Bütün xəbərlər
“Naxçıvan” Universiteti ilə İstanbul Universiteti arasında əməkdaşlıq genişləndirilir
Tarix: 20-08-2020 12:33 | Bölmə: Reportaj


Dünyanın 51 ali təhsil müəssisəsi ilə əməkdaşlıq edən və təhsil səviyyəsinin yüksəkliyi ilə seçilən “Naxçıvan” Universiteti yeni tədris ilində Türkiyənin İstanbul Universiteti ilə əməkdaşlığı daha da genişləndirir.
“Naxçıvan” Universitetinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, bu məqsədlə avqustun 19-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, “Naxçıvan” Universitetinin Tədris və tərbiyə işləri üzrə prorektoru, iqtisad üzrə fəlsəfə doktoru Hüseyn Bağırsoylu İstanbul Universitetində ali təhsil ocağının bir sıra rəhbər şəxsləri ilə görüşüb.
Görüşlər zamanı İstanbul Universitetinin İqtisad fakültəsi ilə “Naxçıvan” Universitetinin İqtisadiyyat fakültəsi arasında əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub. İstanbul Universitetinin İqtisad fakültəsinin dekanı, professor Sayım Yorğun ilə görüşdə iqtisadiyyat ixtisası üzrə ali təhsil ocaqlarında fəaliyyət göstərən müəllimlərin qarşılıqlı mübadiləsi ilə bağlı protokollar imzalanıb, universitetlər arasında ikili diplomun təşkili, ”Naxçıvan” Universitetində yeni yaradılmış kompüter mühəndisliyi ixtisasının günün tələblərinə uyğunlaşdırılması məqsədi ilə bağlı təcrübə mübadiləsi, iqtisadiyyat ixtisasının ingilis dilində akkreditə edilmiş tədrisi ilə bağlı fikir mübadiləsi aparılıb. Bundan başqa İstanbul Universiteti ilə “Naxçıvan” Universiteti arasında 2020-2021-ci tədris ilində 7 ixtisas üzrə tələbə təcrübə mübadiləsinin aparılması ilə bağlı razılıq əldə olunub.
Görüşdə ötən tədris ilində müəllim mübadilə proqramı ilə “Naxçıvan” Universitetində olan İstanbul Universitetinin müəllimi, professor Haluk Tanrıverdi də iştirak edib. Professor “Naxçıvan” Universitetində, eləcə də ümumilikdə Naxçıvan Muxtar Respublikasında təhsilə göstərilən diqqətdən danışıb. Bildirib ki, tədris üçün bütün müasir şəraitin yaradıldığı “Naxçıvan” Universiteti ilə İstanbul Universiteti arasında əməkdaşlıq bundan sonra daha da inkişaf etdirilməlidir.




Baxış sayı: 558


Bölməyə aid digər xəbərlər