Bütün xəbərlər
Fransa: “Eleanor” qasırğası nəticəsində xəsarət alanların sayı 30-a yaxınlaşıb
Tarix: 04-01-2018 14:35 | Bölmə: Cəmiyyət


Yanvarın 3-nə keçən gecə Fransa ərazisinə çatan “Eleanor” qış qasırğası azı bir nəfərin ölümünə, 29 nəfərin isə müxtəlif dərəcəli xəsarətlər almasına səbəb olub. Onlardan dördünün vəziyyəti ciddidir.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, ölkənin şimal və qərb departamentlərində güclü küləklər və ildırımlar nəticəsində 35 mindən çox, Korsikada isə 11 minə yaxın ev elektriksiz qalıb.
Sinoptiklərin məlumatına əsasən, dekabrın 4-də Fransanın bəzi regionlarında qasırğa və əlverişsiz hava şəraiti davam edəcək, Alp dağlarına güclü qar yağacaq. Yuxarı Savoyya, Savoyya və Yuxarı Alp departamentlərində qar uçqunu gözlənilir. Burada küləyin sürəti saniyədə 50 metrə çatacaq.
Qeyd edək ki, qış qasırğası Fransada adi təbiət hadisəsidir. Qasırğa ABŞ-ın şərq sahillərində formalaşır, Atlantik Okeanını sürətlə keçərək ölkəyə çatır. Meteoroloqlar hazırkı vəziyyəti misli görünməmiş adlandırırlar – “Eleanor” üç həftə ərzində Fransada tüğyan edən sayca dördüncü qasırğadır. Bundan əvvəl ciddi dağıntılara səbəb olan “Karmen” qasırğası bir-neçə gün öncə səngimişdi.



Baxış sayı: 842


Bölməyə aid digər xəbərlər