12:51 / 26-11-2024
Sabiq rəis həbs edilib
Bütün xəbərlər
Yeni Azərbaycan Partiyası ilə Türkiyənin Ədalət və İnkişaf Partiyasının birgə videokonfransı keçirilib
Tarix: 05-05-2021 05:12 | Bölmə: Siyasət


Mayın 4-də Türkiyənin Ədalət və İnkişaf Partiyası - Yeni Azərbaycan Partiyası əməkdaşlığı çərçivəsində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş “Azərbaycan – Türkiyə, bir millət, iki dövlət: Qarabağ zəfəri sonrası reallıqlar və uydurma erməni soyqırımı açıqlamasının regionda sülhə və stabilliyə təsirləri” mövzusunda videokonfrans keçirilib.
Videokonfransın moderatorları, Milli Məclisin deputatı Ramil Həsən və Ədalət və İnkişaf Partiyasının Xarici əlaqələr departamentinin müdir müavini, Türkiyə parlamentinin üzvü Mehmet Ceylan ulu öndər Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş bu tədbirin əhəmiyyətini vurğulayıblar.
AZƏRTAC xəbər verir ki, videokonfransda çıxış edən Ədalət və İnkişaf Partiyası Sədrinin birinci müavini, Türkiyə Böyük Millət Məclisinin üzvü Numan Kurtulmuş konfransın təşkilatçılığında göstərdikləri xidmətlərə görə Mehmet Ceylana və Ramil Həsənə təşəkkür edib. O, həmçinin Yeni Azərbaycan Partiyasının VII qurultayında başda Tahir Budaqov olmaqla, yeni seçilən heyəti təbrik edib.
Konfransın partiyalar arasında bu formatda keçirilən ikinci tədbir olduğunu deyən Numan Kurtulmuş tədbirin nəticələrinin hər iki partiya və ölkə üçün xeyirli, uğurlu olmasını arzu edib: “Məsafələrimiz uzaq olsa da, ortaq məsələlər üzərinə fokuslanaraq könül birliyimizi, fikir birliyimizi daha da möhkəmləndirmiş oluruq. Bir daha konfransın təşkilində zəhməti olan dostlarımıza, iştirakçılara çox təşəkkür edirəm. Çıxışıma başlamadan əvvəl Azərbaycanın qurucu lideri Heydər Əliyevi anadan olmasının 98-ci ildönümündə rəhmətlə anıram. Bu da əslində gözəl bir adətdir. Adətən insanları ölüm ildönümlərində anırıq. Halbuki doğum günlərində anılmağın onların ölümsüzlüyünü ifadə etmə, gördüyü işlərin bərəkətini ifadə etmə baxımından önəmli olduğunu düşünürəm. Sizlər vasitəsilə azərbaycanlı qardaşlarımızın hər birinə ürəkdən sevgimizi, sayğımızı ifadə edirəm. Dünyada erməni lobbilərinin həm müharibə zamanı, həm də Qarabağ Zəfərindən sonra fəallaşması ilə ortaya çıxan yeni bir dönəmlə qarşı-qarşıyayıq. Bir daha böyük Zəfərdə xidməti olan başda cənab Prezident İlham Əliyev olmaqla, cənab Prezidentimiz Rəcəb Tayyib Ərdoğanı, bütün qəhrəmanları ürəkdən təbrik edirəm. İnşallah bu dönəmdə ortaya çıxan məsələlər, aramızdakı müzakirələrlə yeni perspektiv işlər ortaya qoymağımızı təmin edəcək. Bu konfransın da həm vəziyyəti dəyərləndirmək, həm də yeni perspektivlərlə gələcəyə istiqamətlənən rəylərimizi sağlamlaşdırmaq üçün önəmli olduğunu düşünürəm. Belə konfranslarla tək millət, iki ölkə olaraq əziz xalqımız gələcək perspektivimizi sağlamlaşdırmış olur. Qarabağ Zəfəri içərisində olduğumuz üçün bəlkə hiss etmədik, amma bu, tarixi bir uğurdur. Millətimiz üçün böyük bir uğurdur. Qarabağ hər şeydən öncə Vətəndir. Sözlərimin əvvəlində Türkiyədə də tanınan və sevilən şair, ustad Bəxtiyar Vahabzadənin bu misralarını bir daha xatırlatmaq istəyirəm:

Vətənin arxasında
Biz həmişə dağ olduq.
Vətən bizimçin deyil,
Biz Vətənçin doğulduq.
Toxunmasın bu yurda
Bir an düşmən nəfəsi.
Gəlsin minarələrdən
Allahu-Əkbər səsi.
Başımızın üstündə
Məhəmmədəmin bayrağı.
Güllə qorxar igiddən,
Güllə tutar qorxağı.
Vətən adlı ocağa
Hər gün isinmək şərəf.
Bu torpağın yolunda
Torpağa dönmək şərəf!

Bununla Bəxtiyar Vahabzadəni də rəhmətlə anıram. Həqiqətən bu misraları ilə Azərbaycan xalqı şanlı dirənişi necə həyata keçirdiyini də cümlə-aləmə bəyan etmiş oldu.
Müharibədən sonra ortaya çıxan vəziyyət, yeni reallıqları 5 istiqamət üzrə diqqətinizə çatdırıram. Birincisi, Qarabağ Zəfərinin həm regional tarazlığa, həm regional sülhə fövqəladə təsirləri olacağına şübhə yoxdur. Ancaq Qarabağ Zəfərinin siyasi, geopolitik təsirlərindən öncə ən böyük təsirinin öz toplumlarımız üzərində olduğunu ifadə etmək istəyirəm. Həm Azərbaycanın, həm də Türkiyənin Qarabağ Zəfərinin böyük bir milli coşqu yaratdığı və bu Zəfər ilə hər iki toplumda ortaq milli və dini dəyərlərin bir daha qabardığı və bu dəyərlər üzərində toplumun daha möhkəm hala gəldiyinə birlikdə şahid olduq”.
Ədalət və İnkişaf Partiyası Sədrinin birinci müavini qeyd edib ki, azadlığın millətimiz üçün nə qədər önəmli olduğunu, Vətənin və Vətən uğrunda şəhadətin nə qədər müqəddəs dəyər olduğunu gənclərimiz bir daha Qarabağ Zəfəri ilə açıq şəkildə görmüş oldular: “Bu mənada Qarabağ Zəfəri siyasi, hərbi, geopolitik, iqtisadi nəticələri qədər toplumsal möhkəmlənmə baxımından fövqəladə dəyər ortaya qoyub.
Qarabağ Zəfəri ilə ortaya çıxan ikinci önəmli məsələ isə Dağlıq Qarabağın işğaldan azad edilməsi ilə “Ermənistan dediyiniz ölkənin sərhədləri hansıdır” sualını dünya ictimaiyyətinə ünvanlamasıdır. Ermənistanın sərhədləri nə üçün bəlli deyil? Ermənistan sərhədlərini nə üçün daim genişləndirmək istəyir? Bu suallar Qarabağın azadlığının təmin olunması ilə bir daha dünya gündəminə gəlmiş oldu. Bilirsiniz, Qarabağın işğalı məsələsi İosif Stalinin səyləri ilə 20-ci əsrin əvvəllərində başlanmışdı. Bu torpaqlarda yeni bir Ermənistan qurulması üçün, xüsusilə o torpaqlardan qovulan, sürgün edilən azərbaycanlı qardaşlarımızın boşaltdığı ərazilərə çox sayda erməni gətirildi. Sürətli bir şəkildə ermənilərin Dağlıq Qarabağ bölgəsində yerləşdirilməsi ilə bu bölgədə erməni işğalının əhali baxımından alt zəmini hazırlanmış oldu. Ermənilər 1988-ci ildən etibarən Azərbaycanlıların sıx yaşadığı kənd və qəsəbələrə hücumları davam etdirdi. Erməni diasporu başda olmaqla, Ermənistandakı önəmli siyasətçilərin bir qisminin zehnində “böyük Ermənistan” qurmaq ideyası var. Bir sözlə, Azərbaycan Qarabağı işğaldan azad etməklə çox önəmli siyasi sualı dünya ictimaiyyətinin diqqətinə çatdırdı. Yəni, bu Ermənistanın sərhədləri hansıdır və nə üçün Ermənistan bu qədər çox genişlənmək, böyümək istəyir? Azərbaycanın Zəfəri ilə meydana çıxan ikinci mövzu budur”.
Numan Kurtulmuş vurğulayıb ki, üçüncü önəmli məsələ, müharibə zamanı Qarabağın işğaldan azad edilməsinə kimlərin qarşı çıxmasıdır: “Eyni şəkildə cənab Baydenin qondarma “erməni soyqırımı” məsələsi də Qarabağ müharibəsi zamanı qarşı çıxanların hərəkətlərinin davamıdır. Bu kontekstdə bütün bunların gündəmə gətirilməsi Qarabağ Zəfərinin önəmi və dəyəridir. Hazırda erməni lobbilərinin Azərbaycan və Türkiyəyə qarşı açdıqları müharibə, terminologiyadan istifadə etmək lazım gələrsə, sərhədsiz bir savaşdır. Yəni, yeri, zamanı, forması bəlli olmayan çox əhatəli bir savaşdır. Yeri gəlsə, Xocalıdakı kimi qətliam edərlər. Yeri gələrsə, ASALA kimi terror təşkilatlarını dəstəkləyərək həm azərbaycanlı, həm türk hədəflərinə qarşı hücumlar edərlər. Yeri gələrsə, media savaşları həyata keçirərlər. Yeri gələrsə, lobbilər üzərindən savaşlar edərlər. Həmçinin, akademik ədəbiyyatla, kinoqrafik propaqandalarla mübarizə edərlər. Bu baxımdan Ermənistanın Azərbaycan və Türkiyəyə qarşı mübarizəsi sərhədsiz savaşdır. Bu mənada Qarabağ Zəfəri zamanı Türkiyə və Azərbaycanın əl-ələ, yan-yana bu mübarizəyə qarşı dayanması əslində, ermənilərin dünya miqyasında bizə qarşı verdiyi bu sərhədsiz savaşı da aşkara çıxarıb”.
Ədalət və İnkişaf Partiyası Sədrinin birinci müavini qeyd edib ki, Qarabağın işğaldan azad olunması ilə Azərbaycan və Türkiyənin dünyanın qlobal strukturlarına qarşı tənqidlərində nə qədər haqlı olduğunu bir daha ortaya qoyur: “BMT başda olmaqla, heç bir beynəlxalq təşkilatın dünyada sülhü təmin etmək, ədaləti bərqərar etmək baxımından azacıq əməyinin, gücünün olmadığı ortaya çıxdı. 1994-cü ildə qurulan ATƏT-in Minsk qrupunun əslində heç bir şey etmədiyini və əslində, 30 il Qarabağın işğalını seyr etdiyini bütün dünya görüb. Qarabağ Zəfəri ilə Azərbaycan sonu gəlməyən toplantılar, haqsız olana dayan, sən haqsızlıq edirsən demək cəsarətini göstərməməyin, haqlının güclə nəticə əldə edə biləcəyini bütün dünyaya göstərib. Bu mənada, ATƏT-in Minsk qrupu başda olmaqla bu qurum və quruluşların heç bir dəyəri olmadığı aşkara çıxıb. Eyni şəkildə 25-26 fevral 1992-ci ildə törədilən Xocalı qətliamından sonra “Human Right Watch” təşkilatı dünyadakı heç bir beynəlxalq təşkilatın Xocalı qətliamına səs çıxarmadığını gördük. Dünya qurumlarının ədaləti müdafiə etməyən, tamamilə mövcud status-kvonun qorunmasına səy göstərən qurumlarının da heç bir işə yaramadığını bir daha görmüş olduq. Yenə eyni şəkildə dünya televiziyalarına baxdıqda, Azərbaycanla bağlı dosyeləri, ədalətsiz yayımları görürük. Nə hikmətdirsə, Azərbaycanı neft və qaz zənginliyi ilə, Cənubi Qafqazda, Asiyada önəmli strateji keçid nöqtəsi olduğunu tez-tez gündəmə gətirirlər. Sanki Azərbaycan azərbaycanlıların deyil, beynəlxalq aləmin diqqətini üzərinə toplamış nəzər nöqtəsi kimi danışırlar. Amma azərbaycanlıların dərdləri ilə bağlı heç bir hərəkət etməzlər. Ona görə Azərbaycanın bu zənginliklərindən, strateji önəmindən bəhs edən beynəlxalq ictimaiyyətin nə üçün Xocalı qətliamı və Qarabağın işğalı kimi mövzularda illərdir səssiz qaldıqlarını bir daha sormaq istəyirəm. Bu mənada Qarabağ Zəfəri dünya sistemindəki boşluqların ortaya çıxarılması, həm də güclərimiz birləşdirildiyində nə qədər önəmli nəticələr əldə edildiyini göstərməsi baxımından xəbərdarlıq fişəngi kimidir. Bu məsələ dünyanın bir çox yerlərində Türkiyə və Azərbaycana qarşı fəaliyyətlərini davam etdirənlərin diqqətini çəkib. ABŞ, Fransa, Belçika və bir çox Qərb ölkəsindəki Türkiyə və Azərbaycan əleyhdarlarının necə erməni lobbilərinin çörəyinə yağ sürtdüyünü, onlarla necə əlaqədə olduqlarını, yeri gəldikdə ASALA, PKK, PYD, FETÖ kimi terror təşkilatlarına necə dəstək verdiklərini bir daha ortaya çıxarıb. Türkiyə ilə birlikdə Azərbaycanın əl-ələ olması bu coğrafiyada dəyərli bir tənhalıqdan qurtuluş və qürurlu duruş kimi dünyaya dərs vermişdir”.
N.Kurtulmuş bildirib ki, Qarabağ Zəfəri Qafqazda sülhə, təhlükəsizliyə, ədalətə, problemləri dialoq vasitəsilə həll etmək üçün yeni siyasi meydan açıb: “Cənab Prezidentimizin Bakı səfəri çərçivəsində Qafqazdakı 6 ölkənin bu regionun problemlərini həll edə biləcək önəmli gücə sahib olduğunu ifadə etməsi əslində tam olaraq bu nöqtəni işarə edən bir hadisədir. Yəni biz bu bölgədə ədalətli sülh ortaya çıxdıqdan, ölkələrin ərazi bütövlüyü tanındıqdan sonra Qafqazdakı məsələləri müzakirə etmək üçün fövqəladə siyasi işbirliyi mühiti əldə edirik. Fikrimcə, Qarabağ zəfərini beşinci önəmli dərsi də budur”.
N.Kurtulmuş vurğulayıb ki, ABŞ prezidenti Co Baydenin qondarma erməni soyqırımı sözünü təkrarlamış olması tarixi həqiqətləri dəyişdirmə gücündə deyil: “Açıq şəkildə ifadə edirik ki, cənab Baydenin bu sözləri mənasız, siyasi məqsədlər üçün söylənmiş və erməni lobbilərin könlünü xoş tutmaq üçün dilə gətirilib. Daha açıq formada desəm, cənab Bayden ABŞ-ı erməni lobbilərinə girov vermişdir. Bu ABŞ-ın milli maraqlarına da ziddir. Bu həqiqətləri də əks etdirmir. Bizim tariximizdə heç bir şəkildə soyqırımı yoxdur. Əgər soyqırımından bəhs edənlər varsa, onlara geriyə dönüb öz tarixlərinə baxmağı tövsiyə edirik. Yaşadıqları ABŞ-a dönüb baxsınlar. Yeni qitənin əsl sahibləri olan yerlilərin necə və hansı formada yox edilməsinin hesabını versinlər. Xirosima və Naqasakidə 350 min insanın ölümünə səbəb olan və sadəcə yaşayanlar deyil, sonrakı nəsillərin kökünü kəsən xain atom bombasının əmələ gətirdiyi soyqırımına baxsınlar. Əgər soyqırımı axtarırlarsa, getsinlər Vyetnamda insanlıq əleyhinə hansı, cinayətlər törətdiklərini gözdən keçirsinlər. Həmçinin müharibə zamanı yaponiyalılara toplanma düşərgələrində nasist Almaniyasından betər şəkildə davrandıqlarını xatırlasınlar. Əgər o qədər geriyə gedəcək hafizələri yoxdursa, daha yaxın illəri nəzərdən keçirsinlər. Əfqanıstanda öldürdükləri 1.5 milyon insanın hesabını versinlər. İraqın işğalı ilə məhv edilən 1 milyondan artıq insanın hesabını versinlər. Bağdaddakı qətliamlara baxsınlar. Quantanamo kimi həbsxanalardakı insanlıq əleyhinə cinayətləri, işgəncələri xatırlasınlar. Dolayısı ilə bizim tariximizin heç bir dönəmində soyqırım yoxdur. Osmanlıda ermənilər sadiq millət olaraq qəbul edilirdi. Amma Osmanlının dağıntıları üzərində qınçaqlara, daşnaqlara, erməni təşkilatlarına kimlər dəstək, silah verdi? Türkiyədə, Azərbaycanda erməniləri dəstəkləyərək bizə qarşı kim qaldırdı? Bu gün ASALA, PKK, PYD kimi terror təşkilatlarının dəstəklənməsi dünyadakı imperialist təzahürlərin yeni formasıdır. 100-120 il əvvəl nə edirdilərsə, indi də eynisini edirlər. Biz bu oyunu bilirik. ABŞ və bəzi imperialist keçmişə sahib ölkələr arasında bölgəyə, Yaxın Şərqə baxışımızda təməl fərqlilik var. Biz Türkiyə olaraq, sülhə, sabitliyə və həmrəyliyə sahib bir bölgə istəyirik. Bölgə xalqlarının türklər, ermənilər, kürdlər, ərəblər, əcəmlər, sünnilər, şiələr, fərqli məzhəbləri, fərqli dinləri ilə birlikdə sülh içərisində yaşasınlar. Türkiyə olaraq məqsədimiz daha çox inteqrasiya, birləşmə, əməkdaşlıq və rifahın yüksəldilməsidir. Təəssüf ki, bəzi imperialist keçmişə sahib ölkələr və bu gün ABŞ-ın Yaxın Şərqdə yürütdüyü siyasət daha çox parçalanmanın təmin edilməsinə xidmət edir. Bu baxış fərqləri Baydenin ifadə etdiyi kimi, qondarma soyqırımı kimi məsələlərdə ortaya çıxır. Bunu təkcə Türkiyəyə düşmən münasibət kimi ortaya qoymurlar. Qeyd etdiyim kimi, erməni məsələsi üzərindən bölgədə yenidən 100 il öncə etdiklərini təkrarlamaq istəyirlər. Biz iki dövlət, tək millət - Azərbaycan və Türkiyə Qafqazın önəmli iki ölkəsi olaraq xalqlarımızla birlikdə Qarabağ Zəfərindən sonra daha ayıq bir şəkildə yolumuza davam edəcəyik. Qardaşlığımızı, əməkdaşlığımızı, həmrəyliyimizi hər sahədə irəli aparacağıq. Bu məqsədlə Yeni Azərbaycan Partiyası və Ədalət və İnkişaf Partiyası bu böyük gələcək mübarizəsində iki önəmli güc olaraq ölkələrimizi irəli aparmaq üçün mübarizə aparacağıq”.
Konfrans iştirakçılarını salamlayan YAP sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov çıxışında bildirib ki, Türkiyənin Ədalət və İnkişaf Partiyası və Yeni Azərbaycan Partiyasının birgə təşkilatçılığı ilə keçirilən videokonfransın tarixi və onun mövzusu heç də təsadüfən seçilməmişdir. Ümummilli liderimiz Heydər Əliyevin “Azərbaycan – Türkiyə, bir millət, iki dövlət” kəlamının tarixiliyi özünün siyasi, iqtisadi, mənəvi, eləcə də geostrateji mahiyyətini ötən dövr ərzində sübuta yetirmişdir. 44 günlük şanlı Vətən müharibəsi və xalqımızın böyük zəfəri Ulu Öndərimizin bu sözlərinin təntənəsi idi. Elə son günlərdə də qardaş Türkiyənin uydurma soyqırımı ittihamı ilə üzləşdiyi bir zaman xalqlarımızın nümayiş etdirdiyi vahid mövqe sarsılmaz birliyimizin bariz nümunəsi oldu.
Tahir Budaqov qeyd edib ki, Azərbaycan 44 günlük müharibədə təcavüzkar Ermənistanı ağır məğlubiyyətə uğratdı, parlaq qələbə qazanaraq tarixi ədaləti, ərazi bütövlüyünü bərpa etdi. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə qüdrətli Azərbaycan Ordusu şanlı zəfər yürüşü edərək təcavüzkar erməni silahlı qüvvələrini əzəli torpaqlarımızdan qovdu. Beləliklə, 30 ilə yaxın müddət ərzində regionda sülhə, sabitliyə və təhlükəsizliyə ciddi təhdidlər yaradan, separatizmə rəvac verən işğal faktına son qoyuldu, Azərbaycan Dağlıq Qarabağ münaqişəsini hərbi-siyasi yolla həll etdi. Bununla Azərbaycan dövləti həm də Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının uzun müddət kağız üzərində qalmış 4 qətnaməsinin icrasına nail oldu. Azərbaycanın bu möhtəşəm tarixi qələbəsi təkcə ölkəmizin ərazi bütövlüyünün təmin olunması deyil, eyni zamanda, regionda yeni geostrateji reallıqların yaradılması baxımından mühüm əhəmiyyətə malikdir. Ölkəmiz yeni reallıqlar yaratmaqla bölgədə dayanıqlı sülh, etibarlı sabitlik və təhlükəsizlik, o cümlədən çoxşaxəli əməkdaşlıq mühiti formalaşdırdı. Regionda kommunikasiya xətlərinin bərpa olunması, o cümlədən Zəngəzur nəqliyyat dəhlizinin açılması təkcə bölgə xalqları və dövlətlərinin rifahına, inkişafına xidmət etməyəcək. Bu, eyni zamanda, regionda yeni, çoxtərəfli əməkdaşlıq platformasının yaranmasını şərtləndirəcək.
YAP Sədrinin müavini diqqətə çatdırıb ki, istər 30 ilə yaxın müddət ərzində davam edən münaqişə dövründə, istər 44 günlük Vətən müharibəsi zamanı, istərsə də postmüharibə mərhələsində qardaş Türkiyə Cümhuriyyətinin Azərbaycan Respublikasına qətiyyətli, birmənalı mənəvi-siyasi dəstək göstərməsi sevindirici və qürurverici haldır. Xalqlarımız və dövlətlərimiz bir daha sübuta yetirdilər ki, dostluq, qardaşlıq və strateji tərəfdaşlıq prinsiplərinə əsaslanan Azərbaycan-Türkiyə münasibətləri yeni dünya düzəni üçün parlaq nümunədir. Azərbaycan xalqı qardaş dəstəyini hər zaman çox yüksək qiymətləndirir, “bir millət, iki dövlət” fəlsəfəsinə əsaslanan münasibətlərin inkişafından böyük məmnunluq duyur.
YAP Mərkəzi Aparatının rəhbəri söyləyib ki, yeni mərhələdə də Azərbaycan və Türkiyənin birgə təşəbbüsləri bölgədə sülh və təhlükəsizlik mühitinin möhkəmlənməsinə, çoxtərəfli qarşılıqlı faydalı əməkdaşlığın dərinləşməsinə öz töhfəsini verəcək: “Hər iki ölkə bölgədə yaranan yeni əməkdaşlıq platforması çərçivəsində rifah və inkişaf tərəfdarıdır. Bütün bunlara baxmayaraq, bəzi məsuliyyətsiz, qərəzli, qeyri-obyektiv və tarixi faktlardan, həqiqətlərdən uzaq addımların atılması yeni geosiyasi reallıqlarla uzlaşmır, regionda qarşılıqlı faydalı və bərabərhüquqlu əməkdaşlığa ciddi mənfi təsir göstərir. Daha dəqiq desək, ABŞ Prezidenti Co Baydenin 1915-ci ildə baş vermiş hadisələrlə əlaqədar bəyanatında uydurma soyqırımı ifadəsindən istifadə etməsi tarixin təhrif olunması cəhdi kimi qiymətləndirilməlidir. Bu, eyni zamanda, qardaş Türkiyəyə qarşı uğursuz təzyiq cəhdi, həm də ABŞ ilə Türkiyə Cümhuriyyəti arasındakı strateji tərəfdaşlıq münasibətlərinin ruhuna zidd addım kimi qəbuledilməzdir. Bu, həm də ABŞ Prezidentinin beynəlxalq hüquq normalarına və ümumbəşəri dəyərlərə sayğısızlığıdır. Bu addım hər bir azərbaycanlının da hiddətinə səbəb olmuşdur. Çünki xalqımıza qarşı dəfələrlə soyqırımı aktları həyata keçirmiş, müharibə cinayətləri törətmiş ermənilərin “məzlum” obrazında göstərilməsi, eləcə də onların guya soyqırımına məruz qaldığının iddia olunması tarixin saxtalaşdırılması və reallıqların bilərəkdən təhrif olunması ilə yanaşı, Qarabağ zəfərindən sonra yaranmış geosiyasi mənzərəyə dolayı təsir cəhdləri kimi də qiymətləndirilməlidir. Yeri gəlmişkən, Azərbaycan cəmiyyəti və dövləti hər zaman olduğu kimi bu məsələdə də qardaş Türkiyəyə birmənalı və qətiyyətli dəstəyini bəyan etdi. Aprelin 24-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ilə Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı zamanı dövlət başçıları ABŞ Prezidenti C.Baydenin uydurma “erməni soyqırımı” ilə əlaqədar verdiyi bəyanatı qınadılar. Bu qərarın yanlış olduğunu qeyd edən partiyamızın sədri onu tarixi səhv adlandırdı. Dövlətimizin başçısı Azərbaycan xalqı və dövləti adından bu bəyanatın qəbuledilməz olduğunu bir daha diqqətə çatdırdı. Prezident İlham Əliyev eyni zamanda, sözügedən açıqlamanın regionda yeni yaranmaqda olan əməkdaşlıq meyillərinə ciddi zərər vurduğunu bəyan etdi, Azərbaycanın hər zaman Türkiyənin yanında olduğunu diqqətə çatdırdı. Prezident İlham Əliyev ABŞ-ın dövlət katibi Entoni Blinken ilə telefon danışığı zamanı da ABŞ Prezidentinin dırnaqarası “erməni soyqırımı” ilə bağlı bəyanatı ilə əlaqədar qeyd etdi ki, Türkiyə Azərbaycanın yaxın dostu və müttəfiqidir. Bu əməkdaşlıq postmüharibə dövründə bölgəmizdə çox önəmli və müsbət rol oynayır və ABŞ Prezidentinin bu açıqlaması Azərbaycan rəhbərliyi və ictimaiyyəti tərəfindən narahatlıqla qarşılanıb. Beləliklə, ölkələrimiz tarixi sınaq qarşısında bir daha sarsılmaz həmrəylik nümayiş etdirdilər. Bir millət, iki dövlət olan Azərbaycan-Türkiyə Qarabağ Zəfəri sonrası da qətiyyətli mövqe sərgilədilər. Hesab edirəm ki, bugünkü konfrans da sözügedən məsələyə dair hər iki ölkənin hakim partiyasının vahid mövqeyi kimi Azərbaycan-Türkiyə birliyinin sarsılmazlığının növbəti nümayişi olacaqdır”.
Türkiyənin Uludağ Universitetinin professoru, SETA Beynəlxalq Strateji Araşdırmalar Mərkəzinin təhlükəsizlik məsələləri üzrə xüsusi mütəxəssisi Ferhat Pirinçci bu önəmli konfransda çıxış etməkdən məmnunluğunu ifadə edib. Ferhat Pirinçci çıxışında Qarabağ Zəfərinin Ermənistan və erməni diasporuna təsirindən, eləcə də, ABŞ Prezidenti Co Baydeninin “erməni soyqırımı” açıqlamasının əsl məqsədlərindən bəhs edib.
Ekspertin fikrincə, İkinci Qarabağ müharibəsini sadəcə müharibə, torpaqların işğaldan azad edilməsi kimi yox, daha geniş mənada dəyərləndirmək lazımdır: “Azərbaycan və Türkiyə olaraq bu mərhələni yaşadıq və bu mərhələdən zəfərlə çıxdıq. Bu zəfər Azərbaycana qarşı 30 il davam edən işğal siyasətinin, mövcud status-kvonun alt-üst edilməsi ilə müşayiət olunur. Dünya dövlətləri, beynəlxalq təşkilatlar Qarabağ probleminin ədalətli şəkildə həll edilməsi üçün ciddi cəhdlər etmirdilər. Nəticədə Azərbaycan hərbi-siyasi yolla bu problemi həll etdi. İkinci Qarabağ müharibəsində Azərbaycan hərbi və diplomatik müstəvidə çox fəal çalışdı. Türkiyə də hər zaman olduğu kimi yenə də Azərbaycanı qətiyyətlə dəstəklədi”.
Ermənistan və erməni diasporunun fəaliyyətindən danışan Ferhat Pirinçci qeyd edib ki, Azərbaycanın zəfəri Ermənistanda on illərlə davam edəcək psixoloji travma yaratdı: “Ermənistanda İkinci Qarabağ müharibəsinə qədər də iqtisadi böhran, yoxsulluq hökm sürürdü, ölkə siyasi cəhətdən müstəqil deyildi. Azərbaycanın Qarabağ Zəfəri Ermənistanın heç gözləmədiyi anda, yeni torpaqlar işğal etməyi planladığı vaxtda baş verdi. Bu da erməni cəmiyyətində şok effekti yaratdı. Həmin vaxt Ermənistanda hakimiyyətə qarşı etiraz aksiyalarının şahidi olduq. İyun ayında keçiriləcək seçkilərdə də İkinci Qarabağ müharibəsinin nəticələrinin təsiri olacağı qaçılmazdır. Bu prosesdə erməni diasporu da müxtəlif fəaliyyətlər göstərir. Normal şərtlərdə müxtəlif ölkələrdə yaşayan xalqların diasporları öz doğma ölkələrinin siyasətini dəstəkləyir. Həyata keçirilən siyasətin yönümündən asılı olmayaraq, bu belədir. Amma erməni diasporunun mövqeyinə baxdıqda, o, Ermənistanı yönləndirən və yönləndirməyə çalışan aktor olaraq dəyərləndirilə bilər. Erməni diasporunun, özəlliklə ABŞ-dakı erməni diasporunun Ermənistanın siyasətində olduqca təsirli olduğunu söyləyə bilərəm. Xüsusilə, onu qeyd etmək istəyirəm ki, erməni diasporu “erməni soyqırımı”nı dünyada tanıtmağa çalışır. Dünya tarixində soyqırımı dedikdə, yəhudi soyqırımı- Holokost ilk olaraq yada düşür. Bəzi ölkələrdə soyqırımını qəbul etməməyə görə cəza qanunları da var. Erməni diasporu da buna çalışır. Bu məsələdə ABŞ-dakı bəzi siyasətçilər də ermənilərə dəstək verir. Məqsəd odur ki, həmin uydurma məsələni “soyqırımı aktı” səviyyəsində dünya ölkələrində qəbul etdirsinlər”.
Mütəxəssis diqqətə çatdırıb ki, Türkiyə bu məsələ ilə bağlı arxivlərin açılmasını, tarixçilərdən ibarət ortaq, ya da ayrı-ayrı komissiyaların yaradılmasını təklif edib: “Məqsəd odur ki, 1915-ci il hadisələrini tarixçilər araşdırıb qiymət versinlər. Ermənilər isə bu təklifi qəbul etmir. Bilirlər ki, əgər gerçəklər ortaya çıxarsa, bu, ermənilərin ziyanına olacaq. Ermənistan və erməni diasporunun “soyqırımını” dünya gündəmində saxlamasında digər bir məqsəd Azərbaycan ərazilərini işğal etməsini, müharibə cinayətlərini, dinc insanların qətlıamını, Xocalı soyqırımını kölgədə saxlamaqdır. Ermənistan Gəncəyə, Bərdəyə və digər yaşayış məntəqələrinə atdığı raketlərin müzakirəsini əngəlləməyə çalışır. Ermənilər bütün bunların hamısının üstünü örtməyə çalışır. Bəs ABŞ prezidenti niyə görə “soyqırımı” ifadəsini indi işlətdi? Təbii ki, bunun Türkiyə-ABŞ münasibətlərinə mənfi təsiri var. Amma digər vacib məqamlar da qeyd edilməlidir. ABŞ-dakı erməni diaspor təşkilatları bütün erməniləri bu istiqamətdə fəaliyyətə çağırır. Mən ABŞ-dakı əsas erməni diasporunun saytını izləmişəm. Onların son fəaliyyətləri Qarabağ zəfəri qazanan Azərbaycana qarşı idi. Türkiyəyə qarşı bir çağırış var idi ki, bu da Türkiyənin Qarabağ məsələsində Azərbaycana dəstəyi ilə bağlıdır. Göründüyü kimi, 24 apreldə Co Baydenin həmin ifadəni işlətməsi Qarabağ məğlubiyyətinə görə psixoloji sarsıntı keçirən ermənilərin bir az sakitləşməsinə səbəb oldu. İndi ermənilər aqressiv şəkildə Qarabağ üzərindən təbliğat aparmaqdadırlar ki, Azərbaycana və Türkiyəyə böhtan atırlar”.
Türk ekspert qeyd edib ki, hazırda Ermənistanda ciddi daxili problemlər var: “Etiraz aksiyaları davam edir, bir müddət əvvəl hakimiyyət çevrilişi çağırışları da var idi. Baydenin məlum bəyanatı ermənilərdə gərgin psixoloji vəziyyəti nisbətən yumşaldacaq. Eyni zamanda, parlament seçkilərində bir güc mübarizəsinin aparılmasına səbəb olacaq. Hazırda ermənilər Qarabağda məğlub olduqdan sonra Azərbaycana və Türkiyəyə qarşı böhtan kampaniyasını davam etdirilər, əsas fəaliyyətlərini bu istiqamətdə qurublar. Baydenin açıqlamasının Türkiyə-ABŞ münasibətlərinə müəyyən təsiri olsa da, bizim mövqeyimizin güclənməsi fonunda hər hansı təsiri yoxdur. Yəni əsas məqam Türkiyə və Azərbaycanın bütün təxribatlara qarşı hazır olmasıdır. İki ölkənin birgə fəaliyyəti müsbət nəticələr verir və bu amil bölgədə sabitliyi təmin etmək iqtidarındadır. Azərbaycan bu məqsədlə çoxlu sayda şəhid verdi. Türkiyə isə Azərbaycana hər cür dəstəyi verdi. Bundan sonra da dəstək verməyə hazırdır. Növbəti mərhələdə bizim üç prioritetimiz var. Birincisi, azad olunan ərazilərin bərpası, bu anlamda iki ölkənin rəhbərləri mövqelərini bildiriblər. İkincisi, Zəngəzur dəhlizinin açılması və Naxçıvanla birbaşa kommunikasiyanın təmin olunması. Üçüncüsü isə Xankəndinə, Xocalıya və digər yerlərə azərbaycanlıların qayıtmasıdır. Əlbəttə ki, Ermənistan yeni təxribatlar törədə bilər. Çünki ermənilər İkinci Qarabağ savaşının nəticələrini həzm edə bilmirlər və belə bir şəraitdə erməni millətçiləri Baydenin məlum açıqlamasından bir qədər cəsarət almış durumdadırlar. Amma Azərbaycan və Türkiyə meydanda, cəbhədə güclü olduqca, heç bir şey 27 sentyabr öncəsi kimi olmayacaq. Əgər bir dəyişiklik olacaqsa, Azərbaycan və Türkiyənin xeyrinə olacaq. Son söz olaraq onu demək istəyirəm ki, Ermənistanın qarşısında iki yol var. Birincisi, dövlət başçılarımızın dediyi kimi altılıq platforması çərçivəsində yaxşı qonşu olmalıdır, ya da aqressiv siyasətini davam etdirməklə uduzmağa davam edəcək”.
Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Elşad Mirbəşiroğlu isə çıxışında qeyd edib ki, müasir dünyamızın bir sıra səciyyəvi xüsusiyyətləri var ki, bunlar da dövlətlərarası münasibətlərdə mütləq şəkildə özünü göstərir. Sirr deyil ki, müasir mərhələdə dövlətlərin hamısı çoxqütblü çağırışlar qarşısındadır. Bu çağırışlar təbii ki, dövlətlərin inkişafına çox ciddi maneələr törədir. Amma qürurla qeyd etmək olar ki, bu, Azərbaycan- Türkiyə münasibətlərində və hər iki dövlətin ayrı-ayrılıqda inkişafında özünü göstərmir. Azərbaycan və Türkiyə inamla irəli gedir, inkişaf edirlər.
Hər şeydən öncə Azərbaycan-Türkiyə münasibətlərinin xarakterinə toxunmaq istərdim. Çünki iki qardaş dövlətin bugünkü uğurlarının əsasında məhz aralarındakı münasibətlərin, əməkdaşlığın xarakteri dayanır. Onların dostluğunu yaradan, əməkdaşlığını sürdürməyə imkan verən başlıca amil rolunda ortaq maraqlar çıxış edir.
Azərbaycan-Türkiyə münasibətlərində isə biz fərqli şəraitin olduğunu görə bilərik. Münasibətlər çox səmimi, ortaq dəyərlər üzərində, ortaq tarix üzərində qurulur. Təbii ki, o dəyərlər üzərində qurulan münasibətlər birgə addımlar ataraq birgə inkişafı, birgə potensialın formalaşdırılmasına imkan verir.
Azərbaycan-Türkiyə münasibətləri “bir millət, iki dövlət” şüarı ilə tam uzlaşır. Bu iki qardaş ölkə arasında münasibətlər, səmimiyyət, eyni zamanda, böyük Atatürkün təbirincə desək “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” şüarı ilə uzlaşır. Hər iki xalqı birləşdirən ən mühüm ortaq dəyər isə tarixin ən böyük şəxsiyyətlərinə, qurucu atalarına malik olmağımızdır. Azərbaycan tərəfdə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev, qardaş Türkiyə tərəfdə Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürk və bu böyük şəxsiyyətlərin qurmuş olduğu fundamental əsaslar üzərində müasir Azərbaycan və Türkiyə çox uğurlu əməkdaşlıq qura biliblər, dostluq münasibətlərini formalaşdıra biliblər. Bu gün dünya dövlətləri arasında səmimi dostluq münasibətləri necə olmalıdır sualına cavab axtararkən Azərbaycan Türkiyə münasibətlərinə baxmaq yetərlidir.
Azərbaycan Prezidenti cənab İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan-Türkiyə dostluğu, qardaşlığı dünya üçün bir nümunədir. Həqiqətən də dünyanın digər dövlətləri arasında münasibətlərə diqqət yetirsək, Azərbaycan və Türkiyə arasındakı qədər səmimi dostluq-qardaşlıq münasibətlərini görə bilmərik. Tarixin çətin anlarında, sınaq qarşısında Azərbaycan və Türkiyə hər zaman biri-birilərinin yanında olublar. Təbii ki, həm müasir dünyamızda, həm də tarixin istənilən mərhələsində iki dövlət arasında və yaxud dövlətlərarası münasibətlər sistemində dövlətlərin biri-birinə olan münasibətlərini əsasən etimad amili müəyyənləşdirir. Biz yenə də qürurla qeyd edə bilərik ki, Azərbaycan və Türkiyə arasındakı etimad yenə də dünya ölkələri üçün bir örnəkdir.
Bir neçə məqam üzərində fikrimi əsaslandırmaq istərdim. 2014-cü ilin aprel ayının 24-də Praqa şəhərində Şərq Tərəfdaşlığı iştirakçılarının Sammiti keçirilirdi. Sammitdə Ermənistanın prezidenti olan Sarkisyan yenə də fürsətdən istifadə edərək Türkiyəyə qarşı ittihamlar səsləndirməyə başladı. “Soyqırımı” tanımamaqda, Ermənistanla sərhədləri açmamaqda qardaş Türkiyə ittiham olundu. Sammitdə Ermənistan Prezidentinə cavab verən cənab İlham Əliyev bildirdi ki, Ermənistan tərəfi həmişə olduğu kimi vəziyyətdən sui-istifadə edərək Türkiyəni ittiham edir, qondarma “soyqırımı” haqqında danışır. Türkiyə nümayəndələri burada yoxdur, lakin mən buradayam.
Həqiqətən də dövlət başçımızın bu cür cavabı, bu mövqeyi iki dövlət arasında qardaşlığın, səmimiyyətin, etimadın hansı nöqtəyə qədər ucaldığının bariz göstəricisi idi. İştirakçılara, ayrıca olaraq Ermənistan prezidentinə Türkiyə-Ermənistan münasibətlərinin nəyə görə məhz indiki durumda olduğunu izah etdi. Dövlət başçımız bildirdi ki, 1993-cü ilin aprel ayında işğalçı Ermənistan Azərbaycanın Kəlbəcər rayonunu işğal etdikdən sonra qardaş Türkiyə Azərbaycanla, Azərbaycan xalqı ilə həmrəylik nümayiş etdirərək Ermənistanla sərhədi bağladı. Qondarma “soyqırımı”na gəldikdə isə yenə də Azərbaycan Prezidenti Ermənistan tərəfinin haqsız, ədalətsiz olduğunu və məsuliyyətsiz mövqe nümayiş etdirdiyini bildirdi. Bildirdi ki, Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğan dəfələrlə ortaq komissiyanın yaradılmasını, arxivlərin açılaraq araşdırmaların həyata keçirilməsini təklif etmişdi. Lakin nə Ermənistan tərəfindən, nə də ona dəstək olan digər dövlətlərdən adekvat reaksiya olmamışdı. Bu da onu göstərir ki, nə Ermənistan, nə də ayrı-ayrı maraqlı dövlətlər həqiqətin üzə çıxmasında maraqlı deyillər. Çünki qondarma “soyqırımı” amilindən qardaş Türkiyəyə qarşı istifadə etməyə çalışırdılar. Lakin zaman dəyişir, təbii ki, Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu öz sözünü deməkdədir. Müasir şərtlər daxilində dövlətlərin stabil inkişaf etməsi çox problemli məsələdir. Lakin bunlara baxmayaraq, həm Azərbaycan, həm də Türkiyə davamlı olaraq iqtisadi uğurlar qazanır, beynəlxalq münasibətlər sistemində siyasi mövqelərini gücləndirir və təsir imkanlarını artırırlar. Fəxrlə qeyd etmək lazımdır ki, bu uğurlarda dövlətlərin biri-birinə qarşılıqlı dəstəkləri həlledici rol oynamışdır.
2020-ci il sentyabr ayının 27-də Ermənistan ölkəmizə qarşı növbəti təxribat həyata keçirdi. Bu zaman Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu əks-hücum əməliyyatlatlarını həyata keçirdi. Qısa zaman kəsiyində haqqında miflər uydurulmuş Ermənistan ordusu darmadağın edildi. Xatırlatmaq istəyirəm ki, sentyabr ayının 27-də başlamış Vətən müharibəsinin artıq üçüncü, dördüncü günündə Ermənistan ordusunun 20-30 faizə qədəri yox idi. Azərbaycan xalqı, Azərbaycan dövləti iradəsini, gücünü bütün dünyaya nümayiş etdirdi. Xüsusi vurğulamaq lazımdır ki, bizim uğurlarımıza uğur qatan həm də qardaş Türkiyənin bizə göstərmiş olduğu səmimi, mənəvi, siyasi dəstək idi. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın qətiyyətli mövqeyi Azərbaycan əsgərini daha güclü, Azərbaycan xalqını daha iradəli edirdi.
Bu baxımdan dünya bir daha gördü ki, iki qardaş xalq, iki qardaş dövlət arasında səmimi münasibətlər, onları birləşdirən dəyərlər varsa, bu qardaşlıq, bu əməkdaşlıq sarsılmaz olacaq və onlar öz ortaq hədəflərini çox uğurla quracaqlar. Azərbaycanla Türkiyənin ortaq hədəfləri vardır. Bu ortaq hədəf əsasən ondan ibarətdir ki, Türk dünyası monolit olsun. Və Azərbaycan-Türkiyə öz münasibətləri ilə bu monolitliyi nümayiş etdirirlər. Türk dünyasına, Şərq, İslam dünyasına nümayiş etdirirlər ki, dövlətlərarası münasibətlər, qardaşlıq münasibətləri necə olmalıdır. Qürurla qeyd etmək lazımdır ki, dünya Türkiyə-Azərbaycan münasibətlərinin bu xüsusiyyətini görür və ondan örnək almağa çalışırlar. Həm Azərbaycan, həm də Türkiyə tarixin istənilən anında bir-birinə dəstək olmağa hazırdır. Vətən müharibəsindən sonra Azərbaycan və Türkiyə birgə Cənubi Qafqaz regionunda yeni siyasi reallıqlar formalaşdırdı. Bu siyasi reallıqların əsas əlaməti ondan ibarətdir ki, tarixin heç bir dövründə baş verməyən uğura imza atıldı. Bu uğur da ondan ibarətdir ki, Cənubi Qafqaz regionunda regional təhlükəsizlik sisteminin elementləri formalaşdırıldı və bunu Azərbaycan və Türkiyə birgə etdilər.
Cənubi Qafqaz regionunda yeni əməkdaşlıq platforması təşəbbüsü irəli sürülüb. Bu təşəbbüs Azərbaycan Prezidenti tərəfindən irəli sürüldü, qardaş Türkiyə tərəfindən dəstəkləndi və region dövlətləri də bu platformanın onların maraqlarına cavab verdiyini düşünür və yaxından iştirak etmək arzularını bildirdilər. Bundan sonra Cənubi Qafqaz regionunun həm geosiyasi, həm də geoiqtisadi vəziyyəti iki qardaş dövlətin haqlı maraqlarına uyğun olaraq tamam dəyişəcək. Bundan sonra Cənubi Qafqaz regionunda həm də təhlükəsizliyin, sülhün təmin olunması baxımından unikal imkanlar da yaranmış oldu. Bir daha vurğulamaq istəyirəm ki, Cənubi Qafqazın təhlükəsizlik sisteminin yaradılması uğrunda çox cəhdlər edilmişdir. Lakin Ermənistan və onun havadarlarının dağıdıcı fəaliyyəti bu sistemin yaradılmasına imkan verməmişdir. Azərbaycan-Türkiyə birliyi, qardaşlığı belə bir sistemin ilkin elementlərini artıq formalaşdırıb.
Görünən reallıq bu gün ondan ibarətdir ki, qardaş Türkiyə təcavüzkar Ermənistan və onun havadarlarının sonuncu silahını da əlindən almaqdadır. Dünyanın bir çox ölkəsi qondarma “soyqırımı”nı tanıyıb. Amma bunun Türkiyənin beynəlxalq mövqeyinə heç bir təsiri olmayıb. Əvvəlki illərdən fərqli olaraq qardaş Türkiyə qondarma “soyqırımı” məsələsinə çox da reaksiya nümayiş etdirmir. Hesab edirəm ki, bu, olduqca müdrik yanaşmadır. Çünki ermənilər bu günə qədər düşünürdülər ki, qondarma “soyqırımı”nı Türkiyəyə qarşı bir alət olaraq istifadə etmək olar. Türkiyə isə soyuqqanlı davranaraq nümayiş etdirir ki, uydurma “soyqırımı” adında alət Türkiyəyə heç bir təsir göstərmir. Türkiyə regionun ən böyük, ən güclü dövlətlərindən biridir. Regionda cərəyan edən proseslərə təsir etmək imkanı var. Və son olaraq qondarma “soyqırımı” tanıyan ABŞ Prezidenti Cozef Bayden də çox gözəl dərk edir ki, Türkiyə ilə əməkdaşlıq ancaq xeyir gətirər. Bu baxımdan gələcək İslam dünyası, Şərq dünyası, müsəlman dünyası Türkiyə və Azərbaycanın dostluq örnəyi əsasında böyük uğurlara imza atacaq.
Çıxış edən Ədalət və İnkişaf Partiyası Sədrinin Xarici Əlaqələr üzrə müavini, Türkiyə parlamentinin üzvü Efkan Ala tədbir iştirakçılarını salamlayıb, YAP sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqova və partiyanın bütün təmsilçilərinə fəaliyyətlərində uğurlar diləyib.
Konfransın əhəmiyyətindən bəhs edən Efkan Ala əvvəlcə Qarabağ zəfərindən öncə mövcud olan vəziyyəti xatırladıb: “Azərbaycan torpaqlarının bir hissəsi işğal edilib, ədalətsizlik baş verib və beynəlxalq ictimaiyyət 30 il bu prosesi sadəcə izləyib. Ulu öndər Heydər Əliyevin dediyi “bir millət iki dövlət” fəlsəfəsinə uyğun olaraq ölkələrimiz haqqı, ədaləti bərpa etmək üçün birgə işləyib, bir-birini dəstəkləyib, işbirliyi qurub, ədaləti bərpa etmək üçün 44 günlük müharibədə haqsızlığı yer üzündən silib. Bəzən 1+1 2-yə bərabər olmur. 5-ə, 6-ya bərabər olur. Bu da dünyanın gözü önündə baş verir. Yəni 44 günlük zəfərə dönüb baxdığımızda izah edə bilməyəcəyimiz heç nə yoxdur. Bu güc birliyinin kökündə ədalət, beynəlxalq hüquq dayanır. Bəs bundan sonra nə oldu? Azərbaycanda bir araya gələn iki dövlət başçısının - Rəcəb Tayyib Ərdoğanın və İlham Əliyevin birlikdə dəyərləndirdiyi mesaj dilə gətirildi. Bu mesaj altılıq platformasının yaradılması ilə bağlıdır. Yəni bu bölgədə elə bir ittifaq quraq ki, 6 ölkə bir araya gəlsin və öz insanına daha çox xidmət edəcək, iqtisadiyyatını inkişaf etdirəcək, idarəetmələrini inkişaf etdirəcək, hər şeyi daha irəli aparacaq platforma yaradılsın. Ermənistana da çağırış olundu. Yəni problemləri deyil, onların həllini danışaq. İqtisadiyyatlarımızda əməkdaşlıq yaransın, bölgəyə daha faydalı ola biləcəyimiz iş birliyi yaransın. Yəni hər kəs qazansın, adına da “qazan-qazan” platforması deyilir. Biz həm cəbhədə, həm də masada otururuq. Amma böyük hədəfimiz xarici siyasətimizlə beynəlxalq aləmdə heç kimsəyə haqsızlıq etmədən, hər kəsin qazana biləcəyi bir ortam təqdim edirik. Belə bir ab-havada buna heç bir qatqı etməyənlərin fikirləri səsləndi”.
Ədalət və İnkişaf Partiyası Sədrinin Xarici Əlaqələr üzrə müavini qeyd edib ki, heç bir tarixi həqiqət siyasi fikirlərlə dəyişdirilə bilməz: “Tarixin mövzusu siyasətin mövzusu kimi gündəmə gətirilərsə, burada heç kim qazanclı çıxmaz. Tarix bunun nümunələri ilə doludur. Hər kəs bundan zərərli çıxar. Ona görə biz daim çağırış edirik. 2005-ci, 2015-ci ildə də daim çağırış etdik. Dedik ki, bir problemdən bəhs edirsiniz, o zaman tarixin ortaq mövzusundan danışaq. Ağrı-acıya gəlincə, bunlar üzərində siyasət qurarsaq biz acılarımızı dilə gətirməkdən qürur duyan, məmnun olan bir millət deyilik. Bəziləri bunu çox edir. Xocalı qətliamına nə ad verirsiniz? Balkan savaşında meydana gələn nəticələrə nə ad verirsiniz? Birinci Dünya müharibəsinə girmiş və o zamana qədər bütün haqqı, hüququnu vermiş ölkələrə qarşı törədilən qətliamlara nə ad verirsiniz? Osmanlı dövlətinin mövcud olduğu dövrdə olan prosesləri “soyqırımı” adlandırırsınızsa, o zaman gerçəkdən törədilən faciələrə nə deyəcəksiniz? Yəni “soyqırımı” demək üçün tarixdən xəbərdar olmaq lazımdır. Osmanlıda elə düzənləmələr var idi ki, həmin proseslər zamanı insan həqiqətən o qədər böyük savaşın içərisindəykən belə düzənləməyi reallaşdıra bilən dövləti hörmətlə salamlamaq istəyir”.
Efkan Ala çıxışında o dövrdə tarixi sənədlərdən də sitat gətirib. Onun sözlərinə görə, həmin sənəddə ermənilərin köçürülməsi necə həyata keçiriləcək, prosesdən hansı komitələr məsuliyyət daşıyır və s. arxivlərdə bu haqda yazılıb: “Biz sözdə qondarma deyirik, amma azərbaycanlı qardaşlarımızın təbirincə demək daha yaxşıdır. Uydurma, qondarma erməni soyqırımı iddiaları deyirlər. Sözdə demək əvəzinə, uydurma demək daha yerində işlənir. Bunların heç bir təməli, tutarlı tərəfi yoxdur. Elə bir vəziyyətdir ki, Osmanlıda bu qruplaşmaların üsyan etmədiyi, qətliam törətmədiyi və erməni vətəndaşlarının hansısa olumsuz fəaliyyətdə olmadığı yerlərdə, başda İstanbul olmaqla bölgələrdə heç problem olmayıb. Ona görə də, əsla yox etmədən söhbət gedə bilməz. Paytaxt İstanbuldan köçürmə yoxdur, çünki orda problem olmayıb. Düşünə bilirsizmi? Problemin olduğu yerlərdə onu həll etmək üçün toplumlar ayrılırdı. Və orda üsyan edənləri yenə ölkənin torpağına köçürürdülər. Və apararkən də tədbirli olmaq üçün xüsusi qanun olub, təlimatlar yazılıb. Bəs mənzərə ortadaykən, bu məsələlər niyə gündəmə gətirilir? Çünki bu gücün Türkiyə və Azərbaycanın bu bölgədə qlobal aktor halına gəlməsi, regional güc olması, beynəlxalq münasibətlərdə xüsusi rol oynamaları bir çox müstəvilərdə yenidən nəzərdən keçirilməsinə səbəb olur. Çünki yeni bir düzənin reallıqları ortaya çıxır. Ona görə də belə məsələlər dilə gətirilərək qarşımızı kəsməyə çalışırlar. Bir də olduğumuz bölgənin tarixdəki vəziyyətinə baxsaq görərik ki, doğurdan da dünya burdan idarə olunub, ya da əgər bura zəifləyibsə dünya hər zaman bu bölgəni idarə etmək istəyib. O baxımdan bizim iş birliyi etmək və bu dəyərləri üstün tutaraq yolumuza davam etməkdən başqa çıxış yolumuz yoxdur. Və doğru olan da budur. Biz həm öz problemlərimizi həll edərik, həm də başqa problemləri çözərkən başqa problemlər yaratmarıq. Biz həlləri çoxaltmaq siyasəti yeridirik. Biz problemləri çoxaltmaq və ondan yararlanmaq siyasəti yeritmirik. Azərbaycanla Türkiyə hansı mövzuda iş birliyi edibsə, bütün bölgəyə faydası olacaq məqamlar ortaya çıxarıblar. Amma 1990-cı illərdən bəri dünyadakı dəyişikliklər, həm “ərəb baharı”ndan sonra ortaya çıxan nüanslar, həm də bölgədə formalaşan yeni düzən, 2008–ci il dünya böhranı, koronavirus pandemiyası, Çin və ABŞ arasındakı silahsız müharibə, Böyük Britaniyanın Avropa İttifaqından çıxması – bütün bunlar diqqətə alındığında regional barış şəraiti xoş niyyət ərz edir. Bunu görürük. Yəni yenidən sülh içərisində dünya inşa etmək üçün öncə regional problemlərin həll olunması və bölgələrdə sülh və hüzurun təsis edilməsi lazımdır. Burda da ən önəmli bölgələr və sülhə, təhlükəsizliyə töhfə verə biləcək olan ən önəmli iki aktor Türkiyə və Azərbaycandır. Onlar yaxşılığı çoxaldır, haqsızlığı aradan qaldırır. ABŞ Prezidenti Baydenin açıqlaması da bu bölgədə təhlükəsizliyə zidd kimi qiymətləndirilir. Ona görə problemin yaşanmaması üçün daha çox çalışmalı, mübarizə və səbir göstərməliyik. Bu açıqlamanı rədd edirik. Heç bir hüquqi tərəfi yoxdur bu açıqlamanın. Bunu hüquqşünaslar daha yaxşı bilir. Şərdir, böhtandır və qəbuledilməz açıqlamadır. Biz bildiyimiz həqiqətləri yenə deyəcəyik. Heç kim həqiqətin səsindən daha çox danışa bilməz. Həqiqət arxivimizdədir. İstəyən gəlib baxa bilər, araşdıra bilər. Bizim kimsədən qorxumuz yoxdur, kimsəyə verəcək hesabımız yoxdur. Hər kəsin arzu etdiyi şey həqiqətin bilinməsidir. Siyasət də buna görə qurulur. Bunun xaricində başqa siyasət ola bilməz”.
Çıxış edən Milli Məclisin deputatı, Bakı Dövlət Universitetinin professoru, YAP İdarə Heyətinin üzvü Anar İsgəndərov bildirib ki, Ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci il dönümünə həsr olunmuş bu konfrans sözün həqiqi mənasında Azərbaycan və Türkiyə tarixinin şərəfli dövrünə təsadüf edir: “Bu qardaşlığın analoqu olmayan tərifini Heydər Əliyev dahiyanə şəkildə vermişdir: Bir millət, iki dövlət! Nə üçün Türkiyə Cümhuriyyəti Azərbaycanın, Azərbaycan Türkiyənin yanındadır? İcazənizlə, bu dostluğun və qardaşlığın tarixinə bir yerdə nəzər salaq. Anadolu Türkləri ilə Azərbaycan Türklərini bir-birinə dost, qardaş edən minilliklərlə ölçülən ortaq tariximiz və mədəniyyətimiz mövcuddur. Osmanlı dövlətinə böyük şöhrət gətirən, Türk-müsəlman tarixinə Fateh kimi daxil olan II Mehmetin müəllimi Azərbaycan türkü Ağ Şəmsəddin olmuşdur. Osmanlı imperiyası zaman-zaman üç qitədə torpaq sahibi oldu, imperiyaya daxil olan xalqların dili, dini ayrı olsa da, onlara tətbiq olunan qanunlarda fərq qoyulmadı. Bax, əsl ədalət budur.
1914-cü ildə I Dünya müharibəsi başladı. Müharibəyə daxil olan hər bir dövlətin öz maraqları var idi. Çar Rusiyası Osmanlıya qalib gələcəyi təqdirdə vaxtı ilə I Pyotr tərəfindən irəli sürülən vəsiyyətinə nail olmaq istəyirdi. I Pyotr vəsiyyətində deyirdi: Rusiya o zaman xoşbəxt dövlət ola bilər ki, İstanbul onun paytaxtı, Bosfor və Dardanel isə boğazları olsun. Qərb dövlətləri Osmanlı imperiyasını parçalamaqla üç dövlətə bölməyi planlaşdırmışdılar. Azərbaycan xalqı çar Rusiyasının təbəəsi hesab olunsa da din və dil qardaşı Osmanlını müdafiə etdi. Qərb dövlətlərinə qarşı aylarla davam edən və yüz minlərlə şəhid verən Çanaqqala savaşında minlərlə azərbaycanlı könüllü olaraq Osmanlı tərəfindən vuruşdu və şəhid oldu. Çar Rusiyası və Qərb dövlətlərinin hərtərəfli yardımına baxmayaraq, erməni hərbi birləşmələri Osmanlı ərazisində erməni dövləti yaratmaq xülyasını reallaşdıra bilmədilər. İşğal edilən Osmanlı ərazisində yüz minlərlə günahsız türkün həyatına son qoydular, əmlaklarını müsadirə etdilər, evlərini yandırdılar. Bu gün də Şərqi Anadoluda I Dünya müharibəsindən qalan yüzlərlə toplum məzarlıqlar mövcuddur. Bu məzarlıqların günahkarları və yerli əhalini soyqırımına məruz qoyan Qərb dövlətləri, çar Rusiyası və erməni–daşnak qüvvələri olmuşdur. I Dünya müharibəsinin ortalarına yaxın Osmanlı dövləti özünü müdafiə üçün müəyyən qədər güc toplaya bildi. Çar Rusiyası və erməni silahlı birləşmələrinin ölkədən qovulmasına nail oldu. Osmanlı ərazisində dövlət yarada bilməyən erməni silahlı birləşmələri 1918-1920-ci illərdə şimalı Azərbaycan, cənubi Azərbaycan və qərbi Azərbaycanda yerli və əliyalın azərbaycanlılara qarşı soyqırımına başladılar. Bu danılmaz tarixdir. Ermənilərin azərbaycanlı əhaliyə qarşı soyqırımı ilə bağlı 1918-1920-ci illərdə fəaliyyət göstərən Fövqəladə Təhqiqat Komissiyası tərəfindən 36 cild sənədlər külliyyatı hazırlanmışdır. Çox təəssüflər olsun ki, Qərbin siyası dairələri kimi, tarixçiləri də bu sənədə istinad etmək əvəzinə, heç bir tarixi əsası olmayan uydurma “erməni soyqırımı”nın tanınmasına cəhd edirlər. Tarixi ədalətsizlik budur. Hər bir qaranlıq gecənin işıqlı bir səhəri olur. Tarixə 1918-ci ilin mart soyqırımı kimi daxil olan qanlı hadisələrdən sonra Azərbaycanın milli demokratik ziyalıları soyuq Şimaldan ümidlərini üzdülər, nəzərlərini Osmanlıya dikdilər və 1918-ci ilin mayın 28-də özgə torpaqda, özgə paytaxtda Azərbaycan Xalq Cümhuriyyətini elan etdilər.
Anar İsgəndərov qeyd edib ki, müsəlman Şərqində ilk Cümhuriyyətin elan olunması Azərbaycan xalqına nəsib oldu: “Amma elan olunan hökumətin ordusu yox idi. Əgər o illərdə Osmanlı ordusu dost və qardaş Azərbaycanın köməyinə gəlməsəydi, Cümhuriyyətin ömrü nə qədər ola bilərdi? O dövrün sənədlərində yazıldığı kimi, Allah-Təala öz mələklərini Osmanlı əsgərlərinin simasında müstəqilliyini yenicə elan edən Azərbaycanın köməyinə göndərdi. Halbuki, həmin dövrdə Osmanlı dövləti özünün ən çətin günlərini yaşayırdı. Azərbaycanı ilk tanıyan və Qafqaz İslam Ordusunu köməyə göndərən Osmanlı dövləti oldu. Bu orduya 29 yaşlı Nuru Paşa rəhbərlik edirdi. Qafqaz İslam Ordusu Gəncədən Bakıya qədər şərəfli bir istiqlal yolu keçdi. Azərbaycanı işğalçı qüvvələrin caynağından azad etdi, bu mücadilədə 1330 nəfər şəhid verdi. Nəhayət, 1918-ci ilin sentyabrın 15-də Bakını düşmən qüvvələrindən azad etdi və həmin gündən Bakı şəhəri Azərbaycanın paytaxtına çevrildi. 1918-ci il dekabrın 7-də Azərbaycan parlamentinin açılışı oldu. Parlamentin ilk qərarlarından biri Azərbaycanın istiqlalı üçün şəhid olan Osmanlı əsgər və zabitlərinin şərəfinə Bakının ən əzəmətli yerində möhtəşəm bir abidənin qoyulması ilə bağlı oldu. Çox təəssüflər olsun ki, 1920-ci ilin bolşevik işğalı bu qərarın həyata keçirilməsini 70 ildən çox ləngitdi. Ümummilli lider Heydər Əliyev yenidən hakimiyyətə gələndən sonra Şəhidlər Xiyabanında bu abidənin təntənəli açılışı oldu. Bu gün Şəhidlər Xiyabanına ziyarətə gələn hər bir azərbaycanlı, Azərbaycanın istiqlalı üçün şəhid olan Osmanlı əsgərlərini ziyarət edir və onlara rəhmət diləyir”.
Tarixçi-alimin sözlərinə görə, 1918-1920-ci illərdə Azərbaycanın Naxçıvan bölgəsi erməni təcavüzünə məruz qalarkən ona qardaş əlini uzadan Türkiyə tərəfi oldu. Sovet Rusiyasının və Ermənistanın bütün təzyiqlərinə baxmayaraq, Türkiyənin bilavasitə iştirak etdiyi və diktə etdiyi Moskva və Qars müqavilələri imzalandı, Naxçıvan Azərbaycanın tərkibində qaldı. Əgər Türkiyənin bu inadı olmasaydı, Naxçıvanın taleyi şübhə altına düşürdü. Mustafa Kamal Atatürk Naxçıvanı “Türk Qapısı”, Kazım Karabəkir Paşa isə “Şərq Qapısı” adlandırdı. 1920-ci il bolşevik işğalından canını qurtaran yüzlərlə azərbaycanlı qardaş Türkiyəyə pənah apardılar, Türkiyə onlara qucaq açdı. 1990-cı il yanvarın 19-dan 20-ə keçən gecə Sovet ordusu Bakını işğal etdi. Yüzlərlə şəhidimiz oldu. Bu hadisəyə beynəlxalq aləmdə öz kəskin etirazını bildirən yalnız Türkiyə Cümhuriyyəti oldu.
1991-ci ilin sonlarına yaxın SSRİ adlanan nəhəng imperiya süqut etdi, Azərbaycan yenidən öz dövlət müstəqilliyini bərpa etdi. Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlət Türkiyə Cümhuriyyəti oldu. Ermənilər havadarlarından böyük dəstək almaqla Azərbaycan torpaqlarının işğalına başladılar, Naxçıvan ağır blokada həyatını yaşamağa məcbur edildi. Həmin illərdə Naxçıvana Ümummilli lider Heydər Əliyev rəhbərlik edirdi. Sonralar Heydər Əliyev dönə-dönə xatırlayırdı ki, əgər Türkiyə Cümhuriyyətinin bizə hərtərəfli yardımı olmasaydı, Naxçıvanın blokadasını ləğv etmək və onu qoruyub saxlamaq çox çətin olardı. Xüsusilə, Türkiyə və Naxçıvan arasında Araz çayı üzərində “Ümid” körpüsünün inşa olunması Naxçıvana həyat və güc verdi.
Ölkə daxilində siyasi böhran və xarici təcavüzün nəticəsi olaraq Azərbaycan torpaqlarının 20%-i erməni qəsbkarları tərəfindən işğal olundu, bir milyondan artıq vətəndaşımız qaçqın və köçkün həyatını yaşamağa məhkum edildi. Ermənistanın bu təcavüzkar siyasətinə etiraz olaraq Türkiyə tərəfi Ermənistanla sərhədlərini bağladı. Sərhədlər bu gün də bağlıdır.
2001-ci ilin avqustunda Azərbaycan Xəzər dənizində kəşfiyyat işləri apararkən qonşu dövlətin təzyiqinə məruz qaldı. Narahat və həyəcanlı Bakının səmasında Türkiyənin qırıcı şahinləri göründü. Türkiyə bir daha dünyaya bəyan etdi ki, o, Azərbaycanın yanındadır. 2003-cü ilin aprelində Ümummilli liderimiz Heydər Əliyev bu gün adını daşıdığı Heydər Əliyev sarayında Azərbaycan kursantlarına müraciətində deyirdi: Vətəni azad etmək sizin borcunuzdur. Bu borcu yerinə yetirmək üçün qardaş Türkiyə həmişə bizim yanımızda olacaqdır. Heydər Əliyevin bu dahiyanə sözləri 19 il sonra öz nəticəsini verdi.
YAP İdarə Heyətinin üzvü qeyd edib ki, 30 ilə yaxın idi ki, Azərbaycan işğal altında olan torpaqlarımızı sülh yolu ilə azad etmək üçün nüfuzlu beynəlxalq təşkilatların vasitəçiliyi ilə Ermənistanla danışıqlar aparırdı: “İşğal altında olan torpaqların azad edilməsi ilə bağlı BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin olmasına baxmayaraq, bu işə cavabdeh olan dövlətlər işğal edənlə işğal olunan arasında fərq qoymadılar. Dünyanın aparıcı dövlətləri və nüfuzlu təşkilatları Azərbaycanın haqq işinə biganə qaldılar. Yalnız qardaş Türkiyə və onun dövlət başçısı Rəcəb Tayyib Ərdoğan Azərbaycanın haqq işini dünyanın bütün nüfuzlu təşkilatlarında müdafiə edir, işğalçı Ermənistan dövlətini və onun havadarlarını ittiham edirdi. 2020-ci il sentyabrın sonlarında ermənilərin növbəti hücumunu dəf etmək üçün Azərbaycan ordusu əks hücuma keçdi. 44 günlük Vətən müharibəsində Türkiyə Azərbaycanın yanında oldu və Azərbaycanın haqq işinə hər cür dəstək verdi. Düşmən işğalından azad edilən şəhər və kəndlərimizdə Azərbaycanın üçrəngli bayrağı ilə yanaşı, Türkiyə Cümhuriyyətinin bayrağı dalğalanır. Müharibədən sonra Azərbaycanın ən ucqar kəndində belə iki qardaş dövlətin bayrağı qürurla dalğalanır. Tarixdə bir-birinə qardaş münasibətdə olan dövlətlər mövcud olub. Amma Azərbaycan və Türkiyə qədər bir-birinə dost və qardaş olub, həyatın bütün sahələrində bir-birini bu qədər müdafiə edən dövlətlər olmayıb. İşğaldan azad olunan torpaqlarımızda bərpa və quruculuq işləri uğurla gedir. Türkiyə dövləti və onun nüfuzlu şirkətləri də bu işdə yanımızdadır.
Həmişə sual olunur: 1915-ci il aprelin 24-də Osmanlı ərazisində nə baş verib? Tam əminliklə demək istəyirəm ki, bu gün Türkiyəyə qarşı səlib müharibəsinə qalxan Qərb dövlətləri öz adları kimi dəqiq bilirlər ki, 24 apreldə nə ermənilərə qarşı soyqırımı haqqında qərar olub, nə də Osmanlı ərazisində ermənilər soyqırımına məruz qalıblar. Çünki uydurma iddiaya dəstək olan bu dövlətlərin arxivlərində Osmanlının daxili işlər naziri Tələt Paşanın imzaladığı sənəd vardır. Amma bu sənəd bu dövlətlərə sərf eləmir. Onlara Arom Andonyan kimi saxtakar birisinin saxta sənədləri lazımdır. Bu necə şifrəli sənəddir ki, sənəd Osmanlı dövləti üçün qanun olan Allahın adı ilə başlamır. Bu necə sənəddir ki, imzalanma tarixi müsəlman tarixi ilə yox, rum tarixi ilə qeyd olunub. Bu sənədə istinad edənlər özləri də gördülər ki, bu saxta sənəd onları hörmətdən salır. 1920-ci ildə ABŞ bu məsələ ilə bağlı Harbord komissiyasını yaratdı. 6 aydan sonra komissiya elan etdi ki, Şərqi Anadoluda soyqırımına məruz qalanlar ermənilər yox, türklər olmuşlar. 1983-cu ildə ABŞ prezidenti Ronald Reyqanın yaratdığı komissiya da bu nəticəyə gəlmişdir. Deməli, ABŞ-a tarixi həqiqət yox, siyasi maraqlara xidmət edən nəticə lazımdır. 2014-cü ildə Çexiyanın paytaxtı Praqada Ermənistanın prezidenti növbəti dəfə Türkiyəni 1915-ci il uydurma soyqırımında ittiham edəndə Azərbaycanın dövlət başçısı İlham Əliyev: “Türkiyə burada yoxdur, amma mən varam, cavabını mən verəcəyəm”-deyə, bildirmişdir.
Millət vəkili qeyd edib ki, hazırda Türkiyə Cümhuriyyəti dünyanın nüfuzlu dövlətlərindən birinə çevrilmişdir: “Bu gün Türkiyə Cümhuriyyəti müstəqil siyasəti ilə diqqəti cəlb edir, kiminsə diktəsini qəbul etmir. 2001-ci ildə yaradılmış və Türkiyə iqtidarına rəhbərlik edən “Ədalət və İnkişaf Partiyası” bu dövləti dünyanın aparıcı və nüfuzlu dövlətlərindən birinə çevirmişdir. Bu siyasət bəzi nüfuzlu dövlətləri narahat edir, hətta 2015-ci ilin iyunun 15-də dövlət çevrilişinə cəhd göstərməkdən də çəkinmədilər. Amma 82 milyon Türk xalqı Türkiyəni öz canları bahasına qorudular, yüzlərlə şəhid verdilər. Həmin ağrılı günlərdə Türkiyənin haqq səsinə səs verən Azərbaycan oldu. Türkiyə Cümhuriyyətinin bölgədə gündən-günə artan nüfuzunu həzm edə bilməyən dövlətlər onu uydurma soyqırımla imtahana çəkmək istəyirlər. Əgər dünyaya 24 aprellə bağlı əsil həqiqət lazım olsaydı, onu parlament kürsülərində yox, arxivlərdə axtarmış olardılar, problemlə bağlı son sözü tarixi sənədlər əsasında tarixçilər söyləmiş olardılar. Yoxsa tarixi həqiqət siyasi maraqlara qurban verilməzdi. Türkiyə-Azərbaycan qardaşlığı türk dünyasının birliyinə xidmət edən böyük hadisədir. 2018-ci ilin sentyabrın 15-də Bakıda Milli Ordunun yaradılmasının 100 illiyinə həsr olunmuş hərbi paradda dövlət başçıları İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan, o cümlədən hər iki ölkənin hərbi qüvvələri iştirak edirdi. 2020-ci ilin dekabrın 10-da Bakıda Azadlıq meydanında Zəfər paradı iki qardaş dövlətin dostluğuna əyani nümunəsidir. Dövlət başçıları İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan Qələbə münasibəti ilə Azərbaycan xalqını təbrik etdilər. Şübhəsiz, XXI əsr Türk əsridir”.
Videokonfransda Ədalət və İnkişaf Partiyası Sədrinin birinci müavini Numan Kurtulmuş yekun sözü ilə çıxış edərək faydalı fikir mübadiləsi aparıldığını qeyd edib: “Bu konfrans Türkiyə və Azərbaycanın bundan sonrakı dövrdə atacağı addımlara, həyata keçiriləcək siyasətə yön verir. Konfransdakı müzakirələrin üç mühüm nəticəsi var. Birincisi, biz bu bölgədə sülh, dostluq, qardaşlıq, ölkələrin və fərqli xalqların əməkdaşlığının gücləndirilməsini istəyirik. Ən əsası yaşadığımız regionun, tarixçilərin “bərəkətli hilal” adlandırdıqları coğrafiyada əməkdaşlığı, inkişafı arzulayırıq. Bunun üçün səmimi olaraq hər kəslə əməkdaşlıq etməyə hazır olduğumuz bir daha ifadə edildi. İkincisi, hər məsələdə anlaşmaq mümkün olmaya bilər. Eyni zamanda bir çox problemlə üz-üzəyik. Beynəlxalq miqrasiya, qlobal istiləşmə, silahlanma, ətraf mühitin çirkləndirilməsi, kimsəsiz uşaqlar, silahlandırılan azyaşlılar kimi çox geniş problemlərlə üz-üzəyik. Bütün bunları həm regional, həm beynəlxalq miqyasda həll edəcək iradəyə sahib olduğumuzu konfransdakı müzakirələr göstərdi. Bunun üçün hamı ilə qarşılıqlı müzakirəyə açıq olduğumuzu, bütün millətlərlə bərabərhüquqlu şəkildə həm regional, həm beynəlxalq problemlərimizi müzakirə edə biləcəyimizi ifadə edirik. Üçüncüsü, bizim bir sıra qırmızı xətlərimiz var. Bunlar ölkələrin suverenlik haqlarıdır. Heç bir gücün, ölkənin, nə qədər qüdrətli olursa-olsun, özünü bu şəkildə hiss edərsə-etsin, hər hansı bir ölkənin suverenlik hüquqlarını yox etmək haqqı yoxdur. Ona görə istər işğal, istər ölkələrin daxili işlərinə qarışmaq, istər bəzi ölkələrin sərhəd pozuntuları etməsi, istərsə də ölkələrin daxili sabitliyini pozmaq üçün terror təşkilatlarının vasitə olaraq istifadə edilməsi bizim qəbul etməyəcəyimiz qırmızı xətlərdir. Bütün xalqlar bərabər hüquqlara sahibdir. Problemlərimizi müzakirə ilə həll edərik. Amma heç kimin başqasının haqqını pozmasına, suverenliyini yox etməsinə, daxili işlərinə qarışmasına əsla izn vermərik. Bu üç prinsip çərçivəsində fəaliyyətimizi davam etdirməliyik. Azərbaycan və Türkiyə bu üç prinsip çərçivəsində yan-yana hərəkət etdiyi müddətdə, gücümüzü daha da artıraraq və ətrafımızdakı dostlarımızı çoxaldaraq bu bölgəyə ədaləti, sülhü gətirəcəyik. Yaşasın Türkiyə-Azərbaycan qardaşlığı!”
Videokonfransın yekununda çıxış edən YAP sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov bildirib ki, Azərbaycan və Türkiyənin həm fəal iştirakı, həm də liderliyi ilə yaranan yeni əməkdaşlıq və təhlükəsizlik mühiti bütövlükdə regiona yeni perspektivlər vəd edir: “Ölkələrimiz regionda müxtəlif qüvvələrin qarşılıqlı etimad mühiti əsasında və səmimi şəraitdə işbirliyinin güclənməsi tərəfdarı kimi çıxış edirlər. Bu, həm də bütövlükdə Şərqdən Qərbə doğru geniş bir coğrafi məkanda ayrı-ayrı ölkələrin milli maraqlarının təmin olunmasına mühüm töhfədir. Təbii ki, bütün bu gerçəkliklər fonunda uydurma “erməni soyqırımı” kimi cəfəng iddiaların ortaya atılması və ondan siyasi təzyiq vasitəsi kimi istifadə olunması regionda yeni yaranmaqda olan əməkdaşlıq meyillərinə zərər vurmaq məqsədinə xidmət edir. Unutmaq olmaz ki, regionun gələcəyi qarşılıqlı hörmətə və uzlaşmaya əsaslanan əməkdaşlıqdan keçir. Nəhayət, onu da qeyd etmək lazımdır ki, xalqlarımızın sarsılmaz birliyi və mövqeyi dünyaya açıq və konkret mesaj verdi. Regionda Azərbaycanın və Türkiyənin iradəsi və maraqları nəzərə alınmadan çoxtərəfli əməkdaşlıq platformasında iştirak etmək, siyasi, iqtisadi mənfəət qazanmaq mümkün deyil. Əminliklə söyləmək olar ki, Ulu Öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” fəlsəfəsi əsasında hərəkət edən Azərbaycan və Türkiyə bundan sonra da ortaq milli maraqlar əsasında fəaliyyət göstərəcək, möhkəm həmrəylik və qətiyyətli siyasi iradə nümayiş etdirəcəklər. İstər regionda sülh, sabitlik, təhlükəsizlik və tərəqqinin təmin olunmasında, istər erməni yalanlarının, o cümlədən ermənipərəst dairələrin qara piar kampaniyasının ifşa edilməsində, istərsə də bəzi xarici qüvvələrin ölkələrimizə yönəlik qərəzli və məkrli planlarının iflasa uğradılmasında Azərbaycan-Türkiyə sarsılmaz birliyi öz sözünü deyəcək. Bununla yanaşı, dünya siyasətində söz və nüfuz sahibi olan Azərbaycan ilə Türkiyənin bütün beynəlxalq platformalarda bir-birini qətiyyətlə dəstəkləməsi ölkələrimizin gücünün artmasını, qlobal arenada mövqeyinin möhkəmlənməsini şərtləndirəcək”.
YAP sədrinin müavini daha sonra qeyd edib ki, regionun perspektivi dost, qardaş və strateji tərəfdaş olan Azərbaycan ilə Türkiyənin rifah və inkişaf naminə formalaşdıracağı yeni əməkdaşlıq platformasının uğurla reallaşdırılması sayəsində təmin olunacaq. Biz ölkələrimizin qüdrətli və həmrəy olmalarına görə son dərəcə qürurluyuq və iftixarla qeyd edə bilərik ki, Azərbaycan və Türkiyənin güclü mənəvi-siyasi birliyi xalqlarımızın xoşbəxt gələcəyinə, regionda təhlükəsizlik və inkişafa xidmət göstərir, ölkələrimizin tərəqqi yolunda inamla irəliləməsini təmin edir.
YAP ilə AKP arasında əməkdaşlığın daha da güclənəcəyinə əminliyini ifadə edən Tahir Budaqov diqqətə çatdırıb ki, partiyalararası münasibətlər bütövlükdə hər iki ölkənin əlaqələrinin daha da möhkəmlənməsinə xidmət edir.
Çıxışının sonunda YAP Mərkəzi Aparatının rəhbəri konfrans iştirakçılarına qarşıdan gələn müqəddəs Ramazan bayramı münasibəti ilə təbriklərini çatdırıb, Azərbaycan və Türkiyə xalqlarına, bütün müsəlman qardaşlarımıza sülh, əmin-amanlıq və rifah arzu edib.









Baxış sayı: 346


Bölməyə aid digər xəbərlər