Bütün xəbərlər
“Səhiyyəyə ikinci bir problem yaratmamaq üçün özümüzü qorumalıyıq”
Tarix: 14-10-2020 11:32 | Bölmə: Reportaj

                  “Səhiyyəyə ikinci bir problem yaratmamaq üçün özümüzü qorumalıyıq”


“Koronavirusa yoluxma hallarının artmasının orduya sirayət etmə təhlükəsi yarana bilər. Əsgərlər arasında da yoluxma halları ola bilər. Ona görə də bu gün kimsə vətənpərvərlik, orduya yardım istiqamətində fikirləşirsə, həm də koronavirusa qarşı mübarizə istiqamətində fikirləşməlidir”.
Bu sözləri “Qafqazinfo”ya TƏBİB-in Elmi Komitəsinin sədri, professor Akif Qurbanov deyib. 
O bildirib ki, hələ ki, “COVID-19”a qarşı vaksin yoxdur, ona görə də qorunma tədbirlərinə əməl etməliyik. Bu tədbirlərə əməl etmədikdə, təmasların sayının artdığı təqdirdə, yoluxma sayları da artacaq, bu, qanunauyğun prosesdir:
“Karantin rejimi hələ də davam edir. Bu rejimdə vaxtaşırı yumşalmalar olur, məktəblər açılır və sair bu kimi hallar təmasların sayını artırır. Həm də artıq soyuq fəsillər - payız, qış gəlir. Hava soyuduqda respirator infeksiyaların çoxalma tendensiyası müşahidə olunur. Çünki soyuq hava yuxarı tənəffüs yollarının mühafizə qabiliyyətini zəiflədir. Bütün respirator infeksiyalar aktivləşmiş vəziyyətə keçir, COVID, qrip və qripəbənzər xəstəliklər artır. Digər tərəfdən isə, indi müharibə gedir, müharibə gedən ölkədə səhiyyə sistemi yaralıların qəbulu, onların reabilitasiyası tədbirləri ilə məşğul olmalıdır. Bütün vətəndaşlar bunu başa düşməlidirlər ki, səhiyyə sisteminə ikinci bir problem yaratmamaq üçün daimi olaraq qorunma tədbirlərinə davam etmək lazımdır”.
A.Qurbanov bildirib ki, hər kəs özünü qorumağı ilə vətənpərvərlik nümunəsi ola bilər. Özümüzü, ətrafdakıları qorumaqla pandemiyanın artmasına imkan verməməklə, həm də orduya dəstək vermiş olarıq.



Baxış sayı: 441


Bölməyə aid digər xəbərlər