Bütün xəbərlər
Komitə sədri: Ən təhlükəli məsələlərdən biri sosial şəbəkələrin çox sürətlə ailələrə daxil olmasıdır
Tarix: 09-02-2019 00:07 | Bölmə: Cəmiyyət

    

Ən təhlükəli məsələlərdən biri internetin, sosial şəbəkələrin görünmədən, lakin çox sürətlə ailələrə daxil olmasıdır. Biz görürük ki, insanlar öz ailə üzvləri ilə müqayisədə virtual məkanda daha çox vaxt keçirirlər. Bu isə insanları bir-birindən uzaqlaşdırır, valideyn-övlad ünsiyyətində soyuqluq yaradır.
Trend-in məlumatına görə, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova deyib.
Onun sözlərinə görə, bu hal xüsusən böyüməkdə olan gənclərimizə, onların psixikasına mənfi təsir göstərir, asılılıq yaradır:
“Ona görə də biz uşaqları onların sağlamlığına və inkişafına ziyan vuran informasiyadan qorumalıyıq. Bunun üçün biz valideynlər və uşaqlarla görüşlər keçirir, texologiyanın müsbət və mənfi tərəfləri barədə məlumatlar veririk”.
H.Hüseynova əlavə edib ki, ailədə valideyn məsuliyyətinin artırılması ən önəmli məsələlərdən biridir: "Ailədaxili münasibətlərin pozulması zamanı erkən müdaxilə etmək və problemin vaxtında həll olunması üçün “Ailə Psixoloqu” İnstitutunun yaradılması da gündəmdədir. Ailə dəyərlərimizin təbliğində KİV-in, xüsusilə televiziyanın üzərinə böyük iş düşür. Əfsuslar olsun ki, bir çox hallarda sosial-məişət mövzulu proqramlarda yalnız cəmiyyətin neqativ hissəsi nümayiş olunur. Halbuki bizim çox sayda nümunəvi ailələrimiz var. Düzdür, ailələrin problemlərini işıqlandırmaq lazımdır, lakin balans pozulmamalıdır”.
H.Hüseynova bu gün Azərbaycanda 2 milyon 100 mindən çox ailənin olduğunu da qeyd edib.



Baxış sayı: 478


Bölməyə aid digər xəbərlər