Bütün xəbərlər
Misirdə Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş tədbir təşkil olunub
Tarix: 09-05-2023 20:27 | Bölmə: Gündəm

Misir-Azərbaycan Dostluq Cəmiyyətində, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illiyinə həsr olunmuş tədbir təşkil olunub.

Bu barədə Sabaha-inamla.az-a Misir-Azərbaycan Dostluq Cəmiyyətindən bildiriblər.
Bildirilib ki, tədbirdə səfirliyin əməkdaşları, Misirdə yaşayan və təhsil alan azərbaycanlılar, həmçinin onların ailə üzvləri, Dostluq Cəmiyyətinin təsisçiləri və cəmiyyətdə Azərbaycan dilini öyrənən tələbələr iştirak edib.
Tədbir iştirakçılarını salamlayan Misir-Azərbaycan Dostluq Cəmiyyətinin sədri, tədqiqatçı-alim Seymur Nəsirov bu günlərdə xalqımızın və dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıların dahi siyasətçi, Azərbaycanı parçalanma və məhv olma təhlükəsindən xilas edərək inkişaf və əmin-amanlıq yoluna çıxaran Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyini qeyd etdiyini bildirilib. O, diqqətə çatdırıb ki, Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən, 2023-cü il ölkəmizdə “Heydər Əliyev İli” elan olunub. S. Nəsirov qeyd edib ki, Ulu Öndərin 100 illik yubileyi münasibəti ilə Dostluq Cəmiyyəti tərəfindən silsilə tədbirlər davam edəcəkdir.
Sonra Azərbaycanın Misirdəki fövqəladə və səlahiyyətli səfiri Elxan Poluxov çıxış edərək Misir Prezidenti Əbdülfəttah Əs-Sisinin 2023-cü ilin yanvar ayında Azərbaycana səfərini ölkələrimiz arasında münasibətlərin və əməkdaşlıq əlaqələrinin yüksək səviyyədə olmasının bariz nümunəsi adlandırıb. O bildirib ki, iki ölkə arasında dostluq əlaqələri qədim tarixə söykənir və xalqlarımızı bir-birinə böyük hörmət və doğmalıq hissləri bağlayır. Bütün sahələrdə hiss olunan inkişafın yaxın gələcəkdə daha da yüksələn xətlə davam edəcəyini vurğulayıb. O, diasporumuzun keçirdiyi tədbirlərdə Azərbaycan icması ilə birlikdə ölkəmizə dost münasibəti bəsləyən yerli ictimaiyyətin nümayəndələrinin iştirak etməsini təqdirəlayiq hal kimi dəyərləndirib.
Tədbirdə çıxış edən, Misir Ərəb Respublikası Ali Təhsil Nazirliyinin xarici əlaqələr üzrə baş direktoru dr. Bağdadi İmam və Orta Asiya və Qafqaz məsələləri üzrə tədqiqatçı jurnalist Əhməd Əbdu Tarabek, Ulu Öndərin Misirlə Azərbaycan arasında əlaqələrin inkişafında müstəsna xidmətləri olduğunu qeyd ediblər.
Tədbirin sonunda Dostluq Cəmiyyətinin Azərbaycan dili tələbələri Ulu Öndərə həsr edilmiş şeirlər söyləyiblər.
Qeyd edək ki, hazırda Misir-Azərbaycan Dostluq Cəmiyyətinin nəzdindəki kurslarda Azərbaycan dili ilə yanaşı, müxtəlif fənlər üzrə 42 ölkədən 450-yə yaxın gənc ödənişsiz təhsil alır.

Sabaha-inamla.az






Baxış sayı: 556


Bölməyə aid digər xəbərlər