Prokurorluq xəstəxanadakı əməliyyatla bağlı məlumat yaydı
Tarix: 12-08-2022 19:29 | Bölmə: Cəmiyyət

                      Prokurorluq xəstəxanadakı əməliyyatla bağlı məlumat yaydı



Baş Prokurorluq Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının vəzifəli şəxsləri barəsində cinayət işinin başlanması barədə məlumat yayıb.
Prokurorluğun Mətbuat Xidmətindən “Qafqazinfo”ya bildirilib ki, Cəlilabad Rayon Mərkəzi Xəstəxanasında vətəndaşların sosial təminatı məsələləri ilə əlaqədar bir sıra öhdəliklərin yerinə yetirilməsi zamanı vəzifə saxtakarlıqlarına yol verilməsi barədə daxil olmuş müraciət əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş idarəsi tərəfindən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirilib.
İlkin əməliyyat tədbirləri ilə qeyd edilən tibb müəssisəsinin Pediatriya şöbəsinin həkim pediatrı Şükürov Emil Zakir oğlunun əlillik dərəcələrinin təyin olunması və pensiya təyinatı ilə əlaqədar ayrı-ayrı vətəndaşlara məxsus xəstəlik tarixçələri və digər tibbi sənədlərin həqiqi məzmununu təhrif edərək saxtalaşdırmasına, həmin sənədləri Xəstəxananın Həkim Məsləhət Komisiyasına təqdim etməsinə, bu yolla da onlara qanunsuz əsaslarla sosial müavinətin təyin edilməsinə şərait yaratmasına əsaslı şübhələr müəyyən edilib.
Qeyd edilən faktlar üzrə Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb.
Hazırda iş üzrə əhəmiyyət kəsb edən digər halların aşkar edilməsi və qanunsuz hərəkətlərə yol vermiş şəxslərin məsuliyyətə cəlb edilməsi istiqamətində istintaq- əməliyyat tədbirləri davam etdirilir.


Baxış sayı: 68


Bölməyə aid digər xəbərlər
29-09-2022, 22:18 Nərminə dəstək olaq!