Bütün xəbərlər
Azərbaycan həqiqətləri Almaniya mətbuatında
Tarix: 06-10-2020 00:11 | Bölmə: Reportaj

Milli Məclisin Sədr müavini Adil Əliyevin Ermənistanın Azərbaycanda mülki əhaliyə və şəhərlərə hücum etməsi barədə məqaləsi Almaniya mətbuatında işıqlandırılıb.
Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, məqalədə Adil Əliyev Ermənistanın son 30 ildir ki, Azərbaycanın əbədi və əzəli torpaqlarını işğal altında saxlaması, bu işğalın nəticəsində minlərlə insanı qətl etməsi və bir milyondan çox şəxsin öz doğma yurd-yuvalarını məcburi şəkildə tərk etməsi əks olunub.
Məqalədə Ermənistanın hazırkı hakimiyyətinin əsas hədəfinin Azərbaycanda yaşayan mülki əhali olduğu, həyata keçirdiyi hücumlar zamanı xüsusilə təmas xəttindən kənarda yerləşən mülki əhalinin hədəf seçməklə, evlərə, xəstəxanalara, habelə digər mülki obyektlərə zərər yetirdiyi bildirilir.
Yazıda Ermənistan tərəfinin bu ilin iyul ayından başlayan müntəzəm təxribatı zamanı 76 yaşlı mülki şəxsin, habelə bu ilin 27 sentyabr tarixindən başlayan növbəti təxribat zamanı isə bir ailənin həlak olduğu, onların arasında 7-ci və 9-cu sinifdə təhsil alan iki məktəblinin də olduğu qeyd edilir. Ermənistan hakimiyyətin təcavüzkar siyasətini alman mediasına çatdıran Adil Əliyevin məqaləsində dəfələrlə Azərbaycan tərəfinin Ermənistanın təcavüzkar siyasətini dayandırmasını və işğal altında olan torpaqlardan çəkilməsini tələb etməsinə baxmayaraq, düşmən tərəfin öz təcavüzkar siyasətindən çəkinmədiyi vurğulanır. Bildirilir ki, bütün bunların əksinə olaraq Ermənistan tərəfi daha kütləvi şəkildə silahlanmağa başlamış, başqa ölkələrdən insanları Dağlıq Qarabağa köçürmüş və mütəmadi olaraq təxribata əl atmışdır. Ermənistan tərəfinin həyata keçirdiyi siyasətin Cenevrə Konvensiyasının tələblərinə zidd olduğu, BMT-nin Azərbaycanın ərazi bütövlüyünü təsdiq edən, ölkəmizə məxsus ərazilərin qeyd-şərtsiz boşaldılmasını tələb edən qətnamələrinə baxmayaraq, həmin qətnamələrin bu vaxta qədər icra edilmədiyi, Ermənistan tərəfinin beynəlxalq hüququn bütün prinsiplərini kobud şəkildə pozduğu ictimaiyyətin diqqətinə çatdırılır.





Baxış sayı: 378


Bölməyə aid digər xəbərlər