Bütün xəbərlər
“Bizi qələbəyə aparan ən başlıca amil Vətən sevgisi idi”
Tarix: 15-07-2021 02:58 | Bölmə: Gündəm

                    “Bizi qələbəyə aparan ən başlıca amil Vətən sevgisi idi”



“Bəli, biz üç minə yaxın şəhid vermişik. Onların hər birinin həyatı çox qiymətlidir. Ancaq onu da bilməliyik ki, apardığımız müharibədə itkilərimiz daha da çox ola bilərdi. Çünki, birincisi əks-hücum əməliyyatı keçirən tərəf adətən, bir qayda olaraq, daha çox itki verir - müdafiə olunan tərəfdən ən yaxşı halda üç-dörd dəfə çox”.
“Qafqazinfo” xəbər verir ki, bunu Prezident İlham Əliyev bu gün Xocasən qəsəbəsində şəhid ailələri və müharibə əlilləri ilə görüşündə deyib.
Dövlət başçısı qeyd edib ki, bunu hərbçilər daha yaxşı bilirlər:
“Digər tərəfdən, azad edilmiş torpaqların relyefi bizim üçün çox əlverişsiz idi. Qarşı tərəf üçün əlverişli idi. Onlar bütün strateji yüksəkliklərə sahib idilər. Əlbəttə ki, 30 il ərzində onların qurduqları istehkamlar, 6 müdafiə xətti və mühəndislik işləri onlara böyük üstünlük verirdi.
Onlar hesab edirdilər ki, bu müdafiə xəttini, bu istehkamları, bu dağları biz heç vaxt keçə bilmərik. Amma onlar yanıldılar, böyük yanlışlığa, səhvə yol verdilər.
Onlar bilmirdilər ki, Azərbaycan xalqı bu 30 il ərzində bir amalla yaşayır: nəyin bahasına olursa-olsun, torpaqlarımızı işğalçılardan azad edək. Biz bu amalla yaşamışıq.
Bizi qələbəyə aparan təkcə hərbçilərimizin peşəkarlığı, qəhrəmanlığı, hərbi texnikamız yox, bizi qələbəyə aparan Vətən sevgisi idi. Ən başlıca faktor, ən başlıca amil Vətən sevgisi idi.
Biz düşməni torpaqlarımızdan qovduq, ərazi bütövlüyümüzü bərpa etdik. Ona görə üç minə yaxın şəhidimizin həyatdan getməsi, əlbəttə, böyük faciədir”.



Baxış sayı: 385


Bölməyə aid digər xəbərlər