Bütün xəbərlər
Ceyhun Məmmədov: "MƏMUR VƏZİFƏSİNƏ XƏYANƏT ETMƏMƏLİDİR"
Tarix: 03-02-2021 18:07 | Bölmə: Cəmiyyət

"Prezident İlham Əliyev dəfələrlə yeni vəzifə təyinatları və Azərbaycan xalqına müraciətləri zamanı bu məsələyə münasibət bildirib. Dövlət məmurlarına ciddi xəbərdarlıqlar edib. Bəzi məmurlar nəticə çıxarıb, bəziləri isə çıxarmayıb və nəticədə cəzalandırılıblar". Bunu SİA-ya millət vəkili Ceyhun Məmmədov deyib.
Deputatın sözlərinə görə, yüksək etimad göstərilən hər bir dövlət məmuru məsuliyyətini dərk etməli, vəzifəsindən irəli gələn öhdəlikləri vicdanla və ləyaqətlə yerinə yetirməli, vətəndaşlarla daimi əlaqədə olmalı, onların problemlərinə həssas yanaşmalıdır: "Vəzifə insana verilən əmanətdir. Hər bir məmur çalışıb etimadı doğrultmalı, vəzifəsinə xəyanət etməməlidir. Düşmən üzərində şanlı qələbəmizdən sonra bölgədə yeni siyasi və iqtisadi reallıq yaranıb. Dövlətimiz yeni bir mərhələyə qədəm qoyub. Qarşıda bizi böyük quruculuq işləri gözləyir. Qarabağı dirçəltmək, dünyanın ən abad və gözəl şəhərlərindən birinə çevirmək. Artıq bu stiqamətdə ciddi işlərə başlanılıb. Bu prosesdə aktiv iştirak etmək hər birimizin müqəddəs vəzifəsidir. Ancaq, bu prosesdə düşünmədən, ciddi müzakirələr aparmadan, koordinasiyasız hərəkət etmək gələcəkdə müəyyən problemlər yarada bilər.
Şuşa cənab Prezidentin qeyd etdiyi kimi, bizim mədəniyyət paytaxtımızdır. Burada yalnız fəaliyyəti zəruri olan qurumların bölgə idarələri və şöbələri yaradıla bilər. Bölgəyə aidiyyatı və burada fəaliyyəti olmayan qurumların burada bina tikməsinə, qurumlar yaratmasına və bina tikməsinə nə ehtiyac var? Hər birimiz bura fərqli yanaşma nümayiş etdirməliyik. Təəssüf ki, ermənilər buranı dağıdaraq viran qoydular, Azərbaycanın izlərini itirməyə çalışdılar. Azərbaycan tez bir zamanda Qafqazın incisi olan Şuşanı bərpa edərək buranı gözəl bir diyara çevirəcək. Buna güclü siyasi iradə və iqtisadi potensial var".




Baxış sayı: 392


Bölməyə aid digər xəbərlər
18-01-2025, 11:24 Avtomobil suya düşüb