Bütün xəbərlər
Rəfiqə Əliyevasız üç il...
Tarix: 06-05-2020 11:33 | Bölmə: Cəmiyyət

                      

Moderator.az xəbər verir ki, bu gün Əməkdar elm xadimi, “Şöhrət” ordenli Rəfiqə Əliyevanın ölümündən üç il ötür.
Həyatının böyük hissəsini BDU-da ixtisaslı kadrların hazırlanmasına sərf edən Rəfiqə Əliyevanın Azərbaycan kimya elminin inkişafındakı xidmətləri əvəzsizdir. Görkəmli alim ekoloji kimya və ətraf mühitin mühafizəsi elmi-tədqiqat laboratoriyasının yaradıcısı və rəhbəri kimi məhsuldar elmi-pedaqoji fəaliyyət göstərib. 



Analitik kimya sahəsində ilk qadın akademik olan Rəfiqə Əliyeva elmi məktəb formalaşdırıb. Görkəmli alim, akademik Rəfiqə Əliyeva onu tanıyanların yaddaşında əsl Azərbaycan qadını, elm fədaisi və humanist qəlbli insan kimi yaşayır. Onu tanıyan hər kəs onu sevərək anır.



Qeyd edək ki, Rəfiqə Əlirza qızı Əliyeva Azərbaycanın mərhum dövlət başçısı Heydər Əliyevin bacısı, prezident İlham Əliyevin bibisidir. Mərhum Rəfiqə xanım məşhur modelyer Fəxriyyə Xələfovanın anasıdır. R.Əliyeva Azərbaycan baş nazirinin keçmiş müavini, sabiq deputat, mərhum Rafiq Xələfovun həyat yoldaşı olub.



Akademik Rəfiqə Əliyeva 1932-ci ildə Naxçıvan şəhərində anadan olub. 1956-cı ildə Аzərbaycan Dövlət Universitetinin (hazırlıq BDU) kimya fakültəsini bitirib, 1970-ci ildə kimya sahəsi üzrə namizədlik, 1999-cu ildə isə doktorluq dissertasiyası müdafiə edib.
R.Əliyeva vəfat edənədək Bakı Dövlət Universitetində Analitik kimya kafedrasının professor idi, 2001-ci ildən təşkil edilmiş "Ekoloji kimya və ətraf mühitin mühafizəsi” elmi-tətqiqat laboratoriyasını rəhbərlik edirdi. O, Bakı Dövlət Universitetinin nəzdindəki Dissertasiya Müdafiə Şurasının sədr müavini, BDU-nun və Kimya fakültəsinin Elmi Şurasının üzvü idi.




Bir çox elmi məqalə, monoqrafiya, patent, dərs vəsaiti və kitabların müəllifi olan Rəfiqə Əliyeva 18 elmlər namizədi və 2 elmlər doktoruna rəhbərlik edib.
"Şöhrət” ordenli Əməkdar elm xadim R.Əliyeva müxtəlif mükafatlara layiq görülüb.
85 yaşlı professor Rəfiqə Əliyeva 2014-cü ilin iyunun 30-da Azərbaycan Milli Elmlər Akademiyasına (AMEA) həqiqi üzv seçilmişdi. Rəfiqə Əlirza qızı Əliyeva 2017-ci il may ayının 6-da ömrünün 85 ci ilində vəfat edib.
Allah Rəhmət etsin!


Baxış sayı: 1 612


Bölməyə aid digər xəbərlər