Bütün xəbərlər
Dörd poliklinikada saxta COVID-19 pasportu satanlar aşkarlandı - Video
Tarix: 23-08-2021 12:40 | Bölmə: Cəmiyyət

                   Dörd poliklinikada saxta COVID-19 pasportu satanlar aşkarlandı


Xəzər rayonu Binə qəsəbəsində yerləşən 29 saylı Birləşmiş Şəhər Xəstəxanasının tibb bacıları Ü. Abbasova, S.Allahverdiyeva, F.Nəhmətova, həmin müəssisəsinin kompüter qeydiyyatçıları Ə.Hüseynova, S.Dadaşzadə və Səbail rayonunda yerləşən 33 saylı Şəhər Poliklinikasının əməkdaşı Elnur Əliyevlə əlbir olaraq vətəndaşlardan 300 manat məbləğində pul alıb onların xəstəxanaya belə gəlmədən guya vaksinasiyadan keçib peyvənd olunmalarını özündə əks etdirən saxta sənəd təqdim ediblər.  
“Qafqazinfo” xəbər verir ki, bu haqda Baş Prokurorluq və Daxili İşlər Nazirliyi  birgə məlumat yayıb. 
Bu şəxslərin eyni üsulla çoxsaylı vətəndaşlardan pul alaraq onları peyvənd olunmadıqları halda “e-TƏBİB” elektron qeydiyyat sistemində vaksin olunmuş şəxslərin siyahısına daxil etdikləri məlum olub.
Analoji hal Sabunçu rayonu Maştağa qəsəbəsində yerləşən 7 saylı Birləşmiş Şəhər Xəstəxanası və Yasamal rayonunda yerləşən 3 saylı Şəhər Poliklinikasında da aşkar edilib. Müəyyən olunub ki, həmin müəssisələrdə tibb bacıları işləyən S.Mahmudova və A.Bağırova hər doza vaksin üçün 50-100 manat müqabilində ayrı-ayrı vətəndaşlar barədə guya onların vaksin olunmalarını özündə əks etdirən saxta məlumatları “e-TƏBİB” elektron qeydiyyat sisteminə daxil ediblər. Bununla da adları çəkilən tibb bacıları tərəfindən pul aldıqları vətəndaşlara peyvənd olunmadan onlara vaksin vurulduğu barədə saxta sənədlər təqdim olunub.
Qeyd edilən faktlarla bağlı Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq və Təhqiqat İdarəsində istintaq araşdırmaları aparılır. İş üzrə əhəmiyyət kəsb edən halların, göstərilən qanun pozuntularında hər hansı formada iştirak etmiş digər şəxslərin müəyyənləşdirilməsi istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.

               


Baxış sayı: 290


Bölməyə aid digər xəbərlər