial yardım və müavinətlər, əmək mübahisələri, işdən çıxarılma, əməkhaqqı, işlə təmin olunma, qaz, istilik, enerji təchizatı, təhlükəsizlik və ictimai asayişin qorunması, qaçqınlarla və məcburi köçkünlərlə bağlı məsələlər üzrə şikayətlərin sayı azalmışdır.
2017-ci illə müqayisədə şikayətlərin sayı Bakı şəhərinin Xəzər, Sabunçu rayonlarından, Mingəçevir, Naftalan, Ağcabədi, Ağdam, Ağstafa, Ağsu, Astara, Beyləqan, Cəbrayıl, Gədəbəy, İmişli, Kürdəmir, Qobustan, Neftçala, Salyan, Şamaxı, Şəmkir, digər şəhər və rayonlardan artmışdır.
Bununla yanaşı, Bakı şəhərinin Qaradağ, Nərimanov, Nizami, Pirallahı, Suraxanı, Yasamal rayonlarından, Naxçıvan Muxtar Respublikasının rayonlarından, Sumqayıt, Abşeron, Balakən, Biləsuvar, Daşkəsən, Göygöl, Xaçmaz, Xocalı, Qubadlı, Lerik, Saatlı, Sabirabad, Samux, Siyəzən, Tərtər, Tovuz, Ucar, Zərdab, digər şəhər və rayonlardan şikayətlərin sayı azalmışdır.
Şəhər, rayon icra hakimiyyətlərinin, İHB nümayəndələrinin və bələdiyyələrin fəaliyyətinə dair müraciətlər həmişə böyük əhəmiyyət daşıyır və onların təhlili vətəndaşların öz yerli hakimiyyət orqanları ilə münasibətlərini əks etdirir. Bu mövzuda daha çox şikayət Bakı şəhərinin bəzi rayonlarından, həmçinin Lənkəran, Mingəçevir, Yevlax, Ağcabədi, Ağdaş, Ağstafa, Beyləqan, Bərdə, Cəbrayıl, Gədəbəy, Xızı, Kəlbəcər, Qazax, Qobustan, Laçın, Lerik, Masallı, Neftçala, Sabirabad, Salyan, Siyəzən, Şabran, Şamaxı, Şəmkir, Tovuz, Yardımlı, Zərdab, digər şəhər və rayonlardan daxil olmuşdur.
Ötən il bəzi bələdiyyələrin fəaliyyətində ciddi qanun pozuntuları aşkar edilmiş, həmin faktlar əsasında hüquq mühafizə orqanları tərəfindən cinayət işləri açılmış, görülmüş tədbirlər nəticəsində 5921 hektar torpaq sahəsinin qanunsuz verilməsinin qarşısı alınmış, bələdiyyə mülkiyyətinə vurulan ziyanın ödənilməsi təmin edilmişdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2019-cu il yanvarın 29-da Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafına dair Dövlət Proqramının icrasının yekunlarına həsr olunan konfransda demişdir: “Yerli icra orqanları vətəndaşlara daim diqqət və qayğı göstərməlidirlər. Yaddan çıxarmamalıdırlar ki, onlar vətəndaşlar üçün çalışırlar, yaddan çıxarmamalıdırlar ki, onlar vətəndaşlara xidmət edirlər. Bütün dövlət məmurları – Prezidentdən başlayaraq lap aşağı səviyyəli məmura qədər hər kəs bilməlidir ki, bizim əsas vəzifəmiz xalqa xidmət etməkdir. Yerli icra orqanları diqqətli olmalıdırlar, problemləri həll etməlidirlər”.
2018-ci ildə Prezident Administrasiyasına vətəndaşlar 100-dən çox tikinti şirkəti tərəfindən çoxmərtəbəli yaşayış binalarının inşasında müvafiq norma və qaydalara, həmçinin müqavilə şərtlərinə riayət edilməməsindən, bəzi şirkətlərin mənzilləri 2 və daha artıq şəxsə satmasından, razılığa gəlinmədən, kompensasiyalar verilmədən söküntü işlərinə başlanılmasından, binaların təhlükə törədəcək dərəcədə yaxın məsafədə tikilməsindən şikayət etmişlər. Bunlardan “Hermes-S”, “Murad M.S.”, “İnteks”, “Grand Plaza”, “Elite City”, “N Turan”, “Pearl Construction”, “TFM Smart Project”, “Fədək”, “Sizin mənzil”, “NV Construction”, “Dönüş-1”, “MVVL Verus Praedium”, “Azadlıq Residence”, “Pilot-1", “FVS İnşaat”, “Rahatlığın məkanı”, “Poleks”, “Park Bayil”, "İnşaat Konstruksiyaları", “Draft Construction”, “Qlobal-SF”, “Malibo”, “Avrasiya Construction”, “İnkişaf-S”, “SKY Residence”, “Xəmsə-İnşaat”, “Buta Qroup”, “Cavid 2016”, “Rahat Həyat”, “Qismət-M Construction”, “Archico” MMC-lər, “Sabah Residence”, “Best Construction”, “Regal Residence”, “Orbita”, “Merkuri”, “Pilot İnşaat A”, “Yeni ev-19”, “Məkan”, “EDİF”, “Mahal”, “Teymuroğlu”, “Olympus Park”, "Bəhrə”, “İqtisadçı-2005” və digər MTK-lar barədə şikayətlər daha çox olmuşdur.
Eyni zamanda, vətəndaşlar "Belıy lebed", "Rahatlığın məkanı", "Burhan", "Altes Park”, “AAAF” yaşayış komplekslərində idarəetmədə illərdən bəri mövcud olan problemlərin həll olunmadığından şikayət etmişlər.
İnanırıq ki, mərkəzi və yerli icra hakimiyyəti orqanlarında, eləcə də digər qurumlarda vətəndaşların müraciətlərinə, xüsusilə şikayətlərinə daha çox diqqət yetiriləcək və şikayətlərin sayı getdikcə azalacaqdır.
Vətəndaşa əsaslı və konkret cavab verilərsə...
Vətəndaşların müraciətlərinin təhlili, onların yaranma səbəblərinin öyrənilməsi bir danılmaz həqiqəti üzə çıxarır ki, vətəndaş öz problemi ilə əlaqədar müraciət etdiyi ilk instansiyada əsaslı və konkret cavab alarsa, heç vaxt yuxarı orqanlara yazılı müraciət etməz və uzun məsafəni qət edərək müxtəlif idarələrin qapısını döyməz. Unutmaq olmaz ki, vətəndaşların müraciətlərinə diqqətlə yanaşılması hər bir dövlət qurumunun ən mühüm vəzifələrindən biridir.
Lakin vətəndaşlara əsaslı cavab verilməyəndə onlar öz problemlərini həll etmək üçün aidiyyəti qurumlara növbəti müraciət göndərir ki, bu da təkrar və çoxsaylı müraciətlərin yaranmasına səbəb olur. Təkrar müraciətlər Bakı şəhəri rayonlarının, Gəncə, Mingəçevir, Şəki, Ağcabədi, Ağsu, Astara, Bərdə, Biləsuvar, Cəbrayıl, Cəlilabad, Gədəbəy, Göygöl, İmişli, Kürdəmir, Laçın, Neftçala, Salyan, Samux, Siyəzən, Şamaxı, Şəmkir, Tovuz, Ucar, Zəngilan, digər şəhər və rayonların payına düşür.
Araşdırmalar göstərir ki, mərkəzi və yerli icra hakimiyyəti orqanlarına edilən təkrar müraciətlərin bir qismi laqeydliyin, biganə münasibətin nəticəsidirsə, xeyli hissəsi də subyektiv səbəblərdən yaranır. Bəzi vətəndaşlar haqsız olsalar da, hər il çoxsaylı müraciətlər göndərməklə öz əsassız iddialarının həyata keçirilməsində israr edir, hüquqlarından sui-istifadə etməyə çalışırlar. Yazdıqları müraciətlərlə bağlı onlara dəfələrlə əsaslandırılmış cavab verilsə də, yazmaqda davam edir və hər dəfə yeni mövzular tapırlar.
Abşerondan Sakit Xankişiyev, Ağcabədidən Elçin Cəlilov, Ağdamdan Şakir Məhərrəmov və Vidadi Sadıqov, Bərdədən Zahid Mikayılov, Beyləqandan Gürşad Ramazanov və Vüqar Əliyev, Biləsuvardan Eldar Hüseynov və Elvin Quluzadə, Binəqədidən Həmid Axundov, Zərbani Ağayeva, Cəlilabaddan Emil Bayramov, Sadıq Yarıyev, Göyçaydan Təşəkkür Şirinov, İmişlidən Nahidə Şirinova, Laçından Xanlar Tarverdiyev, Lənkərandan Nazim Məmmədov, Masallıdan Nərgiz Əmirova, Naftalandan Ruqiyyə Qarayeva, Nərimanovdan Kamran Rəcəbov, Rəşad Səlimli, Ülviyyə Baxşiyeva, Nəsimidən Fatma Piriyeva, Nizamidən Veronika Rufullayeva, Saatlıdan Qismət Səmədov, Sabunçudan Olqa və Aleksandra Smolyaninovalar, Gülsəfa Musayeva, Bahar Əhmədova, Suraxanıdan Rəşid Rzayev, Aygün Əmiraslanova, Xətaidən Svetlana Quliyeva, Yasamaldan Şövqi Həsənov, Yelena Yusupova, Sevil Səfərova, Zərdabdan Mehman Məmmədov, digər şəhər və rayonlardan başqaları ilboyu müxtəlif mövzularda çoxsaylı müraciətlər göndərmişlər.
“Vətəndaşların müraciətləri haqqında” Qanunun əsas maddələrindən biri də bu qanunun pozulmasına görə məsuliyyəti müəyyən edən 16-cı maddədir və həmin maddədə konkret olaraq göstərilir ki, qanunun tələblərini pozan şəxslər Azərbaycan Respublikasının Mülki, İnzibati Xətalar və Cinayət məcəllələrinə uyğun olaraq məsuliyyət daşıyırlar. Həmin məcəllələrin müvafiq maddələri bu məsuliyyətin nədən ibarət olduğunu əks etdirir.
Burada “Vətəndaşların müraciətləri haqqında” Qanunun “Müraciətin baxılmamış saxlanması” maddəsinə bir daha nəzər salmaq yerinə düşər. Həmin maddədə həm vətəndaşları, həm də müraciətə baxan subyektləri daim narahat edən bir məsələ konkretləşdirilib. Müəyyən olunur ki, vətəndaşın təkrar müraciətlərinə 1 il ərzində 3 dəfə mahiyyəti üzrə əsaslandırılmış cavab verildikdə və təkrar müraciətdə məsələnin həlli üçün yeni məlumatlar olmadıqda, müraciət baxılmamış saxlanılır. Lakin bu barədə yazılı müraciət edənə 5 iş günündən gec olmayaraq, şifahi müraciət edənə isə dərhal məlumat verilməlidir. Müraciətlərə baxan vəzifəli şəxslər Qanunun verdiyi bu imkandan sui-istifadə etməməlidirlər. Əsaslandırılmış cavab ümumi, başdansovdu sözlərdən ibarət olmamalı, hüquqi cəhətdən qanunlara tam uyğun hazırlanmalı, haqlı olub-olmaması vətəndaşa sübut edilməlidir.
Qəbul dövlətin vətəndaşla canlı ünsiyyət vasitəsidir
Prezident İlham Əliyevin dövlət orqanları rəhbərlərinin qarşısında qoyduğu əsas vəzifələrdən biri də vətəndaşların yerlərdə qəbul olunması və onların müraciətlərinin yerindəcə həll edilməsi istiqamətində tədbir görülməsidir. Bəzi hallarda mərkəzi və yerli icra hakimiyyəti orqanlarında və digər dövlət qurumlarında vətəndaşların müraciətləri öz həllini tapmadığına görə onlar yuxarı dövlət orqanlarına, o cümlədən Prezident Administrasiyasına üz tuturlar.
Bu müraciətlərin təhlilindən aydın olur ki, vətəndaşları daha çox narahat edən məsələlərdən biri bəzi mərkəzi və yerli icra hakimiyyəti orqanlarında, habelə digər qurumlarda qarşılaşdıqları bürokratik əngəllər, onların problemlərinə laqeyd yanaşılması, müraciətlərinə cavab verilməməsi hallarıdır.
Prezident Administrasiyasının Qəbul otağına il ərzində 15 minədək vətəndaş müraciət etmişdir. Təsdiq olunmuş cədvələ uyğun olaraq keçirilmiş qəbullarda hər bir vətəndaş diqqətlə dinlənilmiş, Administrasiyanın müvafiq struktur bölmələri onların qanuni tələblərinin yerinə yetirilməsi üçün lazımi tədbirlər görmüşlər.
2018-ci ildə “President.az” saytının “Qəbula yazılmaq” bölməsi vasitəsilə Qəbul otağının kompüter bazasına daxil olmuş 2 minə yaxın müraciətin müəllifinə izahat verilmiş, bir çoxu isə müvafiq qaydada qeydiyyata alınaraq qəbulda iştirak etmişdir.
Qəbul otağına ən çox Bakı şəhərinin rayonlarının, Mingəçevir, Yevlax şəhərlərinin, Ağcabədi, Ağdam, Ağdaş, Ağstafa, Ağsu, Astara, Beyləqan, Bərdə, Cəbrayıl, Gədəbəy Göygöl,, İmişli, Kürdəmir, Laçın, Lerik, Neftçala, Salyan, Şamaxı, Şəmkir, Zəngilan, digər şəhər və rayonların sakinləri müraciət etmişlər.
Vətəndaşlar Qəbul otağına daha çox sosial müdafiə, işlə təmin olunma, əmək mübahisələri, hüquq mühafizə və məhkəmə orqanlarının, şəhər, rayon icra hakimiyyətlərinin, bələdiyyələrin, yerli idarə, müəssisə və təşkilatların fəaliyyəti, xaricdə müalicə və dərman təminatına kömək göstərilməsi, təhsil haqqını ödəməkdən azad olunma, xaricdə alınmış diplomların tanınması və sair məsələlər barədə müraciət etmişlər.
Ötən il ərzində respublikanın mərkəzi və yerli icra hakimiyyəti orqanlarında 828 mindən çox vətəndaş qəbul edilmişdir. Onların 56,7 faizi mərkəzi, 43,3 faizi yerli icra hakimiyyəti orqanlarında qəbul olunmuşdur.
Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən 2013-cü ildən başlayaraq mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri təsdiq olunmuş qrafikə uyğun olaraq vətəndaşların bölgələrdə mütəmadi qəbullarını keçirirlər.
2018-ci ildə respublikanın müxtəlif bölgələrində keçirilən qəbullarda əmək və əhalinin sosial müdafiəsi naziri – 565, kənd təsərrüfatı naziri – 487, təhsil naziri – 314, daxili işlər naziri – 303, ekologiya və təbii sərvətlər naziri – 302, mədəniyyət naziri – 236, ədliyyə naziri – 226, gənclər və idman naziri – 182, nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri – 172, səhiyyə naziri – 140, iqtisadiyyat naziri – 126, fövqəladə hallar naziri – 114, vergilər naziri – 30, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri – 747, Dövlət Gömrük Komitəsinin sədri – 260, Əmlak Məsələləri Dövlət Komitəsinin sədri – 228, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri – 227, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri – 99, Baş prokuror – 296, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi – 245, Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri – 111 vətəndaşı qəbul etmişdir.
Bütövlükdə 2018-ci ildə mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 62 şəhər və rayonda keçirdikləri qəbullarda iştirak etmiş 5410 vətəndaş 5201 müraciət təqdim etmişdir. Qəbullarda vətəndaşlar tərəfindən qaldırılan məsələlərin 39,8 faizi müsbət həll olunmuş, 42,9 faizi ilə bağlı onlara izahat və tövsiyələr verilmiş, digərləri icrada saxlanılmış və ya aidiyyəti üzrə dövlət orqanlarına istiqamətləndirilmiş, bir qismi isə əsassız sayılmışdır.
Araşdırmalar göstərir ki, bəzi qurumlarda vətəndaşların qəbulu daha səmərəli təşkil olunmuş, onların qəbul cədvəlləri digərlərinə nisbətən daha yaxşı tərtib edilmişdir. Həmin cədvəllərdə qəbul vaxtı məhdudlaşdırılmamış, həftənin bütün iş günlərində vətəndaşların qəbulu təşkil edilmiş, qəbulun yeri və qəbula yazılma qaydaları haqqında KİV vasitəsilə məlumat verilmiş, məlumatlarda qəbulun təşkilini həyata keçirən səlahiyyətli şəxslərin əlaqə nömrələri əks olunmuş və qəbul otaqlarında müvafiq şərait yaradılmışdır. Bunlardan İqtisadiyyat, Maliyyə, Fövqəladə Hallar, Mədəniyyət, Gənclər və İdman, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirlikləri, Əmlak Məsələləri Dövlət Komitəsi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, Naftalan, Şirvan, Balakən, Biləsuvar, Cəlilabad, Daşkəsən, Xocavənd, İsmayıllı, Qax, Qazax, Qəbələ, Oğuz, Sabirabad, Samux, Siyəzən, Yardımlı, Zaqatala, digər şəhər və rayon icra hakimiyyətlərini və başqa qurumları göstərmək olar.
Bununla yanaşı, bəzi dövlət qurumlarında yuxarıda göstərilən tələblərə tam əməl olunmur, qəbulun təşkilində müəyyən nöqsanlara yol verilir. Buna misal olaraq, Xarici İşlər, Energetika nazirlikləri, “Bakı Metropoliteni” QSC, Milli Arxiv, “İçərişəhər” Tarix-Memarlıq Qoruğu idarələri, Bakı və Şirvan Apellyasiya Məhkəmələri, Ərazilərin Bərpası və Yenidən Qurulması, Beynəlxalq Bank, Auditorlar Palatası, Bakı şəhərinin Xətai, Səbail rayonlarının, Ağdam, Astara, Göyçay, Kəlbəcər, Şabran, Ucar, Zəngilan, digər şəhər və rayon icra hakimiyyətləri və başqa qurumlar göstərilə bilər.
Dövlət hakimiyyəti orqanlarının saytlarının monitorinqi göstərir ki, bəzi yerli icra hakimiyyətlərinin saytlarında qəbul cədvəlləri mütəmadi yenilənmir, yaxud məlumatlar dəqiq göstərilmir. Məsələn, Xəzər, Sabunçu, Göyçay, Qobustan, Qubadlı, Saatlı, Salyan, Ucar, digər şəhər və rayon icra hakimiyyətlərini belələrinə misal göstərmək olar.
Elektron sənəd dövriyyəsi müasir idarəetmə sisteminə açılan qapıdır
Azərbaycan Prezidenti cənab İlham Əliyevin respublikamızın qeyri-neft sektorunun inkişafına verdiyi önəm, elektron xidmətlərin daha da genişləndirilməsi və keyfiyyətinin artırılması məsələsini daim nəzarətdə saxlaması, innovasiyaların tətbiqi sahəsində həyata keçirilən iri layihələrə kifayət qədər maliyyə vəsaiti ayırması öz bəhrəsini verməkdədir.
Prezident İlham Əliyev müasir dünyanın və zamanın nəbzini tutmağı bacaran uzaqgörən siyasətçi və dövlət xadimi kimi gələcək inkişafımızın əsas istiqamətlərindən bəhs edərkən deyir: “Ölkələri inkişafa doğru aparan əsas amillər savad, bilik, texnologiyalar, innovasiyalar, yeniliklərdir... İnformasiya-kommunikasiya texnologiyalarının inkişafı olmadan müasir cəmiyyətlər uğurlu fəaliyyət göstərə bilməz”.
2018-ci il rəqəmsal idarəçiliyin arteriyası olan elektron sənəd dövriyyəsinin inkişafı sahəsində də önəmli qərarların qəbul edilməsi ilə yadda qalmışdır. Onlardan biri “Dövlət orqanlarında (qurumlarında) daxili idarəetmə proseslərinin elektronlaşdırılması tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 27 oktyabr tarixli Fərmanıdır. Bu Fərmanın əsas məqsədi rəqəmsal hökumətə keçid çərçivəsində dövlət orqanlarında daxili idarəetmə proseslərinin optimallaşdırılması və elektronlaşdırılması, bu sahədə çevik və effektiv idarəetmənin təmin edilməsidir. Fərmana əsasən mərkəzi və yerli icra hakimiyyəti orqanlarının, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin və dövlət adından yaradılan publik hüquqi şəxslərin 2020-ci il dekabrın 31-dək elektron sənəd dövriyyəsi altsisteminə qoşulması ilə vahid şəbəkə yaradılacaq, sənədlərin daha operativ çatdırılması, icra olunması və bu proseslərə nəzarət mexanizminin təkmilləşdirilməsi təmin ediləcəkdir.
Ölkə başçısının imzaladığı digər bir mühüm normativ hüquqi akt “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”nın təsdiq edilməsi və elektron hökumətlə bağlı bəzi tədbirlər haqqında” 2018-ci il 12 sentyabr tarixli Fərmandır. Bu Fərmanın qəbul edilməsi yuxarıda qeyd olunan proseslərin mərkəzləşdirilməsinə, vahid prinsip və tələblər əsasında formalaşdırılıb aparılmasına və dövlət strukturları arasında inteqrasiyanın asanlaşdırılmasına xidmət edəcəkdir.
Ötən il İdarələrarası Elektron Sənəd Dövriyyəsi Sisteminin təkmilləşdirilməsi ilə əlaqədar sistem iştirakçılarından daxil olan təkliflər təhlil olunmuş, ümumiləşdirilmiş və nəticədə sistemə bir sıra yeni funksiyalar daxil edilmiş, sistemin imkanları daha da genişləndirilmişdir. Əminliklə deyə bilərik ki, ölkə başçısı cənab İlham Əliyevin bu təşəbbüsü uğurla həyata keçirilir və həm operativlik, həm də qənaət prinsipi baxımından dövlət idarəçiliyi sisteminə böyük fayda verir.
Cənab Prezidentin təşəbbüsü ilə yaradılan digər bir irimiqyaslı layihə olan “Yerli icra hakimiyyəti orqanlarında vətəndaşların müraciətləri üzrə vahid elektron informasiya sistemi” də uğurla fəaliyyət göstərir, orada yerləşdirilən məlumatlar mütəmadi öyrənilir və sistemin administratoru kimi şöbəmiz tərəfindən daim diqqət mərkəzində saxlanılır.
2018-ci il ərzində bu sistemə respublikanın yerli icra hakimiyyəti orqanları tərəfindən 120 mindən artıq müraciət daxil edilmişdir. Şöbə tərəfindən aparılmış təhlil göstərir ki, məlumatlar ildən-ilə daha dəqiq, dolğun və ətraflı doldurulur, istifadəçilərin sistemlə işləmə peşəkarlığı və məsuliyyəti artır. Bakı şəhəri və onun Binəqədi, Qaradağ, Nərimanov, Nizami, Pirallahı, Səbail, Suraxanı və Yasamal rayonlarında, Gəncə, Lənkəran, Naftalan, Sumqayıt və Ağdam, Ağsu, Biləsuvar, Göyçay, İmişli, İsmayıllı, Kəlbəcər, Kürdəmir, Qobustan, Şəmkir, digər şəhər və rayonlarda bu sahədə fəallıq nəzərə çarpır və inanırıq ki, respublikanın digər bölgələrində də bu işlər sürətləndiriləcəkdir.
Dövlət orqanlarında, idarə və təşkilatlarda sənədləşmə işinin, o cümlədən yazışmaların və vətəndaş müraciətlərinin müasir informasiya vasitələrinin köməyi ilə qəbulu və göndərilməsi getdikcə daha geniş vüsət alır. “Qaynar xətt”, “Çağrı mərkəzi”, “Şikayət və təkliflər”, səyyar poçt qutuları, bütün dövlət orqanlarının rəsmi saytlarında yerləşdirilən “Müraciət etmək” xanaları və elektron poçt vasitəsilə müraciətlərin göndərilməsi getdikcə artır. 2018-ci ildə mərkəzi icra hakimiyyəti orqanlarına və digər qurumlara daxil olan elektron məktubların sayı əvvəlki ilə nisbətən 7,9 faiz artmışdır. Bu barədə danışarkən daha operativ müraciət etmək üçün istifadə olunan çağrı mərkəzlərini xüsusi qeyd etməliyik. Çağrı mərkəzləri və ya “Qaynar xətt” vasitəsilə daxil olan şifahi müraciətlərin sayı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində 160, Təhsil Nazirliyində 85, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində 43, Səhiyyə Nazirliyində 33, İqtisadiyyat Nazirliyində 20, Kənd Təsərrüfatı Nazirliyində 11, Dövlət Gömrük Komitəsində 30, Əmlak Məsələləri Dövlət Komitəsində 13, Dövlət Miqrasiya Xidmətində 103 mindən çox olmuşdur.
Yaradılan tarix yaşadılmalıdır
Ulu öndər Heydər Əliyevin sözləri ilə desək, “Arxiv işlərinə gərək çox ciddi fikir verək. Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif edənlərin qarşısını almaq üçün çox mühüm amildir”. Ulu Öndərin bu müdrik sözlərini unutmağa heç birimizin haqqı yoxdur və müstəqillik illərimizin salnaməsi olan sənədlərin qorunması və gələcək nəsillərə çatdırılması hər bir Azərbaycan vətəndaşının, o cümlədən dövlət məmurunun şərəf işidir. Bu gün dünyanın müxtəlif ölkələrindəki muzey və arxivlərdə xalqımızın tarixinə dair saxlanılan çoxlu qiymətli sənədlərin və nadir əlyazmaların tapılıb ölkəmizə gətirilməsi üçün Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın dəstəyi ilə görülən işlər dediklərimizə əyani sübutdur.
Hazırda arxiv məlumatlarının müasir texnologiyalardan istifadə olunmaqla mərkəzləşdirilməsi və bu işin dövlət orqanlarında tətbiq olunan elektron sənəd dövriyyəsi sisteminin köməyi ilə həyata keçirilməsindən ötrü tədbirlər görülür.
“Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında Sənədlərin Ekspertizası və Arxiv İşi üzrə Mərkəzi Ekspert Komissiyasının yaradılması haqqında” ölkə Prezidentinin Sərəncamına əsasən şəhər və rayon icra hakimiyyəti başçılarının aparatlarında görülmüş işlər bu sahədə vəziyyətin xeyli yaxşılaşmasına kömək etmişdir. Hazırda bütün şəhər və rayon İHB aparatlarında həmin sərəncama uyğun olaraq yerlərdə yaradılmış sənədlərin ekspertizası və arxiv işi üzrə ekspert komissiyaları daimi fəaliyyət göstərir.
Şəhər və rayon icra hakimiyyəti aparatlarının sənədlərinin dövlət mühafizəsi işinin öyrənilməsindən belə məlum olur ki, 2018-ci il yanvarın 1-dək şəhər və rayon İHB-lərinin böyük əksəriyyəti müvafiq qaydalara uyğun olaraq 2012-2013-cü illərə aid sənədləri dövlət arxivlərinə təhvil vermişlər.
Təhlillər göstərir ki, arxiv işi əksər şəhər və rayonda yaxşı təşkil olunmuşdur. Buna misal olaraq, Bakı şəhərinin Binəqədi, Xəzər, Nizami, Sabunçu, Suraxanı və Yasamal rayonlarını, Naxçıvan Muxtar Respublikasını, Gəncə, Lənkəran, Mingəçevir, Şəki və Şirvan şəhərlərini, habelə Ağcabədi, Ağdam, Ağdaş, Ağsu, Astara, Balakən, Beyləqan, Biləsuvar, Cəbrayıl, Cəlilabad, Daşkəsən, Gədəbəy, Göygöl, Hacıqabul, Xocavənd, İmişli, İsmayıllı, Qax, Qazax, Qəbələ, Qobustan, Quba, Laçın, Lerik, Masallı, Neftçala, Oğuz, Saatlı, Sabirabad, Salyan, Siyəzən, Şabran, Şamaxı, Şəmkir, Tərtər, Tovuz, Ucar, Zaqatala, Zəngilan, digər şəhər və rayonları göstərmək olar.
Bəzi rayon icra hakimiyyətləri 2012-2013-cü illərə aid sənədləri təhvil versələr də, təqdim etdikləri hesabatlarda mövcud vəziyyəti aydın əks etdirmirlər. Bakı şəhərinin bəzi rayonlarının, Naftalan və Yevlax şəhərləri, həmçinin Bərdə, Füzuli, Göyçay, Xızı, Kəlbəcər, Kürdəmir, Samux, digər şəhər və rayon icra hakimiyyətlərində bu işin icrasına nəzarət artırılmalıdır.
2018-cı il ərzində arxiv məsələləri ilə bağlı Prezident Administrasiyasına onlarla vətəndaş müraciəti daxil olmuşdur. Vətəndaşların Prezident Administrasiyasına müraciət etməsinin əsas səbəbi lazımi arxiv sənədlərini əldə etməkdə üzləşdikləri çətinliklərdir. Yerlərdə daimi mühafizə olunan arxiv fondlarından düzgün istifadəyə laqeyd yanaşılması, struktur dəyişikliyi və ya özəlləşdirmə nəticəsində ləğv olunmuş idarə və təşkilatların sənədlərinin dövlət arxivinə verilməməsi və sair səbəblərə görə vətəndaşların dövlət arxivlərinə müraciətləri bəzən nəticəsiz qalır.
Belə halların olmaması, görülən bugünkü əzəmətli işlərin güzgüsü olan sənədlərin qorunması, bir sözlə, yaradılan tarixin yaşadılması üçün arxiv işinə diqqət daim artırılmalıdır.
Davamlı islahatlar davamlı qələbələrə aparan yoldur
Böyük tarixi hadisələr və dərin islahatlar ili kimi yadda qalan 2018-ci il artıq geridə qalmış, xalqımız böyük gözləntilər və ümidlərlə 2019-cu ilə qədəm qoymuşdur. Ötən ilin ən böyük siyasi hadisəsi olan prezident seçkilərindən sonra daha da sürətləndirilən, düşünülmüş və gələcəyə hesablanan davamlı islahatlar Azərbaycanın tərəqqisinə etibarlı zəmin yaratmışdır.
Azərbaycan Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin ötən ilin sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında, 2014-2018-ci illər üçün regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasına dair konfransda, Azərbaycan Gəncləri Gününə həsr olunmuş toplantıda, digər mühüm beynəlxalq və respublika əhəmiyyətli tədbirlərdə ölkəmizin 2018-ci ildə əldə etdiyi göstəricilər haqqında böyük iftixar hissi ilə ətraflı hesabat vermiş və bu nailiyyətlərin nəyin sayəsində qazanıldığını aydın şərh etmişdir. Xüsusilə mötəbər məclislərdən biri olan Davos Dünya İqtisadi Forumundakı çıxış və müsahibələrində, keçirdiyi çoxsaylı görüşlərdə Azərbaycanın bütün qələbələrinin təməlində Heydər Əliyev siyasətinin, xalqla iqtidar birliyinin dayandığını bildirmişdir. Dövlət başçısı, ilk növbədə, onu qeyd etmişdir ki, Azərbaycanda Prezident öz xalqına, xalq isə öz Prezidentinə inanır və ölkə rəhbərliyi hər bir addımını xalqın mənafeyinə uyğun olaraq atır.
Azərbaycanın qazandığı nailiyyətlərlə, əldə etdiyi iqtisadi göstəricilərlə dünyanın istənilən ölkəsi fəxr edə və bunu böyük qəhrəmanlıq kimi təqdim edə bilər. Lakin Azərbaycan Prezidenti bunu özünün vəzifəsi, düşünülmüş siyasətin bəhrəsi hesab edir və daim irəliyə baxaraq deyir: “Mən əldə edilmiş uğurlar haqqında həmişə danışmağa hazıram və fəxr ediləsi məsələlər kifayət qədər çoxdur. Ancaq mən həmişə, necə deyərlər, narazı oluram. Çünki mən istəyirəm ki, daha yaxşı olsun”. Məhz bu istəklə Azərbaycanı yeni-yeni uğurlara aparan Prezident İlham Əliyev Vətənimizə və paytaxtımız Bakıya dünya şöhrəti qazandırmışdır.
Azərbaycana və onun Prezidentinə inamın, ölkədə hökm sürən əmin-amanlığın, yaradılan infrastrukturun sayəsində paytaxtımız Bakı şəhəri ən mötəbər beynəlxalq forumların, mühüm idman yarışlarının, dünya və Avropa çempionatlarının keçirildiyi bir məkana çevrilmişdir. 2019-cu ildə “OPEC+” formatında zirvə toplantısının, V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun, futbol üzrə UEFA Avropa Liqası finalının, Aerobika və Bədii gimnastika üzrə Avropa çempionatlarının, Avropa Gənclər Olimpiya Festivalının, Formula 1 yarışının və sair beynəlxalq tədbirlərin Bakıda keçiriləcəyi buna əyani sübutdur.
Son 15 ildə həyata keçirilən düşünülmüş sosial-iqtisadi siyasətin nəticələri Azərbaycanı güclü bir dövlət kimi tanıtmış, Azərbaycan xalqının daha yaxşı yaşamasına, ölkədə güclü hərbi sənaye potensialının və qüdrətli ordunun yaradılmasına imkan vermişdir. Bu illər ərzində bazar iqtisadiyyatı prinsiplərinin sosial ədalət prinsipləri ilə uğurla uzlaşdırılması, ölkədə sabitliyin tam bərqərar edilməsi, Azərbaycanı ən təhlükəsiz məkana çevirmişdir.
Ölkə Prezidenti qarşıdakı dövrdə ölkənin inkişaf perspektivlərini və istiqamətlərini çox aydın görür və bunu xalqa bəyan edir. Bu gün Azərbaycan beynəlxalq maliyyə qurumlarının, xarici investorların həvəslə vəsait yatırdığı bir ölkədir və geniş maliyyə imkanları hesabına qlobal layihələri cəsarətlə həyata keçirməkdədir. Cənab Prezidentin səyləri ilə ölkənin enerji gücü qat-qat artırılır və regionların inkişafına həsr olunmuş konfransda onun dediyi kimi, yaxın vaxtlarda ölkəmizdə əlavə 1500 meqavat elektrik enerjisi istehsal ediləcək, yeni sənaye parkları yaradılacaq, müasir aqroparkların sayı 51-ə çatdırılacaq, ən yeni texnologiyaların ölkəyə gətirilməsi davam etdiriləcək, ölkənin ixrac imkanları daha da genişləndiriləcəkdir. Ölkəmizdən son məhsul şəklində mal ixracı gücləndiriləcək, ölkəyə daha çox valyuta gətiriləcəkdir. Əhalinin güzəranını daha da yaxşılaşdırmaq üçün müasir sənaye və emal müəssisələrinin yaradılmasına, məşğulluğun artırılmasına xüsusi diqqət yetiriləcəkdir.
Azərbaycan Prezidenti ölkədə həyata keçirilən islahatların mahiyyətini şərh edərkən demişdir: “İslahatlar davam etdiriləcək. Bu islahatlar nəticə verir. Biz islahat naminə islahat aparmırıq. Biz məqsədyönlü, düşünülmüş addımlar atırıq ki, ölkəmizin inkişafına yeni təkan verək, hələ də həll olunmamış problemləri həll edək, nöqsanları, xoşagəlməz halları, çatışmayan məqamları aradan götürək və bunu edirik”. Bəli, Azərbaycan tərəqqi, inkişaf yolu ilə irəliləyir və növbəti illərdə də bunun qarşısını heç bir qüvvə ala bilməyəcəkdir.
Dövlət başçısı iqtisadi inkişaf məsələləri ilə yanaşı, xalqın milli-mənəvi dəyərlərinin qorunması və yaşadılması məsələlərinə də xüsusi diqqət yetirir və deyir: “Bizi bir xalq kimi, millət kimi qoruyan... məhz bizim dəyərlərimiz, ana dilimiz, mədəniyyətimiz, ədəbiyyatımız, incəsənətimiz olub. Azərbaycan gəncləri mütləq milli ruhda tərbiyə almalıdırlar ki, gələcəkdə dövlət maraqlarını, xalqımızın milli maraqlarını layiqincə qoruya bilsinlər”.
Azərbaycan xalqının ən böyük arzusu və məqsədi işğal altında olan torpaqlarımızın azad edilməsidir. Azərbaycan xalqının torpaqlarımızın işğalı ilə heç vaxt barışmayacağını, müharibənin hələ bitmədiyini vurğulayan cənab Prezident gənclərimizi hər an torpaqlarımızın işğalçılardan təmizlənməsinə hazır olmağa çağırır.
Ölkə Prezidenti qarşıda duran vəzifələrdən inamla danışaraq bildirir: “Bu gün Azərbaycan dünyada çox sürətlə inkişaf edən ölkə kimi tanınır. Biz isə əldə edilmiş uğurlarla kifayətlənməməliyik, daim irəliyə baxmalıyıq və ilk növbədə, bu gün həll edə bilmədiyimiz məsələləri həll etməliyik, nöqsanları, problemləri aradan qaldırmalıyıq”.
Azərbaycan xalqı gələcəyinə və daha işıqlı sabahına əmin ola bilər. Təkcə Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illər üçün sosial-iqtisadi inkişafı Dövlət Proqramında nəzərdə tutulmuş işlərin icrasına əvvəlki proqramdan da çox – 17,4 milyard manat vəsait qoyulacaqdır. İnvestisiya təşviqi proqramı üzrə 332 layihənin həyata keçirilməsi, buna 2,8 milyard manat vəsait qoyulması, bu layihələr çərçivəsində 12 min yeni iş yerinin açılması nəzərdə tutulur ki, bu da Azərbaycanın iqtisadi inkişafına böyük kömək göstərəcəkdir və ölkə Prezidentinin dediyi kimi: “Azərbaycan bundan sonra da uğurla, inamla inkişaf edəcək, ölkəmiz ancaq inkişaf, tərəqqi və qələbələr yolu ilə gedəcəkdir”.
Süleyman İsmayılov,
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının
Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri
Baxış sayı: 909
Bölməyə aid digər xəbərlər

Bu gün, 14:26
Şeyx Portuqaliyaya gedir
21-11-2024, 22:01
Leyla Əliyeva Qlobal Liderlərin Dialoqunda iştirak etdi - Fotolar
19-11-2024, 22:08
Samir Nuriyev görüş keçirdi - Fotolar
14-11-2024, 15:53
İlham Əliyev İslam İnkişaf Bankının prezidenti ilə görüşüb
14-11-2024, 00:33
Heydər Əliyev Fondunun nəşri təqdim olundu - Fotolar+Video
9-11-2024, 10:22
Sumqayıtda 8 noyabr Zəfər Günü qeyd olunub-VİDEO+FOTOLAR
7-11-2024, 09:43
Sumqay;tda Zəfər Günü ilə əlaqədar “Zəfər nəğməli Azərbaycan” adlı tədbir keçirildi-VİDRO+FOTOLAR
4-11-2024, 19:17
Dini Liderlərin Qlobal Sammitinin iştirakçıları Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət ediblər
31-10-2024, 08:37
Bayden iki uşağı dişləyib
28-10-2024, 19:42
“Şəhid Vətən Müharibəsi Qəhrəmanları” adlı kitabın təqdimatı olub
25-10-2024, 19:25
Ukrayna hərbçiləri təsadüfən özünün "Hawk" pilotsuz təyyarəsini vurub
17-10-2024, 10:52
Prezidentdən Füzuli ilə bağlı paylaşım - Video
15-10-2024, 04:13
Sumqayıtda "Mənim oğlum qəhrəmandır" layihəsi-VİDEO+FOTOLAR
8-10-2024, 16:17
İlham Əliyevin Rusiya Prezidenti Vladimir Putinlə görüşü olub
5-10-2024, 12:06
Sumqayıtda Müəllimlər Günü qeyd olundu-VİDEO+FOTOLAR
3-10-2024, 22:38
İlham Əliyev Cəbrayıl rayonunun Horovlu kəndində fərdi evlərin və sosial obyektlərin tikintisi ilə tanış olub
28-09-2024, 22:48
Beynəlxalq Prokurorlar Assosiasiyasının İcraiyyə Komitəsinin 58-ci iclası keçirilib
27-09-2024, 23:47
Baş Prokurorluğun rəhbər heyəti Zəfər Parkında olub
27-09-2024, 17:56
Sumqayıtda 27 sentyabr – Anım Günü ilə bağlı tədbir keçirilib
27-09-2024, 11:16
İlham Əliyev Zəfər parkında olub
25-09-2024, 22:26
Adil Əliyevin doğum gününü TƏBRİK EDİRİK!
25-09-2024, 11:26
İlham Əliyevə çoxməqsədli JF-17C təyyarələri təqdim olunub
24-09-2024, 23:34
İlham Əliyev “ADEX-2024” və “Securex Caspian” sərgiləri ilə tanış olub
24-09-2024, 11:07
Qarabağ Universitetində yaşanan qürurlu gün-Kamal Paşazadə
23-09-2024, 20:17
İlham Əliyev yeddinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclasında iştirak edib
20-09-2024, 09:31
İlham Əliyev Şuşada Bayraq Meydanının açılışında iştirak edib
19-09-2024, 21:03
İlham Əliyev Ağdam şəhərində İmarət Kompleksinin bərpadan sonra açılışında iştirak edib
18-09-2024, 20:02
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Milli Qəhrəman Mübariz İbrahimovun ailəsini ziyarət edib
16-09-2024, 20:35
ABŞ Dövlət katibi Antoni Blinken Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib
15-09-2024, 10:52
XİN-dən Bakının azad edilməsi ilə bağlı - Paylaşım
14-09-2024, 15:22
Prezident İlham Əliyev Fatma Səttarovanın vəfatı ilə əlaqədar onun ailəsinə və yaxınlarına başsağlığı verib
14-09-2024, 11:48
İlham Əliyev “Xaqani” bağında və ətraf ərazilərdə aparılmış abadlıq-yenidənqurma işlərindən sonra yaradılan şəraitlə tanış olub
13-09-2024, 01:44
Heydər Əliyev Fondunun Vatikanda Müqəddəs Yubiley İlinə töhfəsi- VİDEO
10-09-2024, 19:17
Lamiyə və Orxana “Şöhrət” ordeni verildi
6-09-2024, 12:11
İlham Əliyev Beynəlxalq Çernobbio Forumunda “Yeni geosiyasi şəraitdə Azərbaycanın rolu” adlı sessiyada çıxış edib
6-09-2024, 11:40
İlham Əliyev Milan şəhərinə gəlib
4-09-2024, 21:06
Baş prokuror Rusiyada işgüzar səfərdədir
2-09-2024, 22:25
İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Kəlbəcərdəki Xudavəng monastır kompleksində olublar
2-09-2024, 13:20
Onları parlamentdə ilk dəfə görəcəyik
1-09-2024, 15:24
Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev 34 saylı seçki məntəqəsində səs verib