Bütün xəbərlər
“Kommersiya filmlərinə baxırsan, xəyal qırıqlığına düşürsən” -MÜSAHİBƏ
Tarix: 18-11-2017 01:09 | Bölmə: Müsahibə



Rada Nəsibova: “Peşəkar işlər çox az göstərilir, yayımı da azdır”

Akademik Milli Dram Teatrın aktrisasıRada Nəsibova istər teatr, istərsə də kino sahəsində oynadığı mənalı və yadda qalan rollarla özünü təsdiq edib. “Qayınana”da Sədaqət, “İstanbul reysi”ndə Falçı , “Yaddaş”da Arzu, “Qaydasız döyüş”də Nigar, “Gürzə”də Nigar, “Bir ailəm var”da Nazlı və s.rolları ilə öz sözünü deyib.
Bu günlərdə sadə, təvazökar, səmimi öz peşəsini ürəkdən sevən aktrisa ilə görüşüb yaradıcılığı ilə tanış olduq.
-Rada xanım, bu sənətə gəlişiniznecə oldu?
-Heç xəyalıma gəlməzdi ki, aktrisa olaram. Uşaqlıqdan həmişə arzum həkim olmaq olub. Deyirdim ki, bir xeyriyyəçi kimi xəstələri pulsuz müayinə, müalicə edərəm. Amma Cəfər Cabbarlının yaradıcılığını oxuyandan sonra fikrim tamam dəyişdi. O dövrlər Azərbaycan səhnəsində adətən qadın aktrisalar ruslar olurdu.Aktyorlar qız paltarları geyirdilər. Cəfər Cabbarlının  İzzət Orucovanı necə səhnəyə gətirməyi, filmə çəkməyi, filanı mənə maraqlı idi. Cəfər Cabbarlını oxuduqdan sonra ədəbiyyata meylim o qədər artdı ki, bütün dünya ədəbiyyatını öyrənməyə başladım. Hər obrazı sevdikcə özümü onda görməyə başladım. Birdə o zamanlar “Mehriban düşmən” serialı gedirdi, o seriala həvəslə baxırdım. Birdə  məktəbdə “mənim arzum” inşası yazırdıq. Mən həmin inşada həkimlikdən yox, ədəbiyyatdan, incəsənətdən, dünya kinosundan yazırdım. Elə qərar verdim ki, mən aktsisa olmaq istəyirəm.
Hər zaman adam filmlərə baxanda özünü müsbət qəhrəmana oxşatmağa çalışır. Onun kimi yaxşı olmağa çalışır. Geyimlərində, danışıq tərzində, hətta saç düzümünə kimi . Mən gördüm ki, əgər müsbət qəhrəman efirdən insanlara əgər yaxşı şeylər aşılayırsa, kiməsə, nədəsə örnək olmaq istədim.
-Siz prodüserlik fakültəsini bitirmisiniz...
-Buna da səbəbim var idi. Mən 11-ci sinifi bitirəndən sonra həmin ili instituta verə bilmədim. Bu anamın səhhəti ilə bağlı idi. Həm də İnstitut bakıda idi. Gəncə şəhərində olsa bəlkədə sənədlərimi həmin ili verərdim. Arzularımın dalınca getmək üçün Gəncə Dövlət Dram Teatrına müraciət elədim. Elə həmin an məni işə götürdülər. Mən Cəfər Cabbarlının “Oqtay Eloğlu” əsərində  Sevəri –sevdiyim yazarın sevdiyim rolunu oynadım. Bilirsiniz ki, Sevər 16 yaşlı bir qızdır, qardaşından ayrı düşmüş küçələrdə bu ümidlə dilənir ki, qardaşını axtarıb-tapsın ona qovuşsun. Və eyni zamanda başladım kitabxanalara getməyə , daha çox oxumağa, öyrənməyə. Sonra Sənədlərimi verdim. Mən Gəncədə yaşadığım üçün Bakıda heç vaxt olmamışam. Ona görə də mən risk eləmədim əyani oxumasğa. Qohumlarımı tanımırdım, qalmaq yerim yox idi. Həm də istədim ki, bir az işləym evdəki problemlərimə kömək edim. Ona görə məcbur oldum ki, sənədlərimi qiyabi verim. Qiyabi də aktyor təhsili olmadığına görə sənədlərimi kino-teatr prodüserliyinə verdim. Onun içində həm rejissorluq, həm də aktyorluq sənəti öyrədilirdi.
Amma mən 16 yaşından teatrda işləyirəm, ikinci kursda da ara-sıra çəkilməyə başıadım. Əvvəl İrəvan, sonra Akademik Milli Teatrda işləməyə başladım. Gəncədə  “Nəsrəddin”də Pəri, “Oqtay Eloğlu”da Sevər , “Ağa Kərim xan Ərdəbili” də Leylanı və nağıl tamaşalarda oynayırdım.  
-İncəsənət İnstitutunda hansı sənətkarlardan dərs aldınız?
-Kino sənətindən Eldar Quliyevdən dərs almışam. Çəkliş proseslərində məni filmə salırdı ki, işin içində olasan. Onun “Girov” filmində kütləvi səhnədə ,“İnstanbul reysi”ində Falçı rolunda  çəkilmişdim. Eldar müəllim qayğıkeş insan idi. Mənə qarşı münasibəti yaşı olubdu.
-Bəs İrəvan teatrında hansı rolları oynadınız?
-Burda iki ilə yaxın işlədim. Çox rollarım oldu. Çexovun “Təklif” əsəri əsasında hazırlanmış eyniadlı tamaşada Natalya Stepanovnanı, Hidayət Orucovun “Durnalar qayıdanda” əsəri əsasında hazırlanmış eyniadlı tamaşada  da Günayı, Marat Haqverdiyevin “Qısqanc ürəklər” əsəri əsasında hazırlanmış eyniadlı tamaşada Leylanı  Məhəbbət, şeytan, Lambada” tamaşasında oynadım. Sinyora İlonanı oynadım .
-Akademik Milli Dram Teatra gəlməyiniz necə oldu?
-Əvvəllər bu teatra gəlib-getmişdim. Kütləvi səhnələrə çıxırdıq. Oynadığımız rollar hesabına məvacib alırdıq. Tələbənin də həmişə buna ehtiyacı var.
 Əvvəl məvacibsiz işlədim. Bir müddət sonra mən bu teatra işə götürülmüşəm.  “Lənkəran xanın vəziri”ndə   Şölə xanımı “Qanı Nigar”da Nigarın qızı Bədidəni, “Qaraca qız”da Nərgiz müəlliməni,  “Kölgə” tamaşasında Annunsiatanı, “Gəncə qapıları” tamaşasında Cavad xanın üçüncü xanımını oynayıram.
-Nə vaxtdan hiss elədiniz ki, məşhurlaşmısınız, cəmiyyət tərəfindən qəbul olunursunuz?
-Mənə o söz deyilməsə mən məşhurluğumu hiss eləmirəm. Kimsə hiss edirəm baxışlardan gülümsüyəndə,ya söz atanda hə deyirəm deyəsən məni tanıdılar. Onda adam özünü cilovlayır. Mən işimi sevdiyim üçün bu sənətdəyəm. İnsanlar var ki, populyarlaçmaq, məşhurlaçmaq, hamının onu tanımasını  istəyir. Bu işdəyəmsə istəyirəm ki, hamı məni bu sənətin layiqli davamçısı kimi tanısın. Efir məkanı elədir ki, nəyin ki, mən, orda daim olan insanlar populyar olur. Əgər serialda mən oynayıramsa, tək mən yox, serialda mənimlə çalışan bütün aktyorlar tanınır.  Serialın səsi-sorağı bir müddət efirdə varsa bu serialın uğurudur. Məşhurluqdan çox mən insanlarda olan o sevgini görmək istəyirəm. Mən yaxınlaşanda “səni doğmamız, ailəmizin bir üzvü kimi hiss edirik.Mən sənə baxanda səninlə bərabər ağlayıram, inanıram sənə” deyirlər. Bundan gözəl şey yoxdur.  Efir məkanında bəyəm azmıdır populyar insanlar, hər kəs onu doğması kimi qəbul edir?
-Siz çox seriallara çəkilirsiniz. Siznlə bərabər qeyri-peşəkar insanların çəkilməsi sizi narahat edir?
-Mən çalışdığım serialda elə bir şey yoxdur. “Mən bir ailəm var” serialında Həmidə Ömərovanın qızını –Nazlını oynayıram. Bizdə Mehin rolunu oynayanVüsalə xanım aktrisa deyil, müğənnidir. Amma o qədər gözəl, təbii oynayır ki, onu aktrisalardan seçmək olmur. Bəlkə də heç bir aktrisa onu elə oynaya bilməzdi. Mən əleyhinəyəm. Bu başqa seriallarda olub. Elə adamıarın heç ağzı söz də tutmur. Ola bilsin ki, bu maddiyyatla bağlıdır. Onun yerinə hansı aktyoru dəvət eləsəydilər, bir az artıq pul verəcəydilər. Mən serialların çəkilməsinə bir tərəfdən sevinirəm ki, aktyorlar hardasa dolanırlar. Aktyorlar həm özünün qabiliyyətini göstərə bilirlər, həm də tanınırlar, həm də pullarını qazanırlar.  Bizim serial davamlı oldu. İllik müqavilə bağlamışdıq. Elə seriallar var ki, iki aylıq müqavilə bağlayırlar, bəzən işləri alınmır, çəkliş də yarımçıq qalır. Bizdə hər şey planlı oldu. Ssenarist qrupu bəlli, büdcəsi bəlli...Heç bir problem, sıxıntı olmadı.
-Serialda rejissorlarla necə işləyirsiniz?
-Bizdə rejissor, ssenarist qrupu gənclərdir. Birinci növbədə gərək sevgi, dostluq olsun. Bu bizim kollektivdə var. Həftəyə beş bölüm çəkmək hər kəsin hünəri deyil. Onlar gecə-gündüz işləyirdilər. Əgər iş varsa qüsuru da var, uğurları da. Bu uşaqlar böyük praktika keçiblər. “Qaynana” serialında. Böyük türk rejissoru gəlmişdi. O Hollivudda təhsil almışdı. O hər bir kəsə hər şeyi öyrədirdi. Serialın rejissorları Rüfət Şahbazov, Vüsal Məmmədov və ssenarist Valeh Əhmədov çox gəncdilər.  Professional rejissor olub ki, Moskvada qurtarıb, gözəl danışır, heç kimi bəyənmir, amma işini görəndə  ona deyirsən ki, heyf səndən. İşini kifayət qədər yerinə yetirə bilmir. Hal-hazırda kino aləmində işini sevdiyim rejissor Elxan Cəfərovdur. Bizdə adətən belədir ki, hər hansı rejissorla çalışırlar, onun işini tərifləyirlər. Əgər kinoda hər hansı bir uğurlu iş görürəmsə bir vətəndaş olaraq çox sevinirəm.  Elxan Cəfərovun “Yarımçıq xatirələr” filminə baxdım, zalda uşaq kimi ağladım, düşündüm ki, bu bizim filmdir. Çünki kommersiya filmlərinə baxırsan, xəyal qırıqlığına düşürsən. Peşəkar işlər çox az göstərilir, yayımı da azdır. Bax o cür filmlər kino-teatrda biletlə satılmalıdır. Amma baxırsan ki, elə filmlərə bilet satılır ki, buna sabun köpüyü kimi baxıram. Komediyanın da ciddisi olmalıdır. Məsələn “Əhməd haradadır”, “Görüş” filmləri-həmişə yaşayan filmlərdir.
-Açıq-saçıqrollara münasibətiniz necədir?
- Hər bir şeyin özündə estetik gözəllik olmalıdır. Məni bir ssenarist baş rola dəvət etmişdi. Ssenarini oxudum. Söyüşü söyüş xatirinə yazmaq lazım deyil. Insan hər dəfə söyüşlə danışmır ki. Elə bir kluminasiya nöqtə ola bilər ki, nəsə bir söz işlədərsən. Əsərin özündə küçədə yaşayan, əxlaqsız olan bir obraz ola bilər. O söyüşlə danışa bilər. Mən o filmə çəkilməklə kimə nə öyrədəcəm, və yaxud o filmə baxmaqla nə öyrənəcəyəm. Mən özüm açıq-saçıq səhnəyə heç vaxt çəkilmərəm. Əsər o qədər gözəl olmalıdır ki, ona razılaşasan. Amma o səhnəni də dublyor oynamalıdır.
-Hansı arzularla yaşayırsınız?
-Əqrəb bürcündənəm. Bir az xəyalpərəstəm. Mən həmişə deyirəm ki, özümün xəyalıyam. Gözəl hisslərlə yaşayıram. Həmişə neqativ hissləri özümdən uzaqlaşdırıram. Arzum odur ki, istər teatr, istər kino aləmində hər şey gözəl olsun. Hər kəs üçün gözəl olsun. Hər kəs öz işi ilə məşğul olanda dedi-qodular da olmaz. Hərdən düşünürəm ki, dedi-qodular boşluqdan yaranır. Bəkədə insanın qanında bu varsa, onun işi də olsa belə olacaq. Hər kəs çəkici bi ryerə vursun ki, xalqımız, ölkəmiz inkişaf eləsin. İnsanlar arasında sevgi olanda hər şey olur.
-Hobbiniz nədir?
-Hərdən istəyirəm ki, uzun bir yol gedim. Həzin musiqi, bir də xəyallara dalım. İçimdə narahatçılıq olanda belə edirəm. Bir də dənizin səsi məni sakitləşdirir.
-Fəxri ad almamağınız sizi narahat edirmi?
-Mən elə şeyləri ürəyimə yaxın buraxmıram. Sənət aləmində, ətrafımda olan adamlar düşünürlər ki, bunlara nə vaxtsa ad, ev veriləcək. Əgər teatrın içindəsinizsə bilirsiniz ki, gənclərin, aktyorların durumu acınacaqlı vəziyyətdədir. Mən heç vaxt düşünmürəm ki, kimsə mənə nəsə eləsin. Mən çalışıram öz işimlə məşğul olum. Ora bura qaçıram. Şəraitimi də, evimi də özüm qurum. Neçə ildən sonra kreditə girdim özümə bir mənzil götürə bildim. Amma onu təmir etmək üçün də pul lazımdır. Mən indiyə qədər kirayədə yaşayıram.  
Bir aktyor serial çəklişinə düşməyəndə mənim ürəyim çox ağrıyır. Başqa kanallarda bizim serial kimi uğurlu-davamlı serial olsa mən pis olmaram.
Təbii ki, hər bir qadının arzusudur ki, ailəsi, övladı olsun. O qədər qaçıram ora-bura. Həmişə zarafata salıb anama deyirəm ki,məni qaça-qaça dünyaya gətirməmisən ki?Beynimdə o qədər problemlər həll eləyirəm ki, hərdən qadın olduğumu unuduram. İnsan nəyisə öz əlinin zəhməti ilə alanda nə qədər çox sevinir. Allah hər kəsə o sevinci nəsib eləsin.
-Valideynləriniz nə əcəb aktrisa olmağınıza razılıq verdi?
-Atam yoxdu. Mən uşaq olanda ayrılıblar. Atamı görməmişəmsə yox kimi bir şeydi.Anam əvvəl razı olmadı. Amma sonra dedi ki, mən sənə inanıram. Mənə həm oğulsan, həm qızsan. Sənət adamının hamısı çox gözəldir, hamısı çox əxlaqlıdır. Əgər rol oynayırsa bu onun şəxsiyyətinə dəlalət eləmir. Sadəcə ətraf mühit elə pis fikir yönəldib ki, o da düşüncəsi dar olan insanlar o cür düşünür.
-Xarici filmlərə dəvətlər alırsınız?
-Təkliflər olub. Bu yaxınlarda Hindistan-Azərbaycan Birliyi film çəkmək istəyirdi. Kastinqdə oldum. Sonra dedilər ki, filmdə çəkilməlisiniz.Amma bir xəbər çıxmadı.
Bir dəfə jurnala reklama çəkilmişdim. Rejissor ingilis idi, amma türklərin proyekti idi. Onlar məni maniken zənn elədilər. Dedim ki, sənət adamıyam, teatrda işləyirəm. Dedilər ki, sən aktrisasan sənin kimi görkəmdə aktrisa bizim ölkədə olsaydı bir saniyyə belə vaxtı olmazdı. Mən hərdən deyirəm ki, başqa bir ölkəyə gedib çəkiləndən sonra deyəcəklər ki, bizdə belə bir aktrisa var. Bizdə həmişə belədir, göz qabağında olanda o qədər qiymət verilmir.
-Müxtəlif xarakterli obrazlar oynayırsınız...
-“Qayınana” da komediyanı oynamışam. Bu filmdən əvvəl, “Yaddaş” filminə, “Qaydasız döyüş serialına çəkilmişəm.”Gürzə” də Nurəddin Mehdixanlının həyat yoldaşını oynamışam. Baxmayaraq cavan idim. Qrim eləmişdik. Teatrda da ciddi rollar oynamışdım. Bizdə belədir. İnsanı yoxlamamış nədə görüblər ştaplayırlar ki, bu elə bu cür rollar oynaya bilər. Ssenarini oxuyan kimi çaşdılar, elə həmin anda da rolumu təsdiq eləmişdilər. Uğursuz olmadı.Birinci seriyada qadının cavanlığını vermişdilər, ikinci seriyada qadının yaşlı obrazını başqa aktrisa oynamalı idi. Oyunum o qədər xoşlarına gəldi ki, dedilər ki, elə özün oyna. Nurəddin Mehdixanlı kimi aktyorla oynamaq o qədər də asn deyildi. 
-“Bir ailəm var” serialı da sizə uğur gətirdi, bu barədə nə deyə bilərsiniz?
-Bu serialdakı Nazlı obrazı mənim çox ürəyimcədir. O birinci ailədən həyatı dağılmış qadındır. Övladını itiribdir. Bizdə belədir ki,əgər bir insanın həyatı dağılırsa cəmiyyətdə ona qarşı mövqe, fikir dəyişilir. Bu rolu mənə verdiklərinə görə çox sevinirəm. Ona görə ki, ən azından göstərə bilirəm ki, hər bir qadın xoşbəxt olmağa layiqdir.
Bizdə məni narahat edən nədir? Məni olduğu kimi qəbul eləmək çətindir. İnsanda qüsur axtarmaq üçün baxırsansa, sən onda mütləq qüsur tapacaqsan. Amma insanı olduğu kimi Allah eşqinə sevmək varsa, mən flankəsə Allaha görə hörmət edirəm, bu düşüncə olsa bəlkə də heç bir bədbəxtlik olmaz, heç bir ailə dağılmaz.
-Özünüzü xoşbəxt hiss edirsinizmi?
-Xoşbəxtəm ki, sağlamam, sənətim var. Heç kəsə möhtac deyiləm. Dünyalar qəbər sevdiyim anam yanımdadır. Anam tamaşalarıma gəlir. Onunsevgisi, qayğısı, xeyir-duası mənə köməkdir.
-Dedi-qodulara yəqin rast gəlirsiniz?
-Çox. Daş atılır çəkilirəm kənara, sonra yenə gedirəm. Dayansam daş dalbadal gələr üstümə.
-Hansı bir möhtəşəm rolda istirak etmək istərdiniz?
-Ürəyimcə olan rolları demək olar ki, oynamışam. İçimdə bir arzu var ki. istər kinoda, istər də teatrda Tomris, Natavan xanım kimi tarixi bir rol oynamaq istəyirəm.
-İdmanla da məşul olmusunuz?
-Uşaq vaxtı məşğul olmuşam.
Aykido, at çapmaq, qaçışla məşğul olmuşam. Şahmata getmişəm. Anama deyirdim ki, gərək məni pianoya qoyardın.
-Gücünüzdən istifadə edirsinizmi?
-Allah mənə elə ürək verib ki, bir dəfə neqativ hal olanda keçib gedirsən. Eyni şey gündə-gündə təkrar olanda səndə insansan, hirslənə bilirsən. Bəlkə kimsə hücum çəksə üstümə özümü müdafiə etməyə qadirəm. Allah o gündən qorusun. İnsan bir-birini sevməlidir, vurmaq üçün yaranmayıb ki. Gücüm var özümə, kiməsə göstərmək üçün yox.
Namiq MƏMMƏDLİ


Baxış sayı: 1 426


Bölməyə aid digər xəbərlər