Bütün xəbərlər
“Vətənimə xidmət edirəm” mövzusunda mədəni-kütləvi tədbir keçirilib
Tarix: 28-12-2017 19:54 | Bölmə: Cəmiyyət
Dekabrın 28-də Gənclər və İdman Nazirliyi (GİN) tərəfindən Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə “Vətənimə xidmət edirəm” mövzusunda mədəni-kütləvi tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Müdafiə, Daxili İşlər, Fövqəladə Hallar nazirliklərinin, Dövlət Təhlükəsizliyi, Dövlət Sərhəd xidmətlərinin hərbi qulluqçuları iştirak ediblər.
Əvvəlcə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.
Gənclər və idman nazirinin müavini İntiqam Babayev tədbirdə çıxış edərək Azərbaycanda bütün istiqamətlərlə yanaşı, gənclər sahəsinə də yüksək diqqət və qayğının göstərildiyini vurğulayıb. Silahlı Qüvvələrimizin şəxsi heyətinin əksəriyyətinin gənclər olduğunu diqqətə çatdıran nazir müavini ordumuzun hərbi qüdrətinin artırılması, hərbi qulluqçuların sosial-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində görülən tədbirlərdən danışaraq deyib: “Azərbaycan gənclər ölkəsidir. Gənclər sahəsi daim dövlət siyasətinin ən mühüm istiqamətlərdən biri olub. Sevindirici haldır ki, bu gün gənclərimiz Silahlı Qüvvələrimizin sıralarında xidməti vəzifələrini şərəflə yerinə yetirərək Vətənə ləyaqətlə xidmət göstərirlər. Gənclər və İdman Nazirliyi həyata keçirdiyi layihələrdə, tədbirlərdə məhz bu amili diqqət mərkəzində saxlayır. Prezident İlham Əliyevin ölkəmizin iqtisadi və hərbi qüdrətinin, ordumuzun gücünün artırılması istiqamətində həyata keçirdiyi siyasət nəticəsində bu gün Azərbaycan regionda ən qüdrətli dövlətə, Silahlı Qüvvələrimiz ən güclü orduya çevrilib. Bu gün ərazi bütövlüyümüzü bərpa etməyə hər an qadir və hazır olan Azərbaycan Ordusu Prezident, Ali Baş Komandan İlham Əliyevin əmrini gözləyir”.
Çıxışlardan sonra hərbi qulluqçuların bir qrupuna hədiyyələr təqdim olunub.
Tədbirdə bədii hissə ilə davam edib.




Baxış sayı: 837


Bölməyə aid digər xəbərlər