Bütün xəbərlər
Lənkəranda şəhid ailələrinə və qazilərə mənzillər təqdim edildi
Tarix: 21-08-2021 21:16 | Bölmə: Reportaj

                   Lənkəranda şəhid ailələrinə və qazilərə mənzillər təqdim edildi


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Lənkəran rayonunda 45 mənzilli yaşayış binası Vətən müharibəsində şəhid olan qəhrəmanlarımızın ailələrinin və həmin müharibə ilə əlaqədar əlilliyi olan qazilərimizin istifadəsinə verilib.
Nazirlikdən "Qafqazinfo"ya verilən məlumata görə, binadakı mənzillərin sənədlərinin təqdim edilməsi tədbirində əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Vüsal Nəsirli iştirak edib.
Nazir müavini dövlət başçısının xüsusi qayğısı nəticəsində şəhid ailələrinin, müharibə əlillərinin mənzil və fərdi evlə təminatı proqramının geniş vüsət aldığını bildirib. Qeyd edib ki, nazirlik tərəfindən şəhid ailələrinə, müharibə əlillərinə 2018-ci ildə 626 ədəd, 2019-cu ildə bundan 50 faiz çox olmaqla 934 ədəd, 2020-ci ildə isə əvvəlki ilə nisbətən 70 faizə qədər çox olmaqla 1572 mənzil və fərdi ev verilib. Bu il isə 3 minədək mənzil və fərdi evin verilməsi işləri aparılır. Bu da şəhid ailələrinin, müharibə əlillərinin mənzillə təminatı proqramının 2018-ci ilə nisbətən artıq 5 dəfəyə yaxın genişləndiyini göstərir.
V.Nəsirli bildirib ki, keçmiş köçkünlər üçün inşa olunmuş yaşayış binalarındakı mənzillər də dövlət başçısının göstərişi ilə şəhid ailələrinə və müharibə əlillərinə təqdim edilir. Bu istiqamətdə növbəti addım kimi, hazırda Lənkəran rayonunda da 45 mənzilli yaşayış binası həmin kateqoriyadan olan şəxslərin istifadəsinə verilir. 2014-2019-cu illərdə uçota alınmış imtiyazlı şəxslərlə yanaşı, Vətən müharibəsində şəhid olanların ailələri və Vətən müharibəsi əlillərinin də bu ilin əvvəllərindən mənzillə təminatı həyata keçirilir. Bu gün təqdim edilən 45 mənzil də məhz bu kateqoriyadan olanlara verilir.
Yeni mənzillə təmin olunan vətəndaşlar göstərilən yüksək qayğıya, bu gün isə müasir tələblərə uyğun yaşayış şəraiti olan mənzillərlə təmin olunduqlarına görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.






Baxış sayı: 299


Bölməyə aid digər xəbərlər