Bütün xəbərlər
Barselonada Azərbaycan Evi açılıb
Tarix: 30-08-2020 12:32 | Bölmə: Reportaj

Barselonada Azərbaycan Evi açılıb


Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və “Barselonadakı Azərbaycanlılar Cəmiyyəti”nin təşəbbüsü ilə İspaniyanın Barselona şəhərində Azərbaycan Evinin açılış mərasimi keçirilib.
Komitədən "Qafqazinfo"ya verilən məlumata görə, pandemiya ilə bağlı mövcud karantin qaydalarına uyğun şəkildə keçirilən tədbirdə Kataloniyada yaşayan azərbaycanlılar və ölkəmizə dost münasibəti bəsləyən müxtəlif xalqların icma üzvləri iştirak ediblər.
Mərasim “Barselonadakı Azərbaycanlılar Cəmiyyəti”nin 5 illik fəaliyyətini və Azərbaycan Evinin qurulması prosesini özündə əks etdirən videoçarxların nümayişi, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun bu mühüm hadisə münasibətilə İspaniya azərbaycanlılarına təbriki ilə başlayıb.
Tədbirdə “Barselonadakı Azərbaycanlılar Cəmiyyəti”nin sədri və İspaniya Azərbaycan Evinin rəhbəri Kərim Kərimov, cəmiyyətin İdarə Heyətinin üzvü Nərmin Salayeva, Gürcüstanın Barselonadakı baş konsulu Ketevan Gogolashvili çıxış ediblər. Natiqlər Azərbaycan Evinin fəaliyyətinin Barselonada və ümumilikdə İspaniyada yaşayan azərbaycanlıları bir araya gətirmək, onları əlaqələndirmək, milli dəyərlərimizin və tarixi reallıqlarımızın təbliğatı baxımından yüksək qiymətləndiriblər. 
Qeyd edək ki, Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyilə Almaniya, İtaliya, Polşa, Macarıstan, Türkiyə, Estoniya və digər ölkələrdə Azərbaycan evləri fəaliyyət göstərir.



Baxış sayı: 600


Bölməyə aid digər xəbərlər